Biz hər bir elçini, Allahın izni ilə, ona məhz itaət edilsin deyə göndərdik. Əgər onlar özlərinə zülm etdikləri zaman sənin yanına gəlib Allahdan bağışlanma diləsəydilər və Peyğəmbər də onlar üçün bağışlanma diləsəydi, əlbəttə ki, Allahın tövbələri qəbul edən və Rəhmli olduğunu görərdilər.

Allah Təala buyurur: “Biz hər bir elçini, Allahın izni ilə, ona məhz itaət edilsin deyə göndərdik.” Yəni, kimlərə göndəribsə, onların ona itaət etmələri fərz edildi. “Allahın izni ilə ” sözü haqqında Mücahid: “Heç kimə Mənim icazəm olmadan itaət edilməz” – demişdir. Yəni, ancaq Mənim müvəffəq etdiklərimə itaət edilər. “Siz Allahın izni ilə (düşmənləri) qırıb-çatdığınız zaman, Allah sizə verdiyi vədini yerinə yetirdi.” (Ali İmran, 152) cümləsi də belədir. Yəni, onun əmrindən, qədərindən, istəməsindən və sizi onların üzərinə Allahın iznilə hökmran etdi, deməkdir.

“Əgər onlar özlərinə zülm etdikləri zaman” Allah təala asiləri və xəta edənləri istiqamətləndirir ki, əgər onlardan bir xəta və üsyan baş verərsə, Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanına gəlsinlər. Onun yanında Allahdan bağışlanma istəsinlər. Ondan özləri üçün bağışlanma istəməsini xahiş etsinlər. Çünki, belə etdiklərində Allah tövbələrini qəbul edər, onlara mərhəmət göstərər və bağışlayar. Buna görə də “Allahın tövbələri qəbul edən və Rəhmli olduğunu görərdilər.” demişdir.

Bir çoxları kimi Şeyx Abu Nasr ibn Sabbağ da “əş-Şamil” kitabında Utbidən bu məşhur hekayəni nəql etmişdir: O deyir: “Mən, Rəsulullahın (salləllahu aleyhi və səlləm) qəbrinin yanında oturmuşdum. Bir bədəvi gəlib: “Əssələmu aleykə ya Rəsulullah, Allahın “Əgər onlar özlərinə zülm etdikləri zaman sənin yanına gəlib Allahdan bağışlanma diləsəydilər və Peyğəmbər də onlar üçün bağışlanma diləsəydi, əlbəttə ki, Allahın tövbələri qəbul edən və Rəhmli olduğunu görərdilər.” buyurduğunu eşitdim. Bax elə mən də sənin yanına günahlarımdan tövbə etmək üçün gəldim. Səni Rəbbimin hüzurunda şəfaətçi edirəm.” – dedi. Sonra bu beytləri dedi:

Ey bu düzdə sümükləri dəfn edilən,

Müşk ətri verdi bu düz, bu  çəmən

Yatdığın məzara olsun bu canım fəda

İffət və comərdlik, kərəm var orda

Sonra o bədəvi getdi. Gözümü yuxu tutdu. Rəsulullahı (salləllahu aleyhi və səlləm) yuxumda gördüm. O: “Ey Utbi, bədəvinin ardınca get və onu müjdələ ki, Allah onu bağışladı.” – dedi.”

“Xeyr! Sənin Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən çəkişmələrdə səni hakim təyin etməyincə, iman gətirmiş olmazlar.” Kərəm və müqəddəs olan Allah özünə and içir ki, bir insan bütün işlərində Rəsulullahı hakim təyin etmədikcə iman etmiş olmaz. O, nə hökm verərsə, haqq sayılar. Bu haqqa da zahirən və batinən baş əymək vacibdir. Buna görə də “sonra da verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan tam təslim olmayınca , iman gətirmiş olmazlar.” demişdir. Yəni, səni hakim təyin etdikləri zaman sənə daxillərində də itaət edərlər. Sonra hökm etdiyin şeydən içlərində bir sıxıntı duymazlar. Ona daxilən və zahirən itaət edərlər. Bütünlüklə təslim olub ona qarşı çıxmazlar, dəf etməzlər və çəkişməzlər. Necə ki, hədisdə deyilmişdir: “Canımı əlində tutana and içirəm ki, birinizin istəyi mənim gətirdiyimə tabe olmayınca iman etmiş olmazsınız”.

Buxari demişdir: Bizə Əli ibn Abdullah danışdı, bizə Muhamməd ibn Cəfər danışdı, bizə Mamər xəbər verdi, o da Zuhridən, o da Urvədən, o dedi: Şureyc bölgəsində su arxı səbəbindən Zubeyr bir nəfərlə mübahisə etdi. Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurdu: “Ey Zubeyr, sən bağçanı sula, sonra da qonşunun istifadəsi üçün suyun önünü aç.” Ənsari də: “Ey Rəsulullah, bibinin oğlu olduğu üçün belə qərar verdin, elə deyilmi?” – dedi. Rəsulullahın (salləllahu aleyhi və səlləm) rəngi dəyişdi. Sonra da: “Ey Zubeyr, suyu divara qayıdana kimi saxla, sonra suyu qonşun üçün aç” – dedi. Rəsulullah (salləllahu aleyhi və səlləm), ənsar onu əsəbləşdirdikdə Zubeyrə bütün haqqını istifadə etməsini açıq hökmlə bildirdi. Halbuki, daha əvvəl ikisi üçün də genişlik olacaq bir qərar vermişdi. Zubeyr: “Düşünürəm ki, bu “Xeyr! Sənin Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən çəkişmələrdə səni hakim hesab etməyincə, iman gətirmiş olmazlar.” ayəsi mənim haqqımda nazil olub” – dedi. Buxari bu haqda “Səhih” əsərinin “Təfsir” fəslində bu şəkildə Mamərdən rəvayət etmişdir. “Şurb” fəslində isə, İbn Cureyc ilə yenə Mamərdən rəvayət etmişdir. “Sulh” fəslində də Şuayb ibn əbu Həmzədən, üçü də Zuhridən, o da Urvədən rəvayət etmişdir. O, “mursəl” şəklində olsa da, mənaca bütövdür.

Bunu imam Əhməd rəvayət etmiş, mürsəl olduğunu açıqca bildirmiş və belə demişdir: Bizə Əbul Yəmən danışdı, bizə Şuayb xəbər verdi, o da Zuhridən, mənə Urvə ibn Zubeyr xəbər verdi ki, Zubeyr ona belə rəvayət etdi: Bədirdə iştirak edən bir Ənsar, ərazini sulamaq məsələsində Rəsulullaha (salləllahu aleyhi və səlləm) ondan şikayət etdi. Hər ikisi də eyni arxdan sulayırdılar. Rəsulullah (salləllahu aleyhi və səlləm) Zubeyrə: “Bağçanı sula, sonra da qonşun üçün aç” – dedi. Ənsar əsəbiləşib: “Ey Rəsulullah, bibinin oğlu olduğu üçün bu cür qərar verdin?” – dedi. Rəsulullahın (salləllahu aleyhi və səlləm) üzünün rəngi dəyişdi. Sonra da: “Ey Zubeyr, suyu divara qayıdana kimi saxla” – dedi.” Rəsulullah (salləllahu aleyhi və səlləm) Zubeyrin bütün haqqını istifadə etməsinə qərar verdi. Daha əvvəl isə hər iki tərəf üçün genişlik olan bir qərar vermişdi. Rəsulullah (salləllahu aleyhi və səlləm), Ənsar onu əsəbiləşdirdikdə Zubeyrə bütün haqqını istifadə etməsini açıq hökmlə bildirdi. Urvə dedi: Zubeyr: “Allaha and olsun, bu “Xeyr! Sənin Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən çəkişmələrdə səni hakim təyin etməyincə, iman gətirmiş olmazlar.” ayəsinin yalnız bu haqda nazil olduğunu düşünürəm” – dedi.

Bunu imam Əhməd də bu cür rəvayət etmişdir. Urvə ilə atası Zubeyr arasında bir qopuqluq var. Çünki ondan hədis eşitməmişdir. Doğru olan budur ki, onu qardaşı Abdullahdan eşitmişdir. Çünki Əbu Muhəmməd Abdurrahmən ibn Əbu Hatim, onu təfsirində bu cür rəvayət etmiş və demişdir: Bizə Yunus ibn Abdul-Əla danışdı, bizə İbn Vəhb xəbər verdi, bizə Leys və Yunus danışdı, onlar da İbn Şihabdan rəvayət etdilər ki, Urvə ibn Zubeyr ona danışmışdı ki, Abdullah ibn Zubeyr ona danışdı ki, Zubeyr ibn Əvvam, Rəsulullahla (salləllahu aleyhi və səlləm) birgə Bədirdə iştirak edən Ənsar bir kişi ilə mübahisə etdi. İkisi də xurma bağçalarını eyni arxdan sulayırdılar. Ənsar: “Suyu burax axsın” – dedi. Zubeyr də etiraz etdi. Rəsulullah (salləllahu aleyhi və səlləm): “Ey Zubeyr, sən sula, sonra da qonşuna göndər” – dedi. Ənsar əsəbiləşdi və: “Ey Rəsulullah, bibinin oğlu olduğu üçün belə qərar verdin, elə deyilmi?” – dedi. Rəsulullahın (salləllahu aleyhi və səlləm) rəngi dəyişdi. Sonra da: “Ey Zubeyr, sula sonra divara qayıdana qədər saxla” – dedi. Rəsulullah (salləllahu aleyhi və səlləm), Zubeyrin bütün haqqını istifadə etməsinə qərar verdi. Daha əvvəl isə Rəsulullah (salləllahu aleyhi və səlləm), Zubeyrə elə bir rəy bildirmişdi ki, həm onun üçün həm də Ənsarı üçün genişlik var idi. Rəsulullah (salləllahu aleyhi və səlləm), Ənsar onu əsəbiləşdirdikdə Zubeyrə bütün haqqını istifadə etməsini açıq hökmlə bildirdi. Zubeyr: “Düşünürəm bu “aralarında baş verən çəkişmələrdə səni hakim hesab etməyincə, iman gətirmiş olmazlar.” ayəsi yalnız bu barədə nazil olub” – deyirdi.

Bunu Nəsai də İbn Vəhb hədisindən bu cür rəvayət etmişdir. Bunu Əhməd ilə camaat da Leys hədisindən bu şəkildə rəvayət etmişlər.

Hədisi toplayanlar bunu Abdullah ibn Zubeyrın musnədində göstəriblər. İmam Əhməd də bunu Abdullah ibn Zubeyrın musnədində göstərmişdir. Allah ən doğrusunu biləndir. Çox qəribədir ki, Hakim Əbu Abdullah Nisaburi bu hədisi İbn Şihabın qardaşı oğlundan, o da əmisindən, o da Urvədən, o da Abdullah ibn Zubeyrdən, o da Zubeyrdən rəvayət etmiş və sonra da: “Sənədi səhihdir. İki Şeyx onu təxric etməmişdir” – demişdir. Mən isə Zuhridən gələn bu sənədi qardaşı oğlu xaricində Abdullah ibn Zubeyrə isnad edən birini tanımıram. Qardaşı oğlu zəif bir ravidir.

Hafiz Əbubəkr ibn Mərduveyh demişdir: Bizə Muhəmməd ibn Əli Əbu Duhaym danışdı, bizə Əhməd ibn Hazim danışdı, bizə Fədl ibn Dukeyn danışdı, bizə İbn Uyeynə danışdı, o da Amr ibn Dinardan, o da Əbu Sələmənin ailəsindən olan Sələmə adında bir adamdan rəvayət etdi. O demişdir: “Zubeyr bir nəfərlə mübahisə edib Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanına gəldi. O da Zubeyrin xeyrinə qərar verdi. O adam: “Onun xeyrinə qərar verməsi bibisi oğlu olduğu üçündür” – dedi. Bunun qarşılığında “Xeyr! Sənin Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən çəkişmələrdə səni hakim hesab etməyincə, iman gətirmiş olmazlar.” ayəsi nazil oldu.

İbn Əbu Hatim demişdir: Bizə atam danışdı, bizə Amr ibn Osman danışdı, bizə Əbu Heyvah danışdı, bizə Səid ibn Əbdul-Əziz danışdı, o da Zuhridən, o da Səid ibn Musəyyəbdən, o “Xeyr! Sənin Rəbbinə and olsun ki,…” ayəsi barədə dedi: “Zubeyr ibn Əvvam ilə Hatib ibn Əbu Bəlta haqqında nazil olub” – demişdir. Onlar su ilə bağlı mübahisə etdilər. Rəsulullah (salləllahu aleyhi və səlləm) hökm verdi ki, birinci yuxarı, sonra da aşağıda sulansın.” Bu hədis mürsəl hədisdir. Lakin onda Ənsarın adının qeyd edilməsi kimi fayda vardır.

Başqa çox qəribə bir səbəb də qeyd edilmişdir:

İbn Əbu Hatim demişdir: Bizə Yunus ibn Abdul-Əla oxuyaraq danışdı, bizə İbn Vəhb xəbər verdi, mənə Abdullah ibn Ləhiyə xəbər verdi, o da Əbul Əsvəddən, o dedi: “İki adam Rəsulullaha (salləllahu aleyhi və səlləm) şikayət etdilər. O da onların haqqında qərar verdi. Mübahisəni uduzan: “Bizi Ömər ibn Xəttaba göndər” – dedi. Rəsulullah (salləllahu aleyhi və səlləm) də: “Gedin onun yanına” – dedi. Onun yanına getdilər. Çatdıqda, adam: “Ey Xəttabın oğlu,  Rəsulullah (salləllahu aleyhi və səlləm) mənim haqlı, bunun da haqsız olduğunu dedi. Bu isə: “Bizi Ömər ibn Xəttabın yanına göndər” – dedi. O da bizi sənin yanına göndərdi” – dedi. Ömər də: “Belədirmi!” – dedi. Adam da: “Bəli” – dedi. Ömər də: “Burada gözləyin, indi gəlib mübahisənizi həll edərəm” – dedi. Qılıncını götürüb gəldi. “Bizi Ömərə göndər” deyəni qılıncla vurub öldürdü. O birisi isə qaçıb Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanına gəldi və dedi: “Ey Rəsulullah, Allaha and olsun ki, Ömər o adamı öldürdü, əgər əlindən qaçmasaydım məni də öldürəcəkdi”. Rəsulullah (salləllahu aleyhi və səlləm) də: “Ömərin bir mömini öldürməyə cəsarət edəcəyini zənn etməzdim” dedi. Allah təala “Xeyr! Sənin Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən çəkişmələrdə səni hakim hesab etməyincə, iman gətirmiş olmazlar.” ayəsini nazil etdi və o adamın qanını halal etdi. Öməri də onu öldürdüyü üçün məsuliyyətdən qurtardı. Allah adət halına gəlməməsi üçün bunu bəyənməyib Əgər Biz onlara: “Özünüzü (aranızdakı günahkarları) öldürün və yaxud yurdlarınızdan çıxın!”– (deyə) buyurmuş olsaydıq, içərilərindən çox azı bunu yerinə yetirərdi. Əgər onlar özlərinə verilən öyüd-nəsihətlərə əməl etsəydilər, əlbəttə, bu, onlar üçün daha xeyirli və daha mükəmməl olardı.” (ən-Nisə, 66) ayəsini nazil etdi. Bunu İbn Mərduveyh də İbn Ləhiadan, o da Əbul Əsvəd yolu ilə bu cür rəvayət etmişdir. Qərib və mürsəl rəvayətdir. İbn Ləhia zəif rəvayətçidir. Allah ən doğrusunu biləndir.

Başqa bir yol: Hafiz Əbu İshaq İbrahim ibn AbdurRahman ibn İbrahim ibn Duheym öz təfsirində demişdir: Bizə Şueyb ibn Şueyb danışdı, bizə Əbul Muğirə danışdı, bizə Utbə ibn Damrə danışdı, mənə atam danışdı: “İki adam, Rəsulullaha (salləllahu aleyhi və səlləm) şikayət etdilər. O da haqlının lehinə, haqsızın əleyhinə qərar verdi. Əleyhinə qərar verilən: “Razı olmaram” – dedi. Qarşı tərəf: “Nə istəyirsən?” – dedi. O da: “Əbubəkr Siddiqin yanına gedək” – dedi. Onun yanına getdilər. Haqlı çıxan: “Biz  Rəsulullaha (salləllahu aleyhi və səlləm) şikayət etdik. O məni haqlı çıxartdı” – dedi. Əbubəkr də: “Rəsulullah (salləllahu aleyhi və səlləm) nə qərar veribsə odur” – dedi. O birisi yenə razı olmaq istəmədi və: “Ömər ibn Xəttabın yanına gedək” – dedi. Mübahisədə qalib olan dedi: “Rəsulullaha (salləllahu aleyhi və səlləm) şikayət etdik. O məni haqlı çıxartdı, bu isə razı olmadı” – dedi. Sonra Əbubəkrin yanına gəldik. O dedi: “Rəsulullah (salləllahu aleyhi və səlləm) nə qərar veribsə odur.” Bu razı olmur.” Ömər ibn Xəttab ondan da soruşdu. O da: “Belədir” – dedi. Ömər evinə daxil oldu. Sonra əlində bir qılıncla çıxdı. Qılınc qınından çıxarılmışdı. O, razı olmaq istəməyənin boynunu həmin qılıncla vurdu və onu öldürdü. Allah “Xeyr! Sənin Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən çəkişmələrdə səni hakim hesab etməyincə, iman gətirmiş olmazlar.” ayəsini nazil etdi.