Allah Təala əhli kitaba qulu və rəsulu Muhammədə (sallallahu aleyhi və səlləm) endirdiyi və içərisində bildirdiyi müjdələrin təsdiqi olan böyük kitaba iman etmələrini əmr edərək və bunu etmədikləri təqdirdə “üzləri sıyırıb (dümdüz edərək) arxalarına çevirməmişdən öncə” kəlamı ilə təhdid edərək belə demişdir. Bəziləri bunun mənası, üzləri boynun arxasına çevirmək və gözləri arxa tərəfə keçirməkdir, demişdirlər. Belə bir məna da murad edilmiş ola bilər: “Üzləri sıyırmamışdan əvvəl”, yəni ona qulaq, göz və burun qoymamışdan əvvəl. Bununla birlikdə onları arxaya çevirərik. Əhvi ibni Abbasın “Üzləri sıyırmamışdan əvvəl” kəlamı haqqında: “Sıyırma – onları kor etməkdir, “arxalarına çevirməmişdən öncə”- sözünün mənası da üzlərini arxaya çevirərək arxa arxaya yerimələridir və onlara boyunlarının arxasından iki gözün verilməsidir” dediyini rəvayət etmişdir. Qatadə ilə Atiyə əl-Əhvi də belə demişdirlər. Bu da ən azğın bir əzab və aləmlərə ən qorxunc ibrətdir.
Bu onların haqdan çevrilib batilə döndürülmələrinə və aydınlıq yoldan qaranlıq yola getmələrinə misaldır. Batilə tərəf nəfəs nəfəsə qaçarlar, arxa arxaya da yeriyərlər. Eyniylə bu sözdəki kimi: “Həqiqətən, Biz onların boyunlarına, çənələrinə dirənmiş zəncirlər keçirtmişik. Odur ki, başları (təkəbbürlə) yuxarı qalxmışdır. Biz onların önlərindən bir sədd, arxalarından da başqa bir sədd çəkdik və gözlərinə pərdə saldıq. Buna görə də onlar (haqqı) görmürlər.” (Yasin 8-9) Bu onların azmışlığına və hidayəttən məhrum edilmələrinə misaldır.
“Üzləri sıyırmamışdan əvvəl” –kəlamı haqqında deyilir ki, üzləri haqq yoldan dönməmişdən əvvəl, deməkdir. İbni əbi Hatim belə demişdir: İbn Abbas və Həsən Bəsridən də belə rəvayət edilmişdir. Suddi belə demişdir: Üzləri arxaya çevirmək onların haqdan məhrum edilməsi deməkdir. Deyir ki, Onları küfrə döndərər və onları meymuna çevirərik. İbni Zeyddə: “Onları Hicaz torpağından Şam bölgəsinə çevirərik”- demişdir.
İbni Cərir belə demişdir: Bizə Əbu Qureyb rəvayət etdi, o da Cabir ibn Nuhdan rəvayət etdi ki, İsa ibn Muğirə demişdir. “İbrahimin yanında Kabın müsəlman olmasından bəhs etdik. Belə dedi: Kab Ömərin vaxtında müsəlman oldu. Beytul müqəddəsə getmək üçün gəlmişdi yolüstü Mədinəyə dəydi. Ömər (radiyallahu anh) onun qarşısına çıxıb: “Ey Kab müəslman ol!”- dedi. O da: “Kitabınızda “Tövratı yüklənib sonra ona əməl etməyənlər belində çoxlu kitab daşıyan uzunqulağa bənzəyirlər. ” (Cumuə 62) ayəsini oxumursuznuz? Mən də Tövratı yükləndim” dedi. Deyir ki, Ömər ondan əl çəkdi. Sonra Kab çıxdı Himsə çatdı. Oranın yerli xalqından birinin həzin-həzin “Ey Kitab verilmişlər! Üzləri sıyırıb arxalarına çevirməmişdən öncə yanınızda olanı təsdiqləyici (kimi) nazil etdiyimizə iman gətirin!” ayəsini oxuduğunu eşitdi. Kab: ”Ey Rəbbim, bu ayə mənə şamil olunmadan, müsəlman oldum”-dedi. Sonra geri döndü, Yəməndəki ailəsinin yanına gəldi. Sonra onları da müsəlman olaraq gətirdi.
Bunu İbn Əbi Hətim də başqa bir ləfzlə başqa bir cəhətdən rəvayət etmiş, belə demişdir: Bizə ibn Nüfeyl, o da Amr ibn Vakiddən, o da Yunus ibn Halbəsdən, o da Əbu İdris Aizilillah əl Havlanidən rəvayət edib dedi ki: “Əbu Müslim əl Cəlili Kabın müəllimi idi. Rəsulullahın (sallallahu aleyhi və səlləm) yanına getməyə gecikdiyi üçün onu qınayardı. Deyilir ki, “Odur mu?” deyə gedib baxması üçün onu göndərdi. Kab deyir ki, miniyimə mindim, Mədinəyə gəldim, baxdım ki, bir nəfər Quran oxuyur:“Ey Kitab verilmişlər! Üzləri sıyırıb arxalarına çevirməmişdən öncə yanınızda olanı təsdiqləyici nazil etdiyimizə iman gətirin!” deyir. Həmin an suya tərəf qaçıb qüsul aldım. Sıyrılar deyə qorxduğum üçün əlimi üzümə attım, sonra da müsəlman oldum.
“Yaxud şənbə əhlini lənətlədiyimiz kimi onları da lənətləməmişdən öncə” yəni, hiylə işlədərək şənbə günü balıq ovlamaq üçün həddi aşanlar, deməkdir. Bunlar meymunlara və donuzlara çevrilmişdilər. Hekayələri Əraf surəsində geniş şəkildə danışılacaq.
“Allahın əmri mütləq yerinə yetəcəkdir.” Yəni bir şey əmr etdiyi zaman heç kim ona müxaliflik edə, mane ola bilməz.
Sonra Allah Təala “Özünə şərik qoşulmasını bağışlamayacağını” xəbər verdi. Yəni bir qul müşrik olaraq qarşısına çıxarsa onu bağışlamaz. “Bundan başqasını” yəni bundan başqa günahları “dilədiyi kimsəyə bağışlayar” yəni istədiyi qullarına, deməkdir. Bu ayə ilə əlaqədar hədislər varid olmuşdur. Müəssər olanları qeyd edək:
Birinci hədis: İmam Əhməd belə demişdir: Bizə Yezid ibn Harun danışdı, o da Sadaka ibn Musadan, o da Əbu İmran əl-Cəvnidən, o da Yezid ibn Babanusdan rəvayət etdi ki, Aişə (radiyallahu anhə) demişdir: Rəsulullah (sallallahu aleyhi və səlləm) belə dedi: Məhkəmələr Allah qatında üçdür. Məhkəmə vardır ki, Allah onunla heç bir halda maraqlanmaz. Məhkəmə vardır ki, Allah ondan heç bir şeyi tərk etməz. Məhkəmə vardır ki, Allah onu bağışlamaz. Allahın bağışlamadığı məhkəmə Allaha şərik qoşmaqdır. Əziz və Cəlil olan Allah: Həqiqətən də, Allaha şərik qoşan kimsəyə, Allah Cənnəti haram etmiş və onun sığınacağı yer Oddur. Zalımlara kömək edən olmayacaqdır”. (Maidə 72) demişdir. Allahın heç bir halda maraqlanmadığı məhkəmə isə qulun özü ilə Allah arasında olan bir şeyi əskik etməsidir. Məsələn, bir gün oruc tutmamaq və bir günlük namazı tərk etmək kimi. Şübhəsiz ki Allah bunu istəyərsə bağışlayar və ondan keçər. Allahın heç bir şəkildə tərk etməyəcəyi məhkəmə isə qullarının biri-birinə haqsızlıq etmələridir. Bu zaman qisas qaçınılmazdır. Bunu yalnız Əhməd rəvayət etmişdir.
İkinci hədis: Hafiz Abubəkr Əl-Bəzzar Musnədində belə demişdir: Bizə Əhməd İbn Malik danışdı, Zaidə İbn Əbirakkad danışdı o da Ziyad en-Numeyridən Ənəs ibn Malikin Rəsulullahın sallallahu aleyhi və səlləm belə dediyini rəvayət etmişdir: Zülm üçdür, Zülm var ki, Allah onu bağışlamaz. Zülm var ki, Allah onu bağışlayar və zülm var ki Allah onu tərk etməz. Allahın bağışlamayacğı zülm şirkdir. Sonra belə demişdir “Həqiqətən Allaha şərik qoşmaq böyük zülmdür” (Loğman: 13) Allahın bağışlayacağı zülm isə qullarının öz nəfsləri ilə Allah arasında etdikləridir. Allahın tərk etməyəcəyi zülm isə qullarının bir-birilərinə etdikləridir. Onlar öz haqqlarını bir birilərindən alacaqlar.
Üçüncü hədis: İmam Əhməd belə demişdir: Bizə Safvan ibn İsa danışdı, o da Sevr İbn Yeziddən, o da Əbu Avndan, o da Əbu İdrisdən rəvayət etdi ki, Müaviyənin belə dediyini eşitdim: Rəsulullahın sallallahu aleyhi və səlləm belə dediyini eşitdim, Hər günahı Allahın bağışlamasına ümid edilir yalnız bir nəfərin kafir olaraq ölməsi və ya bir mömini qəsdən öldürməsi istisnadır. Bunu Nəsai də Muhamməd ibn Müsənnadan o da Safvan ibn İsadan belə rəvayət etmişdir.
Dördüncü hədis: İmam Əhməd belə demişdir: Bizə Haşim ibn Qasım danışdı, o da Abdülhəmiddən, o da Şəhrdən, o da ibn Ğanəmdən, ona da Əbu Zər Rəsulullahdan sallallahu aleyhi və səlləmdən belə danışdı: “Allah Təala dedi ki: “Ey qulum mənə ibadət etdiyin və mənə ümid etdiyin müddətdə günahını bağışlayaram. Ey qulum, əgər dünya qədər xəta ilə gəlsən, mənə şərik qoşmadığın müddətdə o qədər də bağışlanma ilə səni qarşılayaram.” Bunu bu sənədlə yalnız Əhməd rəvayət etmişdir.
Beşinci hədis: İmam Əhməd belə demişdir: Bizə Abdussaməd danışdı, bizə atam danışdı, bizə Həsən danışdı, o da Bureydədən, ona da Yahya ibn Yamər danışdı ,ona da Əbul Əsvəd əd-Deyli danışdı. ona da Əbu Zər danışdı, dedi ki: Rəsulullahın salllahu aleyhi və səlləm yanına gəldim, o dedi: Bir qul lə iləhə illəllah deyərsə və bunun üzərində ölərsə o mütləq cənnətə girər. Mən də: Zina və oğurluq etsə belə? -dedim. O da: zina və oğurluq etsə belə, dedi. Mən də: Zina və oğurluq etsə belə? dedim. O da 3 dəfə: zina və oğurluq etsə belə, dedi. Sonra dördüncüdə Əbu Zərin xoşuna gəlməsə də belədir, dedi. Əbu Zərin izarından dartaraq çıxdı: “Əbu Zərin xoşuna gəlməsə də” sözünü təkrar edirdi. Əbu Zər bu hədisi danışar və “Əbu Zərin xoşuna gəlməsə də” deyərdi. Bu iki şeyxin Hüseyn hədisindən götürülmüşdür.
Əbu Zər hədisi başqa bir yolla: Əhməd belə demişdir: Bizə əbu Müaviyə danışdı, bizə Aməş danışdı, o da Zeyd ibn Vəhbdən, o da Əbu Zərdən deyir ki, Mən bir axşam vaxtı Mədinənin Qaradaşlıq kimi bilinən yerində Rəsulullahla sallallahu aleyhi və səlləm ilə gəzirdim. Uhuda tərəf baxırdıq. Ey Əbu Zər dedi. Mən də: Buyur ya Rəsulullah dedim. Belə dedi: Bu Uhudun qızıl olub yanımda üç gün belə qalmasını istəmərəm ancaq bir dinarlıq borcum varsa onu saxlayaram və qalanını Allahın qulları üçün belə, belə xərcləyərəm, dedi və sağına önünə və soluna əli ilə vermə işarəti etdi. Əbu Zər deyir ki, sonra gəzməyə başladıq: Ey Əbu Zər dünyada malı çox olanlar axirətdə savabı az olanlardır yalnız belə edənlər istisna dedi sağına önünə və soluna əli ilə vermə işarət etdi. Sonra yenə gəzməyə başladıq və dedi: Ey Əbu Zər sən burada qal mən gələnə qədər burda gözlə. O getdi və gözdən itdi. Əbu Zər deyir ki, bir gurultu səs eşitdim: Hər halda Rəsulullahın (sallallahu aleyhi və səlləm) qarşısına bir şey çıxdı dedim. Arxası ilə getmək istədim sonra: mən gələnə qədər burda gözlə dediyini xatırladım, onu gözlədim. Nəhayət gəldi. Eşitdiyim səsi ona dedim, O Cəbrail idi mənə gəldi və Ümmmətindən kim Allaha heç bir şərik qoşmadan ölərsə cənnətə girər dedi.Mən də: zina etsə oğurluq etsə belə mi dedim. O da zina və oğurluq etsə də dedi. Bunu iki səhihdə Aməşdən də belə rəvayət edilmişdir.
Yenə bunu Buxari ilə Muslim ikisi də Quteybədən , o da Cərir ibnƏbdulhəmiddən, o da Abduləziz ibn Rəfidən, o da Zeyd ibn Vəhbdən, Əbu Zərdən rəvayət etmişdir ki: Bir gecə çıxdım gördüm ki Rəsulullah (səllallahu aleyhi və səlləm) tək gəzir, yanında da heç kim yoxdur.Onun yanında heç kimin olmasını istəmədiyini düşündüm. Ay işığında ardı ilə gəzməyə dəvam etdim. Geriyə döndü və məni gördü. Kimdir o? Dedi. Mən də: Əbu Zər canım sənə fəda olsun, dedim. Ey Əbuzər gəl yanıma dedi. Bir saat bir yerdə gəzdik, mənə belə dedi: Malı çox olanlar qiyamət günü savabı az olanlardır yalnız Allahın verdiyi malı sağına, soluna, önünə və arxasına pay edənlər və onda xeyir iş görənlər istisna, dedi. Sonra onunla bir yerdə bir saat da gəzdik. Mənə burada otur, dedi. Məni ətrafında daşlar olan düz bir yerə oturtdu. Getdi, gec oldu çox gec oldu ki sonra qayıdanda “zina və oğurluq etsə də” dediyini eşitdim. Gəldi, səbr edə bilmədim soruşdum: Ey Allahın Nəbisi, canım sənə fəda olsun, o qaradaşlıqda danışdığın kim idi? Sənə cavab verən heç kimin səsin eşitmədim, dedim. O da mənə: Cəbrayıl idi Qaradaşlıqda qarşıma çıxdı: Ümmətinə müjdə ver, kim Allaha şərik qoşmadan ölərsə cənnətə girər, dedi. Mən də: Ey Cəbrayıl , zina və oğurluq etsə belə mi? dedim. O da : Bəli dedi. Mən də: zina və oğurluq etsə belə mi O da: Bəli dedi. Mən də: zina və oğurluq etsə belə mi O da: Bəli içki içsə də, dedi.
Altıncı hədis: Abd İbn Humeyd, Musnədində belə demişdir: Bizə Ubeydullah ibn Musa danışdı o da ibn Əbi Leyladan, o da Əbuzübeyrdən, o da Cabirdən dedi ki: Rəsulullaha (salllahu aleyhi və səlləm) bir kişi gəldi və dedi: Ya Rəsulullah , vacib olan iki şey nədir? O da: Kim Allaha şərik qoşmadan ölərsə cənnət ona vacib olar, kim də Allaha şərik qoşaraq ölərsə cəhənnəm ona vacib olar, dedi və hədisi bütünlüklə danışdı. Bunu bu şəkildə yalnız o rəvayət etmişdir.
Başqa bir yoldan İbn Əbi Hatim belə demişdir: Bizə atam, o da Həsən ibn Əmr ibn Hallad əl Harrani, o da Mənsur ibn İsmayıl əl Kurəşi, o da Musa ibn Ubeydə ər-Rəbzidən, o da Abdullah ibn Udbeydədən, o da Cabir ibn Abdullahdan rəvayət edir ki, Rəsulullah (sallallahu aleyhi və səlləm) belə dedi: Bir can Allaha heç bir şeyi şərik qoşmadan ölərsə mütləq bağışlanma ilə qarşılaşar, Allah istəsə ona əzab edər istəsə onu bağışlayar, ”Şübhəsiz ki, Allah özünə şirk qoşulmasını bağışlamaz, bundan başqasını istədiyi kimsə üçün bağışlayar”. Bunu Hafiz ibn Yəala Müsnədində, Musa ibn Ubeydədən, o da qardaşı Abdulla ibn Ubeydədən, o da Cabirdən rəvayət etmişdir ki, Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) demişdir: Pərdə enmədikcə qul bağışlanmanın kölgəsində qalar. Ey Allahın nəbisi pərdə nədir?- dedilər, o da: “Allaha şirk qoşmaqdır” – dedi və əlavə etdi:- “bir nəfs Allaha şərik qoşmadan onun hüzuruna çıxarsa ona Allahın bağışlaması halal olur; istərsə ona əzab edər istərsə də bağışlayar”. Sonra da Allahın nəbisi (səllallahu aleyhi və səlləm) ”Şübhəsiz ki, Allah özünə şirk qoşulmasını bağışlamaz, bundan başqasını istədiyi kimsə üçün bağışlayar”-ayəsini oxudu.
Yeddinci hədis, İmam Əhməd belə demişdir: Bizə Əbu Nüaym, o da Zəkəriyyədən, o da Atiyyədən, o da Əbu Səid əl-Xudridən rəvayət etdi ki: Rəsulullah (sallallahu aleyhi və səlləm) belə demişdir: “Kim Allaha şirk qoşmadan ölərsə, cənnətə girər”. Bunu bu yolla yalnız o rəvayət etmişdir.
Səkkizinci hədis, İmam Əhməd belə demişdir: Bizə Həsən ibn Musa, o da Əbu Kabildən, o da Səri oğullarından olan Abdullah ibn Naşirdən rəvayət edərək dedi ki:- Şamlıların valisi Əbu Rühm rəvayət edir ki, Əbu Əyyub əl-Ənsaridən onun belə dediyini eşitdim. Bir gün Rəsulullah (səllallahu aleyhi və səlləm) bizə tərəf çıxıb gəldi: “Əziz və Cəlil olan Rəbbiniz məni ümmətimdən yetmiş minini Cənnətə hesab görmədən daxil etməklə, ümmətim üçün bir üstünlük əldə etmək arasında seçim verdi.”-dedi. Əshabından bəziləri “Ey Allahın Rəsulu, Rəbbin sənin üçün nəyisə gizlədərmi?” dedilər. Rəsulullah (səllallahu aleyhi və səlləm) içəri girdi və sonra təkbir gətirərək ordan çıxdı və belə dedi: “Rəbbimin mənim üçün gizli saxladığı şeyi qorumaqla birlikdə yetmiş min daha əlavə etdi” O zaman Əba Rahm: “Ey Əbu Eyyub, sən Rəsulullah üçün gizli saxlanılanın nə olduğunu zənn edirsən?”-dedilər və bu zaman onu sözləri ilə çəkişdirdilər. Əbu Əyyub:” Ondan əl çəkin, sizə Rəsulullah (səllallahu aleyhi və səlləm) üçün gizli saxlanan şeyin nə olduğunu zənnetdiyim kimi, hətta dəqiq olaraq deyim” — dedi. Rəsulullah (səllallahu aleyhi və səlləm) üçün gizli saxlanan şey budur, dedi ki: “Kim Allahdan başqa İlah yoxdur, birdir, şəriki yoxdur və Muhamməd onun qulu və rəsuludur, deyə dili ilə iqrar edib, qəlbi ilə təsdiqləyərsə, Allah onu Cənnətə daxil edər”.
Doqquzuncu hədis, İbni Hatim demişdir: Bizə atam, o da Müəmmil ibn Fadl Əl-Harranidən, o da İsa ibn Ravhdan, ona da Haşim ibn Qasim əl Harrani öz dəftərindən rəvayət edib dedi ki: Bizə İsa ibn Yunus birbaşa Vasil ibn Saib əl-Rəqqaşidən, o da Əbu Əyyub əl-Ənsarinin qardaşı oğlu Əbu Səvrədən, Əbu Əyyubun belə dediyini rəvayət etdi: Peyğəmbərin (səllallahu aleyhi və səlləm) yanına bir nəfər gəldi və :”Mənim bir oğlum var haramdan qaçmır”-dedi. O da: “Dini necədi?”- dedi. O da:”Namaz qılır, Allahın bir olduğunu bilir”-dedi. “Ondan dinini sənə verməsini istə, əgər verməsə onda ondan satın al”-dedi. Həmin adam ondan bunu istədi, o da qəbul etmədi. Peyğəmbərin (səllallahu aleyhi və səlləm) yanına gəlib xəbər verdi: “Onu dinini satmaqda çox xəsis gördüm”, dedi. Bu zaman ”Şübhəsiz ki, Allah özünə şirk qoşulmasını bağışlamaz, bundan başqasını istədiyi kimsə üçün bağışlayar”-ayəsi endi.
Onuncu hədis, Hafiz Əbu Yəla belə demişdir: Bizə Əmr ibn Dəhhaq, o da atasından, oda Məstur ibn Həmmam əl Hənaidən, o da Sabitdən, o da Ənəsdən rəvayət etdi ki, Rəsulullahın (səllallahu aleyhi və səlləm) yanına bir nəfər gəlib dedi: Ey Allahın Rəsulu, nə bir ehtiyac, nə də bir ehtiyac sahibi saxladım, hamısını həll etdim. O da “Allahdan başqa bir ilah olmadığına və Muhammədin də onun Allahın rəsulu olduğuna şəhadət etmirsənmi?”dedi. Bunu üç dəfə təkrarladı. Həmin adam da: “Bəli”-dedi. O da: “Bu, bütün onları əvəz edər”, dedi.
On birinci hədis, İmam Əhməd belə demişdir: Bizə əbu Amir, o da İkrimə ibn Əmmardan, o da Damdam ibn Cevş əl Yəmaminin belə dedini rəvayət etdi ki: Əbu Hüreyrə mənə: “Ey Yemami, hər hansı bir adam haqqında: “Allaha and içirəm ki, Allah səni bağışlamaz və ya səni Cənnətinə qoymaz”, demə!”-dedi. Mən də: “Ey Hureyrə, bu sözü bir qardaşımıza və dostumuza əsəbləşəndə işlədirik”- dedim. O da: “Onu demə çünki mən Rəsulullahdan (səllallahu aleyhi və səlləm) ”onun belə dediyini eşitdim: İsrailoğullarında iki adam var idi, biri ibadətə bağlı idi, o biri isə canına qıymazdı. İkisi də qardaş idilər. İbadətdə çox çalışan digərini bir günah işləyərkən gördü və günahı gözündə çox böyütdü, ona: “Vay olsun sənə, artıq bu işə bir son qoy!”-dedi. O da cavabında: “Rəbbimlə mənim arama girmə, sən mənə gözətçi göndərilməmisən ki.. ” dedi. O da: “And içirəm ki, Allah səni bağışlamaz və ya səni əsla Cənnətə daxil etməz” — dedi. Rəvayət edilir ki, allah onlara bir mələk göndərdi və ikisinin də canını aldı. Allahın hüzurunda görüşdülər, günah işləyənə: Get, rəhmətimlə Cənnətə gir, dedi. Digərinə də: Sən alimsənmi, mənim əlimdəkinə gücünmü çatar? Onu Cəhənnəmə aparın dedi. Əbul-Qasımın ruhunu əlində tutan Allaha and içirəm ki, o bir kəlimə dedi və onunla həm dünyasını, həm də axirətini bərbad etdi. Bunu Əbu Davud da İkrimə ibn Amrdan, o da Damdam ibn Cevşdən belə rəvayət etmişdir.
On ikinci hədis: Təbərani belə demişdir: “Bizə Əbuşşeyx, o da Muhamməd ibn Hasən ibn Aclan əl İsfəhanidən, o da Sələmə ibn Şəbibdən, o da İbrahim ibn Hakəm ibn Əbandan, o da atasından, o da İkrimədən, o da İbni Abbasdan rəvayət etdi ki, Rəsulullah (səllallahu aleyhi və səlləm) belə dedi: Əziz və Cəlil olan Allah belə buyurdu: Kim mənim günahları bağışlamağa gücümün yetdiyini bilərsə, mənə şərik qoşmadığı müddətcə onu bağışlayaram, heç nəyə fikir vermərəm.
On üçüncü hədis: Hafiz Əbubəkr Əl-bəzzar ilə Hafiz Əbu Yəla belə demişdirlər: Bizə Hudbə ibn Xalid, o da Suheyl ibn Əbi Hazimdən, o da Sabitdən, o da Ənəsdən rəvayət etdi ki, Rəsulullah (səllallahu aleyhi və səlləm) belə demişdir: “Allah kimə bir əməlinə qarşı savab vəd edərsə onu yerinə yetirər. Kimi də bir əmələ görə əzab ilə təhdid etmişdirsə, onda ixtiyar sahibir”. Bunu yalnız bu ikisi rəvayət etmişdir.
İbni Əbi Hatim belə demişdir: Bizə Bahr ibn Nasr, əl Havlani, o da Xalid ibn Əbdurrahman əl Xorasnidən, o da Heysəm ibn Cəmmazdan, o da Səlam ibn Əbu Mutidən, o da Bəkr ibn Abdullah əl Müzənidən, o da İbni Ömərdən rəvayət etdi ki, biz- Peyğəmbərin (səllallahu aleyhi və səlləm) əshabı adam öldürənin, yetim malı yeyənin, namuslu qadınlara iftira atanın və yalançı şahidinin əhv edilməyəcəyinə şübhə etməzdik. Nəhayət:“Şübhəsiz ki, Allah Özünə şərik qoşulmasını bağışlamaz, bundan başqasını isə dilədiyi kimsəyə bağışlayar.” ayəsi endi, o zaman Peyğəmbərin (səllallahu aleyhi və səlləm) əshabı belə bir şahidlikdən imtina etdilər. Bunu İbni Cərir də Heysəm ibn Həmmaddan belə rəvayət etmişdir.
Yenə İbni Əbi Hatim belə demişdir: Bizə Abdulməlik ibn Abdurrahman əl Mukri, o da Abdullah ibn Asimdən, o da Saleh əl-Murridən, o da Əbu Bişrdən, o da Əyyubdan, o da Nafidən rəvayət etdi ki, İbn-i Ömər belə dedi: Biz Allahın kitabında Cəhənəmi vacib qıldığı kimsələr barədə şübhə etməzdik, nəhayət üzərimizə Şübhəsiz ki, Allah Özünə şərik qoşulmasını bağışlamaz, bundan başqasını isə dilədiyi kimsəyə bağışlayar.” ayəsi endi. Bunu eşirdikdən sonra o cür şahidliklərdən imtina etdik və işləri Əziz və Cəlil olan Allaha həvalə etdik.
Bezzar belə demişdir: Bizə Muhamməd ibn Abdurranhman o da, Şeyban ibn əbu Şeybədən, o da Harb ibn Süreycdən, o da Əyyubdan, o da Nafidən rəvayət edir ki, İbn Ömər demişdir: Biz böyük günahlar edənlər üçün istiğfar etməyə çəkinirdik. Nəhayət Peyğəmbərin (səllallahu aleyhi və səlləm): “Şübhəsiz ki, Allah Özünə şərik qoşulmasını bağışlamaz, bundan başqasını isə dilədiyi kimsəyə bağışlayar” və “Qiyamət günü şəfaətimi ümmətimdən böyük günah sahiblərinə saxladım” dediyini eşitdikdə bu fikrimizdən daşındıq.
Əbu Cəfər ər-Razi Rəbidən rəvayət etmişdir:- Mənə Mücəbbir xəbər verdi, o da Abdullah ibn Ömərdən onun belə dediyini rəvayət etmişdir: “Ey özlərinə qarşı həddi aşan bəndələrim, Allahın mərhəmətindən ümidinizi kəsməyin! Şübhəsiz, Allah bütün günahları bağışlayar. Həqiqətən, O, bağışlayandır, rəhmlidir. (Zümər 53) ayəsi endiyi zaman bir nəfər ayağa qalxdı: “Şirkə də? Ey Allahın nəbisi?” dedi. Rəsulullahın (səllallahu aleyhi və səlləm) bu sözdən xoşu gəlmədi və “Şübhəsiz ki, Allah Özünə şərik qoşulmasını bağışlamaz, bundan başqasını isə dilədiyi kimsəyə bağışlayar. Allaha şərik qoşan kəs iftira atmaqla böyük bir günah etmiş olur” dedi. Bunu ibni Cərir rəvayət etmişdir.
Bunu ibni Mərduveyh də müxtəlif yollarla İbni Ömərdən rəvayət etmişdir. Tənzil surəsindəki bu ayə tövbə şərtinə bağlıdır. Əlavə olaraq qeyd edək ki, kim hər hansı bir günahdan tövbə edərsə, istərsə dəfələrlə etmiş olsun, Allah onun tövbəsini qəbul edər. Buna görədir ki: De- “Ey özlərinə qarşı həddi aşan bəndələrim, Allahın mərhəmətindən ümidinizi kəsməyin! Şübhəsiz, Allah bütün günahları bağışlayar. (Zümər 53) – yəni tövbə şərti ilə bağışlayar, deməkdir. Əgər belə olmasydı bura şirk də bura aid olardı. Bu da doğru deyildir. Çünki Allah Təala burada onu bağışlamayacağını hökm etmiş və bundan başqa günahı istədiyinə bağışlayacağına qərar vermişdir. Yəni günah sahibi tövbə etməsə də bu mənada onun üçün bağışlanmasına ümid edilə bilər. Allah daha yaxşı bilir.
“Allaha şərik qoşan kəs iftira atmaqla böyük bir günah etmiş olur.”-kəlamı “Həqiqətən, şərik qoşmaq böyük zülmdür” (Loğman 13) kəlamı kimidir. İki səhihdə İbni Məsuddan onun belə dediyi rəvayət edilmişdir:”Ya Rəsulullah, ən böyük günah hansıdır?” dedim. O da: Allah səni yaratdığı halda ona şərik qoşmaqdır, dedi və hədisin hamısnı zikr etdi.
İbn Mərduveyh belə demişdir: Bizə İshaq ibn İbrahim ibn Zeyd rəvayət etdi ki, bizə Əhməd ibn Amr danışdı, bizə İbn Münzir rəvayət etdi, bizə Məan danışdı, bizə Said ibn Bəşir, o da Qatadədən, o da Həsəndən, o da İmran ibn Huseyndən rəvayət etdi ki, Rəsulullah (səllallahu aleyhi və səlləm) “Sizə böyük günahların ən böyüyünü xəbər verimmi?” dedi, sonra da “Allaha şərik qoşan kəs iftira atmaqla böyük bir günah etmiş olur.” ayəsini oxudu və anaya ataya üsyan etməkdir, dedi, sonra “Mənə və valideynlərinə şükür et! Axır dönüş Mənədir” (Loğman 14) ayəsini oxudu.