Allah Təala əllərindəki iki kitaba əsaslandıqlarını iddia edən yəhudi və xristianları rədd edərək belə buyurur. Bu kitablar da Tövrat ilə İncildir. Allaha itaət edərək, O kitablarla hökm edib Muhəmmədə (səlləllahu aleyhi və səlləm) tabe olmağa dəvət edildikləri zaman, onlar üz döndərərək arxa çevirərlər. Bu da onları həddindən artıq şəkildə qınamaqdır, müxalifət etmələri və inadkarlıqlarına görə onları ifşa etməkdir. Sonra Allah Təala belə dedi: “Bunun səbəbi budur: Çünki onlar: atəş bizə ancaq bir neçə gün toxunar, dedilər” yəni Allaha qarşı yalan iddiaları onları haqqa müxalif olmağa sövq etmiş və sürükləmişdir. Onlar dünyadakı hər min ilə qarşılıq yeddi gün əzab görəcəklərini iddia edirdilər. Bunun təfsiri də Əl-Bəqərə surəsində keçmişdir.
Sonra Allah Təala belə dedi: “Uydurduqları şeylər onları dinləri haqqında aldatmışdır” yəni etdikləri günahlara görə atəşin ancaq müəyyən günlərdə onlara toxunacağını güman edərək özlərini aldatmaları onları batil dinləri barədə əmin etmişdir. Bu böhtanı onlar özləri uydurdular, bu barədə Allah tərəfindən bir əsas gəlmədi. Allah Təala onlara xəbərdarlıq edərək dedi: ““Şübhə edilməyən bir gündə onları topladığımız zaman necə olacaq?”yəni Allaha iftira etmiş, elçilərini yalanlamış, peyğəmbərlərini və yaxşılığı əmr edən, pislikdən çəkindirən alimlərini öldürdükləri halda halları necə olacaqdır? Allah onlardan bütün bunlar barədə soruşacaq və onları bu səbəbdən cəzalandıracaqdır. Buna görədir ki, Allah Təala: “Şübhə edilməyən bir gündə onları topladığımız zaman necə olacaq?” demişdir, yəni onun olmasında və həyata keçməsində şübhə olmayan deməkdir. “Hər kəsə qazandığının əvəzi ödəniləcək, özlərinə də heç bir haqsızlıq edilməyəcək”.