“O: “Kaş ki, mən əvvəlcədən həyatım üçün edəydim!” – deyəcəkdir”. İnsan əvvəllər yaşadığı ömrü və etdiyi günahlardan (əgər günahkarlardan olmuşsa) ötrü peşmançılıq çəkir. İtaətkar bəndələr isə Rəblərinə daha çox itaət etmək arzusunda olduqlarını bildirərlər. Bu haqda İmam Əhməd ibn Hənbəl hədis qeyd etmişdir:
Əli ibn İshaq Abdulla ibn Mubarək vasitəsilə Muhəmməd ibn Əbu Amirənin (o, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) səhabələrindən biri idi) belə dediyini rəvayət etmişdir: “Əgər bir qul doğulduğu gündən qocalıb öləcəyi günə qədər ömrünü Allaha itaətdə keçirsə, Qiyamət günü Allah üçün etdiklərini az hesab edərək, savab və yaxşı işlərini çoxaltmaq üçün yenidən dünyaya qaytarılmasını arzu edər”. Bu hədisi Bəhir ibn Səd, Xalid ibn Midan vasitəsilə Utbə ibn Abddən, o da Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) rəvayət etmişdir.
Növbəti ayədə Uca Allah buyurur: “O gün Onun əzabı kimi heç kəs əzab verə bilməz!” Yəni Allaha üsyan edənlərə Onun əzabından daha şiddətli əzab verə bilən yoxdur. “Onun buxovladığı kimi heç kəs buxovlaya bilməz!” Rəblərini inkar edənlərə qarşı zəbanilər vasitəsilə vurulan buxovdan daha şiddətli buxov ola bilməz. Bu, günahkar və zalım bəndələrin layiq olduqları cəzadır. Təmiz, arxayın və daim haqq yolda olan sabit kəslərə isə belə deyiləcək: “Ey arxayın can! Razı və razılıq qazanmış halda öz Rəbbinə dön!” Yəni Rəbbinnin dərgahına, Onun mükafatına və qulları üçün Cənnətdə hazırladığı nemətlərə tərəf qayıt! Sən Rəbbindən razı, O da səndən razı olaraq… “Qullarımın sırasına daxil ol!” Yəni onların zümrəsinə qoşul! “Və gir Cənnətimə!” Bu söz ona həm ölüm zamanı, həm də Qiyamət günü deyilir. Bilindiyi kimi, mələklər mömini həm ölüm anı, həm də qəbrində həşr olunduğu zaman da müjdələyirlər. Burada da oxşar hal mövcuddur.
Onu da qeyd edək ki, təfsir alimləri bu ayənin nazil olma səbəbi haqda müxtəlif fikirlər söyləmişlər. Dahhakın İbn Abbasdan nəql etdiyi rəvayətə görə, bu ayə Osman ibn afvan haqda nazil olub. Bureydədən varid olan rəvayətə görə isə həmin ayə Həmzə ibn Abdulmuttalb haqda nazil olmuşdur. Allah onların hər ikisindən də razı olsun!
Ovfu İbn Abbasdan rəvayət edir ki, Qiyamət günü arxayın ruhlara belə deyiləcək: “Ey arxayın can! Öz Rəbbinə dön!” Yəni dostuna! Bu, dünyada onun yaşamasını təmin edən bədənidir. “Razı və razılıq qazanmış halda”. İbn Abbasdan varid olan rəvayətə görə, o bu ayəni “Qullarımın sırasına daxil ol! Və gir Cənnətimə!” ayələri şəklində oxuyurdu. İkrimə və Kəlbi də bu cür qeyd etmişlər. İbn Cərir bu fikri daha məqbul hesab etmişdir. Lakin bu, qeyri-məqbul bir görüşdür. Daha məqbul olan isə birincisidir. Çünki başqa bir ayədə uca Allah buyurmuşdur: “Sonra insanlar Allahın – özlərinin həqiqi ixtiyar sahibinin hüzuruna qaytarılar. Bilin ki, hökm Onundur (Allahındır) və O, ən tez haqq-hesab çəkəndir!” (əl-Ənam, 62) “Bizim axır dönüşümüz isə Allahadır”. (əl-Mumin, 43) Yəni Onun hökmünə və hüzurunda dayanmağa qayıdacaqsınız.
İbn Əbu Hatim deyir: Ali ibn Hüseyn, Əhməd ibn Əmdürrəhman vasitəsilə Səid ibn Cübeyrdən Allah təalanın “Ey arxayın can! Razı və razılıq qazanmış halda öz Rəbbinə dön!” ayəsi haqda İbn Abbasın belə dediyini rəvayət etmişdir: “Bu ayə nazil olduğu zaman Əbu Bəkr oturmuşdu. Birdən peyğəmbərə (salləllahu aleyhi və səlləm) yönələrək dedi: “Ey Allahın elçisi, bu, necə də gözəldir!” Peyğəmbər (salləllahu aleyhi və səlləm) isə buyurdu: “Bunlar sənə söylənəcəkdir”. İbn Əbu Hatim başqa bir rəvayəti nəql edərək deyir: Əbu Səid əl-Əşac, İbn Yəmən vasitəsilə Səid ibn Cübeyrin belə dediyini nəql edir: “Mən Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanında “Ey arxayın can! Razı və razılıq qazanmış halda öz Rəbbinə dön!” ayəsini oxudum. Həmin vaxt Əbu Bəkr (Allah ondan razı olsun!) dedi: “Bu, necə də gözəldir!” Peyğəmbər (salləllahu aleyhi və səlləm) isə ona xitabən “Ölümün anı bunu sənə mələk söyləyəcək”. Bunu İbn Cərir də İbn Kureyb vasitəsilə Səid ibn Cubeyrdən nəql etmişdir. Bu, mürsəl-həsən hədisdir.
Həmçinin, İbn Əbu Hatim deyir ki, Həsən ibn Arafə, Mərvan ibn Şüca vasitəsilə Səid ibn Cübeyrin belə dediyini nəql edir: “İbn Abbas taifdə öldüyü vaxt əvvəllər heç görülməmiş formada olan bir quş gəldi və onun tabutunun içinə girdi. Həmin quşun tabutdan çıxdığını heç kəs görmədi. Cənazə dəfn olunduğu zaman bu ayə oxundu: “Ey arxayın can! Razı və razılıq qazanmış halda öz Rəbbinə dön! Qullarımın sırasına daxil ol! Və gir Cənnətimə!” Lakin həmin ayəni kimin oxuduğu diqqətdən yayındı. Bu rəvayəti Təbərani də Abdulla ibn Əhməd vasitəsilə Salim ibn Əclandan nəql etmişdir.
Muhəmməd ibn Munzir “Əl-Əcaib” adlı kitabında Qubas ibn Ruzeyn Əbu Haşimin belə dediyini nəql edir: “Bizans torpaqlarında əsir düşdük. İmperator bizi çağırdı və öz dinini bizə qəbul etdirməyə çalışdı. Onun dinini qəbul etməyənlərin boynu vurulacaqdı. Üç nəfər öz dinindən döndü. Sıra dördüncüyə gəldi. Lakin o öz dinindən dönmədi. Onun boynu vururub oradakı arxa atıldı. Kəsilmiş baş suya dalıb sonra üzə çıxdı. Daha sonra öz dinindən dönmüş həmin üç nəfərə baxdı və onları adları ilə çağıraraq dedi: “Ey arxayın can! Razı və razılıq qazanmış halda öz Rəbbinə dön! Qullarımın sırasına daxil ol! Və gir Cənnətimə!” Kəsik baş yenidən suya daldı. Nəql edən deyir ki, az qala oradakı xristianlar müsəlman olacaqlardı. Həmin vaxt imperatorun taxtı yerə çökdü. Dinindən dönmüş üç nəfər də yenidən İslamı qəbul etdilər. Sonra xəlifə Cəfər ibn Mənsurdan azad olunmağımız üçün fidyə gəldi və biz xilas olduq.
İbn Əsakir, Əbu Amr əl-Övzainin qızı Ravəhənin tərcümeyi-halında Əbu Uməmənin belə dediyini rəvayət etmişdir: “Peyğəmbər (salləllahu aleyhi və səlləm) bir kişiyə yönələrək buyurdu: “De ki; Ey Allahım, Səndən Səninlə qaşrılaşmağa arxayın olan, hökmündən razı qalıb, verdiklərinlə kifayətlənən rahat bir can istəyirəm”. İbn Əsakir Əbu Süleyman ibn Vabrdan nəql edir ki, bu, Ravahənin nəql etdiyi yeganə rəvayətdir.
“Əl-Fəcr” surəsinin təfsiri sona çatdı. Həmd və səna Allaha məxsusdur.