Hər bir kəs ölümü dadacaqdır. Lakin Qiyamət günü mükafatlarınız sizə tam veriləcəkdir. Kim Oddan uzaqlaşdırılıb, Cənnətə daxil edilərsə, o uğur qazanmış olar. Dünya həyatı isə aldadıcı ləzzətdən başqa bir şey deyildir.

Allah təala bütün yaratdıqlarını qəsd edərək hər nəfsin ölüm dadacağını xəbər verir. Bu ayədə belədir: “üzündə olan hər kəs ölümə məhkumdur,Ancaq Rəbbinin əzəmətli və kəramətli Üzü əbədidir” (Ər-Rahmən, 26-27). Təkcə Allah təala (əbədi) diridir və O, ölməzdir. Cinlər və insanlar isə ölürlər. Mələklər və Ərşi daşıyanlar da ölürlər. Bəqa və davamlılıq yalnız Vahid, Əhəd, Qahhara məxsusdur. O əvvəl olduğu kimi, son olacaq.

Bu ayədə bütün insanlar üçün təsəlli vardır, çünki yer üzündə ölməyəcək kimsə qalmayacaq. Vaxtı gələndə Allahın Adəmin belindən yaratdıqları bitəndən sonra, Allah qiyaməti qoparar və məxluqatı önəmli və önəmsiz, çox və az əməllərinə görə cəzalandırar. Heç kəsə zərrə qədər haqsızlıq edilməz: “Lakin Qiyamət günü mükafatlarınız sizə tam veriləcəkdir”.

İbn Əbu Hatim demişdir: Bizə atam danışdı, bizə Əbduləziz Uveysi danışdı, bizə Əli ibn əbu Əli əl-Lihbiy danışdı, o da Cəfər ibn Muhəmməd ibn Əli ibn Huseyndən, o da atasından, o da Əli ibn Əbu Talibdən (radiyallahu ənh), o deyir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) vəfat edib təziyə başlayanda, bir nəfər gəldi. Onun səsi eşidilirdi, özü görsənmirdi. O dedi: “Ey əhli beyt, Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun “Hər bir kəs ölümü dadacaqdır. Lakin Qiyamət günü mükafatlarınız sizə tam veriləcəkdir”. Bunda hər müsibətə düçar olan üçün bir təziyə, hər ölən üçün xələf, hər itki üçün bir təsəllisi vardır. Siz də Allaha güvənin yalnız Ona ümid edin. Çünki əsil müsibət savabdan məhrum olmaqdır. Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun.

Cəfər ibn Muhəmməd demişdir: Mənə atam xəbər verdi ki, Əli İbn əbu Talib demişdir: “Onun kim olduğunu bilirsiz? Bu Xızırdır (aleyhi salam).

Kim Oddan uzaqlaşdırılıb, Cənnətə daxil edilərsə, o uğur qazanmış olar” yəni kim atəşdən uzaqlaşdırılıb, cənnətə daxil olarsa, əsil mənada xilas olar.

İbn əbu Hatim demişdir: Bizə atam danışdı, bizə Muhəmməd ibn Abdullah əl-Ənsari danışdı, bizə Muhəmməd ibn Amr ibn Əlqamə danışdı, o da Əbu Sələmədən, Əbu Hureyrədən (radiyallahu ənh), Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: Cənnətdə bir qırmanc qədər yer, dünya və içindəkilərdən daha xeyirlidir. İstəsəniz bu ayəni oxuyun ”Kim Oddan uzaqlaşdırılıb, Cənnətə daxil edilərsə, o uğur qazanmış olar”.

Bu iki Səhihdə başqa yoldan bu əlavə olmadan sabit olmuşdur. Bunu bu əlavə olmadan Əbu Hatim, İbn Hibban da səhihində və Hakim Mustədrəkində Muhəmməd ibn Amr hədisindən rəvayət etmişdir. Bunu İbn Mərduveyhdə başqa bir yoldan rəvayət etmiş və demişdir: Bizə Muhəmməd ibn Əhməd ibn İbrahim danışdı, bizə Muhəmməd ibn Yəhya danışdı, bizə Humeyd ibn Məsadə danışdı, bizə Amr ibn Əli danışdı, o da Əbu Həzimdən, Səhl ibn Saddan, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: Cənnətdə qırmancınız qədər yer dünya və içindəkilərdən daha xeyirlidir, sonra bu ayəni oxudu ”Kim Oddan uzaqlaşdırılıb, Cənnətə daxil edilərsə, o uğur qazanmış olar”.

Yalnız müsəlman olaraq ölün” (Ali-İmran, 102) ayəsində bu hədis keçmişdir: İmam Əhməd demişdir: Vəki ibn Cərrahdan, o da Aməşdən, o da Zeyd ibn Vəhbdən, o da Əbdurrahmən ibn Əbdurabbilkəbədən, o da Abdullah Amr ibn Asdan, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: Kim cəhənnəmdən uzaqlaşıb cənnətə girmək istəsə, Allaha və axirətə iman gətirərək ölsün və özünə istədiyi şeyi insanlara da istəsin.

Dünya həyatı isə aldadıcı ləzzətdən başqa bir şey deyildir”: Bu dünyanı kiçiltmək və onu gözdən salmaqdır. O adi, fani, azdır və keçicidir. Allah təala buyurduğu kimi: “Xeyir, siz dünya həyatını seçirsiz, axirət isə daha xeyirli və sürəklidir” (Alə, 16-17). Və buyurur: “Halbuki dünya həyatı axirətlə müqayisədə keçici bir zövqdür” (Rad, 26); “Sizdə olan nemətlər tükənəcək, Allahın dərgahında olan nemətlər isə daim qalacaqdır” (Nəhl, 96); “Sizə verilən hər şey ancaq dünya həyatının keçici zövqü və onun bərbəzəyidir. Allah yanında olanlar isə daha xeyirli və daha sürəklidir” (Qasas, 60). Hədisdə deyilmişdir: “Allaha and olsun ki, axirət nisbətində dünya, birinizin barmağını dənizə batırdığı zaman barmağına bulaşan su qədərdir. Bax gör ona nə ilə qayıdırsan.”

Qatadə “Dünya həyatı isə aldadıcı ləzzətdən başqa bir şey deyildir” ayəsi barəsində demişdir: O bir ləzzətdir, o bir ləzzətdir, tərk edilibdir. Allaha and olsun ki, o tez bir zamanda sahiblərinin əlindən silinib gedəcək. Gücünüz çatdığı qədər bu ləzzətdən Allaha itaət olanını alın. Güc də yalnız Allah ilədir.

Siz hökmən malınız və canınızla sınaqdan keçiriləcəksiniz” kəlmələri bu ayələr kimidir: “Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbr edənlərə müjdə ver.O kəslər ki, onlara bir müsibət üz verdikdə: “Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!”– deyirlər” (Bəqərə, 155, 156). Yəni mömin mütləq malından, canından və ya ailəsindən sınanacaq. Mömin də dini qədər imtahan ediləcək. Əgər dinində möhkəm olsa sınağı artırılar.

Sizdən əvvəl Kitab verilənlərdən və müşriklərdən bir çox əziyyətverici sözlər eşidəcəksiniz” Allah Mədinəyə gələn möminlərə Bədir döyüşündən əvvəl əhli-kitab və müşriklərdən çəkdikləri əziyyətlərə qarşı təsəlli verərək və Allah aydınlığa çıxarana qədər bağışlayıb səbr etmələrini buyuraraq deyir: “Əgər səbr edib qorxsanız, bu, əzmkar əməllərdəndir”.

İbn Əbu Hatim demişdir: Bizə atam danışdı, bizə Əbul-Yəmən danışdı, bizə Şuəyb ibn əbu Həmzə danışdı, o da Zuhridən, mənə Urvə ibn Zubeyr xəbər verdi ki, Usamə ibn Zeyd ona xəbər verib dedi: Rəsulullahın (salləllahu aleyhi və səlləm) səhabələri müşrik və əhli-kitabı bağışlayar, əziyyətlərinə də səbir edərdilər. Allah təala buyurdu: “Sizdən əvvəl Kitab verilənlərdən və müşriklərdən bir çox əziyyətverici sözlər eşidəcəksiniz.” O dedi: “Allahın onlar barədə izni gələnə qədər Rəsulullah (salləllahu aleyhi və səlləm), Allah ona nə əmr verərdisə, əfv xüsusunda yozardı.” İbn Əbu Hatim bunu qısa rəvayət etmişdir. Buxari də bunu bu ayənin təfsirində uzun olaraq rəvayət etmiş və demişdir: Bizə Əbul-Yəmən nəql etdi, bizə Şuəyb xəbər verdi, o da Zuhridən, mənə Urvə ibn Zubeyr xəbər verdi ki, Usamə ibn Zeyd ona belə xəbər verdi: Rəsulullah (salləllahu aleyhi və səlləm) Bədirdən əvvəl Fədək məxməri ilə örtülmüş uzunqulağa minərək Usamə ibn Zeydi arxasına otuzdurdu. Haris ibn Xəzrəc oğullarından xəstə olan Sad ibn Ubadəni ziyarət etmək üçün getdi. Bu, Bədirdən əvvəl olmuşdu. O dedi: Abdullah ibn Ubey ibn Səlulun olduğu məclisin yanından keçdi. Bu, Abdullah ibn Ubeyin müsəlman olmadığı zaman baş vermişdir. Məclisdə qarışıq vəziyyətdə müsəlmanlar və müşriklər var idi. Onlar bütlərə ibadət edənlər, yəhudilər və müsəlmanlar idilər. Məclisdə Abdullah ibn Rəvaha da var idi. Uzunqulağın tozu məclisi bürüyəndə Abdullah ibn Ubey burnunu tutub dedi: “Toz etməyin.” Rəsulullah (salləllahu aleyhi və səlləm) salam verib dayandı. Minikdən endi, onları əziz və cəlil olan Allaha dəvət etdi, onlara Quran oxudu. Abdullah ibn Ubey dedi: “Ay kişi, şübhəsiz ki, dediyin daha yaxşı bir şey deyil. Əgər haqdırsa, bizi məclisimizdə narahat etmə. Evinə qayıt. Kim yanına gələrsə, ona danış.” Abdullah ibn Rəvaha dedi: “Xeyr, ey Rəsulullah, sən həmişə məclisimizə gəl, bu bizə xoşdur.” Müsəlmanlar, müşriklər və yəhudilər bir-biri ilə pis danışdılar. Az qala bir-birinin üstünə cumsunlar. Rəsulullah (salləllahu aleyhi və səlləm) durmadan onları sakitləşdirdi, nəticədə susdular. Sonra Rəsulullah (salləllahu aleyhi və səlləm) heyvanına mindi və getdi. Sad ibn Ubadənin yanına girdi. Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: “Ey Sad, Əbu Hubabın — Abdullah ibn Ubeyi qəsd edirdi – dediyini eşitdinmi? Mənə belə dedi.” Sad dedi: “Ey Rəsulullah onu əfv et və bağışla. Sənə Kitabı nazil edən Allaha and olsun ki, Allahın sənə nazil etdiyi haqdır. Bu kiçik xalq[1] səndən əvvəl ona taclarını və libaslarını geyindirməyə razı idi. Allah haqqı sənə verməklə bunu istəmədikdə, boğazında qaldı. Gördüyün kimi o, buna görə belə etdi. Rəsulullah (salləllahu aleyhi və səlləm) də onu bağışladı.

Rəsulullah (salləllahu aleyhi və səlləm) ilə səhabələri Allahın əmr etdiyi kimi müşrikləri və əhli kitabı əfv edərdilər və verdikləri əziyyətlərə dözərdilər. Allah buyurdu: “Sizdən əvvəl Kitab verilənlərdən və müşriklərdən bir çox əziyyətverici sözlər eşidəcəksiniz”. Və buyurdu: “Kitab əhlindən bir çoxu həqiqəti bildikdən sonra da, paxıllıqları üzündən sizi, siz iman gətirdikdən sonra kafirliyə qaytarmaq istəyərlər. Allah Öz əmri ilə gəlincəyə qədər bağışlayın və baş qoşmayın. Həqiqətən, Allah hər şeyə qadirdir” (Bəqərə, 109). Rəsulullah (salləllahu aleyhi və səlləm) Allah icazə verənə qədər əfv xüsusunda yumşaq davranırdı. Rəsulullah (salləllahu aleyhi və səlləm) Bədir yürüşünü edib, Allah onun vasitəsilə Qureyşin irəlidə gedən kafirlərini öldürəndə Abdullah ibn Ubey və yanındakı müşriklər və bütpərəstlər: “Bu artıq vacib oldu” – deyərək Rəsulullaha (salləllahu aleyhi və səlləm) beyət etdilər. Müsəlman oldular.

Buna görə haqqı tutan və yaxşılığı əmr edən yaxud pisliyi qadağan edən hər kəs mütləq əziyyət çəkəcək. Bunun tək əlacı Allah üçün səbir etməkdir. Allahdan kömək istəyib, əziz və Cəlil olan Allaha dönməkdir.

[1] Mədinə şəhəri nəzərdə tutulur.