(34-46 ayələr)
Allah təala buyurur: “O böyük batıran gələndə” Bu, Qiyamət günüdür. İbn Abbas deyir ki, o, bütün dəhşət və vahiməli şeylərin hamısını əzib keçdiyinə görə, belə adlandırılıb. Necə ki, Allah təala buyurur ki, “Qiyamət gününün əzabı daha acıdır, daha şiddətlidir”. (əl-Qəmər, 46) “O gün insan can atdıqlarını yadına salacaqdır”. Həmin vaxt Adəm övladı etdiyi bütün yaxşı və pis əməlləri yadına salacaq. Allah təala başqa bir ayədə buyurur ki, “Məhz o gün insan xatırlayacaqdır. Lakin bu xatırlamağın ona nə faydası?!” (əl-Fəcr, 23) “Cəhənnəm hər baxana görünəcəkdir”. Yəni o, baxanlara görsənəcək və insanlar onu öz gözləri ilə görəcəklər. “Kim həddini aşmışsa”, yəni inadkarlıq göstərib asi olmuşsa, Dünya həyatını üstün tutmuşsa, yəni onu dininə və axirətinə aid olan işlərdən üstün tutmuşsa, önə keçirmişsə, Şübhəsiz ki, onun məskəni Cəhənnəmdir. Onun düşəcəyi yer cəhənnəm, yeyəcəyi zəqqum, içəcəyi isə qaynar sudur. Amma kim Rəbbinin qarşısında dayanmaqdan qorxmuş və həvəsi nəfsə qadağan etmişsə; Yəni izzət və cəlal sahibi Allahın qarşısında dayanmaqdan və Allahın onun barəsində verəcəyi hökmdən qorxmuş, öz istək və həvəslərini boğaraq onları öz Rəbbinə itaətə çevirmişsə, Həqiqətən, onun məkanı Cənnətdir. Yəni qayıdığı, düşəcəyi və sığınacağı yer yam-yaşıl Cənnətdir. Daha sonra Allah təala buyurur ki, Səndən Saatın nə vaxt gələcəyi haqda soruşarlar. Sən onu nə biləsən?! Yəni onun haqqında bilmək nə sənə, nə də başqa bir məxluqa məxsus olan bir şeydir. Əksinə, onu bütün təfərrüatı ilə bilmək yalnız izət və cəlal sahibi Allaha məxsusdur. Dəqiq şəkildə onun vaxtını yalnız Allah bilir. Uca Allah başqa bir ayədə buyurur ki, “Səndən saat (qiyamət günü) haqqında soruşarlar ki, nə vaxt qopacaq? De: “O ancaq Rəbbimə məlumdur. (Qiyamətin) qopacağı vaxtı Allahdan başqa heç kəs bilə bilməz. Göylərdə və yerdə (Allahdan qeyri) bir kimsənin onu bilməsi çətindir. O sizlərə ancaq qəflətən gələr!” Sən onun haqqında bir şey bilirsənmiş kimi onlar (səndən) israrla soruşarlar. De: “O ancaq Allah dərgahında məlumdur, lakin insanların əksəriyyəti (bunu) bilməz!” (əl-Əraf, 187) Ayədə Allah buyurdu ki, Onu sonuna qədər bilmək ancaq Allaha məxsusdur”. Ona görə də Cəbrayıl əleyhissəlam Qiyamətin vaxtı haqda Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) soruşduqda, o belə cavab vermişdi: “Bu haqda soruşulan soruşandan daha çox bilmir”.
“Sən ancaq ondan qorxanı xəbərdar edənsən”. Yəni Mən səni ancaq insanları xəbərdar etmək, Allahın əzab və qəzəbindən agah edib çəkindirmək üçün göndərdim. Kim Allahdan qorxar, Onun hüzurunda dayanmaqdan və əzabına tuş gəlməkdən çəkinərsə, sənə tabe olar, nəticədə nicat tapıb uğur qazanar. Fəlakət və xüsran səni təkzib edib qarşı çıxanların nəsibi olar. Daha sonra Allah təala buyurur ki, “Onu gördükləri gün yalnız bir axşam, yaxud bir səhər qaldıqlarını sanacaqlar”. Yəni qəbirlərindən qalçıb məhşər ayağına gətirildikləri vaxt dünya həyatının müddəti onların gözündə kiçiləcəkdir və onlara elə gələcək ki, sanki orada bir axşam və ya bir səhər qalmışdılar. Cubeyr Dahhakdan, o da İbn Abbasdan “Onu gördükləri gün yalnız bir axşam, yaxud bir səhər qaldıqlarını sanacaqlar” – ayəsi haqda demişdir: Burada axşam mənasını verən (عَشِيَّة) sözü zöhrlə günəşin batması arasında olan vaxtdır. Səhər mənasını verən (ضُحَا) sözü isə günəşin çıxması ilə günortanın arasındakı qalan vaxtdır.
Qatədə deyir ki, bu, həmin insanların axirəti gördükləri an gözlərində təsəvvür etdikləri dünya həyatının vaxtıdır.
“Ən-Naziat” surəsinin təfsiri başa çatdı. Həmd və səna Allaha məxsusdur.