Ey iman gətirənlər! Allaha və Elçisinə itaət edin, həm də özünüzdən olan rəhbərlərə. Əgər bir şey haqqında mübahisə etsəniz, Allaha və Axirət gününə inanırsınızsa, Allaha və Elçisinə müraciət edin. Bu, daha xeyirli və nəticə etibarilə daha yaxşıdır.

Buxari (rahiməhullah) demişdir: Bizə Sadaqa ibn Fadl danışdı, bizə Həccac ibn Muhəmməd əl-Avər danışdı, o da İbn Cureycdən, o da Yalə ibn Muslimdən, o da Səid ibn Cubeyrdən, o da İbn Abbasdan rəvayət etdi ki, “Allaha itaət edin, Elçiyə itaət edin və özünüzdən olan əmr sahiblərinə (itaət edin)ayəsi Abdullah ibn Huzafə ibn Qeys ibn Adiy haqqında endi. Rəsulullah (salləllahu aleyhi və səlləm) onu bir dəstə əsgərlə tapşırığa göndərdi.

Bunu İbn Macə istisna olmaqla, digər mühəddislər də Həccac ibn Muhəmməd əl-Avər hədisindən bu cür rəvayət etmişdir. Tirmizi: “Həsən qəribdir, onu ancaq İbn Cureyc hədisindən bilirik” – demişdir.

İmam Əhməd ibn Hənbəl demişdir: Bizə Əbu Muaviyyə danışdı, bizə Aməş danışdı, o da Səid ibn Ubeydədən, o da Əbu Abdurrahman əs-Suləmidən, o da Əlidən rəvayət etdi ki, Rəsulullah (salləllahu aleyhi və səlləm), bir dəstə əsgər göndərdi. Başlarına da Ənsardan bir kişini təyin etdi. Bir az getdikdən sonra başçı əsgərlərə əsəbiləşdi, onlara: “Rəsulullah (salləllahu aleyhi və səlləm) mənə itaət etmənizi buyurmadımı?” – dedi. Onlar da: “Bəli” – dedilər. O da: “Elə isə mənə odun toplayın” – dedi. Sonra da od istəyib onu alovlandırdı. Sonra da onlara: “İçinə girmənizi qəti əmr edirəm” – dedi. Bəziləri girmək istədilər. İçlərindən bir gənc dedi: “Rəsulullaha (salləllahu aleyhi və səlləm) oddan qurtulmaq üçün qaçdınız. Tələsməyin, Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanına qayıdaq, əgər oda girməmizi əmr edərsə girərik” – dedi. Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanına qayıtdılar. Ona xəbər verdilər. O da onlara: “Əgər içinə girsəydiniz, bir daha əbədiyyən oradan çıxa bilməzdiniz. İtaət ancaq xeyirli işlərdə olur.” – dedi.” Bunu Buxari və Muslim, iki Səhihdə də Aməş hədisindən rəvayət etmişdir.

Əbu Davud demişdir: Bizə Musəddəd danışdı, bizə Yəhya danışdı, o da Ubeydullahdan, o da Nafidən, o da Abdullah ibn Ömərdən rəvayət etdi ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurdu: “Bir müsəlman günahla əmr olunmadıqca sevdiyi və ya sevmədiyi şeydə əmri eşitməsi və itaət etməsi lazımdır. Əgər günah olan bir şey əmr olunursa, eşidilməz və itaət edilməz”. Bunu Buxari ilə Muslim də Yəhya əl-Qattandan rəvayət ediblər.

Ubadə ibn Samit demişdir: “Rəsulullah (salləllahu aleyhi və səlləm) bizi kədərdə və sevincdə, çətinlikdə və rahatlıqda, (razılığımız olmadan özünü və ya digərini) bizdən üstün tutaraq imtiyaz verdiyi halda belə əmri eşitmək və itaət etmək, əmr sahibləri ilə mübahisə etməməyə dair beyət etdirdi”. Əlavə edib dedi: “Ancaq Allah qatından bir dəlillə açıq-aşkar küfr olduğunu bildiyiniz şey xaricdir.” Bunu Buxari ilə Muslim rəvayət etmişlər.

Ənəsdən rəvayət edilən başqa bir hədisdə Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: “Əgər başı kişmişə bənzər həbəşi bir kölə üzərinizə təyin edilsə belə eşidin və itaət edin”. Bunu Buxari rəvayət etmişdir.

Əbu Hureyrə (radiyallahu ənhu) demişdir: “Dostum Rəsulullah (salləllahu aleyhi və səlləm) mənə, əgər qolları və ayaqları kəsilmiş həbəşi kölə olsa belə eşitməmi və itaət etməmi buyurdu”. Bunu Muslim rəvayət etmişdir.

Ummul Huseyn də, Rəsulullahın (salləllahu aleyhi və səlləm) vida xütbəsində belə dediyini eşitmişdir: “Sizi Allahın Kitabı ilə idarə etmək üçün üzərinizə bir kölə təyin olunsa belə, əmrini eşidin və itaət edin”. Bunu Muslim rəvayət etmişdir. Bir başqa rəvayətdə də: “Həbəşi kəsik bir kölə də olsa” demişdir.

İbn Cərir demişdir: Mənə Əli ibn Muslim ət-Tusi danışdı, bizə İbn Əbu Fudeyk danışdı, mənə Abdullah ibn Muhamməd ibn Urvə danışdı, o da Hişam ibn Urvədən, o da Əbu Salih əs-Səmməndən, o da Əbu Hureyrədən (radiallahu anh) rəvayət etdi ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: “Məndən sonra rəhbərlər gələcəkdir. Yaxşı yaxşılıqları ilə, günahkar günahları ilə üstünüzə gələcəkdir. Onları haqqa müvafiq hər bir işdə eşidin və itaət edin. Arxalarında namaz qılın. Əgər yaxşılıq etsələr, sizə və onlaradır. Əgər pislik etsələr sizin lehinizə, onların əleyhinədir”.

Əbu Hureyrənin (radiyallahu ənhu) rəvayətində, Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: “Bəni İsraili nəbilər idarə edərdi. Bir nəbi vəfat etdikdə yerinə başqa nəbi gəlirdi. Məndən sonra nəbilər olmayacaq, xəlifələr olacaqdır, həm də çox olacaqdır. Onlar: “Ey Rəsulullah, bizə nə əmr edirsən?” – dedilər. O da: “Bir-birinin ardınca gələnlərə, beyətdə vəfalı olun və onlara haqlarını verin. Çünki Allah onlardan idarə etməsini istədiyi xalqın hesabını soruşacaq”. Bunu Buxari ilə Muslim rəvayət etmişlər.

İbn Abbas (radiyallahu ənhu) rəvayət etmişdir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: “Sizdən kim əmirindən xoşlamadığı bir  şey görərsə səbr etsin. Çünki kim camaatdan bir qarış ayrılaraq ölərsə, cahiliyyə ölümü ilə ölər”. Bu hədisi Buxari ilə Muslim rəvayət ediblər.

İbn Ömər də Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini eşitmişdir: “Kim əlini itaətdən çəkərsə, qiyamət günündə Allahın qarşısına çıxdıqda heç bir əsası olmayacaq. Kim boynunda beyət olmadan ölərsə, cahilliyə ölümü ilə ölər”. Bunu Muslim rəvayət etmişdir.

Yenə Muslim, Əbdürrəhman ibn Abdi Rabbil-Kəbənin belə dediyini rəvayət etmişdir: “Məscidə girdim, baxdım Abdullah ibn Amr ibn As Kəbənin kölgəsində oturubdu. İnsanlar da ətrafına toplanmışdılar. Onların yanına gəldim və oturdum. O belə dedi: Biz bir səfərdə Rəsulullah (salləllahu aleyhi və səlləm) ilə bərabər idik. Bir yerdə dayandıq. Bəzilərimiz çadırlarımızı qaydasına salır, bəzilərimiz ox yarışı təşkil edir, bəzilərimiz də heyvanlara baxırdıq. Birdən Rəsulullahın (salləllahu aleyhi və səlləm) müəzzini: “Namaz birləşdirəndi (əs-salətu cəmiətun)” – deyə car çəkdi. Biz də Rəsulullahın başına toplandıq. O dedi: “Bu bir gerçəkdir ki, məndən əvvəl nə vaxt bir nəbi gəldisə ümmətinə bildiyi xeyirləri göstərər və onları bildiyi şərdən çəkindirərdi. Sizin ümmətinizin ən yaxşı günləri başlanğıcındadır. Sonunda olanlara isə bəla gələcək və etiraz etdiyiniz işlər baş verəcək. Elə fitnələr gələcək ki, bir-birinə yaxın olacaqlar. Fitnə gələcək, mömin: “Bax bu mənim həlakımdır” — deyəcək. Sonra düzələcək, yeni fitnə gələcək. Mömin: “Bax bu, bax bu” – deyəcək. Kim oddan üzaqlaşdırılıb cənnətə girmək istərsə, ölüm ona Allaha və axirət gününə iman edərkən gəlsin. O da özü üçün istədiyini, insanlar üçün istəsin. Kim bir imama beyət edər, ona əlini və könlünü verərsə, əlindən gəldiyi qədər ona itaət etsin. Əgər bir başqası gəlib ona qarşı çıxarsa, digərinin boynunu vurun.” Rəvayətçi deyir ki, ona yaxınlaşdım və: “Allah adına sənə deyirəm, sən bunu Rəsulullahdan (salləllahu aleyhi və səlləm) eşitmisən?” – dedim. O da qulaqlarına və qəlbinə işarə edərək: “Bunu qulaqlarım eşitdi, qəlbim də təsdiq etdi” – dedi. Mən də ona dedim: “Bax əmin oğlu Muaviyyə, bizə mallarımızı aramızda batil səbəblərlə yeməmizi və özümüzü öldürməmizi əmr edir. Allah Təala isə “Ey iman gətirənlər! Qarşılıqlı razılıqla aparılan ticarət istisna olmaqla mallarınızı öz aranızda haqsız yerə yeməyin və özünüzü məhv etməyin. Həqiqətən, Allah sizə qarşı Rəhmlidir.” (Nisə, 29) buyurur.” Dedi ki, “O, bir müddət susdu, sonra da: Ona Allaha itaətdə itaət et, Allaha asilikdə də asi ol” – dedi.”

Bu xüsusda çox hədis vardır.

İbn Cərir demişdir: Bizə Muhamməd ibn Huseyn danışdı, bizə Əhməd ibn Fadl danışdı, bizə Əsbat danışdı, o da Suddidən rəvayət etdi ki, o, “Allaha və Elçisinə itaət edin, həm də özünüzdən olan rəhbərlərə” ayəsində belə demişdir: Rəsulullah (salləllahu aleyhi və səlləm) bir dəstə əsgər göndərdi. Xalid ibn Vəlidi də onlara başçı təyin etdi. İçlərində Ammar ibn Yasir də vardı. Gedəcəkləri şəxslərə tərəf irəlilədilər. Onlara yaxınlaşdıqları bir yerdə, gecə istirahətə çəkildilər. Onların yanına cəsusları gəlib əsgərlərin gəldiyini xəbər verdi. Səhər açılanda oraya getdiklərində bir adam xaricində hamısının qaçdığını gördülər. Adam ailəsinə əmr etdi, əşyalarını topladılar. Sonra da gecənin qaranlığında Xalidin əsgərlərinin yanına gəldi. Ammar ibn Yasiri soruşdu, onun yanına gəldi: “Ey Əbul Yaqzan, mən müsəlman oldum, Allahdan başqa ilah olmadığına və Muhammədin onun qulu və rəsulu olduğuna şəhadət etdim. Qövmüm sizin gəldiyinizi duyunca qaçdılar. Mən isə qaldım. Müsəlman olmam ertəsi gün mənə fayda verəcəkmi? Yoxsa mən də qaçaydım?” – dedi. Ammar da: “Xeyr, sənə fayda verər, sən burada qal” – dedi. O da qaldı. Səhər açıldıqda Xalid hücuma keçdi, bir adamdan başqa heç kimi tapmadı. Onu da, var-dövlətini də aldılar. Xəbər Ammara çatdıqda, Xalidin yanına gəldi və: “Bu adamı sərbəst burax, o müsəlman olub və mən ona aman vermişəm” – dedi. Xalid də: “Sən kimsən ki, aman verirsən?” – dedi. Bir-birinə kobud sözlər dedilər. Vəziyyəti Rəsulullaha (salləllahu aleyhi və səlləm) çatdırdılar. O da Ammarın verdiyi amanı qəbul etdi və ona başçı ilə birlikdə olduqda ikinci dəfə aman verməyi qadağan etdi. Rəsulullahın (salləllahu aleyhi və səlləm)  yanında da kobud danışdılar. Xalid: “Bu qulağı kəsik qulun məni söyməsinə icazəmi verirsən?” – dedi. Rəsulullah (salləllahu aleyhi və səlləm) də: “Ey Xalid, Ammara söymə, kim Ammara söyərsə Allah da ona söyər. Kim ona nifrət edərsə, Allah da ona nifrət edər. Kim Ammara lənət edərsə, Allah da ona lənət edər.” – dedi. Ammar əsəbiləşdi və çıxıb getdi. Xalid onun ardınca getdi. Ətəyindən tutub ondan üzr istədi. O da onu bağışladı. Bunun qarşılığında Allah Təala “Allaha itaət edin, Elçiyə itaət edin və özünüzdən olan əmr sahiblərinə (itaət edin).” ayəsini nazil etdi.

Bunu ibn Əbu Hatim də Suddi yolu ilə mürsəl olaraq rəvayət etmişdir. Onu İbn Mərduveyh də Hakim ibn Zahir rəvayətindən, o da Suddidən, o da Əbu Salihdən, o da İbn Abbasdan rəvayət etmiş və bu cür zikr etmişdir. Allah ən doğrusunu biləndir.

Əli ibn əbu Talhadan rəvayət olunur ki, İbn Abbas: “…və özünüzdən olan əmr sahiblərinə (itaət edin).” Yəni, fiqh və din adamlarıdır” – demişdir. Mucahid, Əta, Həsən Bəsri və Əbul Aliyə də “…və özünüzdən olan əmr sahiblərinə (itaət edin) yəni, alimlərə demişlər. Zahirən görünən budur ki – Allah ən doğrusunu biləndir – ayə, yuxarıda qeyd edildiyi kimi başçılar və alimlərdən olan bütün əmr sahiblərini ehtiva edir. Allah Təala buyurur: “Kaş onların (yəhudilərin) din alimləri və fəqihləri onlara günah söyləməyi və haram yeməyi qadağan edəydilər!” (əl-Maidə, 63) Allah buyurur:  “Biz səndən əvvəl də, özlərinə vəhy etdiyimiz məhz kişiləri (elçi) göndərmişdik. Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun.” (ən-Nəhl, 43). Səhih olduğu barədə ittifaq olunan hədisdə Əbu Hureyrədən Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət edilmişdir: “Kim mənə itaət edərsə, Allaha itaət etmişdir. Kim mənə asi olarsa, Allaha asi olmuşdur. Kim mənim əmirimə itaət edərsə, mənə itaət etmişdir. Kim də mənim əmirimə asi olarsa, mənə asi olmuşdur”.

Bunlar alim və əmirlərə itaəti bildirən əmrlərdir. Buna görə də Allah Təala “Allaha itaət edin” yəni Kitabına tabe olun “Elçiyə itaət edin” yəni, sünnəsini götürün, “və özünüzdən olan əmr sahiblərinə (itaət edin)yəni, Allaha asilik yox, itaət əmirlərini yerinə yetirin deməkdir. Çünki Allaha asilikdə (yəni, günah etməyi əmr edən) məxluqa itaət yoxdur. Necə ki, yuxarıdakı səhih hədisdə: “İtaət ancaq yaxşılıqdadır” – demişdir.

İmam Əhməd demişdir: Bizə Abdurrhman danışdı, bizə Həmmam danışdı, bizə Qatadə danışdı, o da Əbu Mirayədən, o da İmran ibn Huseyndan rəvayət edir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm)  belə demişdir: “Allaha asilikdə itaət yoxdur”.

“Əgər bir şey haqqında mübahisə etsəniz… onu Allaha və Elçiyə qaytarın.” Mücahid və sələfdən bir çoxları: “Allahın Kitabına və Rəsulunun sünnəsinə” – demişdir.

Bu da dinin üsul və furu məsələlərində mübahisə edilən hər şeyin Kitab və Sünnəyə həvalə edilməsinə dair izzət və cəlal sahibi Allahdan bir əmrdir. Necə ki, Allah Təala buyurur: “İxtilafa düşdüyünüz şeylər barəsində hökm vermək ancaq Allaha aiddir.” (əş-Şura, 10). Kitab və Sünnənin hökm etdiyi və doğruluğuna şahidlik etdiyi hər bir şey haqdır. Haqdan sonra da azmaqdan başqa bir şey yoxdur. Buna görə də, Allah Təala “Allaha və Axirət gününə inanırsınızsa” buyurmuşdu. Yəni, mübahisələri və bilinməyən şeyləri Allahın Kitabına və Rəsulunun sünnəsinə həvalə edin, aranızda çıxan ixtilaflarda o ikisi ilə hökm edin, deməkdir. “Allaha və Axirət gününə inanırsınızsa”.

Bu da göstərir ki, kim çəkişmədə Quran və Sünnəni hökm verən təyin etməzsə və həmin mübahisəli məsələdə o ikisinə qayıtmazsa, Allaha və axirət gününə inanmış sayılmaz.

“Bu, daha xeyirlidir” yəni, Allahın Kitabına və Rəsulunun sünnəsini hakim təyin etmək və mübahisələri həll etmək üçün o ikisinə qayıtmaq, daha xeyirlidir.

“…və yaxşı bir yozumdur” yəni, aqibət və nəticələri daha gözəldir. Necə ki, Suddi və digərləri belə demişlər. Mucahid demişdir: “Mükafatı daha gözəldir”. Bu da yaxın mənadır.