Allah təala, Allah yolunda çapılmaqda olan qaçan və kişnəyən atlara and içir. Ayənin ərəbcəsində olan “ضَيْح” (dabh) sözü atın tövşəməsi mənasına gəlir. “And olsun qığılcım qoparanlara!” Atın nalı daşlara sürtünəndə oradan qığılcım çıxır. “And olsun sübh çağı hücum edənlərə!” Belə ki, peyğəmbər (salləllahu aleyhi və səlləm) sübh çağı əzana qulaq asar, sonra düşmənə hücum edərdi. “And olsun toz-duman qopardanlara!” Yəni döyüş meydanında atların toz-torpaq qaldırmasına… “Qoşunun içərisinə soxulanlara!” Atlar döyüş zamanı böyük bir insan kütləsinin içərisinə soxular və qızğın döyüşdə iştirak edərlər. İbn Əbu Hatim belə nəql edir: Əbu Səid əl-Əşac Abdulladan rəvayət edir ki, “And olsun tövşüyə-tövşüyə qaçanlara” ayəsi ilə dəvələr nəzərdə tutulmuşdur. Əlinin də onların dəvələr olduğunu söylədiyi rəvayət edilir. İbn Abbasın sözlərinə görə, ayədə atlar nəzərdə tutulmuşdur. Əli İbn Abbasın sözlərini işitdikdə, belə söyləmişdir: Bədr günü bizim atımız yox idi. İbn Abbas isə dedi: Bu ayə səriyyə (açınçı) göndərildiyi zaman nazil olmuşdur.
İbn Əbu Hatim və İbn Cərir belə nəql edirlər: Bizə Yunis Səid ibn Cübeyrdən nəql etdi ki, İbn Abbas belə demişdi: “Bir dəfə daşın üstündə oturduğum zaman bir nəfər gəlib məndən “And olsun tövşüyə-tövşüyə qaçanlara!” ayəsi haqda soruşdu. Mən dedim: “Onlar Allah yolunda hücum edən atlardır” – deyə cavab verdim. Atlılar hücum edib sonra geri çəkilib düşərgə salar, yeməklərini hazırlayar və od qalayarlar”. Həmin kişi mənim yanımdan çıxıb Əlinin (Allah ondan razı olsun!) yanına getdi. O, Zəmzəm quyusunun yanında idi. Ona da eyni sualı verdi. Əli ondan soruşdu: “Məndən əvvəl bu haqda kimdənsə soruşdunmu?” Kişi dedi: “Bəli! İbn Abbasdan soruşdum, o da mənə onların Allah yolunda hücum edən atlar olduğunu söylədi. Əli dedi: “Get və onu bura çağır!” İbn Abbas onun yanına gəldikdə, Əli ona dedi: “Sən insanlara bilmədiyin şey barəsində fitva verirsən? Allaha and olsun ki, İslamda ilk döyüş Bədr döyüşüdür və orada yalnız iki at var idi – biri Zübeyrin, digəri isə Miqdadın atı idi. Elə isə “And olsun tövşüyə-tövşüyə qaçanlara!” ayəsi necə atlara şamil edilə bilər? Tövşüyə-tövşiyə qaçanlar Ərafadən Müzdəlifiyə, Müzdəlifədən də Minaya gedənlərdir”. İbn Abbas dedi: Bundan sonra mən öz sözümdən imtina edib, Əlinin (Allah ondan razı olsun!) sözünü doğruladım. Bu isnadla İbn Abbasdan nəql edilir ki, Əli (Allah ondan razı olsun!) belə demişdi: “And olsun tövşüyə-tövşüyə qaçanlara” ayəsi Ərafadan Müzdəlifiyə qaçanlardır. Onlar Müzdəlifiyə qayıtdıqda od qalayarlar. Ovfi və başqaları İbn Abbasdan nəql edirlər ki, onlar atlardır.
Əlinin tövşüyə-tövşiyə qaçanların dəvə olduğu fikirini İbrahim və Ubeyd ibn Umeyrin də olduqları bir qrup ravilər söyləmişlər. İbn Abbasın fikrini dəstəkləyənlər arasında isə Mucahid, İkrimə, Atə, Qatədə və Dahhək olmuşlar. İbn Cərir İbn Abbasın rəyini üstün tutmuşdur. İbn Abbas və Atə demişlər: At və ya itdən başqa heç bir heyvanın qaçması “ضَيْح” (dabh) sözü ilə ifadə olunmaz. İbn Cüreyc Atənin belə dediyini nəql etmişdir: İbn Abbasın bu kəlməni şərh edərkən “hih-hih” səsi çıxartdığını eşitdim. Bu ravilərin əksəriyyəti Allah təalanın “And olsun qığılcım qoparanlara!” ayəsini “dırnaqları ilə qığılcım qoparanlara” kimi təfsir etmişlər. Süvarilər arasında döyüş atəşini yandıranlar deyə də təfsir etmişlər. Bu fikri deyən Qatədə olmuşdur. İbn Abbas və Mucahid isə “And olsun qığılcım qoparanlara!” ayəsi haqda demişlər: “Burada kişilərin məkri nəzərdə tutulmuşdur”. Gecə evlərinə qayıtdıqları zaman qaladıqları oddur. Bəziləri ayədə qəbilələrin tonqallarının nəzərdə tutulduğunu söyləmişlər. “And olsun tövşüyə-tövşüyə qaçanlara” ayəsini atlar deyə təfsir edənlər, “And olsun qığılcım qoparanlara!” ayəsini Müzdəlifədə od qalamaq mənasında təfsir etmişlər. İbn Cərir Təbəri birinci rəyin doğru olduğu söyləmişdir. Onun sözlərinə görə, ayədə atların öz dırnaqları ilə qığılcım saçmaları nəzərdə tutulmuşdur.
Daha sonra uca Allah buyurur: “And olsun sübh çağı hücum edənlərə”. İbn Abbas, Mucahid və Qatədə demişlər: Burada sübh çağı Allah yolunda atlarla hücum etmək nəzərdə tutulmuşdur. “And olsun tövşüyə-tövşüyə qaçanlara” ayəsini dəvələr deyə təfsir edənlər, bu ayəni də Müzdəlifədən Minaya gedənlər deyə təfsir etmişlər. Bütün təfsirçilər “And olsun toz-duman qopardanlara” ayəsi haqda demişlər: ayədə həcdə və ya döyüşdə heyvanların ayaqlarından çıxan toz-duman nəzərdə tutulmuşdur. “Qoşunun içərisinə soxulanlara”. Ovfi İbn Abbas, Atə, İkrimə, Qatədə və Dahhəkdən nəql edir ki, ayədə kafirlərdən olan düşmən qoşununun içərisinə soxulanlar nəzərdə tutulur. Əbu Bəkr əl-Bəzzar bu haqda qərib hədis rəvayət etmişdir: Bizə Əhməd ibn Abədə Hifs ibn Cəmi vasitəsilə İbn Abbasın belə dediyini nəql etmişdir: Peyğəmbər (salləllahu aleyhi və səlləm) süvarilərdən ibarət bir dəstə göndərdi. Bir ay həmin dəstədən xəbər alınmadı. Belə olan halda Allah təala “And olsun tövşüyə-tövşüyə qaçanlara” (ayaqları ilə qaçarlara), “And olsun qığılcım qoparanlara!” (dırnaqları ilə daşlara toxunub qığılcım qoparanlara), “And olsun sübh çağı hücum edənlərə”, “And olsun toz-duman qopardanlara” (dırnaqları ilə toz-torpaq qaldıranlara), “Qoşunun içərisinə soxulanlara” ayələrini nazil etdi.
Daha sonra uca Allah buyurur: “İnsan öz Rəbbinə qarşı çox nankordur”. And içilmə səbəbi məhz bu ayədir ki, həqiqətən də insan Rəbbinin nemətlərinə qarşı nankor və naşükürdür. İbn Abbas, Mucahid, İbrahim ən-Nəxi, Əbul Cövza, Əbul Aliyə, Əbu Duha, Səid ibn Cübeyr, Muhəmməd ibn Qeys, Dahhək, Həsən, Qatədə, Rəbi ibn Ənəs və İbn Zeyd ayənin ərəbcəsindəki “kunud” sözünün nankor və naşükür mənasına gəldiyini söyləmişlər. Həsən deyir ki, bu, üz verən bəlaları sayıb nəzərə alar, ancaq Allahın ona bəxş etdiyi nemətləri unudan kəsdir.
İbn Əbu Hatim deyir: Bizə Əbu Kureyb Əbu Uməmədən nəql etdi ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) “İnsan öz Rəbbinə qarşı çox nankordur” ayəsi haqda demişdir: “Nankor tək yeyən, köləsini döyən, müsafirini qovan kəsdir”. Hədisi İbn Əbu Hatim Cəfər ibn Zubeyr vasitəsilə rəvayət etmişdir. Bu rəvayətin isnadı zəifdir. Çünki Cəfər ibn Zübeyr mətruk (qəbul olunmayan) ravilərdəndir. İbn Cərir də həmin hədisi Faris ibn Osman vasitəsilə Əbu Uməmədən mətruk olaraq rəvayət etmişdir. Daha sonra Allah təala buyurur ki, “Və o özü də buna şahiddir”. Qatədə və Süfyan əs-Sövri demişlər: Həqiqətən, Allah buna şahiddir. Ayədəki əvəzliyin insana aid olduğu da ehtimal olunur. Muhəmməd ibn Kəb əl-Qurazi də belə demişdir. Deməli, insan öz nankorluğuna şahiddir, söz və əməllərində bu nankorluğunu görməməsi mümkün deyil. Belə ki, Allah təala başqa bir ayədə buyurur: “Müşriklər küfr etdikləri barədə öz-özlərinə şahid olduqları halda, Allahın məscidlərini təmir etmək onlara layiq olmaz”. (ət-Tövbə, 17)
“Həqiqətən, o, var-dövlətə çox hərisdir!” Ayənin ərəbcəsindəki mal-dövlət sözü “الخَيْرُ” (əl-xeyr) sözü ilə ifadə edilmişdir. Həmin sözü iki şəkildə mənalandırmışlar. Birincisi, insan mal-dövləti çox sevir. Ikincisi isə mal-dövlətə həris və paxıldır. Hər iki məna səhihdir.
Daha sonra Allah təbərək və təala insanları dünyadan çəkinməyə və axirətə can atmağa səsləyir, ölümdən sonra baş verəcək və onları gözləyən dəhşətlər haqqında xəbərdar edir. “Məgər o bilmirmi ki, qəbirlərdə olanlar çıxardılacağı”. Yəni qəbirlərdəki ölülərin çıxardılacağı vaxt; və “Ürəklərdə olanlar aşkar ediləcəyi zaman”. İbn Abbas və başqaları deyirlər ki, yəni içəridə gizlənib saxlanılan şeylərin aşkara çıxarılıb göstəriləcəyi vaxt… “Həmin gün Rəbbi onlardan xəbərdar olacaqdır!” Yəni o gün Allah təala onların etdikləri və törətdikləri hər şeydən xəbərdar olacaqdır və buna görə də onlara əməllərinin əvəzi veriləcək, heç kəsə zərrə qədər də olsun zülm edilməyəcək.
“Əl-Adiyat” surəsinin təfsiri sona çatdı. Həmd və səna Allaha məxsusdur.