Allah onların qəlblərini və qulaqlarını möhürləmiş, gözlərinə də pərdə çəkmişdir. Onlar üçün böyük bir əzab vardır.

Suddi belə demişdir: “Xatəməllahu” Allah möhürlədi, deməkdir. Qatadə də ayənin mənası haqqında belə demişdir: Şeytana itaət etməyə başlayanda Allah qəlblərini və qulaqlarını möhürlədi. Gözlərində də pərdə vardır. Artıq onlar doğrunu görə bilməzlər, eşitməzlər, başa düşməzlər, dərk etməzlər. İbn Cureycdən, Mücahid belə demişdir: «Allah qəlblərini möhürlədi”: Mənə xəbər verildiyinə görə günahlar qəlbi hər tərəfdən əhatə eləyir, üzərində birləşir. Birləşməsi də möhürlənib damğalanmasıdır. İbn Cureyc belə demişdir: Möhür qəlbdə və qulaqda olur. İbn Cureyc belə demişdir: Mənə Abdullah İbn Kəsir Mücahiddən belə dediyini eşitmişdir: Pas möhürdən daha bəsitdir. Möhür də bağlamaqdan daha bəsitdir. Bütün bunların ən pisi qəlbin bağlanmasıdır. Aməş belə demişdir: Mücahid bizə əliylə göstərib belə dedi: Köhnələr (Əvvəlkilər) qəlbin bunu (əl) kimi olduğunu təsəvvür edərdilər. Qul bir günah işlədiyi vaxt biri bağlanır dedi və kiçik barmağını bağladı. Bir daha günah işləyərsə bu da bağlanır, dedi və o birisi barmağını bağladı. O birisi barmağını da bağladı, hamısını bağladı, sonra da: Məhz belə möhürlənir, dedi. Mücahid də belə demişdir: Bunun pas olduğunu demişdir. Bunu İbn Cərir Kureybdən o da Vəkidən o da Aməşdən o da Mücahiddən bir oxşarını rəvayət etmişdir. İbn Cərir belə demişdir: Bəziləri belə dedilər: «Allah qəlblərini möhürlədi» sözünün mənası onların təkəbbürlərini və dəvət edildikləri haqqı dinləməkdən üz çevirmələrini bildirməkdir. Necə ki, Filankəsin qulağı bu sözə kardır, deyirlər ki, qulaq asmaq istəməz, özünü böyük görür, təkəbbürünə görə başa düşmək istəmir, deməkdir. İbn Cərir: bu doğru deyildir. Çünki Allah təala qəlblərini və qulaqlarını möhürlədiyini xəbər vermişdir. Mən də deyirəm ki, Zaməxşəri İbn Cəririn rədd etdiyini doğrulamaq üçün uzun uzadı danışmış və ayəni beş tərəfdən yozum etmişdir ki, hamisi da çox zəifdir. Buna mötəzilə olmasından cəsarət almışdır. Çünki qəlblərin möhürlənib onlara haqqın girməsini çəkindirmək onun etiqadına görə Allah qatında çirkindir. Əgər Zəməxşəri Allah təalanın: “Onlar azdıqca Allah da qəlblərini azdırdı” (Saf, 5) və “Qəlblərini  və gözlərini çeviririk, necə ki, ilk əvvəl də iman etməmişlərdir. Onları azğınlıqları içində çabalamağa buraxırıq” (Ənam, 110) ayələrini və oxşarlarını başa düşsə idi, qəlblərinin möhürlənməsinin və hidayətlərinə əngəl olmasının batildə irəli getmələri və haqqı tərk etmələrindən ötrü olduğunu bilərdi. Bu da Allahdan çirkin olmayan gözəl bir ədalətdir. Əgər bunu qavrasa idi, o dediyini deməzdi. Allah daha yaxşı bilir.

Qurtubi deyir ki, ümmət buna icma etmişdir ki, Allah təala özünü kafirlərin küfrlərinə görə qəlblərini möhürləyən və damğalayan  olaraq  vəsf  etmişdir. Necə ki: “Xeyir, Allah onları küfrləri üzündən möhürlədi” (Nisə, 155) demişdir. Qurtubi qəlblərin çevrilməsini mövzu eləyən: «Ey qəlbləri çevirən, qəlblərimizi dinin üzərində sabit elə» və Huzeyfənin Səhihdəki hədisini də zikr etmişdir. Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdir: Fitnələr qəlblərə həsir kimi hörülür. Hansı qəlb onu içinə çəkərsə, ona qara bir nöqtə vurulur. Hansı qəlb də onu rədd edərsə ona da ağ bir nöqtə vurulur. Axırda ortaya iki qəlb çıxar: Biri ağ mərmər kimi ağappaq qəlb ki, ona göylər və yer durduqca fitnə zərər verməz. O birisi də, qara ləkəli, tərs çevrilmiş qab kimidir. Nə yaxşılığı yaxşılıq kimi tanıyır, nə də pisliyi pislik kimi tanıyır. İbn Cərir belə demişdir: Mənə görə doğrusu Rəsulullahdan (salləllahu aleyhi və səlləm) oxşar şəkildə rəvayət edilən bu hədisdir: Bizə Muhəmməd İbn Bəşar o da Səvfan İbn İsadan o da İbn Əclandan o da Qaqadan o da Əbu Salihdən o da Əbu Hureyrədən rəvayət edir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdir:” Mömin bir günah işlədiyi vaxt qəlbinə qara bir nöqtə vurulur. Əgər tövbə edər, əlini çəkər və üzür diləyərsə, qəlbi cilalanır. Əgər irəli gedərsə günah qəlbini örtər. Necə ki, Allah təalanın: ”Xeyir, qazandıqları şeylərin pası qəlblərini örtmüşdür” dediyi budur. Bu hədisi bu cəhətdən Tirmizi ilə Nəsai Quteybədən, o da Leys İbn Saddan, İbn Macə də Hişam İbn Ammardan o da Hatim İbn İsmayıl və Vəlid İbn Muslimdən, üçü də Muhəmməd İbn Əclandan eyni sənədlə rəvayət etmişlər. Tirmizi: Həsən səhihdir, demişdir. Sonra İbn Cərir belə demişdir: Rəsulullah (salləllahu aleyhi və səlləm) bunu xəbər vermişdir: Günahlar qəlbin üzərinə dalbadal gəlirsə, onu bağlayır. Bağlayanda da ona Allah qatında möhür vurulur. Möhür vurulanda da imanın girəcək yeri, küfrün də çıxacaq yeri qalmaz. Məhz “Allah qəlblərini və qulaqlarını möhürlədi” sözündəki möhür budur. Necə ki, gözümüzlə gördüyümüz qab və zərflərə vurulan möhür kimi. Necə möhür açılmadan içindəkinə çatmaq olmazsa, iman da Allahın möhürlədiyi qəlblərə və qulaqlara ancaq möhürlər açıldıqda və bağları açıldıqda sonra çatır.

Bil ki: Tam vəqf ”Xatəməllahu alə qulubihim və alə səmihim” üzərindədir. “Və alə əbsarihim ğişəvətun” sözü də tam cümlədir. Çünki, möhür qəlbdə və qulaqda, pərdə də gözdə olur. Necə ki, Suddi, təfsirində Əbu Malikdən o da Əbu Salihdən o da İbn Abbasdan həm də Mürrə Əl Həmədani İbn Məsuddan o da Rəsulullahın (salləllahu aleyhi və səlləm) bir qrup səhabəsindən “Allah onların qəlblərini və qulaqlarını möhürlədi” sözü üzərində belə demişdir: başa düşməzlər, eşitməzlər. Gözlərinə də pərdə çəkmişdir, görməzlər. İbn Cərir belə demişdir: Muhəmməd İbn Sad o da atamdan o da əmim Hüseyin İbn Əl Həsəndən o da atasından o da babasından nəql edir ki İbn Abbas: «Allah qəlblərini və qulaqlarını möhürlədi» ayəsində, pərdə gözlərdə olur demişdir. Belə də demişdir: Mənə Qasım o da Hüseyin yəni İbn Davud Suneyddən, mənə Həccacdan yəni İbn Muhəmməd Əl-Avərdən nəql etdi ki, İbn Cureyc belə demişdir: Möhür qəlb və qulaqda olur, pərdə də gözdə olur. Necə ki, Allah Təala :”Allah istəyərsə sənin qəlbini möhürləyər” (Şura, 24) və”Qulağına və qəlbinə möhür vurdu, gözünə də pərdə çəkdi” (Casiyə, 23) demişdir. İbn Cərir belə demişdir: Kim “və alə əbsarihim ğişavətən” şəklində nasb halında oxuyarsa ehtimal ki, gizli feli təqdir etmiş: və cəalə alə əbsarihim ğişavətən, demişdir. Ehtimal ki, “və alə səmihim” sözünün yerini diqqətə almışdır. Misal üçün “və hurun iyn” (Vaqiə, 22) ayəsində olduğu kimi. Şair də belə demişdir:

Ona yem olaraq saman və soyuq su verdim 

Axırda gözünün yaşları dağıldı

Bir başqası da belə demişdir:

Ərini cəngdə gördüm;                                                

Qılınc və mizraqla örtünmüşdür

Təqdiri belədir: “Və səkaytuhə məən bəridə” (ona soyuq su içirdim) və “mutəkilən rumhə” (əlinə mizraq almışdır) Sürənin əvvəlində dörd ayə ilə möminlərin sifətlərini vurğulayıb sonra da bu iki ayə ilə kafirlərin hallarını tərif eləyincə, zahirində iman göstərib içlərində küfr gizləyən münafiqlərin halını bəyan etməyə başladı. Vəziyyətləri bir çox insanlar üçün qarışıq olduğundan onları müxtəlif sifətlərlə uzun uzadı anlatdı. Bunların hamısı münafiqlikdir. Necə ki, Bəraət sürəsi və Münafiqun sürəsi də onların haqqında enmişdir. Hallarını açıqlamaq üçün onlardan Nur surəsində və digər surələrdə də bəhs etmişdir ki, onlardan və onlarla əlaqəsi olanlardan çəkinilsin.