(15-26 ayələr)
Allah təala elçisi Muhəmmədə (salləllahu aleyhi və səlləm) digər bir qulu və elçisi olan Musa əleyhissəlam barədə xəbər verir. Belə ki, Allah onu Firona göndərmiş, möcüzələrlə ona dəstək vermiş, ancaq buna baxmayaraq Firon küfründə və azğınlığında davam etmişdi. Allah da onu güclü və qüvvətli şəkildə onu həlaka uğratdı. Allah öz elçisinə bildirir ki, sənə və sənin gətirdiyinə də qarşı olanların aqibəti budur. Ona görə də Allah təala hekayətin sonunda buyurur ki, “Həqiqətən, bunda qorxan kimsələr üçün ibrət vardır”.
“Musanın xəbəri sənə gəlib çatdımı?” Yəni sən onun barəsində eşitdinmi ki, Rəbbi təmiz olan Tuva vadisində ona xitab edərək səsləndi. Tuva doğru olan rəyə əsasən, vadinin adıdır. Necə ki, Taha surəsində bu haqda qeyd olunur. “Fironun yanına get. O, həddini aşıb”. Yəni, özünü ən böyük sayır, yekəxanalıq və inadkarlıq edir. “Və de ki,: “Təmizlənmək istəyirsənmi?” Yəni təslim olub itaət edəcək və təmizlənəcək bir yolla, bir məsləklə getməyə arzu, istərin varmı? “Səni Rəbbinə tərəf gətirimmi ki, qorxasan?” Yəni səni Rəbbinə ibadət etməyə yönəldimmi ki, qorxasan, qəlbin itaət və tabeçelik etsin və sərtliklə, günahla dolu olub, xeyirdən uzaq düşdükdən sonra Allah qorxusu duyan qəlbə çevrilsin. “Və ona ən böyük möcüzəni göstərdi”. Musa peyğəmbər bu haqq dəvətlə yanaşı, ona özünün Allah tərəfindən gəldiyini təsdiq edən açıq-aşkar, güclü və tutarlı dəlillər göstərdi. “Ancaq o, təkzib edib asi oldu”. Yəni haqqı təkzib edib onun əmr etdiyi itaətkarlığa qarşı çıxdı. Onun qəlbi inkar edib nə batini və nə də zahiri ilə Musaya bağlılıq ifadə etmədi. O, Musanın ona gətirdiyinin həqiqət olduğunu bilirdi, ancaq bu onun iman gətirməsini təmin etmədi. Çünki bilmək qəlbin bilməsidir. Iman isə onun yerinə yetirilməsidir. İman haqqı qəbule dib ona boyun əyməkdir.
“Sonra arxasını çevirib tələsdi”. Yəni haqqın əvəzində batilə üz tutdu, Musa əleyhissəlamın gətirdiyi parlaq möcüzələrin qarşısına bir şey çıxarmaq üçün sehrbazları toplama qaçdı. “Və toplayıb səsləndi”. Yəni öz camaatına səsləndi və “Həqiqətən, sizin ən uca Rəbbiniz mənəm!” – dedi. İbn Abbas və Mucahid deyirlər ki, Firon bu sözləri qırx il “Məndən başqa sizin ilahınız olduğunu bilmirəm” – dedikdən sonra söyləmişdir. Allah təala buyurur: “Allah da onu axirət və dünya əzabına düçar etdi”. Dünyadakı asilərə dərs verərək Allah təala ondan intiqam aldı və onu ibrət nümunəsi etdi. “Onlar burada (dünyada) da, qiyamətdə (axirətdə) də lənətə düçar olmuşlar. Onların qisməti necə də pisdir!” (Hud, 99) Başqa bir ayədə uca Allah buyurur: “Biz onları (dünyada insanları) cəhənnəm oduna (küfrə, şirkə) çağıran rəhbərlər etdik. Qiyamət günü onlara heç bir kömək edilməyəcəkdir”. (əl-Qəsəs, 41) Bu, ayənin ən doğru mənasıdır. Yəni ayə dünya və axirət mənasını ifadə edir. Həmçinin, bəziləri deyir ki, bununla onun birinci və ikinci sözləri nəzərdə tutulur. Bəziləri də onun küfr və asiliyini demişlər. Şübhə edilməyən doğru rəy isə birincisidir. “Həqiqətən, bunda qorxan kimsələr üçün ibrət vardır”. Bu, öyüd-nəsihət qəbul edib çəkinənlər üçündür.