Küfrə can atanlar səni kədərləndirməsin. Çünki onlar Allaha heç bir zərər yetirə bilməzlər. Allah istəyir ki, onlara axirətdə heç bir şey nəsib etməsin. Onlar üçün böyük bir əzab vardır.

Sonra Allah təala dedi: “Kafirlər elə güman etməsinlər ki, Bizim onlara möhlət verməyimiz xeyirlərinədir. Biz onlara ona görə möhlət veririk ki, günahlarını daha da artırsınlar. Onlar üçün alçaldıcı bir əzab hazırlanmışdır”. Necə ki, uca Allah buyurur: “Yoxsa elə hesab edirlər ki, onlara var-dövlət və övlad verməklə onlara yaxşılıq etməyə tələsirik? Xeyr, onlar fərqinə varmırlar” (Muminun, 55, 56). O həmçinin buyurur: “Bu Sözü yalan sayanları Mənim öhdəmə burax. Biz onları bilmədikləri bir yöndən tədricən sürükləyirik” (Qələm, 44). O buyurur: “Onların nə malları, nə də övladları səni heyrətləndirməsin. Allah bunlarla, dünya həyatında onlara əzab vermək və onların canlarının kafir kimi çıxmasını istəyir” (Tövbə, 55).

Sonra Allah təala dedi: “Allah pisi yaxşıdan ayırmayınca möminləri sizin olduğunuz vəziyyətdə tərk edən deyildir” yəni, onları sınaq etmək üçün bir səbəb yaradacaqdır. O zaman dostu meydana çıxar, düşməni isə rəzil olar. Bununla da səbirli möminlə həyasız munafiq tanınar. Burada Allahın möminləri imtahan etdiyi Bədir günü qəsd edilir. O səbəblə imanları, səbirləri, igidlikləri, sabitlikləri, Allaha və Rəsuluna itaətləri üzə çıxmışdı. Bu yolla münafiqlərin üzündəki pərdələri yırtdı. Beləcə, müxalif olmaqları, cihaddan dönmələri, Allah və Rəsuluna xəyanətləri göz önünə çıxdı. Buna görə Allah təala buyurdu: “Allah pisi yaxşıdan ayırmayınca möminləri sizin olduğunuz vəziyyətdə tərk edən deyildir”.

Mucahid demişdir: «Onları Uhudda ayırdı.» Qatadə demişdir: «Onları Cihad və hicrətlə ayırdı.» Suddi demişdir: Onlar dedilər: Əgər Muhəmməd doğrudursa bizə aramızdan iman edənlərlə kafir olanları bildirsin. Bunun üzərinə Allah təala bu ayəni nazil etdi: “Allah pisi yaxşıdan ayırmayınca möminləri sizin olduğunuz vəziyyətdə tərk edən deyildir”. Yəni mömini kafirdən çıxarana qədər. Bütün bunları İbn Cərir rəvayət etmişdir. Sonra Allah təala dedi: “Allah sizə qeybi bildirən deyildir” yəni əgər bunu üzə çıxaran səbəblər olmasaydı, sizin üçün möminləri münafiqlərdən ayırana qədər Allahın məxluqatı xüsusunda iradə etdiyi qeybi bilməzsiniz. Sonra Allah təala dedi: “Lakin, Allah Öz elçilərindən istədiyini seçər”. Bu da bu ayə kimidir: “O, qeybi Biləndir və Öz qeybini heç kəsə açmaz; razı qaldığı elçidən başqa. Həqiqətən, O, onların önündə və arxasında gözətçilər qoyur”. (Cin, 26-27). Sonra da buyurdu: “Odur ki, Allaha və Onun elçilərinə iman gətirin!” yəni Allah və Rəsuluna itaət edin, gətirdiyi şəriətə tabe  olun. “Əgər iman gətirib qorxsanız, sizə böyük bir mükafat verilər”.

Allahın Öz lütfündən bəxş etdiyini xərcləməyə xəsislik edənlər elə güman etməsinlər ki, bu, onların xeyrinədir” yəni xəsis adam yığdığı malın ona fayda verəcəyinə zənn etməsin. Əksinə dininə zərər verəcəkdir, bəzən də dünyasına zərər verəcəkdir. Sonra qiyamət günü mal-mülklə bağlı işin hara çatacağını xəbər verib dedi: “Onların xəsislik etdikləri şey qiyamət günü boyunlarına dolanacaqdır”.

Buxari demişdir: Bizə Abdullah ibn Munir danışdı, o da Əbunnadrdan eşitdi, bizə Əbdurrəhman ibn Abdullah ibn Dinar danışdı, o da atasından, o da Əbu Salihdən, o da Əbu Hureyrədən, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: «Allah kimə mal versə, o da zəkatını verməsə, Qiyamət günü malı gözünün qarşısında iki nöqtəsi olan keçəl ilana dönüb ona sarılar. Ovurdundan tutub deyər: «Mən sənin malınam, mən sənin xəzinənəm.» Sonra bu ayəni oxudu: «Allahın Öz lütfündən bəxş etdiyini xərcləməyə xəsislik edənlər elə güman etməsinlər ki, bu, onların xeyrinədir. Əksinə, bu, onlar üçün pisdir.» Hədisi bu yöndən Muslim deyil, yalnız Buxari rəvayət etmişdir. Bunu İbn Hibban da öz Səhihində Leys ibn Saddan, o da Muhəmməd ibn Əclandan, o da Qaqa ibn Hakimdən, o da Əbu Salihdən belə rəvayət etmişdir.

Başqa bir hədisdə İmam Əhməd demişdir: Bizə Huceyn ibn əl-Musənna danışdı, bizə Əbduləziz ibn Abdullah ibn Əbu Sələmə danışdı, o da Abdullah ibn Dinardan, o da İbn Ömərdən, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Malın zəkatını verməyənin malı Qiyamət günü iki nöqtəli keçəl bir ilana çevrilir, sonra boynuna kəmər kimi sarılır və: “Mən sənin xəzinənəm, mən sənin xəzinənəm” – deyir.” Nəsai də Fadl ibn Səhldən, o da Əbun-nadr Haşim ibn Qasımdan, o da Abduləziz ibn Abdullah ibn əbi Sələmədən bu cür rəvayət etmişdir. Sonra da Nəsai demişdir: Abduləzizin, Abdullah ibn Dinardan, onun da İbn Ömərdən olan rəvayəti, Əbdurrəhmanın, atası Abdullah ibn Dinardan, onun da Əbu Salihdən, onun da Əbu Hureyrədən olan rəvayətdən daha sabitdir.

Mən də deyirəm ki, iki rəvayət arasında ziddiyyət yoxdur, Abdullah ibn Dinar onu iki yoldan rəvayət etmiş ola bilər. Allah ən doğrusunu biləndir. Bunu Hafiz Əbubəkr ibn Mərduveyh də bir neçə yoldan: Əbu Salihdən, o da Əbu Hureyrədən; Muhəmməd ibn Əbu Humeyddən, o da Ziyad əl-Xatmidən, o da Əbu Hureyrədən bu cür rəvayət etmişdir.

Başqa bir hədisdə İmam Əhməd demişdir: Bizə Sufyan danışdı, o da Camiidən, o da Əbu Vaildən, o da Abdullahdan, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Bir qul malının zəkatını verməsə, o keçəl ilana dönüb onu qovar. O qaçar, o isə onu qovar və deyər: “Mən sənin yığdığın xəzinəyəm.” Sonra Abdullah bunun Allahın Kitabındakı təsdiqini oxudu: “Onların xəsislik etdikləri şey qiyamət günü boyunlarına dolanacaqdır”. Tirmizi, Nəsai və İbn Macə də Sufyan ibn Ueynədən, o da Cami ibn Əbu Raşiddən bu cür rəvayət etmişdir. Tirmizi bunu əlavə etmişdir: “Abdulməlik ibn Ayən, ikisi də Əbu Vail Şaqiq ibn Sələmədən, o da Abdullah ibn Məsuddan belə rəvayət etmişdir.” Sonra Tirmizi: “Həsən səhihdir” – demişdir. Hakim də bunu Mustədrək əsərində, Əbubəkr ibn Əyyaş ilə Sufyan Səvridən, ikisi də Əbu İshaq əs-Subeyyidən, o da Əbu Vaildən, o da İbn Məsuddan bu cür rəvayət etmişdir. Bunu İbn Cərir də bunu bir neçə yoldan İbn Məsuddan məvquf (yəni, onun öz sözü olaraq) rəvayət etmişdir.

Başqa bir hədisdə Hafiz ibn Yalə demişdir: Bizə Umeyyə ibn Bistam danışdı, bizə Yəzid ibn Zurey danışdı, bizə Səid danışdı, o da Qatadədən, o da Səlim ibn əbi Caddən, o da Mədən ibn Əbu Talhadan, o da Səvbandan, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Kim arxasında xəzinə saxlayarsa qiyamət günü iki ləkəli keçəl bir ilana çevrilər və ona deyər: “Sən kimsən, vay sənin halına?” O da deyər: “Mən sənin saxladığın xəzinəyəm.” Onu qovmağa davam edər. Sonunda əlini ağzına soxar, o da onu gəmirər. Sonra da bədəninin qalan hissəsini gəmirər.” Hədisin isnadı yaxşı və güclüdür. Digərləri bunu təxric etməmişlər.

Bunu Təbərani də Cərir ibn Abdullah əl-Bəcəlidən rəvayət etmişdir. Onu İbn Cərir ilə İbn Mərduveyh də Bəhz ibn Hakimdən, o da atasından, o da babasından, o da Rəsulullahdan (salləllahu aleyhi və səlləm) rəvayət etmişdir, Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: “Bir adam qohum-qonşusunun yanına gəlib ondan malının artığından bir şey istəsə, o da verməsə, o mal qiyamət günü keçəl bir ilan olaraq çağırılar. O da vermədiyi o artığını yalayıb udar.” Mətn, İbn Cərirə aiddir. İbn Cərir demişdir: Bizə İbn əl-Musənna danışdı, bizə Abdul-Alə danışdı, bizə Davud danışdı, o da Əbu Qazaədən, o da bir adamdan, o da Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Bir nəfər qohumunun yanına gəlib ondan Allahın ona artıq olaraq verdiyindən istəsə, o da xəsislik etsə, onun üçün cəhənnəmdə bir ilan çıxarılar, o da yalam-yalam edib sonra boynuna dolanar.” Sonra bunu başqa bir yoldan Əbu Qazaədən – onun adı Huceyr ibn Bəyandır – , o da Əbu Malik əl-Abdidən məvquf olaraq rəvayət etmişdir. Bunu başqa bir yoldan da Əbu Qazaədən mürsəl olaraq rəvayət etmişdir.

Avfi, İbn Abbasdan demişdir: “Bu ayə, özlərinə endirilən kitablardakı məlumatları başqalarına açıqlamaqda xəsislik edən əhli-kitab haqqında nazil edilibdi.” Bunu İbn Cərir rəvayət etmişdir. Doğrusu birinci olandır. Həqiqətdə bu da o mənaya daxildir. Hətta deyilə bilər ki, daxil olmağa daha haqlıdır. Allah ən doğrusunu biləndir.

Göylərin və yerin mirası Allaha məxsusdur” yəni “Sizin ixtiyarınıza verdiyi maldan sərf edin!” (Hədid, 7) deməkdir. Çünki bütün işlər əziz və cəlil olan Allaha dönəcəkdir. Elə isə sizdə qiyamət günündə sizə xeyir verəcək mallarınızdan əvvəlcədən göndərin.“

Allah nə etdiklərinizdən xəbərdardır” yəni niyyətinizdən və qəlblərinizdə olanlardan, deməkdir.