Ancaq o, Əqəbəni keçməyə can atmadı.

İbn Cərir deyir: Ömər ibn İsmayıl Abdulla ibn Idrisdən, o da Əbu Atiyyədən rəvayət edir ki, İbn Ömər “Ancaq o, Əqəbəni keçməyə can atmadı” ayəsi haqda demişdir: Yəni o, Əqabəyə daxil olmadı. Əqabə isə Cəhənnəmdə dağdır. Kəb əl-Əhbar deyir ki, Əqabə Cəhənnəmdə yetmiş mərtəbədən ibarətdir. Həsən əl-Basri isə demişdir: “Əqabə Cəhənnəmdədir”. Qatədənin sözlərinə görə, Əqabə Allah təala itaətlə keçilən çətin və məşəqqətli olan sərt yoxuşlu bir yoldur. Qatədə Allah təalanın “Sən nə bilirsən ki, əqəbə nədir?!” ayəsini xatırladaraq demişdir: Daha sonra Allah bu sərt yoxuşu qət etmə yolu barədə xəbər verir: “Bir kölə azad etmək və ya yemək verməkdir”. İbn Zeyd “Ancaq o, Əqəbəni keçməyə can atmadı” ayəsi barədə demişdir: Yəni məgər o, nicat və özünə xeyir olan yolda yeriməli deyilmiydi?! Allah hər iki yolu da insana bəyan etmişdir. Daha sonra Allah təala buyurur: “Sən nə bilirsən ki, əqəbə nədir?! Bir kölə azad etmək və ya yemək verməkdir”. Ayənin ərəbcəsi olan (فَكُّ رَقَبَة) həm izafət (uzlaşmayan söz birləşməsi), həm də feilin məsdəri və tamamlıq kimi oxunmuşdur. Hər iki qiraət mənaca bir-birinə yaxındır.

İmam Əhməd deyir: Əli ibn İbrahim, Səid ibn Marcənənin belə dediyini rəvayət etmişdir: Mən Əbu Hureyrənin belə dediyini eşitdim: Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə buyurur ki; “Kim mömin bir köləni azad etsə, Allah təala da əvəzində onun hər bir üzvünə qarşılıq bir üzvünü oddan azad edər. Azad edilənin əlinə qarşılıq azad edənin əlini, ayağına qarşılıq ayağını, övrət yerinin qarşılıq övrət yerini azad edər”.

Əli ibn Hüseyn soruşdu: “Sən bunu Əbu Hureyrədənmi eşitdin?” Səid dedi: “Bəli”. Belə olan halda Əli ibn Hüseyn öz oğluna (ən yaraşıqlısı idi) dedi: “Mutrafı çağır!” Mutraf onun yanına gəldikdə, Əli ibn hüseyn ona dedi: “Get, sən artıq Allah rızası üçün azadsan”. Bu hədisi Buxari, Muslim, Tirmizi və Nəsai müxtəlif ravilər vasitəsilə Səid ibn Mərcanədən rəvayət etmişlər. Muslimin rəvayətində bildirilir ki, Əli ibn Hüseyn Zeynalabidin azad etdiyi köləyə vaxtilə on min dirhəm pul vermişdi. Qatədə, Salim ibn Əbu Cəddən nəql edir ki, Əbu Nəcih demişdir: Mən Peyğəmbərin belə byurduğunu eşitmişəm: “Hər hansı bir müsəlman kişi digər müsəlman bir kişini (köləlikdən) azad edərsə, Allah təala azad edilənin hər sümüyünün əvəzində onun bir sümüyünü oddan azad edər. Eləcə də hər hansı bir müsəlman qadın digər bir müsəlman qadını (köləlikdən) azad edərsə, Allah təala azad edilənin hər sümüyünün əvəzində onun bir sümüyünü oddan azad edər”. Hədisi İbn Cərir hədisi bu şəkildə nəql etmişdir. Ravilər içərisində olan Əbu Nəcih Amr ibn Abəsə əs-Siləmidir. Allah ondan razı olsun!

İmam Əhməd deyir: Bizə Heyva ibn Şureyh, Kəsir ibn Murra vasitəsilə Amr ibn Abəsədən nəql etdi ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə buyurmuşdur: “Kim Allahın zikr olunması üçün məscid inşa edərsə, Allah da ona Cənnətdə ev inşa edər. Eləcə də kim müsəlman bir kəsi (köləlikdən) azad edərsə, bu onun Cəhənnəmdən qurtulması üçün bir fidyə olar. Və kim cavanlığını İslam yolunda sərf edərsə, Qiyamət günü üçün bir nur qazanar”.

İmam Əhməd bu haqda digər oxşar bir hədis də qeyd etmişdir. Belə ki, İmam Əhməd deyir ki. Bizə Həkəm ibn Nafi süleym ibn Amrdan nəql etdi ki, Şurəhbil ibn Samt Amr ibn Abəsəyə belə demişdir: “Bizə mətnində əlavə və ya unudulmuş hissə olmayan bir hədis söylə!” Amr dedi: Mən Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə dediyini eşitmişəm: “Kim müsəlman bir kölə azad edərsə, bu, (azad edilənin) hər bədən üzvünə qarşılıq onun bir üzvünün oddan qurtulmasına səbəb olar. Kim öz cavanlığını Allah yolunda sərf edərsə, Qiyamət günü nur qazanar. Və oxçu ox atdığı zaman oxu hədəfə dəysə də, dəyməsə də, İsmayılın zürriyətindən bir kölə azad etmiş qədər savab qazanar”. Hədisi Əbu Davud rəvayət etmişdir. Bu hədisin mətninin bəzi hissələrini Nəsai də öz kitabında bildirmişdir.

Həmçinin, İmam Əhməd başqa bir rəvayətdə bildirir ki, Haşim ibn Qasimin Amr ibn Abəsədən etdiyi rəvayətə görə, Siləmi ona belə demişdir: “Bizə Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) eşitdiyin, lakin mətnində lavə və ya unudulmuş parça olmayan bir hədis danış!” O isə dedi: Mən Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə buyurduğunu eşitmişəm: “Kim İslamda olarkən üç övladı dünyaya gələrsə və onlar günah çağlarına gəlməmiş ölərlərsə, Allah təala onlara yaxşı və şəfqətli olduğu üçün həmin kəsi Cənnətə daxil edər. Kim cavanlığını Allah yolunda sərf edərsə, Qiyamət günü bir nur qazanar. Kim Allah yolunda bir ox atarsa, oxunun düşmənə dəyib-dəyməməsindən asılı olmayaraq, bir kölə azad edənin savabını qazanar. Və hər kim bir kölə azad edərsə, Allah da onun azad olunanın hər bədən üzvünün əvəzində onun bir üzvünü oddan azad edər. Kim Allah yolunda cüt bir şey xərcləyərsə, (bilsin ki) Cənnətin səkkiz qapısı var və Allah onu istədiyi qapıdan keçirdər”. Bu hədislərin sənəd zənciri yaxşı və məqbuldur. Həmd Allaha məxsusdur.

Digər bir hədis:

Əbu Davud deyir: Bizə isa ibn Muhəmməd ər-Riməli. Qarif ibn İyaş əd-Deyləminin belə dediyini nəql etmişdir: Vasilə ibn Əsqa bizim yanımıza gəldi və biz ona dedik: “Bizə elə bir hədis danış ki, mətnində əlavə və nöqsan olmasın!” O isə hirslənib dedi: “Sizdən kimsə oxuya bildiyi halda Quranı evində asılı saxlayırsa, ona bir şey artırar və ya ondan bir şey azaldarmı?” Biz dedik: “Biz sənin özünün Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) eşitdiyin hədislərdən birini nəzərdə tuturuq”. O dedi: “Biz Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanına ölüm cəzasına məhkum edilməklə od qazanmış bir yoldaşımızı gətirdik. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: “Onun üçün bir kölə azad edin ki, Allah da həmin kölənin hər bir bədən üzvünə qarşılıq onun bir üzvünü oddan xilas etsi!” Bu hədisi Nəsai də İbrahim ibn Əbu Əblə vasitəsilə Vasilədən rəvayət etmişdir.

Həmçinin, İmam Əhməd deyir: Abdussaməd Hişam vasitəsilə Aqəbə ibn Amir əl-Cuhənidən rəvayət edir ki, Allahın elçisi (salləllahu aleyhi və səlləm) buyurmuşdur: “Kim müsəlman bir kölə azad edərsə, bu onun Cəhənnəmdən qurtulması üçün bir fidyə olar”. Əbdülvahhab Səid ib Qatədədən nəql etdi ki, Qeys əl-Cuzəmi Aqəbə ibn Amirdən Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə buyurduğunu rəvayət etmişdir: “Kim mömin bir kölə azad edərsə, Cəhənnəmdən qurtulmuş olar”. Bu hədisi Əhməd müfrəd olaraq rəvayət etmişdir.

İmam Əhməd digər bir hədis də qeyd etmişdir: Bizə Yəhya ibn Adəm və Əbu Əhməd İsa ibn Əbdürrəhmandan rəvayət edir ki, Bərra ibn Azib belə demişdir: “Bir bədəvi ərəb Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanına gəlib dedi: “Ey Allahın elçisi, məni Cənnətə salan bir əməl öyrət!” Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: “Əgər danışığı azaltsan, deməli məsələni artıq açıqlamısan. Bir nəfəri azad et, bir köləni xilas et!” Bədəvi soruşdu: “Ey Allahın elçisi, bunların ikisi də eyni şey deyilmi?” Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: “Xeyr! Birincisi, köləni təkcə azad etməkdir. İkincisi isə kölənin azad olunmasına kömək etməkdir. Bol südlü heyvan hədiyyə vermək; zalım bir qohumu doğru yola istiqamətləndirmək. Əgər bunu bacarmasan, acı yedizdir; susuza su ver; yaxşı işləri tövsiyə et, pis işlərdən çəkindir! Əgər bunu da bacarmasan, dilini yalnız xeyir işlər üçün işlət!”

Bundan sonra uca Allah buyurur: “Yaxud aclıq günü yemək verməkdir”. İbn Abbas ayənin ərəbcəsində olan “مَسْغَبَة” (məsğaməh) kəlməsinə aclıq mənasını vermişdir. İkirmə, Qatədə, Dahhak, Mucahid və başqaları da həmin sözə eyni məna vermişlər. İbrahim ən-Naxi deyir ki, yəni yeməyin çətin tapıldığı gün… Qatədənin sözlərinə görə həmin gün yeməyə ehtiyac duyulan gündür. “Qohumluğu çatan bir yetimə” Yəni belə bir gündə qohumluq əlaqəsi olan bir yetimi yedirtməkdir. Bu sözləri İbn Abbas, İkrimə, Həsən, Dahhak və Süddi söyləmişlər. İmam Əhmədin nəql etdiyi hədisdə də bu cür qeyd edilməkdədir: Yəzid Salman ibn Amirin belə dediyini rəvayət edir: Mən peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə dediyini eşitmişəm: “Miskinə verilən sədəqə bir, qohuma verilən isə iki sədəqədir – həm sədəqə, həm də quhumluq əlaqəsini canlandırmaqdır”. Hədisi Tirmizi və Nəsai də rəvayət etmişlər. Hədis səhihdir. “Və ya torpağa sərilmiş bir miskinə”. Yəni yerə, torpağa sərilmiş bir kasıba… İbn Abbas ərəbcə “ذَا مَتْرَبَةٍ” olan söz barəsində deyir ki, o, evi-eşiyi və torpaqdan onu qoruyacaq heç nəyi olmayan yola atılmış bir kimsədir. Başqa bir rəvayətdə isə belə qeyd olunur: “O, kasıblıq və məhrumiyyətə görə torpağa sərilmiş kimsəsizdir. Onun heç nəyi yoxdur. Həmçinin, İbn Abbasın belə dediyi də rəvayət olunmuşdur: “O, torpaqdan uzaq düşən kəsdir”. İbn Əbu Hatim deyir ki, vətənindən uzaq düşüb qürbətdə yaşayan kəs nəzərdə tutulur. İkrimənin sözlərinə görə isə bu borclu və möhtac olan kimsədir. Səid ibn Cübeyr deyir ki, o, heç kimi olmayan kimsəsizdir. İbn Abbas, Səid, Qatədə və Muqatil ibn Heyyan onun ehtiyac sahibi olduğunu söyləmişlər. Bütün bunlar bir-birinə yaxın mənalardır.

Daha sonra Allah təala buyurur: “Sonra da iman gətirib” Yəni bu gözəl və pak vəsf və xüsusiyyətlərlə yanaşı qəlbini imanla doldurub əvəzini isə izzət və cəlal sahibi Allahdan diləyən kəsdir. Bu haqda Allah təala digər bir ayədə buyurur ki, “Mömin olub axirəti istəyən və onun uğrunda (can-başla) çalışanların zəhməti (Allah dərgahında) qəbul olunar”. (əl-İsra, 19) Həmçinin, uca Allah buyurur ki, “Mömin olub yaxşı işlər görən (Allaha itaət edən) kişi və qadına (dünyada və axirətdə) xoş həyat nəsib edəcək və etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik”. (ən-Nəhl, 97) “… bir-birinə səbr və mərhəmət tövsiyə edən kimsələrdən olmaqdır!” Yəni onlar saleh əməllər edər, bir-birilərinə insanların əziyyətlərinə qarşı səbr etməyi və mərhəmətli olmağı tövsiyə edərlər. Onları həqiqi möminlərdir. Hədis-şərifdə buyurulduğu kimi “Mərhəmət edənlərə Rəhman mərhəmət edər. Yerdəkinə mərhəmət edin ki, göydəki də sizə mərhəmət etsin!” Digər bir hədisdə isə Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə buyurmuşdur: “İnsanlara mərhəmət etməyənə, Allah mərhəmət etməz”.

Əbu davud deyir: Bizə Əbu Bəkr ibn Əbu Şeybə, Süfyan vasitəsilə bildirdi ki, Abdulla ibn Amr demişdir: “Kiçiyimizə mərhəmət etməyən və böyüyümüzün haqqını tanımayan kəs bizdən deyil”.

Növbəti Ayədə uca Allah buyurur: “Onlar sağ tərəf sahibləridir!” Yəni bu vəsflərlə səciyyələnən kimsələr sağ tərəf sahibləridir. Ancaq “Ayələrimizi inkar edənlər sol tərəf sahibləridir! Od onların üzərində qapanacaqdır”. Onlar Cəhənnəmə möhkəmcə bağlanılmışlar. Oradan nə çıxa, nə də canlarını qurtara bilməzlər. Əbu Hureyrə, İbn Abbas, İkrimə, Səid ibn Cübeyr, Mucahid, Muhəmməd ibn Kəb əl-Qurazi, Atiyyə əl-Ovfi, Həsən, Qatədə və Süddi “مُؤْصَدَة” (musadəh) sözünün qapanma, bağlanma mənasında olduğunu söyləmişlər. İbn Abbas əlavə olaraq bildirmişdir ki, qapılar onların üzünə bağlanacaqdır. Mucahidin sözlərinə görə, Qureyş dialektində bu söz bağlamaq mənasını daşıyır. Bu haqda “əl-Huməzə” surəsinin təfsirində hədis də xatırlanır. Dahhak deyir ki, “مُؤْصَدَة” (musadəh) sözü qapısı olmayan divar mənasını daşıyır. Qatədə bu sözə məna verərək deyir ki, ora əbədiyyata qədər qapalı, işıqsız, çıxışı, qurtuluşu və heç bir sevinci olmayan bir yerdir. Əbu İmran əl-Cuni deyir ki, Qiyamət gününün gəldiyi an Allah təala bütün azğınların, şeytanların və dünyada ikən insanları öz şər əməlləri ilə qorxudan kəslərin dəmir parçaları ilə bağlanmasını əmr edər. Daha sonra əmr edər ki, onlar bu vəziyyətdə Cəhənnəmə atılsınlar və ağızları bağlansın. Allaha and olsun ki, onların ayaqları heç vaxt bir yerdə dayanmayacaq və onlar əbədiyyən səma üzünə baxmağa həsrət qalacaqlar. Allaha and olsun ki, onların gözləri heç vaxt yuxu görməyəcək. Allaha and olsun ki, onlar orada heç vaxt sərin içki dadmayacaqlar. Bu rəvayəti İbn Əbu Hatim nəql etmişdir.