De: “Kökslərinizdə olanı gizlətsəniz də, üzə çıxarsanız da, Allah onu bilir. O, göylərdə və yerdə olanları da bilir. Allah hər şeyə qadirdir.

Allah Təala qullarına xəbər verir ki, O, sirləri, gizlində və aşkarda olanları bilir. Onların heç bir işi Ona gizli qalmaz. Onun elmi bütün hallarda, zamanlarda, günlərdə və bütün vaxtlarda onları əhatə etmişdir. Bu, göylərdə və yerdə olanların hamısına aiddir. Yer üzündəki bütün ərazilərdə, dənizlərdə və dağlarda olan bir zərrə, hətta ondan balaca bir şey Ona gizli qalmaz.

“Allah hər şeyə qadirdir” yəni Onun qüdrəti bütün bunlara nüfuz edir.

Bu da qulları üçün Özündən qorxmağa və çəkinməyə bir xəbərdarlıqdır ki, qadağan etdiyi və Onu qəzəbinə gələn şeyləri etməsinlər. Çünki O, onların etdikləri hər bir işi biləndir. Onların cəzasını tez verməyə gücü çatır. Onlardan bəzisinə də möhlət verər. Sonra onları güclü birinin tutması kimi tutar. Ona görə də bundan sonra  “O gün ki, hər kəs etdiyi yaxşı və pis əməlləri (qarşısında) hazır görəcək” demişdir. Yəni qiyamət günündə qulların etdikləri bütün xeyir və şəri hazır edir. Necə ki, buyurur: “O gün insana əvvəllər etdiyi və sonraya saxladığı (əməlləri) barədə xəbər veriləcəkdir.” (Əl-Qiyamə, 13). Yaxşı əməllərini gördükdə sevinər və fərəhlənər, pisləri də görəndə məyus olub əsəbiləşər və çox istəyər ki, onlardan uzaqlaşsın və aralarında əbədi uzaqlıqda bir məsafə olsun. Necə ki, dünyada onun yanında olan və onu bu pis işlərə sövq edən şeytanına deyər: “Nəhayət, o, hüzurumuza gəldikdə deyər: “Kaş ki, mənimlə sənin aranda məşriqlə məğrib (arasındakı )uzaqlıq qədər (məsafə) olaydı. Sən nə pis yoldaş imişsən!” (Əz-Zuxruf, 38).

Sonra Allah Təala təkid, təhdid və qorxudaraq “Allah sizi Özündən çəkindirir” buyurur. Yəni, sizi əzabı ilə qorxudur deməkdir. Sonra uca Allah, qullarını onun rəhmətindən ümidini kəsməmələri və lütfündən məyus olmamaları üçün ümidləndirərək “Allah qullarına Şəfqətlidir” dedi. Həsən Bəsri demişdir: “Onları Özündən çəkindirməsi onlara olan şəfqətindən sayılır.” Başqası belə demişdir: “Məxluquna qarşı çox mərhəmətlidir. Onun doğru yolunda və möhkəm dinində düzgün getmələrini və şərəfli elçisinə tabe olmalarını istəyir”.