O, göylərin, yerin və onların arasındakıların Rəbbidir, Rəhmandır. Onlar Onun hüzurunda söz söyləməyi bacarmazlar.

(37-40 ayələr)

Allah təala öz əzəməti və cəlaləti barədə xəbər verir, göylərin, yerin və onlar arasında olanların Rəbbi, habelə rəhmətinin hər şeyi əhatə etdiyi Rəhman olduğunu bildirir. “Onlar Onun hüzurunda söz söyləməyi bacarmazlar”. Yəni heç kəs Allahın icazəsi olmadan onun hüzurunda söz kəsib danışığa başlamağa qadir deyil. Allah təala başqa bir ayədə buyurur ki, “Allahın izni olmadan Onun yanında kim şəfaət edə bilər?” (əl-Bəqərə, 255) Habelə Allah təala buyurur: “(Qiyamət) gəldiyi gün (Allahın) izni olmadan heç kəs danışa bilməz”. (Hud, 105)

            “Ruhun və mələklərin səf-səf duracağı gün…” Təfsir alimləri burada Ruh deyildiyi zaman nə nəzərdə tutulduğu barədə ixtilaf etmişlər:

Birinci: Bəğəvi İbn Abbasdan rəvayət etmişdir ki, onlar Adəm övladının ruhlarıdır.

Ikinci: Onlar Adəm övladlarıdır. Həsən və Qatədə vu cür söyləmişlər. Qatədə deyir ki, İbn Abbasin gizlətdiyi şeylərdən biri də budur.

Üçüncü: Onlar Adəm övladının surətində Allahın yaratdığı məxluqlardır, mələk və insan cinsinə aid deyillər. Onlar yeyər və içərlər. Bunu ibn Abbas, Mucahid, Əbu Saleh və Əmaş demişlər.

Dördüncü: O, Cəbrayıldır. Bu fikri Şəbi, Səid ibn Cubeyr və Dahhak səsləndirmişlər. buna Allah təalanın aşağıdakı ayəsini dəlil gətirilər: “Onu qorxudan peyğəmbərlərdən olasan deyə, sənin qəlbinə Ruhul-əmin (Cəbrail) endirdi”. (əş-Şuara, 193-194) Muqatil İbn Heyyan deyir ki, Ruh mələklərin əşrəfi, izzət və cəlal sahibi olan Allaha ən yaxın olanı və vəhyin sahibidir.

Beşinci: O, Qurandır. Bu fikri İbn Zeyd səsləndirmişdir. Buna dəlil isə aşağıdakı ayəni gətirir: “Sənə də beləcə əmrimizdən olan bir ruh göndərdik”. (əş-Şura, 52)

Altıncı: O, bütün məxluqat qədər mələklərdən bir mələkdir. Əli ibn Əbu Talha “Ruhun … səf-səf duracağı gün” ayəsi barədə İbn Abbasdan nəql edərək bildirir ki, o, yaradılış baxımından ən böyük olan mələklərdən biridir.

            İbn Cərir İbn Məsudun beləd ediyini nəql etmişdir: Ruh dördüncü səmadadır. O, göylərdən, dağlardan və mələklərdən daha böyükdür. Hər gün on iki min dəfə təsbeh edər, Allah onun hər təsbeh etməsindən bir mələk xəlq edər. o, Qiyamət günü tək səfdə gələcəkdir. Bu, qərib rəvayətdir.

Təbərani Atədən, o da Abdulla ibn Abbasdan rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə buyurmuşdur: “Allahın elə bir mələyi var ki, əgər ona “bir loxmada yeddiqat göyü və yeri ud!” – deyilsəydi, udardı. Onun təsbeh etmə forması “Sübhənəkə heysu kunt”. Bu da qərib hədisdir və isnaddakı zincirin Peyğəmbərə çatıb-çatmamasını dəqiqləşdirmək lazımdır. Ola bilsin, zincir sadəcə İbn Abbasda dayanır. Bəlkə də bu rəvayət onun İsrail mətinlərindən götürdüyü məlumatlardandır. Doğrusunu Allah bilir.

Ibn Cərir bu görüşlərin üzərində dayanmış, ancaq bunların hər hansısa birini üstün olaraq qəbul etməmişdir. Mənaya ən yaxın olanı – ən doğrusunu Allah bilir – ola  bilsin ki, onların adəm oğulları olmasıdır.

“Rəhmanın izin verdiyi kimsələrdən başqa heç kəs danışmayacaq”. Buna oxşar başqa bir ayədə Allah təala buyurur: “İzni olmadan heç kəs danışa bilməz”. (Hud, 105) “Səhih” kitabında varid olan hədisdə Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurur ki, “Həmin gün peyğəmbərlərdən başqa heç kəs danışmayacaq”.

            “Danışan da doğrunu söyləyəcək”. Yəni haqqı söyləyəcək. Haqq isə “Lə ilahə illallah” – Allahdan başqa ibadətə layiq ilah yoxdur – kəlməsidir. Bu fikri Əbu Saleh və İkrimə səsləndirmişlər.

“Bu, haqq gündür”. Yəni mütləq baş verəcəkdir. “İstəyən, Rəbbinə tərəf qayıdan bir yol tutar”. Yəni diləyən, Allaha qayıdan, doğru şəkildə gediləcək və izləniləcək bir yola baş qoyar.

“Həqiqətən, Biz sizi yaxın bir əzabla qorxutduq”. Yəni yaxın bir zamanda baş verəcək Qiyamət günü ilə sizi qorxutduq. Çünki hər keçən vaxt həmin günü daha da yaxınlaşdırır.

“O gün insan öz əlləri ilə etdiyi əməllərə baxacaq”. İnsanın etmiş olduğu, istər yaxşı, istər pis, istər əvvəlki, istər yeni bütün əməlləri ona təqdim olunacaq. Allah təala buyurur ki, “Onlar (dünyada) etdikləri bütün əməllərin (öz qarşılarında) hazır durduğunu görəcəklər”. (əl-Kəhf, 49) Başqa bir ayədə uca Allah buyurur: “O gün insana öncə etdiyi və sonraya qoyduğu nə varsa xəbər veriləcəkdir”. (əl-Qiyamə, 13)

“Kafir olan kəs: “Kaş torpaq olaydım!” – deyəcəkdir”. Yəni həmin gün kafir dünya həyatında yaradılmamağını, varlığa gəlməməyini və torpaq olmağı arzulayacaq. Bu hal insanın Allahın əzabına tuş gələcəyi və öz fəsadlı əməllərinə baxacağı zaman yaşanacaq. O, pis əməllərinin mələklərin əli ilə qeyd edildiyini müşahidə edəcək. Deyilənə görə, bu, Allahın dünyadakı heyvanlar barədə hökm verəcəyi və adil bir qərar çıxardacağı zaman baş verəcək. Həmin gün buynuzsuz qoş buynuzlu qoçdan öz qisasını alacaq. Allah təala onlar barədə hökmünü tamamladıqdan sonra onlara deyəcək: “Torpaq olun!” Onlar da torpaq olacaq. Bu zaman da kafir deyəcək: “Kaş torpaq olaydım!” Yəni mən də heyvan olardım ki, torpağa çevrilərdim. Bu məna məşhur sur hadisəsində varid olmuşdur. Bu barədə Əbu Hureyrə, Abdulla ibn Amr və sairlərindən məlumatlar nəql olunmuşdur.

“Ən-Nəbə” surəsinin təfsiri başa çatdı. Həmd və səna yalnız Allaha məxsusdur. O, müvəffəqiyyət nəsib edəndir, qoruyandır.