Allah təala yəhudi və xristianların İbrahim haqqında mübahisələrini və hər bir tayfanın ondan olduğunu rədd edir. Necə ki, Muhəmməd ibn İshaq ibn Yəsər demişdir: Mənə Zeyd ibn Sabitin azad etdiyi köləsi Muhəmməd ibn Əbu Muhəmməd danışdı, mənə Səid ibn Cubeyr yaxud İkrimə danışdı, o da İbn Abbasın belə dediyini rəvayət etmişdir: Nəcran xristianları ilə yəhudi ravvinləri Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanında toplaşıb mübahisə etdilər. Ravvinlər dedilər: İbrahim yəhudi idi. Xristianlar dedilər: İbrahim xristian idi. Allah bu ayəni nazil etdi: “Ey Kitab əhli! Nə üçün İbrahim barəsində höcətləşirsiniz?” Yəni, ey yəhudilər onun yəhudi olduğunu necə iddia edirsiniz? “Tövrat və İncil ancaq ondan sonra nazil edilmişdir, məgər anlamırsınız?” Sizdə ey xristianlar, onun xristian olduğunu necə iddia edirsiz, halbuki xristianlıq ondan xeyli müddət sonra meydana gəldi. Allah buyurur: “məgər anlamırsınız?” Sonra buyurur: “Bax, siz o kəslərsiniz ki, bildiyiniz şeylər barəsində də höcətləşirsiniz. Bəs nə üçün bilmədiyiniz şeylər barəsində höcətləşirsiniz?” Bu, biliyi olmadığı məsələ barəsində mübahisə edənə rəddir. Çünki yəhudi və xristianlar İbrahim barəsində bilikləri olmadan mübahisə etdilər. Əgər Muhəmməd (salləllahu aleyhi və səlləm) göndərilənə qədər özlərinə icazəli olan, dinlərinə aid və bildikləri məsələ barəsində mübahisə etsə idilər daha yaxşı olardı. Onlar isə yalnız bilmədikləri barəsində danışdılar. Allah da bunu danladı və onları bilmədikləri şeyi, işləri həqiqi və açıq olaraq bilən, gizli və aşkarı yaxşı görən Allaha həvalə etmələrini buyurdu. Allah buyurdu: “Allah bilir, siz bilmirsiniz”. Sonra buyurdu: “İbrahim nə yəhudi, nə də nəsrani idi. O, ancaq hənif bir müsəlman idi” yəni şirki tərk edib imanı hədəf edənlərdən idi. “Müşriklərdən deyildi” Bu ayə Bəqərə surəsindəki kimidir: “Onlar dedilər: “Yəhudi və ya xaçpərəst olun ki, doğru yola yönələsiniz!” De: “Əksinə, hənif İbrahimin dinindəyik. O, müşriklərdən deyildi” (Bəqərə, 135).
Sonra Allah buyurur: “Həqiqətən, insanlardan İbrahimə ən yaxın olanı, onun ardınca gedənlər, bu Peyğəmbər və iman gətirənlərdir. Allah möminlərin Himayədarıdır”. Allah buyurur ki, İbrahimə tabe olmağı haqq edənlər, onun dininə tabe olanlardır. Həmçinin bu Peyğəmbər, yəni Muhəmməd (salləllahu aleyhi və səlləm), onun mühacir və ənsar əshabı və onlardan sonra izləri ilə gedənlərdi.
Səid ibn Mənsur demişdir: Bizə Əbul Əhvas danışdı, o da Səid ibn Məsruqdan, o da Əbudduhadan, o da Məsruqdan, o da İbn Məsuddan, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: Hər peyğəmbərin peyğəmbərlərdən olan yaxını vardır. Onların içində mənim yaxınım, mənim atam və əziz və cəlil Rəbbimin Xəlilidir. Sonra da bu ayəni oxudu: “Həqiqətən, insanlardan İbrahimə ən yaxın olanı, onun ardınca gedənlərdir”. Bunu Tirmizi ilə Bəzzaz, Əbu Əhməd Əs-Zubeyridən, o da Sufyan Səvridən, o da atasından belə rəvayət etmişdir. Sonra Bəzzar demişdir: Bunu Əbu Əhməddən başqası da, Sufyandan, o da atasından, o da Əbudduhadan, o da Abdullahdan rəvayət etmişdir. Məsruqu qeyd etməmişdir. Bunu Tirmizi də, Vəki və Sufyan yolundan rəvayət etmişdir: Bu daha səhihdir demişdir. Amma Vəki onu təfsirində rəvayət edərək demişdir: Bizə Sufyan danışdı, o da atasından, o da Əbu İshaqdan, o da Abdullah ibn Məsuddan, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir… Sonra da bu ayəni oxudu: “Həqiqətən, insanlardan İbrahimə ən yaxın olanı,….”. “Allah möminlərin Himayədarıdır” yəni, peyğəmbərlərinə iman edən möminlərin köməkçisidir.