Həqiqətən, xeyirxahlar Nəimdə

Allah təala Ona asi olmayıb, əksinə izzət və cəlal sahibi Allaha itaət edən xeyirxahların əldəe dəcəyi nemətlər barəsində xəbər verir. İbn Asəkir “Musa ibn Muhəmmədin Tərcümeyi hal”ında Hişam ibn Amma vasitəsilə Abdulla ibn Ömərdən nəql edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə buyurmuşdur: “Allah onlara xeyirxahlar adını vermişdir. Çünki onlar atalarına və övladlarına xeyirxah olmuşlar”. Daha sonra Allah təala günahkarların düçar olacağı əbəbi əzabı – Cəhənnəmi xatırladır və buyurur: “Din günü ora daxil olacaqlar”. Yəni haqq-hesab və əməllərin qarşılığının veriləcəyi Qiyamət günü Cəhənnəmə daxil olacaqlar. “Onlar orada yox olmayacaqlar”. Yəni onlar əzabdan bir saat belə olsun xilas ola bilməyəcək, əzabları yüngülləşməyəcək, bir gün də olsun, istəyəcəkləri ölüm və rahatlıq onlara verilməyəcək. Sonra Allah təala buyurur: “Sən Din gününün nə olduğunu hardan bilə bilərsən?” Yəni onun əzəmətini sən təsəvvür edə bilməzsən. Daha sonra Allah təala yenə də təkidlə bildirir ki, “Bəli, sən Din gününün nə olduğunu hardan bilə bilərsən?” Bu ayəni Allah təala sonrakı ayə ilə təfsir edərək buyurur: “O gün heç kəs heç kəsə fayda verə bilməyəcək”. Heç kəs digərinə fayda vermək qüdrətinə malik olmayacaq, heç kəsi düşdüyü vəziyyətdən xilas edə bilməyəcək. Allahın dilədiyi və razı qaldığı kəslərə fayda verib xilas etmə izni verməsi isə istisnadır. Bu haqda aşağıdakı hədisi qeyd edək. Allah elçisi buyurur ki, “Ey Haşim oğulları, özünüzü oddan qoruyun! Mən Allaha qarşı sizə heç bir fayda verə bilmərəm”. Əş-Şuara surəsinin təfsirinin sonunda bu hədis qeyd edilmişdi. “O gün hökm Allaha məxsusdur!”  Buna oxşar bir neçə ayələr mövcuddur. Belə ki, Allah təala buyurur: “Bu gün hökm kimindir?” “Bir olan, qalib olan Allahındır!” (əl-Mumin, 6) Həmçinin, Allah təala buyurur: “O gün həqiqi hökmranlıq (mülk) ancaq Rəhmana məxsusdur; o, kafirlər üçün isə çətin bir gün olacaqdır”. (Əl-Furqan, 26) Həmçinin, “Din günün sahibi!” (əl-Fatihə, 4) Qatədə “O gün heç kəs heç kəsə fayda verə bilməyəcək. O gün hökm Allaha məxsusdur!” ayəsi haqda demişdir: “Allaha and olsun ki, həmin gün hökm Allaha məxsus olacaqdır. Həmin gün orda heç kəs Onunla mübahisə etmək cürətinə malik olmayacaq.

Əl-İnfitar surəsinin təfsirinin sonu. Həmd və səna Allaha məxsusdur. Müvəffəqiyyət nəsib edən Odur.