Kim Peyğəmbərə itaət edərsə, Allaha itaət etmiş olar, kim üz çevirərsə, (bil ki,) Biz səni onlara gözətçi göndərməmişik.

Allah Təala qulu və Rəsulu Muhəmməd barədə xəbər verir ki, kim ona itaət edərsə Allaha itaət edər, kim ona asi olarsa, Allaha asilik edər. O özündən danışmır, o yalnız ona gələn vəhyi danışar.

İbn Əbu Hatim demişdir: Bizə Əhməd ibn Sinan danışdı, bizə Əbu Muaviyyə danışdı, bizə Aməş danışdı, o da Əbu Salihdən, o da Əbu Hureyrədən, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Kim mənə itaət edərsə Allaha itaət edər, kim mənə asi olarsa Allaha asilik etmişdir. Kim əmirə itaət edərsə mənə itaət edər. Kim əmirə asilik edərsə mənə asilik etmişdir.” Bu hədis iki Səhihdə Aməşdən sabit olaraq rəvayət edilmişdi.

Kim üz çevirərsə, Biz səni onlara gözətçi göndərməmişik” yəni sənin onunla işin yoxdur. Sənə düşən yalnız təbliğ etməkdir. Sənə tabe olan qazanır və xilas olur. Sənin üçün də böyük savab yazılır. Kim səndən üz çevirsə zərər edərək ziyana düşər. Ondan ötrü sənə bir şey olmaz. Necə ki, hədisdə deyilir: “Kim Allaha və Rəsuluna itaət edərsə, doğru yolu tapmışdır. Kim Allaha və Rəsuluna asi olarsa yalnız özünə zərər verər.”

Onlar: “İtaət edirik!”– deyirlər” Allah Təala münafiqlərdən xəbər verir: Onlar zahiri müvafiqlik və itaət göstərirlər. “Sənin yanından çıxıb getdikdə isə” yəni çıxıb gözdən itən kimi “onların bir qismi gecələr sənin dediyinin əksinə tədbir görürlər” yəni gecələr sənə dediklərindən fərqli edərlər. Buna görə Allah Təala buyurdu: “Allah onların gecələr nə etdiklərini yazır” yəni onun barəsində xəbərdardır, qullarına təyin etdiyi mələklər onların etdiklərini yazarlar. Buradakı məna təhdiddir. Allah onların qəlblərində gizlətdiklərini və aralarında danışdıqlarını bildiyi barədə xəbər verir. Gecə Rəsulullaha (salləllahu aleyhi və səlləm) müxaliflik və asilikdə ittifaq etdiklərini bilir. Gündüz ona itaət etsələr də, əsas niyyətlərini bilir və ona görə də onları cəzalandıracaq. Necə ki, buyurur: “Allaha və Peyğəmbərə iman gətirdik, itaət etdik!”– deyirlər. Bundan sonra isə onlardan bir dəstə üz çevirir. Onlar mömin deyillər” (Nur, 47).

Onlardan üz döndər” yəni onları bağışla, onlarla yumşaq davran. Etdikləri barəsində insanlara xəbər vermə, onlardan qorxma. “Allaha təvəkkül et! Qoruyan olaraq Allah yetər” yəni Ona təvəkkül edənə vəli, yardımçı və dəstəkçi olaraq yetər.