Ey iman gətirənlər! Allahdan Ona layiq olan tərzdə qorxun və ancaq müsəlman olduğunuz halda ölün!

İbn Əbi Hatim demişdir: Bizə Əhməd ibn Sinan danışdı, bizə Əbdurrəhman danışdı, o da Süfyan ilə Şubədən, o da Zəbid əş-Şamidən, o da Mürrədən, o da Abdullahdan – o, İbn Məsuddur – rəvayət edir ki, “Allahdan Ona layiq olan tərzdə qorxun” kəlamı haqqında: “O, itaət edib asilik etməmək, zikr edib  unudulmamaq və şükür edib nankor olmamaqdır.” Bu səhih məvquf sənəddir. Murraya bu yöndən Amr ibn Məymun, o da İbn Məsuddan qoşulmuşdur.

Onu İbn Mərduyə də, Yunis ibn Abdul Aladan, o da İbn Vəhbdən, o da Süfyan Səvridən, o da Zəbiddən, o da Mürrədən, o da Abdullahdan rəvayət etmişdir ki, Rəsulullah (səllallahu aleyhi və səlləm) “Allahdan Ona layiq olan tərzdə qorxun” kəlamı haqqında: “İtaət edilib asilik etməmək, şükür edib nankorluq etməmək, zikr edib unudulmamaqdır.” demişdir.

Bunu Hakim də Müstədrəkində Misardan, o da Zəbiddən, o da Mürrədən, o da Məsuddan mərfu olaraq rəvayət etmiş və sonra da: «İki şeyxin şərtinə uyğundur, təxric edilməmişdir» – demişdir. Belə desə də ən doğru olan onun məvquf olmasıdır. Allah daha yaxşı bilir.

Sonra İbn Əbi Hatim  demişdir: “Bunun bənzəri də Mürrə əl Həmədanidən, Rəbi ibn Huseyndən, Amr ibn Meymundan, İbrahim Nəxaidən, Tavusdan, Həsəndən, Qatadədən, Əbu Sinandan və Suddidən rəvayət edilmişdir”. Ənəsdən onun belə dediyi rəvayət edilmişdir: “Qul dilini saxlamadıqca Allahdan lazımınca qorxmuş olmaz”. Səid ibn Cubeyr, Əbul Aliyə, Rəbi ibn Ənəs, Qatadə, Muqatil ibn Həyyan, Zeyd ibn Əsləm, Suddi və digərləri də bu ayənin Allah Təalanın “Nə qədər bacarırsınızsa Allahdan qorxun.” (Təğabun 16) ayəsi ilə nəsx edildiyini demişlər. Əli ibn əbu Təlhadan rəvayət edilir ki, İbn Abbas demişdir: “Allahdan Ona layiq olan tərzdə qorxun” kəliməsi nəsx edilmədi. Ancaq Ondan layiqincə qorxmaq, Onun yolunda layiqincə cihad etməkdir. Bu mövzuda heç kimin qınağından qorxmamaqdır. Özünün, atalarının və oğullarının əleyhinə olsa da ədaləti icra etməkdir.”

“Ancaq müsəlman olduğunuz halda ölün!” Yəni sağlığınız və sağlamlığınız zamanı İslamı mühafizə edin ki, onun üzrə öləsiniz. Çünkü Kərəm sahibi Allah belə bir qanunauyğunluq qoymuşdur: «Kim nə üzrə yaşarsa, o üzrədə ölər. Kimdə nə üzrə ölərsə, o üzrə də dirilər.» Buna müxalif olmaqdan Allaha sığınıq.

İmam Əhməd demişdir: Bizə Ravh danışdı, bizə Şubə danışıb dedi: Süleymandan eşitdim, o da Mücahiddən belə dedi: “İnsanlar Beytullahı təvaf edirdilər, İbn Abbas da oturmuşdu, yanında bir əsa var idi. Rəsulullah (saləllahu aleyhi və səlləm) belə buyurdu: “Ey iman gətirınlər! Allahdan Ona layiq olan tərzdə qorxun və ancaq müsəlman olduğunuz halda ölün!” Əgər zəqqumdan dünyaya bir damcı damcıladılsaydı, dünya əhalisinin dolanışığı zəhər olardı. Elə isə, yeməyə zəqqumdan başqa bir şeyi olmayanın halını düşünün.” Bunu Tirmizi, Nəsai, İbn Macə, İbn Hibban öz Səhihində, Hakim Müstədrəkində müxtəlif yollarla Şubədən eyniylə rəvayət etmişdirlər. Tirmizi: “həsən səhihdir” — demişdir. Hakim də: “İki şeyxin şərtinə uyğundur, lakin təxric etməmişlər” – demişdir.

İmam Əhməd demişdir: Bizə Vəki danışdı, bizə Aməş danışdı, o da Zeyd ibn Vahbdan, o da AbdurRahmən ibn Rabbil-kəbədən, o da Abdullah ibn Amrdan rəvayət etmişdir ki, Rəsulullah (saləllahu aleyhi və səlləm) demişdir: “Kim oddan uzaqlaşdırılıb cənnətə girmək istəyirsə, ölüm ona Allaha və axirət gününə iman etdiyi halda gəlsin və özü üçün istədiyini insanlar üçün də istəsin”.

İmam Əhməd demişdir: “Bizə Əbu Müaviyə danışdı, bizə Aməş danışdı, o da Əbu Süfyandan rəvayət etdi ki, Cabir demişdir: “Rəsulullahdan (saləllahu aleyhi və səlləm) ölümündən üç gün əvvəl belə dediyini eşitdim: “Heç biriniz Əziz və Cəlil olan Allah haqqında yaxşı zəndə olmadan ölməsin”. Bunu Müslim də Aməş vasitəsi ilə eyni şəkildə rəvayət etmişdir.

İmam Əhməd demişdir: Bizə Həsən ibn Musa danışdı, bizə İbn Ləhiya danışdı, bizə Əbu Yunus danışdı, o da Əbu Hüreyrədən, o da Rəsulullahdan (saləllahu aleyhi və səlləm) rəvayət etdi ki, Allah Təala buyurdu: “Mən qulumun barəmdəki zənni yanındayam. Əgər Mənim barəmdə yaxşı zəndə olarsa, bu onadır, pis zəndə olarsa, bu onadır”. Hədisin əsli İki Səhihdə başqa bir formada Əbu Hüreyrədən rəvayət edilmişdir. Rəsululah (saləllahu aleyhi və səlləm) demişdir: Allah: “Mən qulumun haqqımdakı zənni yanındayam” – deyər.

Hafiz Əbubəkr əl-Bəzzar demişdir: Bizə Muhamməd ibn Abdul Məlik əl-Qurəşi danışdı, bizə Cəfər ibn Süleyman danışdı, o da Sabitdən, o da zənnimcə Ənəsdən rəvayət etdi ki, o demişdi: Ənsarlardan bir kişi xəstə idi. Peyğəmbər  (salləllahu aleyhi və səlləm) onu ziyarətə gəldi. Ona bazarda rast gəldi. Salam verib dedi: “Necəsən ey filankəs?” O da: «Yaxşıyam, ey Allahın Rəsulu, Allahdan umuram, günahlarımdan qorxuram” – dedi. Rəsulullah (salləllahu aleyhi və səlləm) da dedi: ”Əgər bu ikisi bu vəziyyətdə qulun qəlbində birləşərsə, Allah ona umduğunu verər və onu qorxduğundan əmin edər.” Sonra əl-Bəzzar  dedi: Bunu Cəfər ibn Süleymandan başqasının Sabitdən rəvayət etdiyini bilmirik. Bunu Tirmizi, Nəsai və ibn Macə də onun hədisindən rəvayət etmişdirlər. Sonra Tirmizi: Qəribdir, demişdir. Bunu başqa biri də Sabitdən mürsəl olaraq rəvayət etmişdir.

İmam Əhməd demişdir: Bizə Muhamməd ibn Cəfər danışdı, bizə Şubə danışdı, o da Əbu Bişrdən, o da Yusuf ibn Mahikdən, o da Hakim ibn Hizamdan rəvayət etdi ki, o demişdir: «Rəsulullaha (salləllahu aleyhi və səlləm) ancaq ayaq üstə səcdə etməyimə beyət etdim.» Bunu Nəsai də Sunnənində İsmayıl ibn Məsuddan, o da Xalid ibn əl Harisdən, o da Şubədən eyni şəkildə rəvayət etmiş və “Səcdə necə edilir?” başlığını qoymuşdur. Sonra da onun kimi rəvayət etmişdir. Bunun mənası: “Ancaq müsəlman olaraq ölməkdir” də deyilmişdir. Belə də deyilmişdir: “Mən düşmənə tərəf çevrilərək öldürüləcəyəm, arxamı çevirərək deyil.” Bu da birinci kimidir.

“Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın!” Allahın ipi, Allahın əhdidir, deyilmişdir. Necə ki, ardınca gələn ayədə deyilmişdir: “Onlar harada olursa olsunlar, Allahın ipi və insanların ipi ilə olması istisna olmaqla onlara  zəlillik qismət olar. “ Yəni əhd və himayə ilə deməkdir. “Allahın ipi” Qurandır da deyilmişdir. Necə ki, Haris əl-Avərin Əlidən mərfu olaraq rəvayət etdiyi Quranın vəsfi ilə bağlı hədisdə: ”Quran, Allahın möhkəm ipidir və doğru yoludur” deyilmişdir.

Bu mənada xüsusi bir hədis də varid olmuşdur: İmam hafiz Əbu Cəfər Təbəri demişdir: Bizə Səid ibn Yəhya əl-Əməvi danışdı, bizə Əsbat ibn Muhamməd danışdı, o da Abdulmalik ibn əbi Süleyman əl-Arzamidən, o da Atiyyədən, o da Əbu Səiddən rəvayət etdi ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: “Allahın Kitabı, Allahın göydən yerə uzanan ipidir”.

İbn Mərduyə də, İbrahim ibn Muslim əl-Həcəri vasitəsi ilə Əbul Ahvasdan, o da Abdullahdan (radiyallahu anh) rəvayət etmişdir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: Bu Quran, Allahın möhkəm ipidir, aydın nurudur, yararlı şəfadır, ondan yapışan üçün mühafizəçidir və tabe olan üçün qurtuluşdur.” Hüzeyfə və Zeyd ibn Ərqamın nəql etdiyi hədisdə də bənzər şəkildə rəvayət edilmişdi.

Vəki demişdir: Bizə Aməş, o da ƏbuVaildən rəvayət edir ki, Abdullah demişdir: “Bu yolda şeytanlar hazır dayanır. Ey Abdullah bu yoldur, yola gəl. Allahın ipinə tutun. Çünki Allahın ipi Qurandır.”

“Parçalanmayın!” onlara camaat olmağı əmr edir və onlara parçalanmağı qadağan edir. Təfriqəçiliyi qadağan edən, camaat olmağı və birliyi əmr edən çoxsaylı hədislər varid olmuşdur. Necə ki, Səhih Müslimdə Suheyl ibn Əbu Saleh hədisində, o atasından, o da Əbu Hüreyrədən, Rəsulullahın (salləlllahu aleyhi və səlləm) belə rəvayət etdiyini demişdir: “Allah sizin üçün üç şeyə razı olar, üçünə isə qəzəblənər. Sizin üçün razı qalır: Ona ibadət edib heç bir şeyi şərik qoşmayasınız, birlikdə Allahın ipindən yapışıb parçalanmayasınız və Allahın üzərinizə rəhbər etdiyi ilə dürüst davranasınız. Üç şeyinizə də qəzəblənər: Dedi-qodu etməkdən, çox sual verməkdən və malı hədər etməkdən”. Göründüyü kimi, birləşdikləri zaman xətadan qorumağa zəmanət vermişdir. Necə ki, bu mövzuda çoxsaylı hədislər varid olmuşdu. Onlara üçün təfriqəçilik və ixtilafa düşməkdən qorxulmuşdu. Bu da bu ümmətdə olmuşdur. Onlar yetmiş üç firqəyə ayrılmışlar. Biri qurtularaq Cənnətə gedəcək və od əzabından əmin-amanlığa çıxacaqdır. Onlar da Peyğəmbərin (salləllahu aleyhi və səlləm) və onun sahabələrinin yolu ilə gedənlərdi.

“Allahın sizə olan nemətini xatırlayın ki, siz (bir-birinizə) düşmən idiniz, O, sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində (bir-birinizlə) qardaş oldunuz” Bu ahəng, Əvs və Xəzrəc qəbilələri haqqında enmişdir. Çünki cahiliyyədə onlar arasında çox döyüşlər, şiddətli düşmənçilik, kin, həsəd və küsülülük olmuşdur. Bu səbəbdən döyüşlər və hadisələr uzanmışdır. Allah, İslamı gətirdiyi zaman, ona daxil olanlar  bir-birini sevən qardaşlar oldular. Allah üçün bir-birinə baş çəkdilər, yaxşılıq və təqva üzərində bir-birinə kömək etdilər. Allah Təala buyurur: “Əgər onlar səni aldatmaq istəsələr, (bil ki,) sənə Allah yetər. O, səni həm Öz köməyi ilə, həm də möminlərlə qüvvətləndirdi.Allah) onların qəlblərini birləşdirdi. Əgər sən yer üzündə olanların hamısını sərf etsəydin belə, onların qəlblərini birləşdirə bilməzdin. Lakin Allah onları birləşdirdi.” (Ənfal 62-63) Onlar küfrləri səbəbindən od çuxurunun kənarında idilər. Allah onları imana yönəldərək uçurumdan uzaqlaşdırdı. Rəsululah (salləllahu aleyhi və səlləm) Hüneydə döyüş qənimətlərini bölüşdürərkən onlara bunu xatırlatdı. Aralarından bəziləri başqalarına daha çox qənimət verildi deyə narazılıq etdikdə onların qarşısında çıxış edərək dedi: “Ey ənsarlar, sizi zəlalətdə tapandan sonra, Allah mənim vasitəmlə sizi doğru yola gətirmədimi? Sizlər parçalanmışdınız, Allah mənim vasitəmlə sizləri birləşdirdi. Kasıb idiniz, Allah mənim vasitəmlə sizi zəngin etmədimi?” Nə dedisə: “Allah və Rəsulu daha əmindir!” dedilər.

Muhamməd ibn İshaq ibn Yəsar və digərləri demişlər: “Bu ayə Əvs və Xəzrəc haqqında idi. Belə ki, yəhudilərdən biri, Əvs və Xəzrəc qəbiləsindən olan bir dəstə adamın yanından keçdi. Onların bir-birinə qaynayıb qarışması və birləşmələri onu məyus etdi. Yanındakı adamı onların yanına göndərdi. Aralarında oturaq onlara Buas döyüşü və bənzər döyüşlər barəsində söhbət açıb (köhnə ədavəti) xatırlatmağı tapşırdı. O da belə etdi. Bunu davamlı şəkildə təkrarladı. Sonda camaat qızışdı və bir-birilərinə qəzəblənib hücum etdilər. Şüarlarını bağıraraq silahlarının verilməsini tələb etdilər. Bir-birlərini hədələməyə başladılar. Bu xəbər Peyğəmbərə (salləllahu aleyhi və səlləm) çatdı. O gələrək onları sakitləşməyə çağırdı və: “Mən aranızda ikən cahiliyyə şüarlarını dilə gətirirsiniz” dedi və onlara bu ayəni oxudu. Onlar da etdikləri işə peşman oldular. Barışaraq boyun-boyuna qucaqlaşdılar. Silahları yerə atılar. Allah onlardan razı olsun.” İkrimə bu ayənin Aişəyə (radiyallahu anha) iftira hadisəsi ilə əlaqədar endiyini demişdir. Allah daha yaxşı bilir.