(17-30 ayələr)
Allah təala ayırd etmə günü olan Qiyamət günü haqda xəbər verərək buyurur. O, təyin olunmuç bir vaxtda baş tutacaqdır. Həmin günün vaxtı nə tezləşər, nə də gecikər. Onun dəqiq vaxtını izzət və cəlal sahibi olan Allahdan başqa heç kəs bilə bilməz. Allah təala buyurur ki, “Biz onu yalnız müəyyən bir müddət üçün təxirə salmışıq”. (Hud, 104)
“Sura üfürüldüyü gün dəstə-dəstə gələcəksiniz”. Mucahid bunun zəmrə-zümrə gəlmə mənasını verdiyini demişdir. İbn Cərir isə deyir ki, yəni hər bir ümmət öz peyğəmbəri ilə gələcəkdir. Çünki Allah təala buyurur ki, “Bir gün bütün insanları öz ilə birlikdə çağıracağıq”. (əl-İsra, 71)
Buxarinin Əbu Hureyrədən rəvayət etdiyi hədisdə Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə buyurmuşdur: “İki üfürmənin arası qırxdır”. Bu zaman səhabələr soruşdular: “Qırx günmü?” Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: “Demirəm”. Səhabələr yenə soruşdular: “Qırx aymı?” Peyğəmbər (salləllahu aleyhi və səlləm) yenə “Demirəm” – deyə buyurdu. Səhabələr yenə də soruşdular: “Qırx ilmi?” Bu dəfə də Peyğəmbər (salləllahu aleyhi və səlləm) “demirəm” – dedi və bunları söylədi: “Sonra Allah səmadan bir su endirər, siz də paxla becərilən kimi becərilərsiniz. İnsanın hər yeri çürüyər, ancaq bir sümüyü çürüməz. Bu quyruq sümüyüdür. Qiyamət günü yaradılmışlar ondan təşkil olunacaqlar”.
“Səma qapılarla açılacaq”. Yəni, mələklərin nazil olmaları üçün yollara və keçidlərə ayrılacaq. “Dağlar yerindən qopardılıb ilğıma sevriləcəklər” Allah təala başqa ayələrdə bu mövzuya toxunaraq buyurur: “Dağlara baxıb onları donmuş zənn edərsən, halbuki onlar bulud keçdiyi kimi keçib gedərlər”. Dİgər ayədə uca Allah buyurur: “Dağlar isə didilmiş yun kimi olacaqdır”. (əl-Qariə, 5)
“İlğıma sevriləcəklər” Yəni baxanların gözündə bir şey görsənəcək. Əslində isə heç nə olmayacaq. Bundan sonra isə tamamilə yox olacaq. Nə görünən bir şey, nə də bir iz qalacaq. Allah təala buyurur: “Səndən dağlar haqqında soruşarlar. De: “Rəbbim onları ovxalayıb havaya sovuracaq; Dümdüz bir yer edəcək və sən orada heç bir eniş-yoxuş görməyəcəksən”. (Taha, 105-107) Başqa bir ayədə uca Allah buyurur: “O gün dağları hərəkətə gətirəcəyik. Yeri dümdüz görəcəksən”. (əl-Kəhf, 47)
“Həqiqətən, Cəhənnəm bir pusqudur”. Yəni hazırlanmış bir tələdir. “O, azğınların düşəcəkləri məkandır”. Azğınlar peyğəmbərlər müxalif olan haq yoldan azmış asilərdir. Düşəcəkləri yer onların axır dönüşləri, aqibətləri və məskənləri olacaq. Həsən və Qatədə “Həqiqətən, Cəhənnəm bir pusqudur” ayəsi haqda deyirlər ki, heç kəs Cəhənnəmdən keçməmiş, Cənnətə daxil olmayacaq. Kimin keçid izni olsa, keçəcək, izni olamayanlar isə orada tutulacaqlar. Süfyan əs-Sövri deyir ki, Cəhənnəm üzərində üç körpü var.
“Onlar sonsuz müddət boyunca orada qalacaqlar”. Orada onlar sonsuz müddət qalacaqlar. Ayədə (أحقابا ) deyə qeyd olunan sonsuz müddət ifadəsi ərəbcədə (حقُب — huqb) sözünün cəmidir. Bu söz vaxtın bir hissəsi kimi məna daşısa da nə qədər olduğu haqda müxtəlif görüşlər mövcuddur. İbn Cərir Salim ibn Əbul Cəddən nəql edir ki, Əli ibn Əbu Talib Hilal Həcəriyə belə demişdi: Allahın nazil olan kitabındakı “huqb” sözünün nə məna daşıdığını bilirsiniz?” O isə belə cavab vermişdi: “Biz onun səksən il, hər ilin on iki ay, hər ayın otuz gün, ancaq hər günün min il olduğunu bilirik”.
Habelə Əbu Hureyrə, Abdulla ibn Amr, İbn Abbas, Səid ibn Cubeyr, Amr ibn Meymun, Həsən, Qatədə, Rəbi ibn Ənəs və Dahhakdan da bu cür nəql olunmuşdur. Həsən və Suddidən nəql edilir ki, daha yetmiş ildə əlava var. Abdulla ibn Amrdan nəql olunur ki, “huqb” hər gününü hesabınızda min il tutduğunuz qırx ildir. Hər ikisini də Əbu Hatim rəvayət etmişdir.
Buşeyr ibn Kəb demişdir ki, mənə bildirilənə görə, üç yüz il, hər il üç yüz altmış gün, hər gün də min il kimidir. Bunu İbn Cərir və İbn Hatim rəvayət etmişlər.
Sonra İbn Əbu Hatim nəql edərək bildirir ki, Ömər ibn Əli Əbu Uməmədən sözügedən ayə haqda Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Huqb min aydır. Onun hər ayı otuz gün, ili on iki ay, üç yüz altmış gün, hər günü isə sizin hesabınızla min ildir. Huqb otuz min dəfə min ildir”. Bu mütləq şəkildə inkar olunan rəvayətdir. İstər hədisin sənədindəki Qasim, istərsə də ondan rəvayət edən Cəfər ibn Zubeyr rəvayətləri qəbul olunmayan kəslərdir.
Bəzzar Süleyman ibn Muslim Əbul Muallinin Süleyman Təmimidən belə soruşduğunu nəql etmişdir: “Oddan kimsə çıxacaqmı?” O isə dedi: “Nafi mənə danışmışdırki, İbn Ömər Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə dediyini eşitmişdir: “Allaha and olsun ki, heç kim Cəhənnəmdə uzun bir müddət (huqb) qalmadıqca oradan çıxmaz”. Özü isə demişdir ki, huqb səksən ildən artıqdır. Hər il isə hesabınıza görə, üç yüz altmış gündür. Süleyman ibn Muslim Bəsrəli tanınmış şəxsiyyətdir.
Suddi “Onlar orada sonsuz müddət boyunca qalacaqlar” ayəsinin təfsirində deyir ki, bu müddət yeddi yüz huqbdur. Onun hər biri yetmiş il, hər il üç yüz altmış gün, hər gün də sizin hesabınıza görə min ildir.
Muqatil ibn Heyyan demişdir ki, bu ayə Allah təalanın “İndi dadın, Biz sizin üçün əzabdan başqa heç nə artırmayacağıq” ayəsi ilə nəsx olunmuşdur.
Xalid ibn Mədan demişdir: “Bu və “Rəbbinin istədiyi istisna olmaqla” (Hud, 107) ayəsi tövhid əhli haqqındadır”. Hər iksini İbn Cərir nəql etmiş və demişdir: “Oa bilsin ki, “Onlar orada sonsuz müddət boyunca qalacaqlar” ayəsi Allah təalanın “Onlar orada heç bir sərinlik, heç bir içki dadmayacaqlar” ayəsi ilə əlaqəlidir. Bundan sonra da Allah onlara başqa şəkildə və başqa növdə əzab hazırlayacaq. Doğru olan rəy əzabın sonunun olmamasıdır. Qatədə və Rəbi ibn Ənəs də bu cür qeyd etmişlər. daha öncə bunu xatırlatdıq.
Məhəmməd ibn Əbdürrəhim əl-Bərqi nəql edir ki, Salim Həsəndən Allah təalanın “Onlar orada sonsuz müddət boyunca qalacaqlar” ayəsi haqda soruşmuş, o da belə cavab vermişdi: “Sonsuz müddət deyiləndə sayılmayan və əbədi olan bir müddət nəzərdə tutulur. Lakin onu da qeyd etmişlər ki, bu müddət hər günü min il olan yetmiş ildən ibarətdir.
Səid Qatədədən nəql edərək bildirir ki, Allah təala buyurur: “Onlar orada sonsuz müddət boyunca qalacaqlar”. Bu müddətin sonu yoxdur. Hər dəfə qurtardıqca, yeni bir müddət əlavə olunacaq. Bizə deyilənə görə, bu müddət səksən ildir.
Rəbi İbn Ənəs deyir ki, “bu müddətlərin sayının nə qədər olduğu məlum deyil. Lakin müddətin birinin sayı səksən ildir. Hər il üç yüz altmış gün hər gün də sizin hesabınızla min ildir”. Bu iksini də İbn Cərir nəql etmişdir.
“Onlar orada heç bir sərinlik, heç bir içki dadmayacaqlar”. Yəni onlar Cəhənnəmdə qəlblərini sərinlədəcək bir şey tapa bilməyəcəkləri kimi, içmək üçün də gözəl içkilərdən dadmayacaqlar. Ona görə də Allah təala buyurur ki, “Qaynar su və irindən başqa”. Əbul Aliyə deyir ki, Allah təala sərinlikdən qaynar suyu, içkidən isə irini istisna olaraq çıxartdı. Rəbi İbn Ənəs də belə qeyd etmişdir. Ayədəki qaynar su ifadəsi hərarəti ən son həddə çatmış sudur. İrin isə Cəhənnəm əhlinin yara-xoralarından axan irindən, onların tərlərindən, göz yaşlarından və qanlarından ibarət olan qatı mayedir. O, suyuqdur, ancaq şiddətli soyuqluğuna görə dözülməz, pis qoxusuna görə yaxınlaşıla bilməz. Sad surəsində bu irin haqda lazimi məlumat verilib. Ona görə də təkrara ehtiyac yoxdur. Uca Allah Öz lütfü və mərhəməti ilə bizi bundan qorusun!
İbn Cərir deyir ki, bəzilərinin sölərinə görə, “Onlar orada sərinlik dadmayacaqlar” ayəsində məqsəd onların Cəhənnəmdə yata bilməyəcəkləridir”. İbn Cərir bunu özü qeyd etsə də kiməsə isnad etməyib. Bunu İbn Əbu Hatim Siddi vasitəsi ilə Murradan nəql etmişdir. Onu Mucahiddən də nəql etmişdir. Bəğəvi də Əbu Ubeydə və Kisaidən bu cür rəvayət etmişdir.
“Müvafiq cəza kimi” Yəni bu əzab onların dünyada etdikləri fəsadlı əməllər uyğun olaraq tətbiq olunur. Bu fikri Qatədə, Mucahid və bir neçə nəfər qeyd etmişlər.
“Axı onlar sorğu-suala çəkilməyi hesaba almırdılar”. Onlar inanmırdılar ki, əməllərinin qarşılığını alacaqları, hesaba çəkiləcəkləri bir gün olacaq. “Ayələrimizi də bacardıqca yalan sayardılar”. Həmçinin, onlar Allahın Öz peyğəmbərlərinə göndərdiyi və yaratdıqlarına lütf etdiyi dəlil və sübutları təkzib edir, onlara qarşı inadkarlıq və təzyiq göstərirdilər.
“Biz hər şeyi hesablayıb yazmışıq”. Yəni biz bütün bəndələrin əməllərini bilirdik, bunları yazdıq və bunlara əsasən də cəzalandıracağıq. Əgər xeyir işlədibsə, xeyir görəcək, şərr işlədibsə, şərr görəcək.
“Elə isə dadın, Biz sizin üçün əzabdan başqa heç nə artırmayacağıq”. Cəhənnəm əhlinə deyiləcək: İçərisində olduğunuz şeydən dadın! Biz sizin üçün yalnız buna oxşar əzablar artıracağıq. Allah təala bu haqda buyurur: “Ona bənzər daha başqa-başqa (əzablar) vardır”. (Sad, 58)
Qatədə Əbu Əyyub əl-Əzdidən nəql edir ki, Abdulla ibn Amr belə demişdir: “Cəhənnəm əhlinə bu ayədən daha ağır əzablı ayə nazil olmamışdır. Onların əzabı davamiyyətli olaraq çoxaldılacaq.
Əbu Hatim deyir: Məhəmməd ibn Məhəmməd ibn Musab Həsəndən nəql edərək bizə bildirir ki, Əbu Bərza əl-Əsləmiyə Cəhənnəm əhli üçün Allahın kitabında ən ağır hansı ayənin olduğunu soruşdum. O isə cavabında Peyğəmbərin (salləllahu aleyhi və səlləm) bu ayəni oxuduğunu eşitdiyini söylədi: “İndi dadın, Biz sizin üçün əzabdan başqa heç nə artırmayacağıq”. İnsanlar izzət və cəlal sahibi olan Allaha asiliklər etdiklərinə görə həlak oldular. Bu hədisin raviləri arasında olan Cəsir ibn Fərqad hədisləri bütünlüklə zəif olan rəvayətçidir.