ƏT-TƏKVİR surəsinin təfsiri
(1-14 ayələr)
Məkkə surələrindəndir.
İmam Əhməd deyir: Bizə Əbdürrəzzaq, Abdullah ibn Buheyr əl-Qasdan, o da Əbdürrəhman ibn Yezid əs-Sənanidən nəql edir ki, İbn Ömər Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə buyurduğunu eşitmişdir: “Qiyamət gününü sanki gözləri ilə görmək istəyən “Günəş sarınıb büküləcəyi zaman!”, “Göy parçalanacağı zaman!” və “Göy yarılacağı zaman!” surələrini oxusun!” Bu hədisi Tirmizi də Abbas ibn Əbdüləzim əl-Ənbəri vasitəsi ilə Əbdürrəzzaqdan rəvayət etmişdir.
Əli İbn Əbu Talha “Günəş büküləcəyi zaman” – ayəsi haqda İbn Abbasın belə dediyini nəql edir: Yəni qaraldıldığı zaman. Övfinin ondan gətirdiyi nəqlə görə isə bu, “aparıldığı zaman” mənasını daşıyır. Mucahid isə buna “yox olub getdiyi zaman” mənasını vermişdir. Dahhak da bu cür demişdir. Qatədə deyir: Yəni nuru itdiyi zaman. Səid ibn Cubeyr bunun batırıldığı zaman mənasında işləndiyini söyləmişdir. Rabi ibn Xuseymin sözlərinə görə, “fırladılıb atıldığı zaman” mənasında işlənir. Əbu Saleh deyir ki, yəni atıldığı zaman. Həmçinin, ondan gələn başqa rəvayətə görə, söndürüldüyü zaman mənasında işlənir. Zeyd ibn Əsləm isə deyir: Yerə düşdüyü zaman mənasındadır. İbn Cərir deyir ki, bizə görə, bu haqda topladığımız rəylərin ən doğrusu – təkvir sözünün mənası bir şeyi başqa şeyin üstündə cəmləşdirmək, sarımaq, bükməkdir. Məsələn, əmmaməni sarımaq, paltarı bir-birinə bükmək bunun kimidir. Ayədəki təkvir sözünün mənası da günəşin sarınaraq bükülüb atılması deməkdir. Belə edildiyi zaman onun işığı da itər. İbn Əbu Hatim “Günəş büküləcəyi zaman” – ayasi haqda İbn Abbasdan rəvayət qeyd edərək deyir ki, “Allah Qiyamət günü günəşi, ayı və ulduzları dənizdə toplayar, arxasınca da qərb küləyi əsdirər vəona od vurar. Amir əş-Şəbi də belə demişdir. İbn əbu Hatimin Əbu Məryəmdən gətirdiyi rəvayətdə bildirilir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) “Günəş büküləcəyi zaman” ayəsi haqda demişdir: “O, Cəhənnəmdə sarınıb büküləcək”.
Əbu Yalənin “Müsnəd”ində Ənəsdən rəvayət etdiyi hədisdə Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurur: “Günəş və ay Cəhənnəmdə itən iki işıqdır”. Bu, zəif hədisdir. Çünki zincirdəki Yezid Riqaşi etibarsız ravidir. Buxari bu hədisi öz “Səhih”ində əlavəsiz qeyd etmişdir. Buxari Əbu Hureyrədən rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: “Günəş və ay Qiyamət günü büküləcəklər”. Bunu yalnız Buxari rəvayət etmişdir. O, bu ləfzi yaradılışın başlanğıcı fəslində qeyd etmişdir. Ancaq yaxşı olardı ki, onu mövzuda da qeyd edərdi və yaxud da adəti üzrə mövzuya uyğun təkrarlayardı. Əl-Bəzzar bu hədis varədə gözəl şəkildə irad tutaraq Abdulla əd-Dənacdan nəql edir ki, o, Əbu Sələmə ibn Əbdürrəhman ibn Xalid ibn Abdulla əl-Qusarini bu məsciddə – Kufə məscidində gördü. Həsən gəlib onun yanında əyləşdi və danışmağa başladı: Əbu Hureyrədən eşitdim ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) belə buyurub: “Günəş və ay Qiyamət günü Cəhənnəmdə olan iki işıqdır”. Həsən soruşdu: “Onların günahı nədir?” Əbu Hureyrə dedi: “Mən sənə Peyğəmbərdən hədis danışıram, (rəvayətçi deyir ki, məncə belə dedi:) sən də mənə onların günahı nədir?” – deyirsən!” Əl-Bəzzar deyir ki, bu hədis ancaq Əbu Hureyrədən ancaq bu şəkildə rəvayət edilmişdir. Həmçinin, Abdulla əd-Dənac Əbu Sələmədən bu hədisdən başqa heç bir şey rəvayət etməyib.
“Ulduzlar töküldüyü zaman;” Yəni səpələnəcəyi zaman. Çünki Allah təala başqa bir ayədə buyurur ki, “Ulduzlar dağılıb səpələcəyi zaman…” (əl-İnfitar, 2) Ayədə (inkidar) kimi qeyd olunan sözün əsl mənası düşmək, tökülməkdir. Rabi ibn Ənəs Əbul Aliyədən, o da Ubeyy ibn Kəbdən rəvayət edir ki, “Qiyamətdən əvvəl altı əlamət var. İnsanlar bazarlarında olarkən günəşin işığı itər. Onlar elə bu vəziyyətdə olarkən birdən ulduzlar səpələnər. Yenə bu vəziyyətdə olarkən birdən dağlar torpağın üstünə düşər. Yer hərəkətə gələr, sirkələnər və qarmaqarışıq olar. Cinlər insanlara, insanlar da cinlərə qoşularaq qışqır-bağır salarlar. Heyvanlar, quşlar və yırtıcılar hamısı bir-birilərinə qarışarlar. “Vəhşi heyvanlar bir yerə toplanacağı zaman”. Yəni bir-birinə qarışdığı vaxt; “Boğaz dəvələr başlı-başına buraxılacağı zaman” Yəni sahibləri onları yiyəsiz buraxdıqları vaxt; “Dənizlər qaynadıldığı zaman” O vaxt cinlər deyərlər ki, biz sizə xeyir gətirmişik. Onlar dənizlərə qaçarlar və dənizlərin alov püskürdüyünü görərlər. Onlar bu vəziyyətdə olarkən birdən yer üzü yerin yeddinci alt qatına, göy üzü isə göyün ən üst yeddinci qatına girər. Yenə onlar bu vəziyyətdə olarkən birdən külək gələr və onları öldürər”. Bunu İbn Cərir rəvayət etmişdir. Bu onun rəvayət etdiyi ləfzdir. Həmin rəvayətin bəzi yerlərini İbn Əbu Hatim də qeyd etmişdir. Mucahid, rabi ibn Xuseym, Həsən əl-Basri, Əbu Saleh, Həmmad ibn Əbu Süleyman və Dahhak da “Ulduzlar töküldüyü zaman” – ayəsinin dağılıb səpələcəyi mənasında olduğunu demişlər. Əli ibn Əbu Talha “Ulduzlar töküldüyü zaman” – ayəsi haqda İbn Abbasdan rəvayət edir ki, yəni “dəyişdiyi zaman”. Yezid ibn Əbu Məryəm “Ulduzlar töküldüyü zaman” – ayəsi haqda Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə buyurduğunu rəvayət etmişdir: “Cəhənnəmə töküləcək. Allahdan başqa ibadət edilən hər şey Cəhənnəmdə olacaqdır. Ancaq İsa və anası haqda olanlar istisnadır. Onlar özlərinə ibadət edilməyə razı olsaydılar, onlar da Cəhənnəmə girərdilər”. Bunu İbn Əbu Hatim əvvəlki isnadla rəvayət etmişdir.
Allah təala buyurur: “Dağlar yerindən qopardıldığı zaman”. Yəni yerindən çıxıb qopacaq və yer dümdüz bir əraziyə çevriləcək. “Boğaz dəvələr başlı-başına buraxılacağı zaman” İkirimə və Mucahid deyirlər ki, bunlar dəvələrdir. Mucahid deyir ki, onlar tərk ediləcəklər. Ubeyy ibn Kəb və Dahhak deyirlər ki, sahibləri onları başlı-başına buraxacaqlar. Rabi ibn Xuseymin sözlərinə görə, südləri kəsildiyi üçün sahibləri onlardan əl çəkəcəklər. Dahhak deyir ki, onlar çobansız buraxılacaqlar. Bütün bunların hamısı yaxın mənalı fikirlərdir. Əsas bu sözün (عِشَارُ — işər) dəvə mənasını daşımasıdır. Bu dəvələr boğazlığın onuncu ayına çatmış dəvələrdir. Sözün təki (عُشَراء — uşəra)-dır. Dəvə doğana qədər bu cür adlanar. İnsanlar belə dəvələrə diqqət göstərmək və sonra da ondan məhsulundan istifadə etmək üçün olduqca çox çalışırlar. Ancaq başlarına gələcək hadisəyə görə ən çox sevdikləri məşğuliyyətdən əl çəkəcəklər, maraqlanmayacaqlar. Çünki qarşılaşdıqları Qiyamət və orada gördükləri son dərəcə vahiməli, dəhşətli və tükürpədicidir. Qiyamətdən əvvəl gələn əlamətlər də bunun kimidir. Bəziləri deyirlər ki, Əksinə bu hal Qiyamət günü baş verəcək. Dəvələrin yiyələri Qiyamətin qopduğunu görəcək, amma dəvələrinə əlləri çatmayacaq. Həmçinin, bəziləri deyirlər ki, (عِشَارُ — işər) – kəlməsinin dəvələr yox, buludlar mənasında olduğunu söyləmişlər. Deyilənə görə, dünya darmadağın olduğuna görə, onun göylə yer arasında üzməsi mümkünsüzləşər. Bəziləri də bu kəlmənin məhsul verməyən quraqlıq ərazi mənasını daşıdığını söyləmişlər. Bu sözün “əhalisi köçürüldüyü üçün xaraba qalmış yurd” kimi məna daşıdığını demişlər. Bütün bu rəyləri Əbu Abdulla əl-Qurtubi “ət-Təzkirə” adlı kitabında qeyd etmiş, özü isə həmin sözün “dəvə” mənasını daşıdığı qənaətində olduğunu bildirmişdir. O bu fikri bir çoxlarının da qəbul etdiyi üstün rəy olduğunu qeyd etmişdir. Sələf və məzhəb alimləri də yalnız bu rəyi dəstəkləmişlər.
Daha sonra Allah təala buyurur ki, “Vəhşi heyvanlar həşr olunacağı zaman” Yəni onlar toplanacaq, cəm ediləcəklər. Necə ki, Allah təala başqa bir ayədə buyurur: “Yerdə gəzən elə bir heyvan, qanadları ilə uçan elə bir quş yoxdur ki, sizin kimi ümmətlər olmasın. Biz Kitabda heç bir şeyi nəzərdən qaçırmadıq. Sonra onlar Rəbbinin hüzuruna cəm ediləcəkdir”. (əl-Ənam, 38) İbn Abbas demişdir: “Hər şey, hətta milçəklər belə, cəm ediləcəklər”. İbn Əbu Hatim rəvayət etmişdir. Rabi ibn Xuseym, Suddi və başqaları da bu cür söyləmişlər. Həmçinin, Qatədə bu ayənin təfsirində deyir ki, bu yaradılmışlar öldürüləcəklər və Allah onlar haqda dilədiyi şəkildə hökm çıxaracaqdır”. İkrimənin sözlərinə görə, həşr olunmaq dedikdə ölüm nəzərdə tutulur. İbn Cərir “Vəhşi heyvanlar həşr olunacağı zaman” – ayəsi haqda İbn Abbasın belə dediyini rəvayət edir: “Heyvanların həşr olunması onların ölümü deməkdir. Cin və insanlardan başqa qalan hər şeyin həşr olunması onların ölümüdür. Cinlər v insanlar isə Qiyamət günü Allahın hüzurunda dayanacaqlar”. Əbu Kureyb, Əbu Yaləddən “Vəhşi heyvanlar həşr olunacağı zaman” – ayəsi haqda Rabi ibn Xuseymin belə dediyini rəvayət etmişdir: “Yəni onlara Allahın əmri yetişəcəkdir”. Süfyan İbn Abbasın belə dediyini nəql etmişdir. Onların həşr olunması ölümləridir. Ubeyy ibn Kəbin “Vəhşi heyvanlar həşr olunacağı zaman” – ayəsi haqda belə dediyini qeyd etmişdik: “Yəni onlar bir-birinə qarışacaqlar”. İbn Cərir deyir ki, ən tutarlı rəy “cəm olunub toplanacaqlar” deyənlərin rəyidir. Allah təala buyurur ki, “Quşları da toplu olaraq…” (Sad, 19) (Ayədə toplu mənasını verən və kökü “həşr” sözündən olan “mahşur” kimi qeyd olunmuşdur.)
“Dənizlər olovlandırılacağı zaman” İbn Cərir Səid ibn Museyyibdən rəvayət edir ki, Əli (Allah ondan razı olsun!) yahudi bir kişidən soruşdu: “Cəhənnəm hardadır?” Kişi cavab verdi: “Dənizdə”. Əli (Allah ondan rzı olsun!) dedi: “Onun ancaq doğru danışdığını görürəm. Dənizlər qaynadılacaqdır. Allah təala buyurur ki, “Dənizlər olovlandırılacağı zaman” İbn Abbas və başqaları deyir ki, Allah təala dənizlərin üzərindən Dəbur küləyini əsdirirərək onlara od vurur və onları alovlanan atəşə çevirir. “And olsun alovlanan dənizə!” (Tur, 6) – ayəsini qedy edərkən buna bir daha toxunulub. İbn Əbu Hatim Muaviyə ibn Səidin beləd ediyini rəvayət etmişdir: “Bu, Bərəkə – yəni Rum (indiki Aralıq dənizi) dənizidir. Yerin ortasında yerləşər. Bütün çaylar ora tökülər, böyük dəniz ona qoşular. Alt təbəqəsi mis yataqları ilə zəngindir. Qiyamət günü isə alovlanacaqdır”. Bu qərib bir rəvayətdir. Əbu Davudun “Sünən” əsərində qeyd olunur ki, “Həc, ümrə və ya döyüş üçün gedəndən başqaları dənizə (gəmiyə) minməsin! Çünki dənizin altı oddur, odun altı isə dənizdir…” Bu mövzu barədə Fatir surəsində söhbət açılıb. Mucahid və Həsən ibn Muslim deyirlər ki, “ayəda od vurulmaq mənasında qeyd olunur”. Həsən bunun qurudulmaq mənasınında işlənriyini söyləmişdir. Dahhak və Qatədə deyirlər ki, “suyu qurtarıb, bir damla belə qalmayağaı zaman” mənasını daşıyır. Əlavə olaraq Dahhak qaynadılma mənasını da söyləmişdir. Suddinin sözlərinə görə, açılıb səpələcək. Rabi ibn Xuseym isə deyir ki, yəni aşıb-daşacaqdır.
“Nəfslər qovuşacağı zaman” Yəni hər bir şəkil öz bənzərinə qovuşacaq. Necə ki, Allah təala buyurur ki, “Yığın bir yerə zülm edənləri, onların həmtaylarını!” (Əs-Saffat, 22) İbn Əbu Hatimin Neman ibn Bəşirdən rəvayət etdiyinə görə, Peyğəmbər (salləllahu aleyhi və səlləm) “Nəfslər qovuşacağı zaman” – ayəsini xatırlatmış və buyurmuşdur: “Qovuşanlar bənzərlərdir. Hər kəs etdiyi əməli edən camaatla birgə olar”. Ona görə də izzət və cəlal sahibi Allah buyurur ki, “Siz üç zümrəyə ayrılacaqsınız: Sağ tərəf sahibləri. Kimdir o sağ tərəf sahibləri? Sol tərəf sahibləri. Kimdir o sol tərəf sahibləri? Və öndə olanlar. Onlar öndədirlər!” (əl-Vaqiə, 7-10) Onlar bənzərlərdir. İbn Əbu Hatim Başqa yolla Neman ibn Bəşirdən rəvayət edir ki, Ömər ibn əl-Xəttab (Allah ondan razı olsun!) insanlara xütbə verirdi. Xütbədə “Nəfslər qovuşacağı zaman” – ayəsini oxudu və dedi: “Onların qovuşması hər kəsin öz sinfinə uyğun yerdə toplanmasıdır”. Başqa bir rəvayətdə isə bildirilir ki, qovuşanlar eyni əməli edən iki insandır ki, eyni əməlləri onları ya Cənnətə, ya da Cəhənnəmə aparar. Nemanın qeyd etdiyi digər bir rəvayətdə deyilir ki, Ömər ibn əl-Xəttabdan “Nəfslər qovuşacağı zaman” – ayəsi haqda soruşulduqda, o belə cavab verdi: “Əməlisaleh insan əməlisaleh insanla, günahkar da günahkarla Cəhənnəmdə birləşdirilərlər. Nəfslərin qovuşması da budur”. Neman ibn Bəşirdən nəql olunan başqa bir rəvayətdə isə deyilir ki, Ömər ibn əl-Xəttab xalqa belə söyləmişdi: “Siz “Nəfslər qovuşacağı zaman” – ayəsi haqda nə fikirdəsiniz?” Heç kəs bir söz demədi. Ömər “Ancaq mən belə bilirəm ki, o, özünə bənzəyən Cənnət əhli ilə qovuşan və özünə oxşayan Cəhənnəm əhli ilə qovuşan kəsdir” – dedi və arxasınca da bu ayəni oxudu: “Yığın bir yerə zülm edənləri, onların həmtaylarını!” (Əs-Saffat, 22) Övfi Allah təalanın “Nəfslər qovuşacağı zaman” – ayəsi haqda İbn Abbasın belə dediyini rəvayət etmişdir: “Bu, insanların üç zümrə olduğu zamandır”. İbn Əbu Nəcih “Nəfslər qovuşacağı zaman” – ayəsi haqda Mucahidin belə dediyini nəql etmişdir: “Həmtay olan insanlar bir yerə toplaşacaqlar”. Rabi ibn Xuseym, Qatədə və Həsən də bu görüşdədilər. İbn Cərir bunu ən üstün görüş hesab etmişdir. Doğru olan da budur.
“Nəfslər qovuşacağı zaman” – ayəsi haqda İbn Əbu Hatim Səid ibn Cubeyrdən nəql edərək bildirir ki, İbn Abbas belə demişdir: “İki vahiməli səs arasında Ərşin dibindəki sudan bir vadi axar. Bu iki səsin arasındakı müddət qırx ildir. Beləcə, bütün çürüyənlər, istər insan olsun, istər quş və yaxud da heyvan, torpaqdan bitər. Əvvəllər onları tanıyan kəs yanlarından keçərsə, onları yer üzündə bitmiş formada tanıyar. Sonra ruhlar göndərilər və bədənlər qovuşar. Allah təalanın “Nəfslər qovuşacağı zaman” – ayəsinin mənası da budur”. Həmçinin, Əbul Aliyə, İkrimə, Səid ibn Cubeyr, Şəbi və Həsən əl-Basri “Nəfslər qovuşacağı zaman” – ayəsi haqda demişlər ki, “bədənlər qovuşacaq”. Bəziləri isə deyir ki, möminlər hurilərlə, kafirlər isə şeytanlarla qovuşacaqlar. Bunu Qurtubu “ət-Təzkirə” adlı əsərində qeyd etmişdir.
“Diri-diri basdırılan körpə qızdan soruşulacağı zaman: “Hansı günaha görə öldürüldü?” Bu, əksər alimlərin qiraətidir. Cahiliyyə dövrünün insnalarında qız uşaqlarına qarşı ikrah hissi olduğuna görə, onları diri-diri torpağa basdırırdılar. Qiyamət günü diri-diri basdırılan qız uşaqlarından nə üçün öldürüldüyü soruşulacaqdır. Bu, onların qatillərinin hədələnməsi deməkdir. Məzlumdan sorğu-sual aparıldığı zaman, görən zalımın halı necə olacaqdır?! Əli ibn Əbu Talha “Diri-diri basdırılan körpə qızdan soruşulacağı zaman” – ayəsi haqda İbn Abbasın belə dediyini nəql edir: “Onlar soruşacaqlar”. Əbu Duha deyir ki, onların soruşması öz qanlarını tələb etmələri deməkdir. Suddi və Qatədənin də bu cür dedikləri nəql olunur.
Diri-diri basdırılan körpə qız haqqında Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) hədislər varid olmuşdur. İmam Əhməd Ukkəşənin bacısı Cuzəmə bint Vahbdan belə dediyini rəvayət edir: Peyğəmbər (salləllahu aleyhi və səlləm) camaatın arasında idi. Mən də orada idim. Bu vaxt Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdu: “Əmizdirmə ərəfəsi qadınla əlaqədə olmağı qadağan etmək istədim. Bizanslılara və farslara baxdım ki, onlar həmin ərəfədə qadınları ilə əlaqədə olur, ancaq bu uşaqlara zərər vermirdi”. Daha sonra Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) azl (spermanı qadının ciniyyət orqanının çölünə boşaltmaq) haqda soruşulduqda, o, belə cavab verdi: “Bu, görünməyəcək şəkildə diri-diri basdırmaqdır. Və diri-diri basdırılandan soruşulan budur”. Bunu Muslim Əbu Əbdürrəhman əl-Muqridən rəvayət etmişdir. Abdulla ibn Yezid Səid ibn Əbu Eyyubdan nəql etmişdir. Həmçinin, bunu İbn Macə Əbu Bəkr ibn Əbu Şeybə vasitəsilə Yəhya ibn Eyyubdan rəvayət etmişdir. Həmin hədisi Muslim də rəvayət etmişdir. Habelə bunu Əbu Davud, Tirmizi və Nəsai Malik ibn Ənəsin hədisindən nəql etmiş və Əbul Əsvada isnad etmişlər.
Əhməd ibn Hənbəl deyir: Bizə İbn Əbu Ədiyy Sələmə ibn Yəzid əl-Cəfidən nəql edərək söyləyir ki, mən və qardaşım rəsulullahın (salləllahu aleyhi və səlləm) yanına çatıb dedik: “Ey Allahın elçisi, anamız Məleykə qohumluq əlaqələrinə fikir verər, qonağa xoş davranar və bu kimi işlər görərdi. Ancaq Cahiliyyə dövründə vəfat etdi. Bunlar ona bir fayda verəcəkmi?” Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: “Xeyr!” Soruşduq: “O, cahiliyyə dövründə bir bacımızı diri-diri torpağa basdırmışdı. Bəs bu ona bir şey edərmi?” Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: “Torpağa basdıran da, basdırılan da oddadır. Ancaq torpağa basdıran İslamı qəbul edərsə və Allah onun günahını bağışlayarsa, o zaman həmin şəxs istisnadır”. Nəsai bunu Davud ibn əbu Hindin hədisinə istinadən rəvayət etmişdir. İbn Əbu Hatim deyir: “Bizə Əhməd ibn Sinan əl-Vasiti Abdulla ibn Məsuddan rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: “Diri-diri torpağa basdıran və diri-diri torpağa basdırılan Cəhənnəmdədir”. Həmçinin, Əhməd Həsna bint Muaviyə əs-Sureymiyyədən, o isə əmisindən onun belə dediyini nəql etmişdir: Dedim: “Ey Allahın elçisi, Cənnətdə kimlər var?” Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: “Peyğəmbər cənnətdədir! Şəhid cənnətdədir! Anadan olan cənnətdədir! Diri-diri basdırılan qız cənnətdədir”. İbn Əbu Hatim deyir ki, atam Muslim İbn İbrahimdən Qurranın belə dediyini nəql edir: “Həsənin belə söylədiyini eşitmişəm: “Soruşdular ki, ey Allahın elçisi, Cənnətdə kimlər var?” Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: “Diri-diri torpağa basdırılan qız uşağı cənnətdədir”. Bu, Həsənin ürsəl hədislərindən biridir. Bundan əvvəlkilər də eyni cürdür. İbn Əbu Hatim deyir: “Əbu Abdulla əz-Zəhrani İkrimədən nəql edərək bildirir ki, İbn Abbas demişdir: “Müşriklərin uşaqları Cənnətdədirlər. Kim onların odda olduğunu iddia edərsə, yalan danışar. Çünki Allah təala buyurmuşdur: “Diri-diri basdırılan körpə qızdan soruşulacağı zaman: “Hansı günaha görə öldürüldü?” İbn Abbas deyir ki, “onlar torpağa dəfn edilənlərdir”. Əbdürrəzzaq Neman ibn Bəşirdən nəql edir ki, Ömər ibn Xəttab Allah təalanın “Diri-diri basdırılan körpə qızdan soruşulacağı zaman: “Hansı günaha görə öldürüldü?” – ayəsini xatırlyaraq demişdir: “Qeys ibn Asim Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanına gəlib soruşdu: “Ey Allahın elçisi, mən cahiliyyə dövründə qızlarımı diri-diri torpağa basdırdım”. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: “Onların hər birinin müqabilində bir qul azad elə!” Qeys dedi: “Ey Allahın elçisi, mənim dəvələrim var”. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: “Onların hər birinin müqabilində bir dəvə kəs!” Əbu Bəkr əl-Bəzzar deyir ki, burada Əbdürrəzzaqın sözünə qarşı ixtilaf var. Çünki o bu hədisi təkcə Hüseyn ibn Mehdidən nəql etmişdir. Hədisi İbn Əbu Hatim də rəvayət edərək deyir ki, Əbu Abdulla əz-Zəhrani mənə yazılı şəkildə nəql etdi ki, ona Əbdürrəzzaq danışmışdır. Sonra yuxarıdakına oxşar bir isnad nəql edib bildirir ki, həmin adam dedi: “Mən cahiliyyə dövründə səkkiz qızımı diri-diri torpağa basdırdım”. Sonda isə Peyğəmbər (salləllahu aleyhi və səlləm) ona buyurdu ki, “İstəsən, onların hər birinin müqabilində bir dəvə hədiyyə et!” Daha sonra İbn Əbu Hatim deyir ki, Abdulla ibn Rica Xalifə ibn Huseynin belə dediyini rəvayət edir: “Qeys ibn Asim Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanına gəldi və dedi: “Ey Allahın elçisi, mən cahiliyyə dövründə on iki, on üç qız uşağımı diri-diri torpağa basdırdım”. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: “Onların sayı qədər adam azad elə!” O da qızlarının sayı qədər adam azad etdi. Gələn il isə yüz baş dəvə gətirib dedi: “Ey Allahın elçisi, bu, qövmümün sədəqəsidir. Müsəlmanlara qarşı etdiklərimin müqabilində verirəm”.
“Səhifələr açılacağı zaman” Dahhak deyir ki, “hər kəsin səhifəsi sağından və ya solundan ona veriləcək”. Qatədə demişdir: “Ey Adəm övladı! Budur sənin səhifən! Ona hər şey yazılar, sonra qatlanar və Qiyamət günü qarşında açılar. Elə isə insan səhifəsinə nələrin yazıldığına baxsın!”
“Göy söküləcəyi zaman” Mucahid deyir ki, “yəni sıxıldığı zaman”. Suddi isə bu sözün açılmaq mənasına gəldiyini söyləmişdir. Dahhak ayə haqda bu mənanı vermişdir: “Yəni, Yerindən qopardılıb məhv ediləcək”. Sonrakı ayədə uca Allahn buyurur: “Cəhənnəm alovlandırılacağı zaman”. Suddi “qızdırılacaq”; Qatədə isə “yandırılacaq” kimi sözlərlə ayəyə məna vermişlər. Həmçinin, Qatədə belə söyləmişdir ki, Cəhənnəmi Allahın qəzəbi və Adəm övladının günahları alovlandıracaq. Daha sonra Allah təala buyurur: “Və Cənnət yaxınlaşdırılacağı zaman”. Dahhak, Əbu Malik, Qatədə və Rabi ibn Xuseym ayə haqda demişlər: “Yəni Cənnət öz sakinlərinə yaxınlaşdırılacaq”. “Hər bir nəfs nə hazır etdiyini biləcəkdir”. Sadalanan hadisələr baş verdikdən sonra hər bir kəs özü üçün nə hazırladığını biləcəkdir. Necə ki, Allah təala buyurur: “O gün (qiyamət günü) hər kəs etdiyi yaxşı və pis əməlləri qarşısında hazır görəcək və günahları ilə özü arasında çox uzaq məsafə olmasını arzulayacaqdır”. (Ali İmran, 30) Digər bir ayədə Allah təala buyurur ki, “O gün insana öncə etdiyi və sonraya qoyduğu nə varsa xəbər veriləcəkdir!” (əl-Qiyamə, 13) İbn Əbu Hatim Zeyd ibn Əsləmdən rəvayət edir ki, onun atası demişdir: “Günəş büküləcəyi zaman” nazil olduqda, Ömər belə dedi: “Hər bir nəfs nə hazır etdiyini biləcəkdir”. Bax mən bundan danışıram”.