Suddi belə demişdir: Bizə Əbu Malik, o da Əbu Salehdən, o da Mürrə əl Həmədanidən, o da ibn Məsuddan rəvayət edir ki, Rəsulullahın (salləllahu aleyhi və səlləm) bəzi səhabəsi, qəlblərindəki xəstəlik şübhədir, demişdirlər. Allahın da onların xəstəliklərini artırması şübhələrini artırması deməkdir. İbn İshaq Muhəmməd ibn Muhəmməddən, o da İkrimə və ya Səid ibn Cübeyrdən rəvayət edir ki, İbni Abbas demişdir: Qəlblərindəki xəstəlik şübhədir, demişdir. Mucahid, İkrimə, Həsən Bəsri, Əbul Aliyə, Rəbi ibn Ənəs və Qatadə də belə demişdirlər. İkrimə Tavusdan qəlblərindəki xəstəliyin riya olduğunu söyləmişdir. Dahhaq da ibn Abbasdan: Qəlblərindəki xəstəliyin münafiqlik olduğunu rəvayət etmişdir. Allah onların xəstəliyini artırdı, münafiqliyini artırdı deməkdir. Bu da birincisi kimidir. Abdurrəhman ibn Zeyd ibn Əsləm: Bu xəstəlik din xəstəliyidir. Maddi xəstəlik deyildir. Onlar münafiqlər idi, demişdir. Xəstəlik: Onların islamiyyətinə girən şübhədir. Allah xəstəliklərini artırdı demək, murdarlıqlarını artırdı deməkdir. Çünki Allah Təala belə demişdir: “Bir surə nazil edildiyi zaman onlardan istehza ilə: «Bu, hansınızın imanını artırdı?»– deyənlər də var. İman gətirənlərə gəldikdə isə, o surə onların imanını artırır və onlar bir-birlərini müjdələyirlər. Qəlbində xəstəlik olanlara gəlincə, o surə onların murdarlığı üstünə bir murdarlıq da artırır və onlar kafir qalaraq ölürlər”(Tövbə, 124-125). Murdarlıqlarına murdarlıq, şərlərinə şər, azğınlıqlarına azğınlıq əlavə etdi, deməkdir. Əbdürrəhmanın bu dediyi gözəldir: o da cəzanın əməlin cinsindən olmasıdır.
Birincilər də belə demişdirlər: Bu ayələr də belədir: “Doğru yolla gedənlərə gəldikdə isə, Allah onlara hidayətini artırar və onları təqvalı olmağa müvəffəq edər” (Muhəmməd, 17). “Bimə kənu yekzibun” yükəzzibun şəklindədə oxunmuşdur. Çünki bu sifətləri davam etməkdədir- onlar yalançıdırar və qeybi yalanlıyırlar və hər ikisini bir yerdə edirlər.
Qurtubi və digər təfsirçilərdən Peyğəmbər (salləllahu aleyhi və səlləm) bəzilərini bildiyi halda münafiqləri nə üçün öldürməməsinin hikmətini soruşdular. Onlar da bəzi cavablar verdilər. Bu cavablardan biri də iki Səhihdə təsdiqini tapmış bu hədisdir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) Ömərə, Ərəblərin Muhamməd öz sahabələrini öldürür deyə danışmalarından ehtiyat edirəm, demişdir. Bunun da mənası budur: Bundan da böyük bir qarışıqlıq meydana gələ bilərdi və ərəblər islama girməkdən çəkinərdilər. Onları hansı hikmətlə öldürdüyünü, münafiqləri yalnız küfrlərinə görə öldürdüyünü bilməzdilər. Çünki onlar yalnız görünəni başa düşərlər və Muhamməd əshabını öldürür deyərlər. Qurtubi belə demişdir: bizim alimlərimiz və başqaları da bu fikirdədirlər. Belə ki, qəlbləri İslama isindirilmək istənənlərə də onların pis inanclarını bildikləri halda bol mal mülk verirdi. İbni Atiyyə belə demişdir: İmam Malik və dostları da bu fikirdədirlər. Bunu Muhammed ibn Cəhm, Qazı İsmayıl və Əbhəri də demişdirlər. İbni Macişun da imam Malikdən belə nəql etmişdir: Rəsulullah (salləllahu aleyhi və səlləm) münafiqlərə toxunmaması , ümmətinə hakim öz bildiyi ilə hökm verə bilməz qaydasını bəyan etmək üçündür. Qurtubi belə demişdir: Alimlər ittifaqla bunu demişdirlər ki, qazi öz bildiyi ilə günahkarı öldürə bilməz. Digər hökmlərdə müttəfiq olmasalar da bunda icma halındadırlar. Şafi də bu mövzuda belə demişdir: Rəsulullah (salləllahu aleyhi və səlləm) bildiyi halda münafiqləri öldürməməsi, göstərdikləri islamın daha əvvəlini kəsib atmasındandır. Buxari və Muslimdəki bu hədis də bu fikri dəstəkləməkdədir. «Mən insanlar Ləiləhə illallah deyincəyə qədər onlarla vuruşmaqla əmr olundum. Bunu dedikləri zaman qanlarını və mallarını məndən qorumuş olurlar. Ancaq İslam haqqı xaricdir. Hesabları Allahadır». Bunun mənası belədir: Kim bu kəlməni söyləyərsə zahirən ona İslamın hökmü tətbiq edilir. Əgər daxilən də ona inanarsa axirətdə bunun savabını görər. Əgər inanmazsa dünyada ona bu hökmün tətbiq edilməsi və onun müsəlmanlara qaynayıb qarışması ona heç bir fayda verməz. Allah Təala belə demişdir: Münafiqlər onları haraylayıb deyəcəklər: «Məgər biz sizinlə birlikdə deyildikmi?» Möminlər deyəcəklər: «Bəli, lakin siz öz-özünüzü aldadırdınız, möminlərə bəla üz verməsini gözləyirdiniz, haqqa şübhə edirdiniz və Allahın əmri gələnədək xülyalar sizi yoldan çıxartdı (Hədid, 14). Onlar məhşərdə Müsəlmanlara qarışacaqlar, haqq yerini tapınca onlardan ayrılacaq və geri qalacaqlar. “Daha öncə onların bənzərlərinə edildiyi kimi, arzuladıqları şeylərlə onların arasına sədd çəkilər. Həqiqətən, onlar anlaşılmaz bir şübhə içində idilər” (Səba 54). Səcdə edə bilməyəcəklər. Necə ki hədislər bunu dilə gətirmişdir.
Belə də deyilmişdir: Onları öldürməməsi bunun üçündür; çünki onların pisliklərindən qorxmurdu, onların arasında olur və onlara Allahın açıq ayələrini oxuyurdu. Amma peyğəmbərdən sonra belə bir vəziyyət olarsa və münafiqlikləri ortaya çıxarsa öldürülərlər. Bunda da müsəlmanlar ittifaq etmişdilər. İmam Malik belə demişdir: Rəsulullahın (salləllahu aleyhi və səlləm) zamanındakı münafiqlər, günümüzdəki zındıqlardır.
Mən də deyirəm ki, alimlər zındığı öldürmədə də ixtilaf etmişdilər; küfrünü açıq etiraf etdiyi zaman tövbə etdirilər mi, etdirilməz? Dəvətçi olub olmadığı arasındakı fərq nəzərə alınar mı? Və ya yenidən dindən dönməsi müzakirə mövzusu olar mı? İslama girməsi və ondan dönməsi özündənmi olmalıdı yoxsa yaxalandıqdan sonra olmalıdır deyə müxtəlif fikirlər bəyan etmişdirlər. Bunların izah yeri əhkam kitablarıdır.
Xəbərdarlıq: Peyğəmbərin (salləllahu aleyhi və səlləm) bəzi münafiqləri bildiyi Hüzeyfə ibnul Yəmənin on dörd nəfərin adını sadaladığı hədisə dayanmaqdadır. Bunları Təbuk səfərində beyan etmişdi. Onlar Rəsulullaha (salləllahu aleyhi və səlləm) orada bir yoxuşun yanında sui-qəsd tərtib etmək istədilər. Dəvəsini hürküdərək onu üstündən yerə salmaq istədilər. Allah da ona vəhy edərək onların hallarını bildirdi. O da bunu Huzeyfəyə dedi. Bəlkə də onları öldürməməsi bu və ya digər səbəblərə görə idi. Bunların xaricində olanlar üçün isə Allah Təala belə demişdir: “Çevrənizdəki bədəvilərdən və Mədinə əhalisi arasında münafiqlər var. Onlar iki üzlülükdə inadkarlıq göstərir, sən isə onları tanımırsan. Biz ki onları tanıyırıq” (Tövbə, 101). “Əgər iki üzlülər, qəlbi xəstə olanlar və şəhərdə qarayaxma şayiələr yayanlar son qoymasalar, səni onlara qarşı çıxmağa çağırarıq. Sonra onlar orada artıq səninlə ancaq qısa bir müddət ərzində qonşuluq edər və lənətlənmiş halda. Harada ələ keçsələr, yaxalanıb amansızcasına öldürülərlər” (Əhzab, 60-61)
Bunda onlara hücum etmədiyinə və onlara şəxsən tanımadığına dəlil vardır. Sadəcə ona sifətləri ilə bəhs edilirdi və o da onları qismən tanıyırdı. Necə ki Allah Təala belə demişdir: “Əgər istəsəydik onları sənə əlbəttə göstərərdik. Sən də onları simalarından və danışma üslublarından tanıyardın” (Muhamməd, 30). Ən məhşur münafiq Abdullah ibn Ubey ibn Səlul idi. Zeyd ibn Ərqam yuxarıda qeyd edildiyi kimi onda bu sifətlərin tam olduğuna şahidlik etmişdir. Buna baxmayaraq öldüyü zaman Peyğəmbər (salləllahu aleyhi və səlləm) namazını qıldırdı və dəfnində iştirak etdi. Digər müsəlmanlara etdiyini etdi. Ömər ibn Xəttab narazılıq etsə də, o dedi: Mən Ərəblərin Muhəmməd əshabını öldürür demələrini istəmirəm. Bir səhih rəvayətdə: Mənə seçim verildi, məndə bunu seçdim, demişdir. Bir rəvayətdə də: Əgər yetmişdən çox dua etdiyim təqdirdə bağışlanacağını bilsəydim, onu da edərdim, demişdir.