Həqiqətən, Allah zərrə qədər də olsa zülm etməz. Əgər yaxşı əməl olarsa, bunu artırar və Öz tərəfindən böyük mükafat verər.

Allah buyurur: O, qiyamət günü, məxluqatından heç kəsə xardal dənəsi qədər və ya zərrə qədər zülm etməz. Əksinə, bunu onun üçün saxlayar və bir yaxşılıq olsa, onun mükafatını qat-qat artıq verər. Necə ki, Allah təala buyurur: “Biz qiyamət günü ədalət tərəziləri ilə haqq-hesab çəkəcəyik. Heç kimə hər hansı bir şeydə ədalətsizlik edilməyəcəkdir. Bir xardal dənəsi mislində olsa belə, onu gətirib qoyacağıq. Biz haqqı araşdırmağa bəs edərik» (əl-Ənbiya, 47). Allah təala Loğmandan xəbər verdi ki, o oğluna belə söylədi: » “Oğlum! Bir xardal dənəsi ağırlığında olsa da, bir qayanın içində, yaxud göylərdə və ya yerin dibində olsa da, Allah onu aşkar edər. Həqiqətən, Allah Lətifdir, Xəbərdardır” (Loğman, 16). O dedi: “O gün insanlar əməllərinin onlara göstərilməsi üçün dəstə-dəstə gələcəklər. Zərrə qədər yaxşılıq edən onu görəcəkdir. Zərrə qədər pislik edən də onu görəcəkdir” (Zəlzələ, 6-8).

İki Səhihdə Zeyd ibn Əsləm hədisindən rəvayət edilmişdir, Ata ibn Yasərdən, o da  Əbu Səid əl-Xudridən, Rəsulullah (salləllahu aleyhi və səlləm) uzun şəfaət hədisində belə demişdir: “Allah buyurur: Qayıdın, kimin ürəyində bir xardal qədər iman tapsanız, onu oddan çıxarın”. Bir mətn də belədir: “Kimin ürəyində zərrədən daha kiçik bir iman tapsanız, onu oddan çıxarın”. Beləliklə, bir çox məxluqatı çıxarırlar.” Sonra Əbu Səid dedi: “İstəyirsinizsə bu ayəni oxuyun”: «Həqiqətən, Allah zərrə qədər də olsa zülm etməz. Əgər yaxşı əməl olarsa, bunu artırar və Öz tərəfindən böyük mükafat verər«.

İbn əbu Hatim demişdir: “Bizə Əbu Səid əl-Əşac danışdı, bizə İsa ibn Yunus danışdı, o da Harun ibn Antərədən, o da Abdullah ibn Saibdən, o da Zazandan, o da Abdullah ibn Məsudun belə dediyini rəvayət etmişdir: “Qiyamət günü kölə və cariyə gətiriləcək; Əvvəlkilərin və sonrakıların qarşısında deyiləcək: “Bu filankəs oğlu filankəsdir, üzərində haqqı olan varsa, gəlsin haqqını alsın”. Qadın atasında, qardaşında və ya ərində haqqı olacağına sevinir”. Sonra Abdullah ibn Məsud bu ayəni oxudu: «Sur üfürüləcəyi gün onların aralarında qohumluq əlaqəsi olmayacaq və onlar bir-birindən hal-əhval tutmayacaqlar» (Muminun, 101). Sonra Allah özü haqqında istədiyini bağışlayar, qul haqqından isə heç bir şeyi bağışlamaz. İnsanların öz öhdəsinə buraxıb  belə nida edər: “Bu filankəs oğlu filankəsdir. Kimin onda haqqı varsa, gəlsin haqqını alsın”. Bu vaxt kölə deyəcək: “Ey Rəbbim, dünya bitdi, mən onlara haqlarını haradan verim?” Allah buyurur: “Yaxşı əməllərindən verin. Hər bir haqq sahibinə tələb etdiyi qədər verin”. Əgər həmin adam Allahın vəlisidirsə və onu üçün bir zərrə fəzilət artırılıbsa, Allah onu qat-qat artırar və sonda onu bunun səbəbi ilə cənnətə daxil edər”. Sonra İbn Məsud bizə bu ayəni oxudu: “Həqiqətən, Allah zərrə qədər də olsa zülm etməz. Əgər yaxşı əməl olarsa, bunu artırar və Öz tərəfindən böyük mükafat verər”. Sonra Allah buyurur: “Cənnətə girin. Əgər o bədbəxt bir quldursa, mələk deyəcək: “Ey Rəbbim, onun yaxşılığı tükəndi, haqq sahibləri isə qaldı”. Allah buyurdu: “Onların pis əməllərindən götürün onun pisliyinə əlavə edin, sonra cəhənnəmə aparın”. İbn Cərir bunu başqa bir yoldan Zazandan bənzər şəkildə rəvayət etmişdir. Bu nəqlin səhih hədisdə şahidləri var.

İbn əbu Hatim demişdir: Bizə atam danışdı, bizə Əbu Nuaym danışdı, bizə Fudeyl, yəni İbn Mərzuq danışdı, o da Atıyyə əl-Avfidən, mənə Abdullah ibn Ömər danışıb dedi: “Bu ayə “Kim yaxşılıqla gəlsə, onun üçün on misli vardır” bədəvilər haqqında nazil oldu”. Bir nəfər dedi: «Elədirsə, ey Əbdurrəhmanın atası, mühacirlər üçün nə var?» O dedi: “Bundan daha fəzilətli olan “Həqiqətən, Allah zərrə qədər də olsa zülm etməz. Əgər yaxşı əməl olarsa, bunu artırar və Öz tərəfindən böyük mükafat verər» ayəsi vardır”.

Bizə Əbu Zura danışdı, bizə Yəhya ibn Abdullah ibn Bukeyr danışdı, mənə Abdullah ibn Lehiya danışdı, mənə Əta ibn Dinar danışdı, o da Səid ibn Cubeyrdən «Əgər yaxşı əməl olarsa» ayəsi barəsində belə demişdir: “Müşrikin Qiyamət günü əzabı yüngülləşdirilər, cəhənnəmdən əbədi olaraq çıxmaz”. Buna aşağıdakı səhih hədis dəlil gətirilmişdir. Abbas dedi: «Ey Allahın Rəsulu, əmin Əbu Talib səni qoruyar və kömək edərdi, bunun ona faydası varmı?» O da: “Bəli, atəşin dayaz bir yerindədir. «Mən olmasa idim, ən aşağı qatında olardı». Bu, bütün kafirlər üçün deyil, Əbu Talib üçün xüsusi ola bilər. Dəlili də Əbu Davud ət-Təyalisinin Musnədində rəvayət edilən aşağıdakı hədisdir. Bizə İmran danışdı, bizə Qatadə danışdı, o da Ənəsdən, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Şübhəsiz, Allah möminə bir savabla belə haqsızlıq etməz, ona dünyada ruzisini və axirətdə də o sayədə mükafatını verir. Kafirə gəldikdə, o sayədə dünyadakı ruzisini yeyər, qiyamət günü heç bir xeyri olmaz”. Əbu Hureyrə, İkrimə, Səid ibn Cubeyr, Həsən, Qatadə və Dəhhak, “Öz tərəfindən böyük mükafat verər» ayəsi barəsində demişlər: “Yəni cənnət verilər”. Allahdan razılığını və Cənnət diləyirik.

İmam Əhməd demişdir: “Bizə Abdussaməd danışdı, bizə Süleyman, yəni İbn Muğira danışdı, o da Əli ibn Zeyddən, Əbu Osmandan, o, dedi: “Mənə Əbu Hureyrədən onun belə dediyi çatdı: “Allah mömin quluna bir yaxşılıq əvəzinə bir milyon yaxşılıq verir”. Əbu Osman deyir: “Allah nəsib etdi, Həcc və ya Ümrəyə getdim, onunla görüşdüm və dedim: “Eşitdim ki, Rəsulullahın (salləllahu aleyhi və səlləm) “Allah mömin quluna bir yaxşılıq əvəzinə bir milyon yaxşılıq verir” dediyini eşitmisən”. Əbu Hureyrə dedi: Xeyr, amma Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini eşitdim: “Allah mömin quluna bir yaxşılıq əvəzinə iki milyon yaxşılıq verir”. Sonra bu ayəni oxudu: “Əgər yaxşı əməl olarsa, bunu artırar və Öz tərəfindən böyük mükafat verər”.

Yenə İmam Əhməd bunu rəvayət edib, demişdir: “Bizə Yəzid danışdı, bizə Mubarək ibn Fədalə danışdı, o da Əli ibn Zeyddən, o da Əbu Osman ən-Nəhdidən belə dedi: “Mən, Əbu Hureyrənin yanına gəldim və dedim: “Mənə çatdığına görə bir yaxşılığın bir milyon dəfə artdığını demisən, doğrudur?”. O dedi: “Burda təəccüblü nə var ki? Allaha and olsun, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini eşitdim: “Allah bir yaxşılığı iki milyon dəfə artırar”. Əli ibn Zeydin hədislərində münkərlər vardır. Allah ən doğrusunu biləndir.

«Biz hər ümmətdən bir şahid gətirəcəyimiz və səni də onlara şahid gətirəcəyimiz zaman necə olacaq?» Allah təala qiyamət gününün dəhşətindən və vəziyyətin çox gərgin olacağından xəbər verərək buyurur ki, Qiyamət günü hər ümmətdən bir şahid gətirdiyimiz zaman durum necə olacaq? O şahidlər də peyğəmbərlərdir. Allahın salamı onların üzərinə olsun. Allah dedi: “Yer öz Rəbbinin nuru ilə işıqlanacaq, kitab qoyulacaq, peyğəmbərlər və şahidlər gətiriləcəkdir. Onların arasında ədalətlə hökm veriləcək və onlara haqsızlıq edilməyəcəkdir» (əz-Zumər, 69). O dedi: “O gün hər ümmətə özlərindən bir şahid göndərəcəyik, səni də onlara şahid gətirəcəyik. Biz Kitabı sənə hər şey üçün bir izah, müsəlmanlara da doğru yolu göstərən rəhbər, mərhəmət və müjdə olaraq nazil etdik” (ən-Nəhl, 89).

Buxari demişdir: “Bizə Muhəmməd ibn Yusuf danışdı, bizə Sufyan danışdı, o da Aməşdən, o da İbrahimdən, o da Ubeydədən, o da Abdullah ibn Məsuddan, o dedi: Rəsulullah (salləllahu aleyhi və səlləm) mənə belə buyurdu: «Mənə oxu». Mən dedim: «Ey Allahın Rəsulu, sənə necə oxuyum, axı Quran sənə nazil oldu?» O dedi: “Bəli, mən onu başqasından dinləməyi xoşlayıram.” Mən də ona Nisə surəsini oxudum. Bu «Biz hər ümmətdən bir şahid gətirəcəyimiz və səni də onlara şahid gətirəcəyimiz zaman necə olacaq?» ayəsinə gəlincə dedi: “İndi yetər”. Baxdım ki, gözləri yaşardı”.

Bunu Muslim də Aməşin hədisindən bu cür rəvayət etmişdir. Müxtəlif yollardan da İbn Məsuddan rəvayət edilmişdir. O, sənədi kəsik bir rəvayətdir. Bunu Əhməd də Əbu Həyyan və Əbu Razin yolundan bu şəkildə rəvayət etmişdir.

İbn əbu Hatim demişdir: “Bizə Əbubəkr ibn əbu Dünyə danışdı, bizə Salt ibn Məsud əl-Cəhdəri danışdı, bizə Fudeyl ibn Süleyman danışdı, bizə Yunus ibn Muhamməd ibn Fədalə əl-Ənsari danışdı, o da atasından, o dedi: “Atam, Rəsulullaha (salləllahu aleyhi və səlləm) səhabəlik edənlərdən biri idi. Rəsulullah (salləllahu aleyhi və səlləm), onlar Zəfər oğulları ilə birgə ikən yanlarına gəldi. O gün Zəfər oğullarının yanında bir qayaya oturdu. Yanında İbn Məsud, Muaz ibn Cəbəl və bəzi səhabələr var idi. Rəsulullah (salləllahu aleyhi və səlləm) bir oxucuya oxumağı əmr etdi, o da «Biz hər ümmətdən bir şahid gətirəcəyimiz və səni də onlara şahid gətirəcəyimiz zaman necə olacaq?» ayəsinə gəldi. Rəsulullah (salləllahu aleyhi və səlləm) elə ağladı ki, saqqalı və yanaqları titrədi. O dedi: Ey Rəbbim, mən aralarında olduğum müddətdə insanlara şahidlik edərəm, görmədiklərim barəsində necə şahidlik edim?”.

İbn Cərir demişdir: “Mənə Abdullah ibn Muhəmməd əz-Zuhri danışdı, mənə Sufyan danışdı, o da Məsudidən, o da Cəfər ibn Amr ibn Hureysdən, o da atasından, o da Abdullah ibn Məsuddan, o, “Biz hər ümmətdən bir şahid gətirəcəyimiz və səni də onlara şahid gətirəcəyimiz zaman necə olacaq?” ayəsi barəsində Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Mən onların arasında olduğum müddətcə şahidəm. Məni öldürdüyün zaman onların gözətçisi Sən olacaqsan”.

Qurtubi isə ət-Təzkirə kitabı, “Rəsulullahın (salləllahu aleyhi və səlləm) öz ümmətinə şahidliyi” bölümündə belə demişdir: “Bizə İbn Mübarək xəbər verdi, bizə ənsardan bir adam xəbər verdi, o da Minhal ibn Amrdan danışdı ki, o, Səid ibn Musəyyəbdən onun belə dediyini eşitmişdir: ”Elə bir gün yoxdur ki, Rəsulullaha (salləllahu aleyhi və səlləm) səhər və axşam ümməti barəsində çatdırılmasın. Onları adları və işləri ilə tanıyır. Buna görə də onlara şahidlik edir. Allah buyurur: “Biz hər ümmətdən bir şahid gətirəcəyimiz və səni də onlara şahid gətirəcəyimiz zaman necə olacaq?”. Bu nəqldə qopuqluq vardır. Onda adı bilinməyən bir adam vardır. Bu, Səid ibn Musəyyəbin sözüdür, onu Rəsulullaha (salləllahu aleyhi və səlləm) nisbət etməmişdir. Qurtubi isə onu qəbul etmiş və sonra demişdir: “Yuxarıda keçdiyinə görə, əməllər Allaha hər Bazar ertəsi və Cümə axşamı günləri çatdırılır. Peyğəmbərlərə, ata və analara isə Cümə günü çatdırılır”. O belə demişdir: “Bunların arasında ziddiyyət yoxdur, çünki ehtimal edilir ki, Peyğəmbərimizə xüsusi olaraq hər gün çatdırılır. Cümə günü də Peyğəmbərlərlə birlikdə çatdırılır. Allahın salavat və salamı onların üzərinə olsun”.

«O gün kafirlər və Peyğəmbərə asi olanlar yerin altına girməyi arzu edəcəklər. Onlar heç bir sözü Allahdan gizlədə bilməyəcəklər«. Yəni yerin aralanıb onları udmağını istəyirlər. Çünki qiyamətin o qədər qorxusunu görəcəklər və başlarına o qədər rəzillik və bəla gələcək ki, şiddətlə məzəmmət olunacaqlar. Bu, «O gün insan öz əlləri ilə nələr etdiyini görəcək, kafir isə deyəcəkdir: “Kaş mən torpaq olaydım!” (ən-Nəbə, 40) ayəsinə bənzəyir.

Onlar heç bir sözü Allahdan gizlədə bilməyəcəklər” Bu da onların etdikləri hər şeyi etiraf edəcəklərini və Ondan heç bir şey gizlədə bilməyəcəklərindən xəbər verir.

İbn Cərir demişdir: Bizə İbn Humeyd danışdı, bizə Həkkəm danışdı, bizə Amr danışdı, o da Muttarrifdən, o da Minhal ibn Amrdan, o da Səid ibn Cubeyrdən, o, dedi: “İbn Abbasın yanına bir adam gəlib dedi: “Əziz və cəlil olan Allah, qiyamət günü müşriklərin belə dediyini xəbər verir «Allaha and içirik ki, biz müşrik deyildik» (əl-Ənam, 23), başqa ayədə isə buyurur “Onlar heç bir sözü Allahdan gizlədə bilməyəcəklər”. İbn Abbas dedi: «Allaha and içirik ki, biz müşrik deyildik» mənası budur: Onlar yalnız müsəlmanların cənnətə girdiyini görəndə: “Gəlin inkar edək” – dedilər və: «Allaha and içirik ki, biz müşrik deyildik» söylədilər. Allah onların ağızlarını möhürlədi, əlləri və ayaqları danışdı «Onlar heç bir sözü Allahdan gizlədə bilməyəcəklər«.

Əbdurrəzzaq demişdir: “Bizə Mamər xəbər verdi, o da bir adamdan, o da Minhal ibn Amrdan, o da Səid ibn Cubeyrdən, o, dedi: “İbn Abbasın yanına bir kişi gəldi və dedi: “Quranda bəzi fərqli şeyləri görürəm”. O da dedi: “Nədir onlar? Quranda şübhə varmı?» Adam dedi: “Quranda şübhə yoxdur, amma fərqlilik var”. İbn Abbas dedi: “Fərqlilik dediyin şeyi göstər”. Adam dedi: Eşidirəm ki, Allah buyurur “Allaha and içirik ki, biz müşrik deyildik” və buyurur ”Onlar heç bir sözü Allahdan gizlədə bilməyəcəklər”. Axı onlar gizlətmiş olurlar. İbn Abbas dedi: «Sonra onların: “Allaha – Rəbbimizə and olsun ki, biz müşrik olmamışdıq!”– demələrindən başqa bir bəhanələri qalmayacaq» ayəsi belədir: Onlar Qiyamət günü, Allahın müsəlmanlardan başqa kimsəni bağışlamadığını, şirkdən başqa bütün günahları bağışladığını və elə böyük günahları əfv etdiyini gördükdə inkar edərək dedilər “Rəbbimizə and olsun ki, biz müşrik olmamışdıq!”. Bununla da ümid etdilər ki, bağışlanarlar. Allah da ağızlarına möhür vurur, sonra əl və ayaqları etdikləri barəsində xəbər verir. Məhz bu zaman « O gün kafirlər və Peyğəmbərə asi olanlar yerin altına girməyi arzu edəcəklər. Onlar heç bir sözü Allahdan gizlədə bilməyəcəklər«.

Cüveybir də, Dəhhakın belə dediyini rəvayət etmişdir: Nəfi ibn Əzraq, İbn Abbasın yanına gəlib dedi: “Ey İbn Abbas “O gün kafirlər və Peyğəmbərə asi olanlar yerin altına girməyi arzu edəcəklər. Onlar heç bir sözü Allahdan gizlədə bilməyəcəklər” və “Sonra onların: “Allaha – Rəbbimizə and olsun ki, biz müşrik olmamışdıq!”– demələrindən başqa bir bəhanələri qalmayacaq” ayələri arasında fərq yoxdur?” İbn Abbas dedi: “Güman edirəm dostlarının yanından gəlmisən ki, İbn Abbasla Quranın mutəşabihlərini müzakirə edəcəksən. Onların yanına qayıdanda de ki, Allah qiyamət günü insanları bir meydanda toplayacaqdır. Müşriklər deyəcəklər: Allah yalnız Onu təkləşdirəni qəbul edir, gəlin inkar edək. Allah onlardan soruşur və onlar deyərlər: «Rəbbimizə and olsun ki, biz müşrik olmamışdıq”. Allah ağızlarını möhürləyər və bədən üzvlərinin danışmasını istəyər. Bədən üzvləri də müşrik olduqlarını ifadə edər. Məhz o zaman “O gün kafirlər və Peyğəmbərə asi olanlar yerin altına girməyi arzu edəcəklər. Onlar heç bir sözü Allahdan gizlədə bilməyəcəklər”. Bunu İbn Cərir rəvayət etmişdir.