Allah təala mömin qulları barədə xəbər verərək buyurur: “Həqiqətən, iman gətirib yaxşı əməllər edən kimsələr üçün altından çaylar axan cənnətlər vardır”. Allah təala onların düşmənlərinə hazırladığı odlu-alovlu əzabın əksinə olaraq möminlər üçün bu cür nemətlər hazırlamışdır. Ona görə də Allah təala buyurdu ki, “Bu, böyük qurtuluşdur”. Daha sonra Allah təala buyurur: “Doğrudan da sənin Rəbbinin yaxalaması çox şiddətlidir”. Yəni peyğəmbərləri yalanlayan və əmrinə zidd olan düşmənlərə qarşı Allahın yaxalaması və intiqamı olduqca şiddətli və amansız olacaqdır. Çünki Allah təala güc və qüvvət sahibidir. Onun istədiyi hər şey gözü açıb-qapayana və ya ondan da tez bir zaman kəsiyində baş verər, istəmədikləri isə olmaz. Ona görə də Allah təala buyurdu: “Həqiqətən, ilkin yaradan və təkraralayan Odur!” Yəni O, ilk dəfə yaratmış və əvvəl yaratdığı kimi yenidən təkrarən heç bir maneə və qarşı çıxan olmadan yaradacaqdır. Bu Onun qüdrətinə və əzəmətinə dəlalət edən bir haldır. “O çox bağışlayandır, çox sevəndir”. Yəni O, tövbə edib Ona boyun əyən hər kəsin günahlarını bağışlayır. Günah nə olursa olsun, böyüklüyündən və növündən asılı olmayaraq Allah təala günahları bağışlayandır. Ayənin ərəbcəsində ikinci söz olan (vadud) sözü barəsində İbn Abbas və digərləri demişlər ki, Sevəndir. Daha sonra uca Allah buyurur: “Ərşin sahibidir” Yəni bütün məxluqatın üstündə dayanan əzəmətli və uca ərşin sahibidir. “Şanlıdır”. Ərəbcəsi (Məcid) kimi tələffüz edilən bu kəlmə iki qirətdə oxunmuşdur: adlıq halda, izzət və cəlal sahibi Rəbbin sifəti kimi; və yiyəlik halda, ərşin sifəti kimi; Hər ikisi məna etibarilə doğrudur. “İstədiyini edəndir”. Yəni istədiyi hər şeyi edər. Onun etdiklərinin hikməti, səbəbi soruşulmaz, etdiklərinə görə sorğu-suala məruz qalmaz. Əzəməti, gücü, hikməti və ədaləti ilə heç kim Onu etdiklərinə görə günahkar çıxarda bilməz. Necə ki, rəvayətə görə, Əbu Bəkr əs-Siddiq ölüm xəstəliyinə tutulduğu vaxt ondan: “sənə həkim baxdımı?” – deyə soruşulduqda, cavab vermişdi ki, “bəli!” Soruşanda ki, “bəs nə dedi?” Əbu Bəkr əs-Siddiq belə cavab verdi: “Mənə dedi ki, Mən istədiyimi edənəm”.
Daha sonra Allah təala buyurdu: “Orduların əhvalatı sənə çatdımı — Fironun və Səmudun?” Yəni Fironun və Səmudun başına gələn bəlanın və heç kimin uğradılmadığı intiqamın xəbəri sənə gəlib çatdımı. Heç kəs onlardan bu bəlanı dəf edə bilmədi. Bu, Allah təalanın “Doğrudan da sənin Rəbbinin yaxalaması çox şiddətlidir” kəlamının həyata keçməsidir. Yəni Rəbbim zalımları yaxaladığı vaxt çox şiddətli və amansız şəkildə yaxalayar. O, izzət sahibidir, hər şeyə qadirdir.
İbn Əbu Hatim deyir: Əli ibn Muhəmməd ət-Tənafusi, Əbu Bəkr ibn İyaş vasitəsilə Əbu ishaqdan, o da Amr ibn Meymundan rəvayət edir ki, Peyğəmbər (s) “Orduların əhvalatı sənə çatdımı — Fironun və Səmudun?” ayəsini oxuyan bir qadının yanından keçirdi. Dayandı və ona qulaq asmağa başladı. Sonra dedi: “Bəli, mənə gəlib çatdı”.
Daha sonra Allah təala buyurur: “Xeyr, kafir olanlar elə hey yalan sayarlar”. Yəni onlar şək-şübhə və küfr içərisindədirlər, elə hey inad edərlər. “Allah onları arxalarından əhatə etmişdir”. Yəni Allah onların üzərində hakimdir, qalibdir. Allahın onlara gücü çatar, onları məhv edə bilər, onlar isə Allahın əzabından, intiqamından qaçıb canlarını qurtara bilməzlər.
“Xeyr, o şanlı Qurandır!” Yəni əzəmətli və kərim olan Qurandır. “O, lövhi-məhfuzdadır!” Yəni Quran yüksək mövqelərdə mühafizə olunur. Əlavədən, əksiklikdən, təhrif və ya təvildən qorunur.
İbn Cərir deyir: Amr ibn Əli, Qurra ibn Süleyman vasitəsilə Hərb ibn Sureycdən, o da Əbdüləziz ibn Suheybdən nəql edir ki, Ənəs ibn Malik Allah təalanın “Xeyr, o şanlı Qurandır. O, lövhi-məhfuzdadır!” kəlamı haqda demişdir: “Bu, İsrafilin qarşısındadır”.
İbn Əbu Hatim deyir: Atam, Əbu Saleh vasitəsilə Muaviyə ibn Salehdən nəql edir ki, Əbul Əbas (o, Əbdürrəhman ibn Salmandır.) demişdir: “Allahın verdiyi hər şey Qurandan əvvəl və sonra mütləq Lövhi-məhfuzdadır. Qorunan bu lövhə İsrafilin iki gözünün qarşısındadır. Ancaq İsrafilə ona baxmaq icazəsi verilməyib.
Həsən əl-Basri demişdir: “Bu şanlı Quran Allah dərgahında lövhi-məhfuzdadır. Ondan istədiyi qədərini istədiyi qullarına nazil edər”. Bəğəvi, İshaq ibn Bişr vasitəsilə Muqatil və İbn Cureycdən, onlar da Mucahiddən nəql edirlər ki, İbn Abbas demişdir: “Bu lövhənin üzərində “Təkcə Allahdan başqa ilah yoxdur. Onun dini İslamdır. Muhəmməd isə Onun qulu və elçisidir. Kim Allaha inanar, vədini yerinə yetirər və peyğəmbərlərinə tabe olarsa, Allah təala onu Cənnətə daxil edər”. Daha sonra İbn Abbas deyir ki, “Bu, ağ incidən ibarət olan bir lövhədir. Uzunluğu göylə yerin arasındakı məsafə qədərdir. Genişliyi isə məşriqlə məğrib arasındakı məsafə qədərdir. Altı inci və yaqutdan, səhifələri qırmızı yaqutdan, qələmi isə nurdandır. Sözü Ərşə bağlıdır, əsası mələyin qucağındadır”.
Muqatil deyir ki, “Lövhi-məhfuz Ərşin sağındadır”. Təbərani deyir: Muhəmməd ibn Osman ibn Əbu Şeybə, Mincab ibn Haris vasitəsilə İbn Abbasdan rəvayət edir ki, Allahın elçisi (s) buyurmuşdur: “Allah təala ağ incidən qorunan bir lövhə (lövhi-məhfuz) yaratdı. Onun səhifələri qırmızı yaqutdandır. Qələmi nur, yazısı nurdur. Allahın onda hər gün üç yüz altmış anı vardır. Yaradar, ruzi verər, öldürər, dirildər, izzətləndirər, zəlil edər və istədiyini edər”.
“Əl-Buruc” surəsinin təfsiri başa çatdı. Həmdü-səna Allaha məxsusdur.