Bir-birindən nə haqqında soruşurlar?

ƏN-NƏBƏ surəsinin təfsiri

Məkkə surələrindəndir.

(1-16 ayələr)

Allah təala müşriklərin Qiyamət gününün baş verməsi haqqında bir-birilərinə sual vermələrinə inkar cavabı olaraq buyurur: “Bir-birindən nə haqqında soruşurlar? O, böyük xəbər haqqındamı?” Yəni, onlar bir-birilərindən hansı məsələ haqda soruşurlar? Onların soruşduqları Qiyamət günü haqqındadır. Bu, böyük xəbərdir. Yəni, dəhşətli, əsrarəngiz və vahiməli bir xəbərdir.

Qatədə və İbn Zeyd deyirlər ki, böyük xəbər ölümdən sonra yenidən dirilmədir. Mucahidin sözlərinə görə isə bu xəbər Qurandır. Lakin əsas olan birinci fikirdir. “O, elə bir xəbərdir ki, onun barəsində ixtilafdadırlar”. Yəni, insanlar bu barədə bir-birinə zidd iki fikirdədilər: Ona iman gətirənlər və onu inkar edənlər.

Sonra Uca Allah Qiyaməti inkar edənlərə xəbərdarlıq edərək buyurdu: “Xeyr, onlar yaxında mütləq biləcəklər! Yenə də xeyr, onlar yaxında mütləq biləcəklər!” Bu, şiddətli xəbərdarlıq və güclü əzab qorxusudur.

Daha sonra Allah təala qəribə şeylərin və fövqəlbəşər işlərin yaradılması üzrə qayıdış və sair məsələlərlə bağlı Öz qüdrətinə dəlalət edən məqamları bəyan edərək buyurdu: “Məgər Biz yeri üzünü döşək yaratmadıqmı?!” Yəni, Allah təala Yer üzünü məxluqatın sərancamında olan sakit, əmin və sabit bir məkan olaraq yaratmışdır. “Dağları isə dirək yaratmadıqmı?!” Yəni, Uca Allah dağları Yeri möhkəmlədən, onu bərkidən bir dirək olaraq yaratmışdır ki, Yer möhkəm olsun və üzərində mövcud olanları qarışıqlığa uğratmasın.

“Biz sizi cüt olaraq yaratdıq”. Yəni, kişi və qadın yaratdıq. Bu cütlüyün hər biri digərindən həzz alar, bununla da nəsil artımına nail olunar. Allah təala buyurur ki, “Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda (bu yaradılışda) düşünən bir qövm üçün ibrətlər vardır!” (ər-Rum, 21)

“Yuxunuzu da istirahət etdik”. Yəni, gündüz vaxtı yaşam güzəranını səhmana salmaqdan ötrü çoxlu iş-gücdən, əmək sərf etməkdən qurtulub istirahət tapmaq üçün gecəni yaratdıq. Əl-Furqan surəsində buna oxşar daha bir ayə var.

“Gecəni bir libas etdik”. Yəni, gecə öz kölgəliyi və qaranlığı ilə günəşi örtür. Necə ki, Allah təala buyurur: “And olsun onu (günəşi) örtən gecəyə(əş-Şəms, 4) Şair öz şeirində bu hala toxunaraq demişdir: “Gecəni geyindirdiyimiz zaman…”

Qatədə Allah təalanın “Gecəni bir libas etdik” ayəsi barədə deyir ki, libas sakitlik və rahatlıq anı deməkdir.

“Gündüzü isə güzaranı yaxşılaşdırmaq vaxtı etdik”. Yəni, insanların dolanışıq üçün gedib-gəlmələri, hərəkətdə olmaları, qazanc əldə etmələri, alış-veriş və digər şeyləri yerinə yetirmələri üçün gündüzü işiqlı və aydın yaratdıq.

“Üstünüzdə yeddi möhkəm tikdik”. Yəni, geniş, yüksək, möhkəm, dəyişilməz, habelə ulduzlar və kametalarla bəzədilmiş yeddi qat səmanı yaratdıq. Ona görə də uca Allah buyurdu ki, “Par-par parıldayan bir çıraq düzəltdik”. Yəni yerin bütün sakinlərinə öz işığını saçan və yerin hər nöqtəsinə çatan parlaq, nurlu günəşi yaratdıq.

“Sıx-sıx dayanmışlardan şırıl-şırıl axan yağmur endirdik”. Avfi İbn Abbasdan rəvayət edir ki, sıx-sıx dayanmışlar külək deməkdir.

Ibn əbu Hatim İbn Abbasdan rəvayət edərək bildirir ki, bu sözün mənası küləklərdir. Eyni zamanda bunu İkrimə, Mucahid, Qatədə, Muqatil, Əl-Kəlbi, Zeyd ibn Sabit və onun oğlu Əbdurrəhman da söyləmişdir. Bu fikrə görə, külək buludlardan suyu toplayaraq yerə endirər.

Əli ibn Əbu Talha Allah təalanın “Sıx-sıx dayanmışlar” ayəsi barədə İbn Abbasın belə dediyini də rəvayət etmişdir: O, buluddur. Bunu İkrimə, Əbul Aliyə, Dahhak, Həsən, Rabi ibn Ənəs və Sövri də söyləmişdir. İbn Cərir bu mənanı seçib qeyd etmişdir.

Fərra deyir ki, bu, yağışın bir yerə toplandığı, lakin hələ yağmadığı buludlardır. Belə ki, ərəblər aybaşı vaxtı çatan, amma hələ aybaşı olmayan qadına “sıxışdırılmış qadın” – deyərlər.

Həsən və Qatədə isə bunun göylər olduğunu söyləmişlər. Lakin bu görüş yanlışdır.

Belə aydın olur ki, “sıxışdırılmış” – dedikdə, buludlar nəzərdə tutulur. Necə ki, Allah təala buyurur: “Buludları hərəkətə gətirən küləkləri göndərib onları göy üzündə istədiyi kimi yayan və topa-topa edən Allahdır. Artıq buludların arasından yağış çıxdığını görürsən. Onu (yağışı) bəndələrindən istədiyinə verən kimi onlar sevinərlər”. (ər-Rum, 48)

            “Şırıl-şırıl axan yağmur” sözləri haqda Mucahid, Qatədə və Rabi ibn Ənəs deyirlər ki, bu, axan sudur. Səvri bunun ard-ardına axan, İbn Zeyd isə çoxlu axan su olduğunu bildirmişdir.

İbn Cərir ət-Təbəri demişdir: “Ərəblərin dilində çoxluq mənasında işlənən “səc” (ayədəki söz) sözü yoxdur. Bu söz dalbadal axan mənasını daşıyır. Belə ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) bu sözü öz kəlamında işlədərək buyurmuşdur: “Həccin ən fəzilətlisi yüksək səslə təlbiyə gətirilən və dəvə qanları axıdılan həcdir”. Peyğəmbər (salləllahu aleyhi və səlləm) bu kəlməni qan axıdılması və tökülməsi mənasında işlətmişdir. Həmçinin, aybaşı olan bir qadın Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanına gəlib bu haqda ondan soruşduqda, Peyğəmbər (salləllahu aleyhi və səlləm) ona pambıqla ört demişdi. Həmin vaxt qadın belə cavab vermişdi: “Ey Allahın elçisi, qan daha çox gəlir, dayanmadan axır”. Bu ona dəlalət edir ki, ayədə “səcc” olaraq qeyd olunan söz dayanmadan, şırıl-şırıl axmaq mənasındadır. Doğrusunu Allah bilir.

“Onunla dən və bitki çıxardaq; Sarmaşan bağlar yetişdirək”. Yəni, bunlar dayanmadan axan və şırıl-şırıl tökülən bu bərəkətli və faydalı sularla insanların yetişdirib saxladıqları dənələr və heyvanların isə yaş-yaş yedikləri yaşıl bitkilər çıxartmağımız üçündür. Bağlar müxtəlif rənglərdən, fərqli sortlardan, növbənöv qoxu və dadlardan ibarət meyvələr bitən baxça və bostanlardır. Hamısı eyni yerdə yetişsələr də fərqli dad və ləzzətə malik meyvələrdir. “Sarmaşan bağlar yetişdirək”. İbn Abbas və başqaları deyirlər ki, sarmaşan bir-birinə bitişik mənasını daşıyır. Allah təala buyurur: “Yer üzündə bir-birinə yaxın (qonşu) qitələr, eyni su ilə sulanan üzüm bağları, əkinlər, şaxəli-şaxəsiz xurma ağacları vardır. Halbuki Biz yemək baxımından onların birini digərindən üstün tuturuq. Şübhəsiz ki, bunda da anlayıb dərk edən insanlar üçün əlamətlər vardır” (ər-Rad, 4).