O kəslər ki: “Ey Rəbbimiz! Həqiqətən, biz iman gətirdik, bizim günahlarımızı bağışla və bizi Od əzabından qoru!”– deyirlər;

Allah Təala bol miqdarda savab verəcəyini vəd etdiyi təqva sahibi qullarını vəsf edərək buyurur: “O kəslər ki: “Ey Rəbbimiz! Həqiqətən, biz iman gətirdik, deyirlər” yəni Sənə, kitabına və peyğəmbərinə iman etdik, deyərlər. “Bizim günahlarımızı bağışla” yəni Sənə və bizə şəriət təyin etdiyin məsələlərə iman gətirməmizə görə  günahlarımızı və işlərimizdə yol verdiyimiz təqsirlərimizi əhv et, lütfün və rəhmətinlə bizi bağışla, deyərlər. “bizi Od əzabından qoru!”

Sonra Allah Təala dedi: “Səbr edən” yəni mükəlləfiyyətləri yerinə yetirməkdə və haramları tərk etməkdə, deməkdir.  “Doğru danışan” imanlarına görə öhdəliyə götürdükləri çətin əməlləri yerinə yetirmə xəbərlərində doğru olanlar deməkdir.   “Müti olan”  buradakı qunut sözü itaət etmək və baş əyməkdir. “Xərcləyən” yəni mallarını əmr edildikləri hər cür əməllərə, qohumluq əlaqələri kəsməməyə və ibadətlərə, ehtiyacları ödəməyə və miskinlərə yardım etməyə xərcləyənlər deməkdir.  “Sübh çağına yaxın bağışlanma diləyən” bu da səhər vaxtlarında istiğfar etməyin fəzilətini göstərməkdədir.

Deyilmişdir ki, Yaqub əleyhissalam oğullarına “Mən Rəbbimdən sizin üçün bağışlanma diləyəcəyəm” (Yusuf, 98) dediyi vaxt onlar üçün duasını səhər vaxtına ertələmişdi. İki səhihdə və digər müsnəd və sünənlərdə bir çox yolla bir qrup sahabədən rəvayət edildiyinə görə Rasulullah (salləllahu aleyhi və səlləm) demişdir: “Allah təbərakə və təala hər gecə, gecənin axır üçdə biri qaldıqda dünya səmasına enər və: ”İstəyən yoxdurmu, verim? Dua edən yoxdurmu, qəbul edim? İstiğfar edən yoxdurmu, bağışlayım?” – deyər.” Hafiz Əbul Həsən Daraqutni bu mövzuda xüsusi bir cüz hazırlamış və onu müxtəlif yollarla rəvayət etmişdir.

İki səhihdə Aişə (Allah ondan razı olsun) demişdir: Rasulullah (salləllahu aleyhi və səlləm) gecənin bütün hissələrində – əvvəlində, ortasında və sonunda vitr qıldı. Nəhayət vitrini sübh çağına yaxın bitirdi. Abdullah ibn Ömər də gecə namaz qılardı. Sonra da: “Ey Nafi sübh çağına yaxınlaşdımı?” – deyərdi. O da: “Bəli” dedikdə səhər açılana qədər dua və istiğfara davam edərdi.” Bunu İbn Əbi Hatim rəvayət etmişdir.

İbn Cərir demişdir: Bizə İbn Vəki danışdı, bizə atam danışdı, o da Hureys ibn əbi Matardan, o da İbrahim ibn Hatibdən, o da atasından rəvayət edib dedi ki, sübh çağına yaxın məscidin bir tərəfində bir adamdan: “Ey Rəbbim, əmr etdin mən də itaət etdim, bax sübh çağına yaxın vaxt da gəldi, məni bağışla” – dediyini eşitdim. Baxdım ki, o şəxs İbn Məsuddur.

İbn Mərduyə, Ənəs ibn Malikdən bu cür rəvayət etdi: “Biz gecə namaz qıldığmız vaxt sübh çağına yaxın vaxtın sonunda yetmiş dəfə istiğfar etməklə əmr olunduq”.