O zaman sən döyüşdən ötrü möminləri mövqelərə yerləşdirmək üçün səhər tezdən ailəndən ayrılıb getdin. O, Eşidəndir, Biləndir!

Cumhura görə bu hadisə Uhud döyüşüdür. Bunu İbn Abbas, Həsən, Qatadə, Suddi və bir çoxları demişdir. Həsən Bəsridən də, bundan murad edilən Əhzab savaşıdır, dediyi rəvayət edilmişdi. Bunu İbn Cərir rəvayət etmişdir. Onun dediyi qəribədir və önəmli deyil.

Uhud döyüşü hicrətin üçüncü ilində, Şəvval ayında, şənbə günü olmuşdur. Qatadə demişdir: “Şəvval ayının on bir gecəsi keçmişdi.” İkrimə: “Şəvval ayının ortası şənbə günü olmuşdu” demişdir. Allah ən doğrusunu biləndir.

Səbəbi bu idi ki, müşriklər Bədr döyüşündə zadəganlarının bəzilərini itirdikdə və Əbu Sufyanın başçılıq etdiyi karvan yükü ilə bərabər qurtulub Məkkəyə döndükdə, ölənlərin övladları və qalan başçılar ona dedilər: “Karvanın gəlirini götür və Muhəmməd ilə döyüşə xərclə. Onlar bu işə vəsait qoyub qoşun topladılar. Qureyşli və həbəşi döyüşçülər yığdılar. Üç min nəfərlə Mədinəyə doğru yola çıxdılar. Mədinənin qarşısında Uhud adında bir yerdə dayandılar. Rəsulullah (salləllahu aleyhi və səlləm) cümə namazını qıldı. Sonra Nəccar oğullarından Malik ibn Amr deyilən bir nəfərin cənazəsini qıldı. “Onların qarşısına çıxsın, yoxsa Mədinədə qalsın” deyə insanlarla məşvərət etdi. Abdullah ibn Ubey Mədinədə qalmağı təklif etdi. Əgər düşmənlər olduqları yerdə qalsa pis vəziyyətdə qalarlar. Şəhərə girsələr kişilər qarşılarına çıxar, qadınlar və uşaqlar da üstlərinə daş atar. Geri dönsələr əlləri boş dönərlər. Bədrdə olmayan səhabələr də döyüşə çıxmağı irəli sürdülər. Rəsulullah (salləllahu aleyhi və səlləm) içəri girdi, silahını götürüb çıxdı. Bəziləri peşman oldu və dedilər: “Bəlkə Allahın Rəsulunu (salləllahu aleyhi və səlləm) məcbur etdik.” Sonra dedilər: “Ey Allahın Rəsulu istəsən şəhərdə qala bilərik” O da cavab verdi: “Silahını geyinən bir peyğəmbərə, Allah hökm etməyincə, geri dönməsi yaraşmaz.” Min səhabə ilə getdi. Şavt bölgəsinə çatanda Abdullah ibn Ubey, sözünə qulaq asılmadığı üçün açıqlanıb ordunun üçdə biri ilə geri döndü. O və dostları dedilər: “Bu gün döyüş olacağını bilsəydik sizə qoşulardıq, lakin bu gün döyüşməyəcəyinizi hesab edirik.”

Rəsulullah (salləllahu aleyhi və səlləm) yürüşünü davam etdi, vadinin kənarında bir dağ yoluna endi. Kürəyini və döyüşçüləri Uhuda dirədi və dedi: “Biz savaşın deməsək heç kim döyüşməsin.” Rəsulullah (salləllahu aleyhi və səlləm) yeddi yüz səhabə ilə döyüşə hazırlaşdı. Ox atanların başına Amr ibn Avf oğullarından Abdullah ibn Cubeyri təyin etdi. Ox atanlar o gün əlli nəfər idilər. Onlara dedi: “Bizi atlılardan qoruyun bizə siz tərəfdən gəlmələrinə əngəl olun. Biz qalib gəlsək də məğlub olsaq da yerinizdən tərpənməyin. Bizi quşların qapdığını görsəniz belə yerinizdən tərpənməyin.” Rəsulullah (salləllahu aleyhi və səlləm) üst üstə iki zireh geyindi. Bayrağı Abdüddar oğullarından Musab ibn Umeyrə verdi. Rəsulullah (salləllahu aleyhi və səlləm) o gün bəzi gənclərə döyüşməyə icazə verdi, bəzilərinə də vermədi. Onlara da təqribi iki ildən sonra Xəndək döyüşündə icazə verdi. Qureyş üç minlik ordusunu hərəkətə gətirdi. Yanlarında iki yüz atlı var idi, onları kənara çəkmişdilər. Sağdakı atlı dəstəsinə Xalid ibn Valid, soldakı atlılara isə, İkrimə ibn Əbu Cəhili başçı qoydular. Bayrağı Abduddər qəbiləsinə verdilər. Sonra iki bölük arasında yeri gəldikcə izah edəcəyimiz hadisələr baş verdi. Buna görə Allah buyurur: “O zaman sən döyüşdən ötrü möminləri mövqelərə yerləşdirmək üçün səhər tezdən ailəndən ayrılıb getdin”. Onları mövqelərdə yerləşdirir, sağ və sol cinahlara ayırır və əmr etdiyi məntəqələrdə yerləşdirirdi. “O, Eşidəndir, Biləndir!” yəni dediklərinizi eşidir, qəlbinizdəki bilir.

İbn Cərir burada xülasəsi bu olan bir sual verir: “Peyğəmbər (salləllahu aleyhi və səlləm) Uhuda cümə günü namazdan sonra çıxdığını deyirsiz?” Halbuki Allah təala buyurur: “O zaman sən döyüşdən ötrü möminləri mövqelərə yerləşdirmək üçün səhər tezdən ailəndən ayrılıb getdin” deyirsiniz. Sonra da özü cavab verir ki, onun döyüşçülərini mövqelərə yerləşdirməsi şənbə günü tezdən olmuşdur.

O zaman sizlərdən iki dəstə ruhdan düşməyə hazır idilər” Buxari demişdir: Bizə Əli ibn Abdullah danışdı, bizə Sufyan danışıb dedi: Amr demişdir: Cabir ibn Abdullahdan “O zaman sizlərdən iki dəstə ruhdan düşməyə hazır idilər” bu ayənin bizlər barəsində nazil olduğunu eşitdim. Biz iki zümrə, Harisə oğulları ilə Sələmə oğulları idik. Onun nazil olması bizim üçün çox sevimli idi – Sufyan bir dəfə dedi: Məni çox sevindirdi – çünki ardı ilə Allah buyurdu “Allah isə onların yardımçısı oldu”. Muslim də Sufyan ibn Ueynənin hədisindən bu cür rəvayət etmişdir. Sələfdən bir çoxları da demişlər: “Onlar Harisə oğulları və Sələmə oğullarıdır.”

Siz zəif olduğunuz halda Allah, Bədrdə sizə yardım etdi” yəni, Bədr döyüşündə. O da hicrətin ikinci ilində, Ramazan ayının on yeddisi cümə günü idi. O, ayırma günü idi. Allah onda İslamı və müsəlmanları qüvvətli etdi, şirki darmadağın edib məskənini xarabalığa çevirdi. Üstəlik o gün müsəlmanların sayı daha az idi. Çünki onlar üç yüz on üç nəfər idilər. İçlərində iki atlı, yetmiş dəvəli var idi. Qalanları piyada idilər. Yanlarında gərəkli azuqələri yox idi. Düşmən isə yeddi yüz ilə min arasında idi. Bol zirehləri və başlarında dəbilqələri vardır. Təchizatları tam idi. Bəzəkli atları var idi. Allah Rəsulunu qüvvətli etdi, vəhy və nazil etdiyini həyata keçirdi. Peyğəmbərin (salləllahu aleyhi və səlləm) və səhabələrin üzünü ağ etdi. Şeytanı və ordusunu rəzil etdi. Mömin qullarına və təqva sahiblərinə nemətini xatırladaraq buyurur: “Siz zəif olduğunuz halda Allah, Bədrdə sizə yardım etdi”. Yəni sayınız az idi. Zəfər say və təchizatın çoxluğu ilə deyil, Allahın yardımı ilə olduğunu bilməklərini istəyirdi. Buna görə də o birisi ayələrdə Allah buyurdu: “Həqiqətən, Allah əksər döyüşlərdə, habelə Huneyn günündə də sizə kömək etmişdi. O zaman çoxluğunuza aludə oldunuz, amma sizin karınıza gəlmədi. Yer üzü, genişliyinə baxmayaraq, sizə dar gəldi, sonra geriyə çevrilib qaçdınız. Sonra Allah Öz Elçisinə və möminlərə əminlik nazil etdi, görə bilmədiyiniz döyüşçülər göndərdi və kafirlərə əzab verdi. Budur kafirlərin cəzası. Bundan sonra isə Allah istədiyinin tövbəsini qəbul edər. Çünki Allah Bağışlayandır, Rəhmlidir” (Tövbə, 25-27).

İmam Əhməd demişdir: Bizə Muhəmməd ibn Cəfər danışdı, bizə Şubə danışdı, o da Simakdan dedi: İyad əl-Əşaridən eşitdim ki, o demişdir: Yərmuk döyüşündə idim, beş rəhbərimiz var idi: Əbu Ubeydə, Yəzid ibn əbu Sufyan, İbn Həsənə, Xalid ibn Valid və İyad – Bu İyad, Simakdan hədis dinləyən İyad deyil.  Davam edib dedi, Ömər (radiyallahu anhu) dedi: “Əgər döyüş olsa başçınız Əbu Ubeydədir.” Deyir biz də ona yazdıq ki, ölüm ətrafımızda gəzir. Ondan kömək istədik. O da bizə cavab yazdı: Məktubunuz mənə çatdı, məndən kömək istəyirsiz. Sizə məndən daha güclüsünü, məndən daha yaxşı yardım edənini və döyüşçüləri məndən daha yaxşı qoruyanını məsləhət verim: Əziz və cəlil olan Allahdan kömək istəyin. Çünki Muhəmmədə (salləllahu aleyhi və səlləm) Bədr döyüşündə sizdən az ikən zəfər verilmişdi. Məktubum sizə çatdığı zaman onlarla döyüşün mənə müraciət etməyin.” Deyir ki, bizdə onlarla döyüşdük və dörd fərsax məsafəsində məğlubiyyətə uğratdıq. Mallarını ələ keçirdik. Məşvərət etdik. İyad bizə hər adam qarşılığında on dirhəm verilməsini təklif etdi. Deyir ki, Əbu Ubeydə dedi: “Mənimlə kim yarışır?” Bir gənc dedi: “Əgər əsəbləşməsən, mən.” Deyir ki, onu keçdi. Mən, Əbu Ubeydənin saçlarının çılpaq atın arxasında tullandığını gördüm.” Bu isnad səhihdir. Bunu İbn Hibban öz Səhihində Bundardan, o da Ğundərdən, bənzər şəkildə rəvayət etmişdir. Bunu Hafiz Ziya Maqdisi də kitabında tərcih etmişdir.

Bədr, Məkkə ilə Mədinə arasında quyusu ilə tanınan bir yerdir. Quyunu qazanın adını daşıyır. Ona Bədr ibn Nareyn deyirdilər. Şəbi də belə demişdir: Bədr bir quyudur. Bədr adamın adı ilə adlanır.

Elə isə Allahdan qorxun ki, bəlkə şükür edəsiniz” yəni itaət əmrini yerinə yetirin.