Həqiqətən, günahkarlar möminlərə gülürdülər

  “Həqiqətən, günahkarlar möminlərə gülür, yanlarından keçərkən bir-birinə qaş-göz edirdilər”. Allah təala günahkarlar barəsində xəbər verərək onların dünyada möminlərə gülüb onları ələ saldıqlarını və alçaltmağa çalışdıqlarını, habelə onlarla qarşılaşarkən sataşmaq məqsədi ilə göz-qaş edib bir-birilərinə işarə etdiklərini bəyan edir. Onlar “Ailələrinin yanına qayıtdıqda isə əylənərək qayıdırdılar”. Həmin günahkarlar evlərinə qayıtdıqda kefləri kök qayıdardılar. Çünki bununla hədəfləri olan möminləri incitməyə nail olardılar. Allahın onlara bəxş etdiyi nemətlərə şükr etməz, möminləri qısqanar və ancaq onlarla məşğul olardılar. Sonra Allah təala buyurur ki, “Onları gördüklərində: “Doğrusu, bunlar azmışlardır!” – deyirdilər”. Yəni möminlər onların dinlərinə tabe olmadıqları üçün belə deyərdilər.

Allah təala buyurr ki, “Halbuki onlara gözətçi göndərilməyiblər”. Yəni həmin günahkarlar möminlərin nə etdiklərinə, nə dediklərinə nəzarət etmək üçün göndərilməyiblər və onlara görə də məsuliyyət daşımırlar. Elə isə nə üçün gözlərini dikib işlərini, peşələrini möminlərə əziyyət verməyə həsr etmişdilər. Necə ki, Allah təala buyurur: “Allah buyurar: “Zəlil vəziyyətdə orada qalın və Mənimlə danışmayın!” Həqiqətən, qullarımdan elə bir zümrə var idi ki, onlar: “Ey Rəbbimiz! Biz iman gətirdik. Elə isə, bizi bağışla və bizə rəhm et! Sən rəhm edənlərin ən xeyirlisisən!” — deyirdilər. Ancaq siz onları məsxərəyə qoyurdunuz. Nəhayət, Məni anmağı sizə unutdurdu. Siz də onlara gülürdünüz. Şübhəsiz ki, bu gün Mən səbir etdiklərinə görə onları mükafatlandırdım. Onlar əsil uğur qazananlardır.” (əl-Muminun, 108-111). Sonra Allah təala buyurur ki, “Bu gün isə möminlər kafirlərə güləcəklər”. Yəni kafirlərin dünyada ikən möminlərə güldüklərinin əvəzində möminlər də Qiyamət günü onlara güləcəkdir. “Taxtlar üstündə tamaşa edəcəklər”. Yəni günahkarların onları azmışlar adlandırmasının müqabilində onlar taxtlar üstündə əyləşərək izzət və cəlal sahibi olan Rəblərinə baxacaqlar. Çünki onlar azmamışdılar, əksinə Allahın Ona yaxın olan dostları idilər. Ona görə də Onun bəxş etdiyi məqamlarda Ona tamaşa edəcəklər. Sonra Allah təala buyurur ki, “Görəsən, kafirlər etdiklərinin cəzasını aldılarmı?!” Həmin kafirlər möminləri lağa qoyub alçaltmalarının əvəzi olaraq cəzalarına çatdılar, yoxsa yox. Yəni onlar heç şübhəsiz ki, layiq olduqları əsl cəzaya düçar oldular.

Əl-Mutaffifin surəsinin təfsiri başa çatdı. Həmd və səna Allaha məxsusdur.