(17-32 ayələr)
Allah təala Adəm övladları içərəsində yenidən dirilib həşr olunmağı inkar edənləri qınayaraq buyurur: Ölsün insan! O necə də nankordur!” Dahhak İbn Abbasdan nəql edir ki, Ölsün insan! Yəni ona lənət olsun! Həmçinin, Əbu Malik deyir ki, bu, təkzib edib yalan sayan insan cinsinə oxunan bir lənətdir. O, əsassız, elmsiz və azaq durmaqla elə hey təkzib etdiyi üçün buna layiq görülmüşdür. İbn Cureyc “O necə də nankordur!” barədə deyir ki, yəni onun küfrü necə də şiddətlidir. İbn Cərir deyir: Ola bilsin, ayədəki məqsəd odur ki, “onu kafir edən və qayıdışı inkar etməyə səbəb vadar edən axı nə oldu?” Bunu Bəğəvi Muqatil və Kəlbidən nəql etmişlər. Qatədə deyir ki, “O necə də nankordur!” Yəni necə də lənətlənmişdir. Daha sonra Allah təala insanı dəyərsiz bir şeydən yaratdığını bildirərək, ilk yaratdığı kimi, yenidən diriltməyə qadir olduğunu bəyan etdi. Allah təala buyurur ki, “Onu hansı şeydən yaratdı? Nütfədən yaratdı onu, qədərini təyin etdi”. Əcəlini, ruzisini, əməlini, xoşbəxt və ya bədbəxt olacağını təyin etdi, müəyyənləşdirdi. “Sonra yolu ona asanlaşdırdı”. Övfi İbn Abbasdan belə nəql edir ki, anasının bətnindən çıxmağı ona asanlaşdırdı. İkrimə, Dahhak, Əbu Saleh, Qatədə və Suddi də bu cür qeyd etmişdir. İbn Cərir bu görüşü qəbul etmişdir. Mucahid deyir ki, bu ayə Allahın təalanın “Biz ona yolu göstərdik. İstər (nemətlərimizə) minnətdar olsun, istər nankor!” (əl-İnsan, 3) Yəni biz ona yolu açıqlayıb bəyan etdik, əməlini asanlaşdırdıq. Həsən və İbn Zeyd də bu fikridə olmuşlar. Ən üstün görüş də budur. Ən doğrusunu Allah bilir. “Sonra onu öldürüb qəbrə qoydu”. Onu yaratdıqdan sonra öldürüb qəbrə yerləşdirdi, onu qəbir sahibi etdi.
“Sonra istədikdə onu çıxardacaqdır”. Yəni öldükdən sonra onu yenidən dirildəcək. Buna görə də həmin günə dirilmə və məhşər günü deyilir. Allah təala buyurur ki, “Sizi (atanız Adəmi) torpaqdan yaratması, sonra da sizin (hərənizin) bir insan olub yer üzünə yayılmağınız Onun qüdrət əlamətlərindəndir”. (ər-Rum, 20) “İndi sümüklərinə bax, gör necə onları bir-biri ilə birləşdirir, sonra da onların üzərini ətlə örtürük!” (əl-Bəqərə, 259) İbn Əbu Hatim deyir ki, Əbu Səid Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə buyurduğunu rəvayət etmişdir: “Torpaq quyruq yerindən başqa insanın hər yerini yeyər”. Soruşuldu: “O nədir ki, ey Allahın elçisi?” Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: “O, xardal dənəsi kimi bir şeydir. Onunla yenidən dirildilərsiniz”. Bu hədis iki “Səhih” kitabda Əmaşın Əbu Salehdən, onun da Əbu Hureyrədən etdiyi rəvayətdə yer alır. Ancaq sonundakı artıq ləfz yoxdur. Oradakı ləfz isə belədir: “Quyruq yeri istisna olmaqla, Adəm övladının hər yeri çürüyər. Ordan yaradılıb və ordan da birləşdirilər”.
“Xeyr, ona əmr etdiyini yerinə yetirməyib”. İbn Cərir deyir ki, “şanı uca olan Allah buyurur ki, xeyr, məsələ bu kafir insanın dediyi kimi deyil. Guya, o, Allahın onun canında və malında olan haqqını artıq yerinə yetirib. “Xeyr, ona əmr etdiyini yerinə yetirməyib”. O, izzət və cəlal sahibi Rəbbinin ona vacib bildiklərini yerinə yetirməyib”. Daha sonra İbn Cərir və İbn Əbu Hatim İbn Əbu Nəcihin Mucahiddən gətirdiyi nəqli qeyd edərək deyirlər: “Xeyr, ona əmr etdiyini yerinə yetirməyib”. Heç kəs ona fərz qılınan bütün vacibatların hamısını heç vaxt yerinə yetirə bilməz”. Bəğəvi Həsən əl-Basridən buna oxşar rəvayət nəql etmişdir. Bunlardan başqa əvvəlkilərin bu barədə heç bir fikri ilə rastlaşmadım. Mənə də elə gəlir ki, – ən doğrusunu Allah bilir – “Sonra istədikdə onu çıxardacaqdır” yəni, yenidən dirildəcək, “Xeyr, ona əmr etdiyini yerinə yetirməyib” yəni onu nə indi, nə də vaxt tamam olana kimi yeninə yetirməz. Allah təala Adəm övladlarından qədərində bunu yerinə yetirməyəcəyi yazılmış kimsələr dünyaya çıxarılarlar. Allah bunu yaradılış və qədər baxımından əmr etmişdir. Sonra Allah ilk dəfə yaratdığı kimi, məxluqatı yenidən dirildər. İbn Əbu Hatim Vahb ibn Munəbbihdən nəql edərək bildirir ki, Uzeyr əleyhissəlam belə demişdi: “Mənə gələn mələk dedi ki, qəbirlər torpağın bətnidir. Torpaq isə insanların əslidir. Allah yaratmaq istədiyini yaratdıqda və yaratdıqları üçün hazırladığı qəbirlər başa çatdıqda, dünyanın sonu gələr və üstündəkilər ölər. Sonra torpaq bətnindəkiləri bayıra tullayar, qəbirlər içindəkiləri çölə çıxardar. Bu, ayənin mənası ilə bağlı olaraq dediyimizə oxşayır. Şübhəsiz ki, doğrunu ən yaxşı bilən nöqsansız və uca olan Allahdır.
“Bir yeməyinə baxsın insan!” Yemək həm Allahın lütfü, həm də sərt torpağın bitgilərlə canlandırılması kimi, vücudun da toz-torpaq və sür-sümük vəziyyətindən çıxıb yenidən dirilməsinə dəlalət edən əlamətdir. “Həqiqətən, Biz su endirdik”. Yəni göydən yerə endirdik. “Sonra yeri yardıq”. Onu yerin içinə qədər sızdırıb axıtdıq. Torpağa atılan hər toxumun parçalarına qədər suyu daxil etdik. Oradan bitki bitdi, yerin üstündə müəyyən hündürlüyə kimi qalxdı. “Və orada dən biritdik. Üzüm və yonca!”. Dən dedikdə, bütün dənli bitgilər nəzərdə tutulur. Üzüm tanınmış meyvədir, yonca isə heyvanların yedikləri yaş bitgidir. İbn Abbas, Qatədə, Dahhak və Suddi ərəb dilində yoncaya Qat da deyildiyini söyləmişlər. Həsən əl-Basri bunun heyvanların yedikləri quru yoncalar olduğunu söyləmişdir. “Zeytun və xurma!” Zeytun tanınmış qida məhsuludur. Ondan ağartıda və yağ hazırlanmada istifadə olunur. Xurma isə quru və yaş olaraq yeyilir. Təzə və bişmiş şəkildə də yeyilər. Suyu sıxılaraq sirkə hazırlanar. “Sıx baxçalar”, bostanlar. Həsən və Qatədə deyir ki, bunlar qiymətli və böyük xurma ağaclarıdır. İbn Abbas və Mucahid isə deyirlər ki, bu, sarmaşan xurma axaclarıdır, dəydikdən sonra toplanılır. Həmçinin İbn Abbas əlavə olaraq deyir ki, sıx xurma ağaclarıdır ki, kölgəsində kölgələnərlər. Əli ibn Əbu Talha İbn Abbasdan rəvayət edir ki, “Sıx baxçalar” hündür ağaclarla dolu baxçalardır. İkrimə isə gövdələri qalın ağaclar olduğunu söyləmişdir. Başqa bir rəvayətdə isə “boynu qalın ağaclar” – deyə qeyd olunur.
Daha sonra Allah təala buyurur: “Meyvələr və otlar” Meyvə şirinliyi olan və yeyilən bitki növüdür. İbn Abbas deyir ki, meyvə mənasına gələn “fakihə” sözü yaş olaraq yeyilən qıda məhsuludur. Ayədəki ot mənasına gələn söz isə yerdə bitən insanların yeməyib, sadəcə heyvanlar tərəfindən qida kimi istifadə olunan bitkidir. İbn Abbasdan nəql olunan digər bir rəvayətdə deyilir ki, bu, heyvanların yedikləri otdur.
Mucahid, Səid ibn Cubeyr və Əbu Malik bu sözün ot olduğunu bildirmişlər. Mucahid, Həsən, Qatədə və İbn Zeyd deyirlər ki, insanlar tərəfindən meyvə yeyildiyi kimi, heyvanlar tərəfindən də ot yeyilir. Atə isə deyir ki, bu, yerdən bitən bütün bitkilərdir. Dahhakın sözlərinə görə, meyvədən başqa yerdə bitən bütün bitkilər otdur.
İbn İdris İbn Abbasdan nəql edir ki, ot yerdə bitən və heyvanlar tərəfindən yeyilən bitkidir. Insanlar onu yeməzlər. Bunu İbn Cərir İbn İdris üç yolla İbn İdrisdən rəvayət etmişdir. Əbu Kureyb və Əbu Saib deyirlər ki, İbn İdris bizə Səid ibn Cubeyrdən belə nəql edirlər: İbn Abbas bir-bir saydı və dedi: Ot isə heyvanların istifadəsi üçün yerdə bitən bitkidir. Bu, Əbu Kureybin hədisinin ləfzidir. Əbu Saib isə deyir ki, yerdə bitən, heyvanlar və insanlar tərəfindən yeyilən bitkidir. Övfi İbn Abbasdan nəql edərək bildirir ki, bu söz ot və otlaq mənasını verir. Mucahid, Həsən, Qatədə, İbn Zeyd və başqaları bu görüşdə olmuşlar. Əbu Ubeydulqasim ibn Səlam deyir ki, bizə Muhəmməd ibn Yezid İbrahim Teymidən nəql edir ki, Əbu Bəkr əs-Siddiqdən (Allah ondan razı olsun!) Allah təalanın “Meyvələr və otlar” – ayəsi haqda soruşulduqda, belə cavab vermişdi: “Mən Allahın kitabında bilmədiyim bir şeyi desəm, hansı göy məni kölgələndirər, hansı göy məni üstündə gəzdirər?” Bu, İbrahim Teymi ilə Əbu Bəkr əs-Siddiq (Allah ondan razı olsun!) kəsiklik var. İbn Cəririn rəvayətinə gəlincə, o, Ənəsin belə dediyini rəvayət edir ki, Ömər ibn əl-Xəttab (Allah ondan razı olsun!) “Qaşqabağını töküb üzünü çevirdi” – ayəsini oxudu və “Meyvələr və otlar” – ayəsinə çatdıqda, dedi: “Meyvənin nə olduğunu bildik. Bəs burdakı ot nə deməkdi?” Ənəs dedi: “Ey Xəttabın oğlu, bu bir yükdür”. Bu, səhih isnaddır. Bunu Ənəsdən bir çoxları rəvayət etmişdir. Çox ehtimal ki, Ömər ibn əl-Xəttab (Allah ondan razı olsun!) otun şəklini və sortunu bilmək istəyirdi. Əlbətdə ki, bu ayəni oxuyan hər kəs ayənin gedişindən onun yerdə bitən bitki olduğunu bilir. Çünki Allah təala surədə buyurur ki, “Orada dən biritdik. Üzüm və yonca; Zeytun və xurma; Sıx bağçalar; Meyvələr və otlar”. O biri ayədə isə Allah təala buyurdu: “Ki, sizə və heyvanlarınıza faydalı olsun!” Yəni bu dünyada həm siz, həm də heyvanlarınız Qiyamətə qədər bunlardan istifadə edərsiniz.