Kafir olanların nə malları, nə də övladları onlara Allahın dərgahında heç bir şeylə fayda verə bilməz. Onlar Cəhənnəmin yanacağıdırlar.

Allah təala kafirlərin cəhənnəmin yanacağı olduqlarını xəbər verir “O gün zalımlara üzr diləmələri heç bir fayda verməyəcəkdir. Onları həm lənət, həm də pis yurd gözləyir” (Ğafir, 52). Onlara verilən mallar və övladlar Allah qatında onlara fayda verməz və onları Allahın əzabından, ağrılı acılı cəzasından qurtarmaz. Necə ki, buyurur: “Onların nə malları, nə də övladları səni təəccübləndirməsin. Allah bunlarla, bu dünyada onlara əzab vermək və onların kafir olaraq canlarının çıxmasını istəyir” (Ət-Tövbə, 85) və buyurur: “Qoy kafirlərin diyarbədiyar gəzib dolaşması səni aldatmasın! Bu, az bir mənfəətdir. Sonra isə onların yeri Cəhənnəmdir. Ora nə pis yataqdır!” (Ali İmran, 196-197). Burada da belə demişdir: “Həqiqətən kafirlərin” yəni Allahın ayələrini inkar edib peyğəmbərlərinə inanmayanların, kitabına riayət etməyib peyğəmbərlərə göndərilən vəhydən yararlanmayanların “nə malları, nə də övladları onlara Allahın dərgahında heç bir şeylə fayda verə bilməz. Onlar Cəhənnəmin yanacağıdırlar” yəni atəşi alovlandıracaq odundurlar. Necə ki, bu  ayədə buyurulur: “Siz və Allahdan başqa tapındıqlarınız Cəhənnəm odunusunuz. Siz ora girəcəksiniz” (Əl-Ənbiya, 98).

İbn Əbu Hatim demişdir: Bizə atam danışdı, bizə İbn Əbu Məryəm danışdı, bizə İbn Ləhiya xəbər verdi, mənə İbn Həd xəbər verdi, o da Hind bint Əl-Harisdən, o da Abdullah ibn Abbasın anası Ummul-Fadldan deyir: Biz Məkkədə olarkən Rəsulullah (salləllahu aleyhi və səlləm) gecə qalxdı və dedi: «Təbliğ etdimmi? Allahım, təbliğ etdimmi?…» Bunu üç dəfə təkrar etdi. Ömər ibn Xəttab qalxdı və dedi: “Bəli etdin”. Sonra səhərə yaxın Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: “Allaha and olsun ki, İslam elə bir üstünlüyə malik olacaq ki, küfrü yatağına atacaq. İnsanlar İslamı yaymaq üçün dənizlər aşacaqlar. Elə bir zaman gələcək ki, insanlar Quranı öyrənəcəklər və onu oxuyacaqlar, sonra da deyəcəklər: “Oxuduq və öyrəndik, bizdən daha yaxşı kim ola bilər?» Onlarda bir xeyir yoxdur.» Dedilər: «Ey Allahın Rəsulu, onlar kimlərdir?» O buyurdu: «Onlar sizdəndir və onlar cəhənnəmin yanacağıdır.»

Mən bu hədisi bu mətnlə gördüm, onu İbn Mərduyə də Yəzid ibn Abdullah ibn Haddan, o da Abdullah ibn Şəddadın zövcəsi Hind bint əl-Harisdən, o da  Ummul-Fadldan rəvayət etmişdir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) Məkkədə bir gecə qalxdı və: “Təbliğ etdimmi?” – dedi. Bunu üç dəfə təkrar etdi. Ömər ibn Xəttab – o daha həssas qəlbli idi —  qalxdı və dedi: «Allaha and olsun ki, canla başla çalışdın və nəsihət etdin, səbirli ol.» Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: “Allaha and olsun ki, İman elə üstün olacaq ki, küfrü yatağına atacaq. İnsanlar İslamı yaymaq üçün dənizlər aşacaqlar. Elə bir zaman gələcək ki, insanlar Quranı oxuyacaqlar. Onu oxuyub öyrədəcəklər, sonra da deyəcəklər: “Oxuduq və öyrəndik, bizdən daha yaxşı kim ola bilər?” Onlarda bir xeyir yoxdur.» Soruşdular: «Ey Allahın Rəsulu, onlar kimlərdir?» O da dedi: «Onlar sizdəndir və onlar cəhənnəmin yanacağıdır.» Sonra onu Musa ibn Ubeyd yolundan, o da Muhammad ibn İbrahimdən, o da Hadın qızından, o da Abbas ibn Abdulmutallibdən bənzər şəkildə rəvayət etmişdir.

Firon tərəfdarları və onlardan əvvəlkilərin halı kimi” Dəhhak demişdir: İbn Abbasdan belə nəql olunur: «Firon tərəfdarlarının etdiyi kimidir.» İkrimə, Mucahid, Əbu Malik, Dəhhak və digərlərindən də belə rəvayət edilmişdir. Bəziləri demişlər: Firon tərəfdarlarının adəti kimi, onların feli kimi, tərəfdarları kimi mənalar çox yaxındır. Ayədə keçən “əd-dəbu” sözü “nəhr” və “nəhər” sözləri kimi, sükunla da hərəkə ilə də deyilmişdir. O da iş, hal, durum, vəziyyət və adət mənasındadır. Adətim və adətin elə belədir, deyilir. Şair İmrul-Qeys demişdir:

Dostlarım miniklərinin üstündə onun yanında durdular:

Üzüntüdən özünü məhv etmə, sakit ol, dedilər.

Onda əvvəl Ummulhuveyrisə və

Məsəl bölgəsində qulluqçusu Ummurəbaba etdiyi kimi.

Məna belədir: Ummulhuveyrisdə etdiyin kimi, özünü onun sevgisi ilə həlak etmiş, yurdunda və yurdunun xarabalıqlarında ağlamışdın.

Ayədəki məna belədir: Kafirlərə malları və övladları fayda verməz, əksinə həlak olarlar və onlara əzab verilər, necə ki, daha əvvəl peyğəmbərlərin gətirdikləri möcüzə və dəlilləri yalan sayan Firon tərəfdarlarının və onlardan əvvəlkilərin başına gəlmişdir. “Allahın cəzası şiddətlidir” yəni, haqlaması şiddətli, cəzası ağırdır. Ona qarşı kimsə çıxa bilməz, əlindən kimsə qaçmaz. O istədiyini edər. Hər şeyə qalibdir. Hər şey Ona baş əymişdir. Ondan başqa ilah yoxdur, Ondan başqa Rəbb də yoxdur.