(15-29 ayələr)
Muslim öz “Səhih”ində, Nəsai isə bu ayənin təfsirində Musar ibn Kidam vasitəsilə Amr ibn Hureysin belə dediyini nəql edir: “Sübh namazını Peyğəmbərin (salləllahu aleyhi və səlləm) arxasında qıldım. Onun “And içirəm yanıb-sönənlərə; Axaraq yuvalarına gedənlərə; Qaralmaqda olan gecəyə; Və sökülməkdə olan dan yerinə!” ayələrini oxuduğunu eşitdim. Nəsai eyni hədisi Bindar vasitəsilə də Amr ibn Hureysdən rəvayət etmişdir. İbn Əbu Hatim və İbn Cərir Sövri vasitəsilə Əlidən rəvayət edirlər ki, “And içirəm yanıb-sönənlərə; Axaraq yuvalarına gedənlərə!” Bunlar ulduzlardır, gündüzlər gizlənər, gecələr çıxarlar”. İbn Cərir deyir: Bizə İbn Musənnə Xalid ibn Ararədən nəql etdi ki, “And içirəm yanıb-sönənlərə; Axaraq yuvalarına gedənlərə!” ayəsi haqda soruşulduqda Əlinin belə dediyini eşitdim: “Bunlar göndüzlər sönüb, gecələr görsənən ulduzlardır”. Əbu Kureyb Xaliddən rəvayət edir ki, Əli demişdir: “Bunlar ulduzlardır”. Bu isnadın Xalid ibn Ararəyə nəql edilməsi səhihdir. O, Kufədən Səhm nəslindəndir. Əbu Hatim ər-Razi Əlidən gələn bu rəvayətin Simak və Qasim ibn ibn Ovf əş-Şeybani tərəfindən nəql edildiyini söyləmiş və rəvayət ətrafında cərh və tədildən söhbət açmamışdır. Ən doğrusunu Allah bilir. Yunis Haris vasitəsilə Əlidən nəql edir ki, bunlar ulduzlardır. Bunu İbn Əbu Hatim rəvayət etmişdir. İbn Abbas, Mucahid, Həsən, Qatədə, Suddi və digərlərindən də bunların ulduzlar olduğu rəvayət edilmişdir.
İbn Cərir deyir ki, bizə Muhəmməd ibn Bəşşar Bəkr ibn Abdulladan Allah təalanın “And içirəm yanıb-sönənlərə; Axaraq yuvalarına gedənlərə!” ayəsi haqda rəvayət edir ki, “bunlar doğuşu qarşılamaq üçün axan ulduzlardır. Bəzi alimlər “Axaraq yuvalarına gedənlər” haqda demişlər: “Belə söylənilir ki, ulduzlar çıxdığı zaman “Xunnəs”, sonra öz ətrafında üzərək itdiyi ana qədər “Kunnəs” adlanar. Necə ki, ceyran öz yuvasına (ərəbcəsi “Kinas”) sığınıb gözdən itdiyi zaman ərəblər bunu “Kunnas” sözü ilə ifadə edərlər. Əmaş İbrahimdən nəql edir ki, Abdulla “And içirəm yanıb-sönənlərə!” haqda demişdir: “Bunlar çöl inəkləridir”. Sövri də Əbu İshaq vasitəsilə Əbu Meysərdən rəvayət edir ki, Abdulla “And içirəm yanıb-sönənlərə; Axaraq yuvalarına gedənlərə!” ayəsi haqda soruşdu: “Ey Amr bunlar nələrdir?” Mən də dedim: “İnəklərdir”. O isə dedi: “Mən də belə hesab edirəm”. Yunis də Əbu Ishaqdan, o isə atasından bu cür rəvayət etmişdir. Əbu davud ət-Təyalisi Amr vasitəsilə İbn Abbasdan nəql edir ki, “Axaraq yuvalarına gedənlər” kölgəliyə çəkilən inəklərdir. Səid ibn Cubeyr də bu qənaətdədir. Övfi İbn Abbasın belə dediyini rəvayət edir: “Bu, ceyran balasıdır”. Səid, Mucahid və Dahhakın da velə dedikləri rəvayət edilir. Əbu Şasə Cabir ibn Zeyd deyir ki, “bunlar ceyran və inəklərdir”.
İbn Cərir deyir: “Bizə Yaqub İbrahim və Mucahiddən belə nəql etdi ki, onlar “And içirəm yanıb-sönənlərə; Axaraq yuvalarına gedənlərə!” ayələri xatırladılar və İbrahim Mucahidə dedi: “Bu barədə nə eşitdiyini söylə!” Mucahi dedi ki, “biz bu haqda bir şey eşitmişdik. Insanlar isə onların ulduzlar olduğunu söyləyirdilər”. İbrahim dedi: “Sən eşitdiyini söylə!” Mucahid dedi: “Biz onun öz yuvasına sığınaraq gözdən itən çöl inəyi olduğunu eşitmişik”. İbrahim dedi: “Onda onlar Əliyə yalan isnad edirlər. Belə ki, Əlidən onun altı üstə, üstü də alta bağladığına dair rəvayət nəql edilmişdir. İbn Cərir Allah təalanın “Yanıb-sönənlərə; Axaraq yuvalarına gedənlərə!” ayəsi ilə ulduzların, ceyranların, yoxsa çöl inəklərinin nəzərdə tutulduğuna dair bir görüş verəməkdən imtina etmişdir. Sadəcə hamısının nəzərdə tutulmasının mümkün olduğunu söyləmişdir.
“Qaralmaqda olan gecəyə!” Burada iki fikir səslənmişdir: Birincisi gecənin öz qaranlığı ilə düşməsi mənasını daşımışdır. Mucahid deyir ki, yəni “qaraldığı zaman”, Səid ibn Cubeyr isə qaranlığın başladığı zaman” mənasını vermişdir. Həsən əl-Basri isə demişdir: “Yəni insanları bürüdüyü zaman”. Atiyyə əl-Övfi də bu cür söyləmişdir. Əli bin əbu Talha və Övfi “Qaralmaqda olan gecəyə!” ayəsi haqda İbn Abbasın belə dediyini rəvayət etmişlər: “Yəni keçdiyi zaman”. Mucahid, Qatədə və Dahhak da bu cür demişlər. Zeyd ibn Əsləm və oğlu Əbdürrəhman “Qaralmaqda olan gecəyə!” ayəsi haqda demişlər: “Yəni gecə keçib bitdiyi zaman”.
Əbu davud ət-Təyalisi deyir: “Şöbə Əbul Bəxtəridən belə nəql edir ki, Əbdürrəhman əs-Süləminin belə dediyini eşidib: “Sübh namazı ərəfəsi Əli (Allah ondan razı olsun!) yanımıza gəlib: “Vitrhaqqında soruşanlar hardadır?” – dedi və “Qaralmaqda olan gecəyə və sökülməkdə olan dan yerinə!” ayələrini oxuyub dedi: “Gecə qurtardığı vaxt vitr gözəldir”. İbn Cərir Allah təalanın “Qaralmaqda olan gecəyə!” ayəsindəki mənanın “Gecənin keçib getməsi” olduğunu daha tutarlı hesab etmişdir. Ayənin arxasınca Allah təala buyurur: “Sökülməkdə olan dan yerinə!” Yəni işıqlaşmaqda səhərə! Bir şairin sözlərini sitat gətirək:
“…Gecəsinin qaranlığından uzaqlaşıb ağaran dan yerinə kimi…”
Zənnimcə, “Qaralmaqda olan gecəyə!” ayəsində məqsəd gecə düşdüyü vaxtdır. Gecənin keçib qurtardığı zaman mənası da doğrudur. Lakin burada “gecənin düşdüyü vaxt” mənası daha münasibdir. Sanki, Allah təala düşən gecəyə və işıqlaşan sübhə and içir. Başqa nir ayədə Allah təala buyurur ki, “And olsun bürüməkdə olan gecəyə; And olsun işıqlanmaqda olan gündüzə!” (əl-Leyl, 1-2) Həmçinin, “And olsun səhərə; And olsun sakitləşməkdə olan gecəyə!” (əd-Duha, 1-2) Digər bir ayədə isə uca Allah buyurur: “səhəri yarıb çıxaran, gecəni bir istirahət vaxtı, günəşi və ayı (vaxt üçün) bir ölçü vasitəsi edən də Odur. (əl-Ənam, 96) Buna oxşar bir çox ayələr mövcuddur. Üsul alimlərindən çoxlarının sözlərinə görə, “Qaralmaqda olan gecəyə!” ayəsindəki söz (ərəbcəsi عسعس — asasə) eyni zamanda həm gecənin gəldiyinə, həm də başa çatmasına birgə dəlalət edir. Buna əsasən də hər iki mənanın nəzərdə tutulması doğrudur. Ən doğrusunu Allah bilir. İbn Cərir deyir ki, “Ərəb dilini yaxşı bilən ustadların bəziləri “asasə” sözünün “başlanğıcdan yaxınlaşıb qarardan” mənasını ifadə etdiyi söyləmişlər. Hətta buna aid Fərranın bir beyti sitat gətilir.
Daha sonra Allah təala buyurur: “Sökülməkdə olan dan yerinə!” Dahhak deyir ki, yəni “açılan səhərə!” Qatədə isə demişdir: “Yəni işıqlanıb gələn sübhə!” Səid ibn Cubeyr buna “başlayan səhərə!” mənasını vermişdir. Bu, Əlidən (Allah ondna razı olsun!) rəvayət olunmuşdur. İbn Cərir deyir ki, gələrək ətrafı işıqlandıran səhərə and içilir.
“Həqiqətən, bu, şərəfli bir elçinin (gətirdiyi) kəlamıdır”. Yəni bu Quran möhtərəm və bir elçinin – görünüşü gözəl dəyərli bir mələyin çatdırdığı əmanətdir. Bu mələk Cəbrayıl əleyhissəlamdır. Bunu İbn Abbas, Şabi, Meymun ibn Mehran, Həsən, Qatədə, Rabi ibn Ənəs, Dahhak və başqaları söyləmişlər.
“Çox qüvvətlidir”. Digər ayədə Allah təala buyurur ki, “Onu çox qüvvətli olan öyrətdi”. (ən-Nəcm, 5) Yəni görünüşü, tutuşu və hərəkəti şiddətlidir. “Ərşin Sahibinin yanında çox hörmətlidir”. Onun izzət və cəlal sahibi olan Allahın dərgahında yüksək dərəcəsi, böyük hörməti və dəyəri var. Əbu Saleh Allah təalanın “Ərşin Sahibinin yanında çox hörmətlidir” ayəsi haqda demişdir: “Cəbrayıl iznsiz olaraq nurdan ibarət yetmiş hicaba daxil olar”.
“Son dərəcə itaət ediləndir”. Onun üstün yeri var, yüksək məqamlarda onun sözü eşidilir. Qatədə “Son dərəcə itaət ediləndir” ayəsi haqda demişdir: “Göylərdə sözü eşidilir”. Yəni adi mələk deyil, sayılan və üstün mələklərdəndir. Xüsusi olaraq bu böyük risaləti çatdırmaq üçün vəzifələnib. “Mötəbərdir”. Bu, Cəbrayıl əleyhissəlamın əmanətə sadiq olması vəsfidir. İzzət və cəlal sahibi olan Allah Öz qulu və elçisi olan Muhəmmədə (salləllahu aleyhi və səlləm) Cəbrayıl əleyhissəlamı tərifləyir, onu təmiz adlandırır. Necə ki, ayənin arxasınca elçisi Muhəmmədi (salləllahu aleyhi və səlləm) insanların gözündə doğru-dürüst adlandırır: “Sizin dostunuz divanə deyildir!” Şəbi, Meymun ibn Mehran, Əbu Saleh və digər adları çəkilənlər “Sizin dostunuz divanə deyildir!” ayəsində Muhəmməd peyğəmbərin (salləllahu aleyhi və səlləm) nəzərdə tutulduğunu söyləmişlər. Sonra Allah təala buyurur: “Onu açıq üfüqdə görmüşdür”. Yəni Muhəmməd peyğəmbər (salləllahu aleyhi və səlləm) ona Allahın risalətini gətirən Cəbrayıl əleyhissəlamı Allahın onu yaratdığı həqiqi şəkildə görmüşdür. Onu altı yüz qanadlı “açıq üfüqdə” görmüşdür. Bu, Bəthada olan görmədir və bu haqda Nəcm surəsində xatırlanmaqdadır. Allah təala buyurur: “Onu çox qüvvətli olan öyrətdi. O qüvvət sahibi göründü. O (Cəbrail) ən uca üfüqdə idi. Sonra yaxınlaşdı və aşağı endi. (Onların arasındakı məsafə) iki yay uzunluğunda, bəlkə, ondan da yaxın oldu. Sonra bəndəsinə (Mühəmmədə) vəhy buyurduğunu vəhy etdi”. (ən-Nəcm, 5-10) Bu ayələrin təfsiri və təsdiqi sözügedən surənin təfsirində qeyd olunmuşdur. Bu ona dəlalət edir ki, bununla Cəbrayıl əleyhissəlam nəzərdə tutulur. Görünür, – ən doğrusunu Allah bilir – bu surə İsra gecəsindən əvvəl nazil olmuşdur. Çünki orada ilk görüş olan bu görüşdən başqası xatırlanmır. İkincisi isə Allah təalanın aşağıdakı ayələrində qeyd olunur: “And olsun ki, başqa bir dəfə də görmüşdü; Sidrətül-müntəhanın yanında. Məva cənnəti onun yanındadır. O zaman Sidrəni nələr bürümüşdü, nələr!” (ən-Nəcm, 13-16) Bu, ən-Nəcm surəsində nazil olan ayələrdir. Hansı ki, əl-İsra surəsindən sonra nazil olmuşdur.
“O, qeybə görə günahkar (ərəbcəsi “Danin”) deyildir”. Yəni Muhəmməd peyğəmbər (salləllahu aleyhi və səlləm) Allahın ona nazil etdiyinə görə “Zanin” – yəni günahkar deyil, ittiham olunmaz. Bu sözü “Danin” kimi – yəni paxıl, xəsis mənasında oxuyanlar da var. Yəni o (salləllahu aleyhi və səlləm) hər kəsə bacardığı qədər təbliğ etmişdir. Süfyan ibn Uyeynə demişdir: “Zanin və Danin eynidir. Yəni o, nə yalançı, nə də günahkardır. “Zanin” – ittiham olunan, “Danin” – baxıl mənasını verir”. Qatədə demişdir: “Quran bir qeyb idi. Allah təala onu Muhəmmədə (salləllahu aleyhi və səlləm) nazil etdi. O da Quranı insanlardan gizli saxlamadı. Əksinə təbliğ edib yaydı, istəyən hər kəsə verdi”. İkrimə, İbn Zeyd və digərləri də bu cür söyləmişlər. İbn Cərir “Danin”lə oxunan qiraəti üstün hesab etmişdir. Hər ikisi oxunuş mütəvatirdir və əvvəldə qeyd etdiyim kimi mənaları səhihdir.
Daha sonra Uca Allah buyurur: “Bu, qovulmuş Şeytanın sözü deyildir”. Bu Quran Şeytanın sözü deyil, o bunu daşıya bilməyəcəyi kimi, daşımaq istəməz və daşıması da lazım deyil. Allah təala başqa bir ayədə buyurur ki, “(Quranı) əsla şeytanlar endirmədi. Bu onlara layiq deyildir. Onlar (bunu) heç bacara da bilməzlər! Axı onlara qadağan edilmişdir”. (əş-Şüara, 210-212)
“Bəs onda hara gedirsiniz?” Yəni bəs onda sizin ağlınız hara gedib ki, bütün aydınlığı, doğruluğu ilə izzət və cəlal sahibi Allah tərəfindən nazil olmasınma baxmayaraq yenə də Quranı təkzib edib yalanlayırsınız. Necə ki, Əbu Bəkr Siddiq (Allah ondan razı olsun!) müsəlman kimi gələn Bənu Huneyfə qəbiləsinin elçisinə yalançı Museyləmənin Quranından bir şey oxumasını əmr etdikdən sonra dedi: “Vay sizin halınıza! Ağlınız hara gedib?” Allaha and olsun ki, bu kəlam hər hansısa bir tanrıdan deyilən kəlam deyil”. Qatədə “Bəs onda hara gedirsiniz?” ayəsi haqda demişdir: “Yəni Allahın kitabından və Ona itaətdən hara gedirsiniz?”
Daha sonra uca Allah buyurur: “Bu, aləmlər üçün ancaq bir xatırlatmadır”. Yəni bu Quran bütün insanlar üçün ancaq öyüd-nəsihətdir. Ondan ibrət alıb özlərinə dərs götürərlər. “Sizdən doğru-düz olmaq istəyənlərə!” Yəni hidayət, doğru yol istəyərsə, Qurandan tutunsun! Bu, onun nicatı və qurtuluşu olar. Ondan başqa hidayət yolu yoxdur. “Aləmlərin Rəbbi olan Allah istəməsə, siz istəyə bilməzsiniz!” Yəni istək sizə həvalə edilən bir şey deyil ki, istəyən doğru yolda olsun, istəməyən zəlalətə düşsün. Əksinə bunların hamısı aləmlərin Rəbbi olan Allahın iradəsi tabedir. Süfyan əs-Sövri Səid ibn Əbdüləzizdən nəql edir ki, Süleyman ibn Musa demişdir“Sizdən doğru-düz olmaq istəyənlərə!” ayəsi nazil olduqda Əbu Cəhl dedi: “Özümüz bilərik. Istəsək hidayət yolu ilə gedərik, istəsək hidayət yolu ilə getmərik”. Allah təala isə bu ayəni nazil etdi: “Aləmlərin Rəbbi olan Allah istəməsə, siz istəyə bilməzsiniz!”
Ət-Təkvir surəsinin sonu. Həmd və səna Allaha məxsusdur.