De: “Ey mülkün sahibi Allahım! Sən istədiyin kəsə mülkü verir­ və istədiyindən də onu geri alırsan; istədiyin kimsəni yüksəldir və istədiyini də alçaldırsan. Xeyir Sənin Əlindədir. Həqiqətən, Sən hər şeyə qadirsən.

Allah Təala deyir ki, Ey Muhamməd, Rəbbini ucaldaraq, Ona təvəkkül edərək, Ona şükr edərək və işini Ona həvalə edərək de ki, “Ey mülkün sahibi” yəni bütün mülk sənindir, deməkdir. “Sən istədiyin kəsə mülkü verir­ və istədiyindən də onu geri alırsan; istədiyin kimsəni yüksəldir və istədiyini də alçaldırsan.” Yəni verən sənsən, verməyən də sənsən. Sənin hər istədiyin olar istəmədiyin olmaz. Bu ayədə Allahın Rəsuluna və bu ümmətə verilən nemətlərə şükür edilməsinə diqqət və yönəltmə vardır. Çünki Allah Təala peyğəmbərliyi İsrail oğullarından alıb, ərəb, yazıb oxuması olmayan, Qureyşli və Məkkəli olan sonuncu Peyğəmbərə yönəltmişdi. O peyğəmbər ki, bütün insanlara və cinlərə göndərilmişdi. Allah ondan əvvəlki bütün gözəllikləri onda toplamışdı. Heç bir peyğəmbərə və heç bir rəsula vermədiyi, Allah və Onun şəriəti barədə elmi ona vermişdir. Onu keçmiş və gələcək qeyblərə bələd etmiş, axirət həqiqətlərini ona açmışdır. Ümmətini dünyanın şərqlərinə və qərblərinə yaymışdır. Dinini və şəriətini digər din və şəriətlərdən üstün etmişdir. Allahın salavat və salamı gecə və gündüz bir birini qovaladığı müddətdə qiyamətə qədər Onun üzərinə olsun.

Buna görə də De: “Ey mülkün sahibi Allahım!” demişdir, yəni xəlq etdiklərini idarə edən Sənsən. İstədiyini edərsən. Necə ki, Allah Təala etdiyi işlərdə özünə hakimlik etməyə cəhd edənləri rədd edərək belə demişdir: “Onlar dedilər: “Nə üçün bu Quran iki şəhərdən (Məkkədən və ya Taifdən) olan böyük bir adama nazil edilmədi?” (Zuxruf, 32). Yəni, biz xəlq etdiklərimizi istədiyimiz kimi, heç kim tərəfindən mane olunmadan idarə edərik. Üstün hikmət və qarşı gəlinməz dəlil bizimdir. Beləcə peyğəmbərliyi də istədiyinə verər. Necə ki, Allah Təala  “Allah peyğəmbərliyini kimə verəcəyini daha yaxşı bilir.” (Ənam, 124) demişdir. Həmçinin  demişdir:   “Bax gör (dünyada) onların birini digərindən necə üstün etdik.” (İsra, 21).

Hafiz İbn Əsakir öz tarix əsərində İshaq ibn Əhmədin həyatını rəvayət edərkən xəlifə Məmnun haqqında bu cür rəvayət etmişdir: «O, Rum diyarında bir sarayda himyər yazısı ilə belə bir  tablo gördü, ona bu yazı tərcümə edildi, orada deyilirdi: Allahın adı ilə! Gecə ilə gündüz bir birinə qarışması ilə, Səma ulduzları kainatda dövrə vurması ilə, mülkiyyət səltənəti sona çatan bir kraldan digərinə keçər. Ərş sahibinin mülkü isə əbədidir. Fani də deyil, ortaq da deyil.

“Sən gecəni gündüzə qatır, gündüzü də gecəyə qatırsan” yəni bunun uzunluğundan kəsib o birinin qısalığına əlavə edirsən, bu zaman bərabər olurlar. Sonra bundan alıb digərinə verirsən, fəqli olurlar. İlin yaz, yay,payız, qış olmaqla dörd fəsli də beləcə davam edir. “Ölüdən diri çıxarır, diridən isə ölü çıxarırsan” yəni məhsulu toxumdan, məhsuldan toxumu, xurmanı tumundan, xurmadan tumunu, mömini kafirdən, mömindən kafiri, toyuğu yumurtadan, toyuqdan yumurtanı çıxarırsan. Bu məcra ilə gedən digər şeylər də belədir. “Sən istədiyin kəsə hesabsız ruzi verirsən”. Yəni istədiyinə sayı hesabı olmayan mal verərsən. Digəri üçün isə hikmət, iradə, istəmə və ədalət çərçivəsində məhdudlaşdırarsan.

Təbərani demişdir: Bizə Muamməd ibn Zəkəriyyə əl-Ğalləbi danışdı, bizə Cəfər ibn Cisr ibn Fərqad danışdı, bizə atam danışdı, o da Amr ibn Malikdən, o da Əbul Cəvzadan, o da İbn Abbasdan (radiyallahu anhu) rəvayət edir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: «Onunla dua etdiyində duaların qəbul olunduğu ismi-azam Ali İmran surəsinin bu ayəsindədir: «De: “Ey mülkün sahibi Allahım! Sən istədiyin kəsə mülkü verir­ və istədiyindən də onu geri alırsan; istədiyin kimsəni yüksəldir və istədiyini də alçaldırsan. Xeyir (yalnız) Sənin Əlindədir. Həqiqətən, Sən hər şeyə qadirsən.»