Allah Təala deyir ki, Ey Muhəmməd kafirlərə de: “Siz tezliklə məğlub olacaqsız” yəni dünyada deməkdir. “Cəhənnəmə toplanılacaqsınız!” yəni, qiyamət günündə deməkdir. “Cəhənnəmə toplanılacaqsınız! Ora nə pis yataqdır!”
Muhamməd ibn İshaq ibn Yəsar, Asim ibn Ömərdən rəvayət edir ki, Qatadə demişdir: Rəsulullah (Salləllahu aleyhi və səlləm) Bədrdə düşmənləri məğlub edərək, Mədinəyə qayıtdıqda, yəhudiləri Qaynuqa oğulları bazarının qarşısında bir yerə toplayıb dedi: «Ey yəhudi camaatı, Allahın Qureyşin başına gətirdiyini sizin də başınıza gətirmədən əvvəl müsəlman olun». Onlar da: «Ey Muhamməd Qureyşdən döyüş bilməyən bir neçə nəfəri öldürdün deyə özünü aldatma, Allaha and içirik ki, əgər bizimlə döyüşsən bizim əsl adam olduğumuzu görərsən. Sən hələ bizim kimisi ilə qarşı-qarşıya gəlməmisən.» Buna görə də Allah təala bu ayəni endirdi: Kafirlərə de: “Siz tezliklə məğlub olacaq və Cəhənnəmə toplanılacaqsınız! Ora nə pis yataqdır!”
Bunu İbn İshaq da, Muhamməd ibn əbi Muhamməddən, o da Səid və ya İkrimədən, o da İbn Abbasdan eyni şəkildə rəvayət etmişdir. Buna görə də Allah təala “Sizin üçün bir ibrət var idi” buyurmuşdu. Yəni, ey bu sözü deyən yəhudilər, sizin üçün bir ayə yəni, Allahın dinini güclü edəcəyinə, elçisinə kömək edəcəyinə, sözünü üstün tutacağına və əmrini yüksəldəcəyinə dəlalət vardır, deməkdir.
“İki dəstədə” yəni, iki bölükdə, “Qarşı-qarşıya gələn” yəni, döyüşmək üçün. “Dəstələrdən biri Allah yolunda vuruşurdu” – onlar müsəlmanlar idi. “Digəri isə kafirlər idi” — onlar da Bədr döyüşündəki Qureyş müşrikləri idi.
«Onlar sayca iki qat artıq olduqlarını öz gözləri ilə görürdülər.» İbn Cəririn nəqlinə görə bəzi alimlər, müşriklərin Bədr döyüşündə müsəlmanları başlarında olan gözləri ilə say baxımından iki qat görmüşdülər. Yəni, Allah bunu onlara qarşı İslamın zəfər qazanmasına bir səbəb etmişdi. Bunda bir qaranlıq məsələ yoxdur. Ancaq bir tərəf məsələ müstəsnadır. Belə ki, müşriklər o gün döyüşdən əvvəl Ömər ibn Sadı, müsəlmanların sayını təxmin etmək üçün göndərmişdilər. O da onlara müsəlmanların 300 nəfərdən bir az çox və ya az olduqlarını xəbər vermişdi. Vəziyyət də belə idi. Onlar 310-dan bir neçə nəfər çox idilər. Sonra döyüş başladıqda Allah onlara kömək olaraq seçilmiş və üstün mələklərdən min əsgər göndərdi.
İkinci rəy: “öz gözləri ilə görürdülər” yəni, müsəlman qrup kafir qrupu özlərindən sayca ikiqat artıq olduqlarını görürdülər. Buna baxmayaraq Allah onları müzəffər etdi. Bunda da Avfinin İbn Abbasdan rəvayət etdiyinə görə bir qüsur yoxdur. Belə ki, müsəlmanlar Bədr döyüşündə 313 nəfər idilər. Müşrikər isə 626 nəfər idilər. Sanki bu rəy bu ayənin zahirinə görə verilmişdir. Ancaq tarixçilərə, siyər və döyüş mütəxəssislərinə görə məşhur olan rəy belə deyildir. Əksərə görə müşriklər doqquz yüz ilə min arasında idilər. Necə ki, Muhamməd ibn İshaq, o da Yəzid ibn Rumandan, o da Urvə ibn Zubeyrdən belə rəvayət etmişdir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) Həccac oğullarının zənci bir köləsindən müşriklərin sayını soruşduğu zaman o: “Çoxdurlar” – dedi. O da: ”Günə neçə dəvə kəsirlər?” – dedi. O da: ”Bir gün doqquz, bir gün on” – dedi. Peyğəmbər (salləllahu aleyhi və səlləm) də: «Doqquz yüz ilə min nəfər arasıdırlar» – buyurdu. Əbu İshaq əs-Səbii də Harisədən rəvayət etmişdir ki, Əli (Allah ondan razı olsun): «Min nəfər idilər» – demişdir. İbn Məsud da belə demişdir. Məşhur olan rəy onların doqquz yüz ilə min arası olmalarıdır. Hər bir halda müsəlmanların üç qatı idilər. Buna görə də bu rəy qüsurlu sayılır. Allah daha biliklidir.
Ancaq İbn Cərir bu rəyə münasibət bildirmiş və onu düzgün hesab etmişdir. Məsələn, yanımda min dirhəm vardır, iki qatına da ehtiyacım var, deyərsənsə bu, üç min dirhəmə möhtacam, deməkdir. Beləcə də demişdir. Buna görə də qaranlıq məsələ yoxdur.
Ancaq başqa bir sual qalır və o, hər iki rəyə verilə bilər. Deyilər ki, bu ayə ilə Bədr döyüşünü təsvir edən “O vaxt qarşı-qarşıya gəldiyiniz zaman Allah onları sizin gözünüzə az göstərdi, sizi də onların gözündə azaltdı ki, olacaq işi yerinə yetirsin. (Bütün) işlər Allaha qayıdır” (Əl-Ənfal, 44) ayəsi arasında necə cəm edilə bilər?» Bunun cavabı belədir: Bu bir vəziyyət idi, o biri isə başqa bir vəziyyət idi. Necə ki, Suddinin Tayyibdən olan rəvayətində İbn Məsud “Qarşı-qarşıya gələn iki dəstədə sizin üçün bir ibrət var idi.” ayəsi haqqında: “Bu Bədr döyüşündə idi” – demişdir. Abdullah ibn Məsud demişdir: “Müşrikərə baxdıq onları ikiqat gördük. Sonra onlara bir də baxdıq, bu dəfə bizdən bir nəfər də artıq olmadıqlarını gördük”. Məhz Allah təalanın: “O vaxt qarşı-qarşıya gəldiyiniz zaman Allah onları sizin gözünüzə az göstərdi, sizi də onların gözündə azaltdı” ayəsi budur.
Əbu İshaq dedi: Əbu Ubeydədən, o da Abdullah ibn Məsuddan (Allah ondan razı olsun) rəvayət edir ki, “Gözümüzə az göründülər, hətta yanımda dayanan bir adama: “Onlar yetmiş nəfər var?” – dedim. O da:”Yüz olarlar” – dedi. Onlardan birini əsir aldıq və: “Neçə nəfər idiniz?” – dedik. O da: “Min” – dedi. Məhz iki dəstədən hər biri digərini gördüyü zaman, müsəlmanlar müşrikləri özlərinin iki misli, yəni bir qat artıq gördülər ki, izzət və cəlal sahibi Rəblərinə yönəlsinlər və ondan yardım istəsinlər. Müşriklər də möminləri belə gördülər ki, qorxsunlar, təşvişə düşsünlər və əhval-ruhiyyələri pozulsun. Sonra səflər toqquşub iki dəstə bir-birinə qarışanda Allah onları digərlərinin gözündə az, bunları da o birilərinin gözündə az göstərdi ki, bir-birilərinə hücum etsinlər. “Allah olacaq işi yerinə yetirsin.” – yəni, haqq ilə batili bir-birindən ayırsın, iman kəlməsi küfr və azğınlığa qalib gəlsin. Möminlər əziz, kafirlər də xar olsunlar. Necə ki, Allah təala buyurur: “Siz zəif olduğunuz halda Allah, Bədrdə sizə yardım etdi”(Əli imran 123) Burada da “Allah istədiyi kəsi Öz köməyi ilə qüvvətləndirir. Həqiqətən, bunda bəsirət sahibləri üçün bir ibrət vardır” demişdir. Yəni, bunda bəsirəti və anlayışı olan üçün həqiqətən də ibrət vardır. Bununla da, Allahın hikmətini, etdiklərini və bu dünyada, həm də qiyamət günündə mömin qullarına yardım etdiyinə dair gerçək olan qədərini görsün.