Həqiqətən, aləmlərdən ötrü bərəkət və doğru yolu göstərən rəhbər kimi insanlar üçün ilk qurulan ev Bəkkədədir.

            Allah təala insanlar üçün, yəni bütün insanların ibadət və həcləri üçün təvaf edəcəkləri, ona doğru namaz qılacaqları və yanında etikafa girəcəkləri ilk qurulan evdən xəbər verib onun “Bəkkədəki Evdir” olduğunu deyir. Yəni, o, xristian və yəhudi qruplarının onun dinindən və yolundan olduqlarını iddia etdikləri İbrahim Xəlilin (aleyhissalam) tikdiyi Kəbədir. Bununla bərabər Allahın əmri ilə ucaltdığı və insanları ona həcc etməyə dəvət etdiyi evi təvaf etməzlər. Buna görə “bərəkət” yəni bərəkətlə qurulmuşdur, “doğru yol göstərəndir” deyilmişdir.

İmam Əhməd demişdir: Bizə Sufyan danışdı, o da Aməşdən, o da İbrahim Teymidən, o da atasından, o da Əbu Zərdən (Allah onda razı olsun) dedi: Mən, Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) soruşdum: “Ey Rəsulullah, yer üzündə ilk qurulan məscid hansıdır?” O dedi: “Məscidul-Haram.” Sonra hansıdır? — dedim. O: “Məscidul Əqsadır” — dedi. “İkisinin arasında nə qədər məsafə var?” – dedim. O dedi – “Qırx il”. “Sonra hansıdır?” – dedim. O dedi: “Harada namaz vaxtına yetişsən, orada qıl. Yer üzü bütünlüklə məsciddir”. Bunu Buxari ilə Muslim, Aməşin hədisindən belə təxric etmişlər.

İbn əbu Hatim demişdir: Bizə Həsən ibn Muhəmməd ibn Səbbah danışdı, bizə Səid ibn Suleyman danışdı, bizə Şərik danışdı, o da Mucahiddən, o da Şəbidən, o da Əlidən onun “insanlar üçün ilk qurulan ev Bəkkədədir” ayəsi barəsində belə dediyini rəvayət etmişdir: “Ondan öncə də evlər olub, lakin o, Allaha ibadət etmək üçün qurulan ilk evdir.”

Bizə atam danışdı, bizə Həsən ibn Rəbi danışdı, bizə Əbu Əhvas danışdı, o da Simakdan, o da Xalid ibn Araradan dedi: “Bir adam qalxıb Əlidən soruşdu: “Mənə Ev haqqında danışa bilərsən? O, yer üzündə tikilən ilk evdir?” O da dedi: “Xeyr, lakin o, içində bərəkət olan ilk evdir. Onda İbrahim Məqamı vardır. Ora daxil olan əmin olur.” Əli, İbrahimin Kəbəni necə tikdiyini tam şəkildə danışdı. Biz də bu haqda Bəqərə surəsinin əvvəlində geniş danışdıq. Burada təkrarlamağa ehtiyac yoxdur.

Suddi onun yer üzündə mütləq olaraq ilk qurulan ev olduğunu güman etmişdir. Doğrusu Əlinin (Allah ondan razı olsun) dediyidir. Beyhaqinin Kəbənin tikilməsi barədə “Dələilun-nubuvvəti” kitabında İbn Ləhiyədən, o da Yəzid ibn əbu Həbibdən, o da Əbu Xeyirdən, o da Abdullah ibn Amr ibn Asdan mərfu olaraq (yəni, Peyğəmbərə (salləllahu aleyhi və səlləm) çatan sənədlə) belə rəvayət etmişdir: “Allah, Cəbrayılı Adəm və Həvvanın yanına göndərdi və onlara Kəbəni tikməyi əmr etdi. Adəm də onu tikdi. Sonra onu təvaf etmələrini əmr etdi. Ona deyildi: “Sən ilk insansan, bu da insanlar üçün tikilən ilk evdir.” hədisinə gəlincə, bu hədis təkcə İbn Ləhiyanın rəvayət etdiyi hədislərdəndir və zəifdir. Oxşayır ki, bu, Abdullah ibn Amrdan məvquf (yəni, onun sözü) olaraq rəvayət edilibdi. Allah ən doğrusunu biləndir. Yərmuk döyüşündə Əhli kitabdan ələ keçirdiyi iki dəvə yükü kitablardan nəql etdiyi rəvayətlər kimidir.

Bəkkədədir” Bəkkə, məşhur rəyə görə Məkkənin adlarındandır. Ona belə deyilməsi, zalımların və rəhmsizlərin boyunlarının qırılmasıdır. Yəni onlar orada zəlil olur və baş əyirlər. Belə də deyilmişdir: “Çünki insanlar orada izdiham edərlər.”

Qatadə demişdir: Allah bütün insanları oraya yerləşdirdi, qadınlar kişilərin qarşısında namaz qılarlar. Bu başqa heç bir yerdə edilməz.

Mucahid, İkrimə, Səid ibn Cubeyr, Amr ibn Şueyb və Muqatil ibn Həyyandan belə rəvayət edilmişdir. Həmmad ibn Sələmə, o da Əta ibn Saibdən, o da Səid ibn Cubeyrdən, o da İbn Abbasdan onun bu cür dediyini rəvayət etmişdir: “Məkkə əl-Fəc bölgəsindən ət-Tənimə qədərdir. Bəkkə isə Beytullahdan əl-Bathaya qədərdir.” Şubə, Muğiradan, o da İbrahimdən demişdir: “Bəkkə: Ev ilə məsciddir.” Zuhri də belə demişdir. Bir rəvayətdə İkrimə və Məymun ibn Mihran demişlər: “Evin olduğu yür və ətrafı Bəkkədir. Bundan o yan isə Məkkədir.”

Əbu Saleh, İbrahim Nəxai, Atiyyə əl-Avfi və Muqatil ibn Heyyan demişlər: “Evin olduğu yer Bəkkədir. Bundan savayı isə, Məkkədir.”

Məkkə üçün çoxlu adlar zikr edilmişdir: Məkkə, Bəkkə, Beytul atiq, Beytulharam, Bələdul-əmin, Məmun, Ummu-ruhm, Ummul-qura, Salah, Ərş – Bədr formasında oxunur –, Qadis — çünki günahlardan təmizləyər –, Muqəddəsə, ən-Nəssəh – “Nun” və həmçinin “bə” hərfi ilə yazır –, əl-Hatimə, ən-Nəssasə, ər-Ras, Kusə, əl-Bəldə, əl-Bəniyyə və Kəbə.

Orada aydın nişanələr vardır” yəni onu İbrahimin tikdiyinə, Allahın ona əzəmət və şərəf verdiyinə dair açıq aydın işarələr vardır. Sonra da “İbrahim Məqamı” dedi. Yəni bina tikilən zaman, təməlini və divarlarını qaldırmaq üçün ondan istifadə etdi. Çünki üstündə dururdu və İsmayıl ona daşları verirdi. O, Evin divarına bitişik idi. Sonra Ömər ibn Xəttab (Allah ondan razı olsun) xilafəti zamanında təvaf mümkün olsun deyə və təvafdan sonra qarşısında namaz qılanların başı qarışmasın deyə onu şərqə tərəf çəkdi. Çünki Allah təala onun qarşısında namaz qılmağı əmr etdi: “İbrahim Məqamını namazgah edin” (Bəqərə, 125). Biz də, bu barədə hədisləri yuxarıda qeyd etdik. Onları təkrar etməyə ehtiyac yoxdur. Həmd və minnət Allahındır.

Avfidən, o da İbn Abbasdan “Orada aydın nişanələr – İbrahimin məqamı vardır” ayəsi barəsində demişdir: “Yəni, İbrahim Məqamı və Məhşər də onlardandır.” Mucahid demişdir: “Onun məqamdakı ayaq izləri açıq əlamətdir.” Ömər ibn Əbduləziz, Həsən, Qatadə, Suddi, Muqatil ibn Həyyan və digərlərindən də belə rəvayət edilmişdir. Əbu Talib də məşhur Ləm qəsidəsində demişdir:

İbrahimin daş üzərindəki ayaq izi,

Ayaqyalın ayaqqabısız durmaqdadır.

            İbn Əbu Hatim demişdir: Bizə Əbu Səid və Əmr əl Əvdi danışıb dedilər, bizə Vəki danışdı, bizə Sufyan danışdı, o da İbn Cureycdən, o da Ətadan, o da İbn Abbasdan onun “İbrahim Məqamı” haqqında bu cür dediyini rəvayət etmişdir: “Əl-Haram ərazisi bütünlüklə İbrahim Məqamıdır.” Amrın mətnində isə deyilir: “Hicr bütünlüklə İbrahim Məqamıdır.”

Səid ibn Cubeyrdən onun bu sözləri nəql edilmişdi: “Həcc, İbrahim məqamıdır.” Mən bir nüsxədə belə gördüm. Ola bilər “Hicr bütünlüklə İbrahim məqamıdır.” variantıdır. Mucahid də bunu açıq-aydın ifadə etmişdir.

Oraya daxil olan əmin olar” yəni, Məkkə haramına daxil olan deməkdir. Oraya qorxu ilə daxil olan, bütün pisliklərdən əmin olar. Cahilliyə dövründə də belə idi. Necə ki, Həsən Bəsri və digərləri demişlər: “Bir adam birini öldürər, sonra boynuna bir parça yun qoyub əl-Harama girərdi. Öldürülənin oğlu ilə qarşılaşardı. O da ordan çıxana qədər ona toxunmazdı.”

İbn Əbu Hatim demişdir: Bizə Əbu Səid əl-Əşac danışdı, bizə Əbu Yəhya ət-Teymi danışdı, o da Ətadan, o da Səid ibn Cubeyrdən, o da İbn Abbasdan “Oraya daxil olan əmin olar” ayəsi barəsində onun bu cür dediyini rəvayət etmişdir: “Kim Evə sığınsa, Ev onu qoruyar. Lakin ona sığınacaq, yemək və içmək verilməzdi. Çıxdığı zaman əməlinə görə sorumlu olardı.”

Allah təala demişdir: “Məgər onlar, ətraflarındakı insanlar yaxalandıqları halda, onlar üçün müqəddəs, təhlükəsiz bir yer etdiyimizi görmürlərmi? Onlar batilə inanıb Allahın nemətini inkarmı edirlər?” (Ənkəbut, 67). Allah buyurur: “Qoy onlar bu Evin Rəbbinə ibadət etsinlər. Onlara aclıqda yemək verdi və qorxuda əmin-amanlıq bəxş etdi” (Qureyş, 3,4). Hətta orada ov etmək, ovu yuvasından çıxartmaq, ağacını qırmaq, meyvəsini dərmək və otunu yolmaq kimi qadağalar onun haramlığına daxildir. Necə ki, bir qrup səhabədən mərfu və məvquf olaraq bu barədə bir neçə hədis rəvayət edilmişdi.

İki Səhihdə, sözləri Muslimdədir, İbn Abbas demişdir: Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: “Hicrət yoxdur. Lakin cihad və niyyətdir. Əsgərliyə çağrıldığınız zaman gedin.” O, Fəth günü Məkkənin fəthində demişdir: “Allah bu şəhəri göyləri və yeri yaratdığı gün haram etdi. O, Allahın haram etməsi ilə Qiyamət gününə qədər haramdır. Orada döyüşmək məndən əvvəl heç kimə halal qılınmadı. Mənə də yalnız gündüzün bir saatı halal qılındı. O, Allahın haram etməsi ilə Qiyamət gününə qədər haramdır. Tikanı qoparılmaz, ovu qorxudulmaz, itəni götürülməz, yalnız elan etmək üçün götürülə bilər, otu yolunmaz.” Bu arada Abbas dedi: “Ey Rəsulullah, ayrıq (izxir) otunu istisna et. Çünki onu ölüləri və evləri üçün istifadə edirlər.” O da dedi: “Ayrıq müstəsnadır.”

Buxari və Muslimin də Əbu Hureyrədən bənzər rəvayətləri vardır. Muslimin bir mətnində Əbu Şureyh əl-Ədəvi, Məkkəyə əsgərləri göndərən Amr ibn Səidə dedi: Ey əmir, mənə icazə ver, sənə bir hədis danışım: Onu Rəsulullah (salləllahu aleyhi və səlləm) Məkkənin fəthi günü səhər açıldıqda qalxıb dedi. Bu sözləri danışdığı zaman onu öz qulaqlarım eşitdi, qəlbim anladı, gözlərim gördü. O, Allaha həmd və səna etdi, sonra isə dedi: “Məkkəni insanlar yox, Allah haram etdi. Buna görə Allaha və axirət gününə iman edənin orada qan tökməsi, ağac kəsməsi halal deyildir. Əgər kimsə Rəsulullahın (salləllahu aleyhi və səlləm) orada savaş etməsini məsəl gətirərsə, ona deyin: Allah Öz Rəsuluna icazə verdi, sizə vermədi. Mənə də yalnız gündüzün bir saatı icazə verildi. Dünənki haramlığı bu gün geri döndü. Burada olanlar olmayanlara çatdırsınlar.” Əbu Şureyhə dedilər: “Amr sənə qarşılığında nə dedi?” O da dedi: “Mən onu səndən yaxşı bilirəm, ey Əbu Şureyh! əl-Haram nə asi olanı, nə yaralı olub qaçanı, nə də üzləri qızardan əməlinə görə qaçanı himayəsinə almaz.”

Cabir demişdir: Rəsulullahın (salləllahu aleyhi və səlləm) bu cür dediyini eşitdim: “Heç birinizə Məkkədə silah gəzdirmək halal deyil.” Bunu Muslim rəvayət etmişdir. Abdullah ibn Adiy ibn əl-Hamra əz-Zuhri, Rəsulullahdan (salləllahu aleyhi və səlləm) Məkkə bazarı Həzvərədə olarkən, belə dediyini eşitmişdir: “Allaha and olsun ki, sən Allahın ən xeyirli ərazisisən və Allahın ən çox sevdiyi ərazisən. Səndən çıxarılmasaydım, çıxmazdım.” Bunu İmam Əhməd rəvayət etmişdir. Mətni də oradadır. Həmçinin Tirmizi, Nəsai və İbn Macə rəvayət etmişdir. Tirmizi: “Həsən səhihdir” – demişdir. Bənzər şəkildə rəvayət olunan İbn Abbasın hədisinin də səhih olduğunu söyləmişdir. Əhməd də Əbu Hureyrədən də oxşarını rəvayət etmişdir.

İbn Əbu Hatim demişdir: Mənə atam danışdı, bizə Bişr ibn Adəm ibn Bint Əzhər əs-Səmman danışdı, bizə Əbu Asim danışdı, o da Məxzum oğullarının müttəfiqi Zureyq ibn Muslim əl-Əmadan, mənə Ziyad ibn Əbu Əyyaş danışdı, o da Yəhya ibn Cadə ibn Hubeyrədən dedi ki, o, “Oraya daxil olan əmin olar” ayəsi barəsində demişdir: “Cəhənnəmdən əmin olar.”

Bu mənada Beyhaqinin rəvayət etdiyi bir hədis vardır. Bizə Əbu Həsən Əli ibn Əhməd ibn Abdən xəbər verdi, bizə Əhməd ibn Ubeyd xəbər verdi, bizə Muhəmməd ibn Suleyman əl-Vasiti danışdı, bizə Səid ibn Suleyman danışdı, bizə İbn Muəmmil danışdı, o da İbn Muheysindən, o da Ətadan, o da İbn Abbasdan, Rəsulullahın (salləllahu aleyhi və səlləm) bu cür dediyini rəvayət etmişdir: “Kim Allahın evinə girərsə bir yaxşılıqla girər, bir pislikdən çıxar və bağışlanmış olaraq çıxar.” Sonra Beyhaqi demişdir: “Bunu yalnız Abdullah ibn Muəmmil rəvayət etmişdir. O, qüvvətli rəvayətçi deyil.”

Evi ziyarət etmək insanların – yoluna gücü çatan hər kəsin – Allah qarşısında borcudur”, bu ayə cumhura görə həccin fərz olduğuna dəlildir. Bəziləri isə, dəlilin “həcci və ümrəni tamamlayın” (Bəqərə, 196) ayəsi olduğunu demişlər. Birincisi daha açıqdır.

Bir çox hədisə görə o, İslamın təməllərindən, dayaqlarından və dirəklərindən biridir. Müsəlmanlar bunda zəruri yekdillik bildirmişlər. O, bacarana ömründə yalnız bir dəfə fərzdir və bu da Quran, Sünnə və icma ilə sabitdir.

İmam Əhməd demişdir: Bizə Yəzid ibn Harun danışdı, bizə Rəbi ibn Muslim əl-Quraşi xəbər verdi, o da Muhəmməd ibn Ziyaddan, o da Əbu Hureyrədən onun bu cür dediyini rəvayət etmişdir: Rəsulullah (salləllahu aleyhi və səlləm) bizə xütbə verərək dedi: “Ey İnsanlar Allah sizə Həcci fərz etdi. Həcc edin.” Bir nəfər soruşdu: “Hər il edək, ey Allahın Rəsulu?” O da susdu. Adam üç dəfə sualını təkrar etdi. O dedi: “Əgər bəli desəm, vacib olar. Buna isə gücünüz çatmaz.” Sonra dedi: “Mən sizi tərk edəndə siz də tərk edin. Sizdən əvvəlkiləri çox sual vermələri və peyğəmbərlərinə görə çox mübahisə etmələri həlak etdi. Sizə bir şeyi əmr etdiyim zaman onu gücünüz çatana qədər edin. Sizi nədənsə çəkindirdiyim zaman onu tərk edin.” Bunu Muslim də Zuheyr ibn Hərbdən, o da Yəzid ibn Harundan bənzər şəkildə rəvayət etmişdir.

Sufyan ibn Huseyn, Suleyman ibn Kəsir, Abdulcəlil ibn Humeyd və Muhəmməd ibn Əbu Hafsa rəvayət edirlər Zuhridən, o da Əbu Sinan ət-Duəlidən – onun adı Yəzid ibn Umeyyədir –, o da İbn Abbasdan onun belə dediyini rəvayət etmişdir: Rəsulullah (salləllahu aleyhi və səlləm) bizə xütbə verərək dedi: “Ey insanlar, Allah həcc etməyi fərz etdi.” Aqra ibn Habis qalxıb dedi: “Ey Rəsulullah, hər il edək?” O da dedi: “Əgər desəydim, vacib olardı. Vacib olsaydı onu etməyəcəkdiniz və etməyə gücünüz də çatmazdı. Həcc bir dəfədir. Kim artıq edərsə, nafilədir.” Bunu Zuhri yolu ilə Əhməd, Əbu Davud, Nəsai, İbn Macə və Hakim rəvayət etmişlər. Onu Şərik də Simakdan, o da İkrimədən, o da İbn Abbasdan bənzər şəkildə rəvayət etmişdir. Usamə ibn Yəzid hədisindən də rəvayət edilmişdir.

İmam Əhməd demişdir: Bizə Mansur ibn Vərdan danışdı, o da Əli İbn Abdulalədən, o da atasından, o da Əbu Baxtəridən, o da Əlidən onun belə dediyini rəvayət etmişdir: “Evi ziyarət etmək insanların – yoluna gücü çatan hər kəsin – Allah qarşısında borcudur” ayəsi nazil olanda sual verdilər: “Ey Rəsulullah, hər il edək?” O da susdu. “Ey Rəsulullah, hər il edək?” deyə təkrar etdilər. O da dedi: “Xeyr, əgər bəli desəm, vacib olardı.” Buna görə Allah bu ayəni nazil etdi: “Ey iman edənlər sizə izah olunan zaman sizi üzəcək şeylər barəsində sormayın” (Maidə, 101).

Bunu Tirmizi, İbn Macə və Hakim də Mənsur ibn Vərdan hədisindən rəvayət etmişlər. Sonra Tirmizi: “Həsən qəribdir” – demişdir. Onun bu dediyində etiraz yeri vardır. Çünki Buxari demişdir: “Əbu Bəxtəri Əlidən hədis eşitməyibdir.”

İbn Macə demişdir: Bizə Muhəmməd ibn Abdullah ibn Numeyr danışdı, bizə Muhəmməd ibn Əbu Ubeydə danışdı, o da atasından, o da Aməşdən, o da Əbu Sufyandan, o da Ənəs ibn Məlikdən dedi: “Ey Rəsulullah, həcc hər ildir?” deyə soruşdular. O dedi: “Əgər bəli desəm, vacib olardı. Vacib olsaydı, yerinə yetirməzdiniz. Onu yerinə yetirməsəniz sizə əzab verilər.”

İki Səhihdə İbn Cureycdən, o da Ətadan, o da Cabirdən, o da Suraqə ibn Malikdən dedi: “Ey Rəsulullah, bu təməttu həccimiz bu ilə aiddir, yoxsa həmişəlikdir?” O dedi: “Xeyr, həmişəlikdi.” – dedi. Bir rəvayətdə isə: “Sonsuza qədərdi.” – demişdir.

İmam Əhmədin Musnədində və Əbu Davudun Sünənində, Vaqid ibn Əbu Vaqid Əl-Leysidən, o da atasından rəvayət edir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) həcc etdiyi zaman qadınlarına: “Bu qədərdir. Bir daha həsirlərin üzərindən qalxmayın” yəni evlərinizdən çıxmayın dedi.

Gücü çatması məsələsinə gəlincə bu bir neçə hissədir. Bəzən insanın öz gücü ilə olur, bəzən də başqasının verdiyi imkan ilə həyata keçir. Bunlar da Əhkam kitablarında izah edilmişdir.

Əbu İsa Tirmizi demişdir. Bizə Abd ibn Humeyd danışdı, bizə Abdurrəzzaq xəbər verdi, bizə İbrahim ibn Yəzid xəbər verib dedi: Muhəmməd ibn Abbad ibn Cəfərdən eşitdim ki, İbn Ömərdən belə danışır: “Bir adam qalxdı və Rəsulullahdan (salləllahu aleyhi və səlləm) soruşdu: “Ey Rəsulullah, hacı kimdir?” O dedi: Saçı başı dağınıq, üstü başı toz torpaq olandır.” Başqası qalxdı və dedi: “Hansı həcc daha fəzilətlidir?” O dedi: “Çox səs çıxarılan və yağmur kimi yağan.” Digəri qalxdı və dedi: “Ey Rəsulullah, yol nədir?” O da dedi: “Azuqə və minikdir.” Bunu İbn Macə də İbrahim ibn Yəzid əl-Xuzi hədisindən rəvayət etmişdir. Tirmizi demişdir: “Onu yalnız bu hədisindən tanıyırıq. Bəziləri də onun haqqında hafizəsi baxımından tənqidi danışmışlar.” Burda belə demişdir. Həcc kitabında isə demişdir: “Bu, həsən hədisdir.”

Bu sənədin Əl-Xuzidən başqa olan rəvayətçilərinin etibarlı olmasında şübhə yoxdur. Onun haqqında da bu hədisdən dolayı tənqidi danışmışlar. Ancaq onu dəstəkləyən başqa rəvayətlər vardır.

İbn Əbu Hatim demişdir: Bizə atam danışdı, bizə Əbdüləziz ibn Abdullah əl-Amiri danışdı, bizə Muhəmməd ibn Abdullah ibn Ubeyd ibn Umeyr əl-Leysi danışdı, o da Muhəmməd ibn Abbad ibn Cəfərdən dedi: Abdullah ibn Ömərin yanında oturmuşdum. O dedi: “Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanına bir adam gəldi və soruşdu: “Yol nədir?” O da dedi: “Azuqə və minikdir.” Bunu İbn Mərduyə də Muhəmməd ibn Abdullah ibn Ubeyd ibn Umeyrdən bu şəkildə rəvayət etmişdir.

Sonra İbn Əbu Hatim demişdir: İbn Abbas, Ənəs, Həsən, Mucahid, Əta, Səid ibn Cubeyr, Rəbi ibn Ənəs və Qatadədən belə rəvayət edilmişdir. Bu hədis başqa yollardan da Ənəs, Abdullah ibn Abbas, İbn Məsud və Aişənin yolları ilə rəvayət edilmişdi ki, hamısı mərfudur. Ancaq sənədləri barəsində bəzi tənqidi şeylər deyilmişdir. Bunlar əhkam kitablarında izah edilmişdir. Allah ən doğrusunu biləndir.

Hafiz Əbubəkr ibn Mərduyə bu hədisin bütün yollarını toplamağa cəhd etmişdir. Onu Hakim də Qatadədən, o da Hammad ibn Sələmədən, o da Ənəsdən rəvayət etmişdir ki, Rəsulullahdan (salləllahu aleyhi və səlləm) “Evi ziyarət etmək insanların – yoluna gücü çatan hər kəsin – Allah qarşısında borcudur” ayə barəsində soruşdular və: “Yol nədir?” dedilər. O da dedi: “Azuqə və minikdir.” Sonra (Hakim) dedi: “Muslimin şərtinə görə səhihdir, iki Şeyx təxric etməmişlər.”

İbn Cərir demişdir: Mənə Yaqub danışdı, bizə İbn Uləyyə danışdı, o da Yunusdan, o da Həsəndən dedi: Rəsulullah (salləllahu aleyhi və səlləm) “Evi ziyarət etmək insanların – yoluna gücü çatan hər kəsin – Allah qarşısında borcudur” ayəsini oxudu. Ondan “yol nədir?” soruşdular. O da dedi: “Azuqə və minikdir.” Bunu Vəki də təfsirində Sufyandan, o da Yunusdan belə rəvayət etmişdir.

İmam Əhməd demişdir: Bizə Abdurrəzzaq danışdı, bizə Səvri xəbər verdi, o da İsmayıldan – o Əbu İsrail əl-Mulaidir –, o da Fudeyldən yəni, İbn Amrdan, o da Səid ibn Cubeyrdən, o da İbn Abbasdan, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Həcci etməyə tələsin, çünki başınıza nə gələcəyini sizlərdən heç kim bilmir.”

İmam Əhməd demişdir: Bizə Əbu Muaviyyə danışdı, bizə Həsən ibn Amr əl-Fuqeymi danışdı, o da Mihran ibn Əbu Safvandan, o da İbn Abbasdan, Rəsulullahın (salləllahu aleyhi və səlləm) bu cür dediyini rəvayət etmişdir: “Həcc etmək istəyən tələssin.” Bunu Əbu Davud da Musəddəddən, o da Əbu Muaviyə əd-Darirdən bu cürə rəvayət etmişdir.

İbn Cubeyr də İbn Abbasdan “yoluna gücü çatan” ayəsi barəsində demişdir: “Kim üç yüz dirhəmə sahib olarsa, yola gücü çatmışdır.” Onun mövlası İkrimə demişdir: “Yol, sağlamlıqdır”

Vəki ibn Cərrah da, Əbu Cənabdan yəni əl-Kəlbidən, o da Dəhhak ibn Muzahimdən, o da İbn Abbasdan “yoluna gücü çatan” ayəsi barəsində demişdir: “Azuqə ilə dəvədir.”

Kim inkar edərsə, Allahın aləmlərə ehtiyacı yoxdur”, İbn Abbas, Mucahi və bir çoxları demişlər: “Yəni, kim həccin fərz olduğunu inkar edərsə, küfr etmiş olar. Allahın ona ehtiyacı yoxdur.”

Səid ibn Mansur demişdir: Sufyandan, o da İbn Əbu Nəcihdən, o da İkrimədən, deyir: “İslamdan başqa bir din axtaran şəxsdən, o heç vaxt qəbul olunmaz” (Ali İmran, 85) ayəsi nazil olanda yəhudilər dedilər: “Biz də müsəlmanıq.” Allah buyurdu: “Onlarla mübahisə et, onlara dəlil gətir.” Peyğəmbər (salləllahu aleyhi və səlləm) onlara dedi: “Allah, Evi həcc etməyi, gücü çatan müsəlmanlara fərz etdi”. Onlar dedilər: “Bizə fərz edilmədi.” Onlar həcc etməkdən imtina etdilər. Allah da buyurdu: “Kim inkar edərsə, Allahın aləmlərə ehtiyacı yoxdur”. İbn Əbu Nəcih də, Mucahiddən belə rəvayət etmişdir.

Əbubəkr ibn Mərduveyh demişdir: Bizə Abdullah ibn Cəfər danışdı, bizə İsmayıl ibn Abdullah ibn Məsud xəbər verdi, bizə Muslim ibn İbrahim ilə Şaz ibn Fəyyaz xəbər verib dedilər: Bizə Hilal Əbu Haşim əl-Xorasani xəbər verdi, bizə Əbu İshaq əl-Həmədani xəbər verdi, o da Harisdən, o da Əlidən (Allah ondan razı olsun) dedi: Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: “Kim azuqə və miniyə sahib olub Allahın evinə həcc etməzsə, yəhudi yaxud xristian olaraq ölməsi ona zərər verməz. Çünki Allah təala buyurur: “Evi ziyarət etmək insanların – yoluna gücü çatan hər kəsin – Allah qarşısında borcudur. Kim inkar edərsə, Allahın aləmlərə ehtiyacı yoxdur”.

Bunu İbn Cərir də, Muslim ibn İbrahimin hədisindən rəvayət etmişdir. Bunu İbn Əbu Hatim də, Əbu Zuradan bu şəkildə rəvayət etmişdir: Bizə Hilal ibn Fəyyaz danışdı, bizə Hilal Əbu Haşim əl-Xorasani danışdı. Sonra bənzər bir sənədlə rəvayət etdi. Bunu Tirmizi də, Muhəmməd ibn Yəhya əl-Qutaidən, o da Muslim ibn İbrahimdən, o da Hilal ibn Abdullah mövla Rabia ibn Amr ibn Muslim əl-Bahilidən bu cür rəvayət etmiş və demişdir: “Qərib hədisdir, bunu yalnız bu yoldan bilirik. Sənədi barədə bəzi tənqidi şeylər deyilmişdir. Hilal naməlumdur. Haris isə hədisdə zəif sayılır. Buxari demişdir: Bu Hilalın hədisi munkərdir. İbn Adiy də demişdir: “Bu hədis qorunmuş deyil.”

Əbubəkr əl-İsmaili əl-Hafiz də, bunu Abu Amr əl-Əvzainin danışdığı yolla rəvayət edib demişdir: Mənə İsmayıl ibn Ubeydullah ibn Əbu Mühacir danışdı, mənə Abdurrəhman ibn Qanəm danışdı ki, o, Ömər ibn Xəttabın belə dediyini eşitmişdir: “Kim gücü çatdığı halda həcc etməzsə, istər yəhudi olaraq ölsün istərsə xristian olaraq ölsün, birdir.” Ömər ibn Xəttaba (Allah ondan razı olsun) çatan bu sənəd səhihdir. Səid ibn Mənsur Sünənində Həsən Bəsridən rəvayət etmişdir ki, Ömər ibn Xəttab belə demişdir: “Çox istərdim ki, şəhərlərə baxmağa adamlar göndərim. Onlar da, imkanı olub həccə getməyən hər bir kəsə cizyə tətbiq etsinlər. Çünki onlar müsəlman deyil, onlar müsəlman deyil.”