Bu, Allah təbərək və təalanın şəhərlərin anası adlandırılan Məkkəyə verdiyi anddır. Orada yaşayanların ehramlı olması həmin bu şəhərin əzəmətini, dəyər və hörmətini göstərir. Şəbib ibn Bişr “And içirəm bu şəhərə!” ayəsi haqda İkrimədən rəvayət edir ki, İbn Abbas bu şəhərin Məkkə olduğunu söyləmişdir. “Sən də bu şəhərin sakinisən”. İbn Abbasın sözlərinə görə, yəni “Ey Muhəmməd, o şəhərdə qarşılaşdığın hər şey sənə halaldır”. Səid bin Cübeyr, Əbu Saleh, Atiyyə, Dahhak, Qatədə, Süddi və İbn Zeyd də bu fikirdədirlər. Mucahid isə deyir ki, yəni “o şəhərdən aldığın və ya qarşılaşdığın hər şey sənə halaldır”. Qatədə “Sən də bu şəhərin sakinisən” ayəsi haqda demişdir: “Sən orada qəm-qüssəsiz və günahsızsan”. Həsən əl-Basri isə demişdir: “Allah təala günün müəyyən bir vaxtında oranı Peyğəmbərə (salləllahu aleyhi və səlləm) halal etdi”. Qeyd olunan fikirlərin hamısını eyni mənada birləşdirən bir hədisdə Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: “Allah təala göyləri və yeri yaratdığı gün bu bölgəni haram (yəni, toxunulmaz) etmişdir. Ona görə də Allahın toxunulmaz etməsi ilə bu bölgə Qiyamətə qədər haram (yəni, toxunulmaz) qalacaqdır. Oranın ağacı kəsilməz, peyvəsi qopardılmaz. Bura günün müəyyən bir vaxtında mənə halal edilmişdir. Buranın toxunulmazlığı dünənki kimi bu gündə yenədən özünə qayıtmışdır. Şahid olanlar olmayanlara xəbər versin!” Başqa bir rəvayətdə isə Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə dediyi nəql olunmuşdur: “Əgər kimsə Allahın elçisinə qarşı vuruşmaq istəsə, ona deyin ki, Allah bunu Öz elçisinə icazə vermiş, ancaq sizə qadağan etmişdir”.
Növbəti ayədə Uca Allah buyurur: “And olsun valideynə və onun törəməsinə!” İbn Cərir demişdir: Əbu Kureyb “And olsun valideynə və onun törəməsinə!” ayəsi haqda İbn Atiyyədən, o da İkrimədən rəvayət edir ki, İbn Abbas demişdir: “Valideyn uşağı meydana gətirənlərdir”. İbn Abbasdan nəql olunan bu rəvayətdə ayənin ikinci tərəfinə uşağı olmayan xədimlər mənası verilmişdir. İbn Əbu Hatim də bu rəvayəti Şureyk ibn Abdulla əl-Qadi vasitəsilə İbn Abbasdan nəql etmişdir. İkrimə deyir ki, valideyn dedikdə uşağı olamayanlar, onun törəməsi dedikdə isə uşaq törətmə qabiliyyətində olanlar nəzərdə tutulur. Mucahid, Əbu Saleh, Qatədə, Dahhak, Süfyan əs-Sövri, Səid ibn Cübeyr, Süddi, Həsən əl-Basri, Xasif, Şurəhbil ibn Səd və başqaları deyirlər ki, “ayədəki valideyn kəlməsi ilə Adəm əleyhissəlam, onun törəməsi dedikdə isə onun övladları nəzərdə tutulur”. Mucahid və digərlərinin söylədikləri bu fikir məsələyə həm mötəbər, həm də tutarlı yanaşmadır. Diqqət yetirsək görərik ki, uca Allah şəhərlərin və yaşayış məskənlərinin anası hesab olunan Məkkəyə and içir və dərhal sonra onun sakininə and içir. Oranın sakini isə bəşər övladının atası Adəm əleyhissəlam və ondan törəyən övladlardır. Əbu İmran əl-Cuni isə demişdir: “Bu, İbrahim əleyhissəlam və onun zürriyyətidir”. Bu rəvayəti İbn Cərir və İbn Əbu Hatim nəql etmişlər. İbn Cərir ayəyə ümumi mənadan baxmış və ayədə ümumilikdə bütün valideyn və övladların nəzərdə tutulduğu fikrini qəbul etmişdir. Onun qəbul etdiyi bu görüş də ehtimal olunan görüşlərdən biridir.
Daha sonra Allah təala buyurur: “Biz insanı məşəqqətdə yaratdıq!” İbn Məsud, İbn Abbas, İkirmə, Mucahid, İbrahim ən-Nəxi, Xeysumə, Dahhak və başqaları demişlər: Yəni dikəldilmiş halda…” İbn Abbasın bu fikrə əlavə olaraq belə dediyi nəql olunmuşdur: “Yəni insan anasının bətnində dikəldilmiş halda yaradılmışdır. Ayənin ərəbcəsində qeyd olunan “كبد” sözü durma, dikəlmə mənasını daşıyır. Belə olan halda ayənin mənası bu cür olacaq: “Biz insanı düz və dikəlmiş halda yaratdıq”. Digər bir ayədə uca Allah buyurur ki. “Ey insan! Səni kərim olan Rəbbinə qarşı aldadan nədir? O Rəbbin ki, səni (yoxdan) yaratdı, düzəldib qaydaya (insan şəklinə) saldı”. (əl-İnfitar, 6-7) Başqa bir ayədə isə belə buyurur: “Biz insanı ən gözəl biçimdə yaratdıq!” (ət-Tin, 4) İbn Cureyc və Atə, İbn Abbasdan rəvayət edirlər ki, bu kəlmə güclü bir yaradılış mənasını daşıyır. Fikir verirsiniz, Allah təala diqqəti insanın doğuluşuna yönəldir. Mucahid “كبد” sözünün, əvvəlcə nütfə, sonra laxtalanmış qan, daha sonra da yaradılışa vəsilə olan embriona çevrilən bir məna daşıdığını söyləmişdir. Allah təala buyurur ki, “Anası onu zəhmətlə gəzdirmiş, əziyyətlə doğmuşdur”. (əl-Əhqaf, 15) Anası onu çətinliklər və məşəqqətlər içərisində əmizdirmiş, yetişdirmişdir. Ona görə də o məşəqqətdə, çətinlikdə yaradılmışdır. Səid ibn Cübeyr Alah təalanın “Biz insanı məşəqqətdə yaratdıq!” ayəsi haqda deyir ki, insan şiddət, əziyyət və güzaranın təlabatları içərisində yaradılmışdır. İkrimə “insan şiddət və çətinlik içərisində yaradılmışdır” – demişdir. Qatədə demişdir: “Allah insanı məşəqqətdə yaratmışdır”.
İbn əbu Hatim deyir: Əhməd ibn İsamın rəvayətinə görə, Muhəmməd ibn Əli Cəfər əl-Baqir bir nəfər ənsara Allah təalanın “Biz insanı məşəqqətdə yaratdıq!” ayəsi haqda sual verdi. O isə belə cavab verdi: Yəni, biz onu dikəldilmiş və biçimə salınmış halda yaratdıq”. Onun bu sözünə qarşı Əbu Cəfər mənfi münasibət göstərmədi. Əbu Mövdud nəql edir ki, mən Həsənin “Biz insanı məşəqqətdə yaratdıq!” ayəsini oxuduğunu, sonra da belə dediyini eşitmişəm: “İnsan həm dünya işləri, həm də axirət işləri ilə sıxıntıya, məşəqqətətə düşər”. Oxşar digər bir rəvayətdə isə qeyd olunur ki, insan dünya sıxıntıları və axirət çətinlikləri ilə qarşılaşar. İbn Zeyd “Biz insanı məşəqqətdə yaratdıq!” ayəsini xatırlatmış və demişdir: “Adəm göydə yaradılmışdır, ona görə də bu, “كبد” (kəbd) adlandırılmışdır. İbn Cərir ayənin “məşəqqət və çətinlik” mənasında olduğu fikri ilə razılaşmış və bu fikri məqbul hesab etmişdir.
“O heç kəsin ona gücü çatmayacağınımı zənn edir?” Həsən əl-Basri deyir ki, yəni o elə hesab edir ki, heç kəs onun malını əlindən ala bilməz!? Qatədə demişdir: Adəm övladı elə zənn edir ki, heç kəs ondan malı-mülkü haqda – onu hansı yolla qazandığını və hara xərclədiyini soruşmayacaq”. Süddi deyir ki, “izzət və cəlal sahibi Allah “O heç kəsin ona gücü çatmayacağınımı zənn edir?” buyurmaqla Özünün hər şeyə qadir olduğunu bəyan edir”. Daha sonra uca Allah buyurur: “(insan) Mən çoxlu mal-dövlət sərf etmişəm!” – deyir?” Adəm övladı xeyli mal-mülk, var-dövlət xətclədiyini dilə gətirir. Qatədə, Mucahid, Süddi, Həsən və başqaları da bu cür qeyd etmişlər. “O heç kəsin onu görmədiyinimi güman edir?!” Mucahid deyir ki, insan izzət və cəlal sahibi Allahın onu görmədiyinimi zənn eedir!?” Digər sələflər də bu cür qeyd etmişlər. Daha sonra Allah təala buyurur: “Məgər Biz onda iki göz var etmədikmi?!” Yəni, görməsi üçün… “Eləcə də bir dil” Bu dil ona danışması və düşündüyü fikirləri ifadə etməsi üçün verilmişdir. “Və iki dodaq?!” Dodaqlar insanın danışmasını və qida qəbul etməsini asanlaşdırır, üzünə və ağzına gözəllik və yaraşıq verir.
İbn Əsakir şamlı Əbu Rəbi əd-Diməşqinin tərcümeyi-halında Məkhuldan rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: “Allah təala belə deyər: Ey Adəm övladı, mən sənə saya bilməyəcəyin və şükrünün yetməyəcəyi qədər möhtəşəm nemətlər verdim. Sənə bəxş etdiyim nemətlər içərisində gördüyün gözlər var. Sənə o gözləri qapayan qapaqlarda verdim. Həmin o iki gözünlə sənə halal edilmiş şeylərə bax! Haram etdiyim şeyləri gördüyün zaman isə göz qapaqlarını gözlərinin üstünə ört və gözlərini qapa! Sənin üçün dil və onu örtən bir örtük də yaratdıq. Sənə əmr etdiyim və halal bildiyim şeyləri danış! Haram etdiyim şeylər dilinə gəldiyi zaman isə dilini onlara qarşı bağla! Səndə övrət yeri və onu örtən bir örtük yaratdıq. Övrət yerini sənə halal olan yerə qoy! Haram olan şey sənə veriləcək olarsa, örtüyünü qapa! Ey Adəm oğlu, sən Mənim qəzəbimə dözə bilməz, intiqamıma tab gətirməzsən!”
Sonra uca Allah buyurur: “Biz ona iki yol göstərmədikmi?!” Süfyan əs-Sövri “Biz ona iki yol göstərmədikmi?!” ayəsi haqda Abdulla ibn Məsudun belə dediyini rəvayət etmişdir: “Burada xeyir və şər nəzərdə tutulmuşdur”. Əli, İbn Abbas, Mucahid, İkrimə, Əbu vail, Əbu Saleh, Muhəmməd ibn Kəb, Dahhak, Atə əl-Xorasani və başqalarından da eyni rəvayət nəql edilmişdir.
Abdulla ibn Vahb deyir ki, bizə Luheyə, Sinan ibn Səd vasitəsilə Ənəs ibn Malikdən rəvayət etdi ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə buyurmuşdur: “Bu, iki yoldur. Şər yolu sizə xeyir yolundan daha əziz edilməmişdir”. Bu hədisin rəvayətində Sinan ibn Səd (Səd ibn Sinan olduğu da söylənilir) təkdir. İbn Məin onu etibarlı mənbə hesab etmişdir. İmam Əhməd, Nəsai və əl-Cövzcani onun hədisinin münkər olduğunu söyləmişlər. İmam Əhməd deyir ki, qarışıq olduğu üçün onun hədisini qəbul etmədim. O, on beş hədis rəvayət etmişdir. Lakin bütün hədisləri münkərdir. Ondan rəvayət olunan bircə hədisin Həsən əl-Basrinin hədisinə oxşadığını bilirəm. Ancaq o da Ənəs ibn Malikin hədisinə oxşar deyil.
İbn Cərir deyir: Yaqub, İbn Aliyyə vasitəsilə Əbu Racənin belə dediyini nəql etmişdir: Mən Həsən əl-Basrinin “Biz ona iki yol göstərmədikmi?!” ayəsini oxuyub belə dediyini eşitdim: Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə deyərdi: “Ey insanlar, iki yol xeyir və şər yoludur. Şər yolu sizə xeyir yolundan daha xeyirli edilməmişdir”. Bu rəvayəti Həbib ibn Şəhid, Mimar, Yunis ibn Ubeyd və Əbu Vahb da Həsən əl-Basridən mürsəl olaraq nəql etmişlər. Qatədənin mürsəl rəvayəti mövcuddur. İbn Əbu hatim deyir: Əhməd ibn İsam əl-Ənsari “Biz ona iki yol göstərmədikmi?!” ayəsi haqda Əbu Əhməd əz-Zubeyridən nəql edir ki, İbn Abbas bunun iki istiqamət olduğunu söyləmişdir. Rabi ibn Xuseym, Qatədə və Əbu Hazimin də buna oxşar fikirləri varid olmuşdur. Bu rəvayəti İbn Cərir, Əbu Kureyb vasitəsilə İsa ibn İqaldan nəql etmiş və birinci fikrin daha məqbul olduğu söyləmişdir. Sözügedən ayəyə oxşar digər bir ayədə mövcuddur. Belə ki, Uca Allah buyurur: “Həqiqətən, Biz insanı (sonrakı mərhələdə ata-anasının toxumundan ibarət) qarışıq bir nütfədən yaratdıq. Biz onu imtahana çəkəcəyik. Biz onu eşidən, görən yaratdıq. Biz ona haqq yolu göstərdik. İstər (nemətlərimizə) minnətdar olsun, istər nankor (bu onun öz işidir)”. (əl-İnsan, 2-3)