Qadınlarınızı boşadığınız və onların gözləmə müddəti başa çatdığı zaman müvafiq qayda üzrə öz aralarında razılığa gələrsə, o qadınlara yenidən əvvəlki ərlərinə ərə getməyə mane olmayın. Bu sizlərdən Allaha və Axirət gününə iman gətirənlərə verilən bir öyüd-nəsihətdir. Bu sizin üçün daha yaxşı və daha pakdır. Allah bilir, siz isə bilmirsiniz.

Əli İbn Əbu Talhadan rəvayət edilir ki, İbn Abbas demişdir: Bu ayə arvadını bir və ya iki talaqla boşayən adam haqqında idi. Qadının iddəsi bitər, kişi də onunla evlənməya və ona geri qayıtmağa qərar verərdi. Qadın da bunu istəyardi, lakin vəliləri ona bunu qadağan edərdilər. Allah məhz bunu qadağan etdi. Əl-Avfi də yenə İbn-Abbasdan belə rəvayət etmişdir. Məsruq, İbrahim Nəxai, Zuhri və Dəhhak da: “Bu ayə, bu mövzuda enmişdir” — demişlər. Bu deyilənlər ayədən açıq-aydın başa düşülür. Bu ayədə qadının özü özünü evləndirə bilmək səlahiyyatinə malik olmadığı və evlənməsi üçün mütləq şəkildə vəlisinin olması barədə dəlil vardır. Necə ki, Tirmizi ilə İbn Cərir bu ayənin təfsirində demişlər. Hədisdə də belə gəlmişdir: “Qadın qadını evləndirə bilməz, qadın özü özünü evləndirə bilməz. Şübhəsiz ki, zinakar qadın özü özünü evləndirəndir.” Digər bir rəvayətdə deyilmişdir: “Ağlı başında olan vəlisiz və iki şahidsiz nikah yoxdur.” Bu məsələdə alimlər arasında ixtilaf vardır. Bunlar da fiqh kitablarında qeyd edilib. Biz də “əl-Əhkam” kitabında bunu izah etmişik. Həmd və minnət Allaha məxsusdur.

Rəvayətə görə bu ayə Maqil İbn yasar əl-Muzəni ilə bacısı haqqında enmişdir. Buxari “Səhih” adlı əsərində bu ayənin təfsirində deyir: Bizə Ubeydullah İbn Səid rəvayət etdi, bizə Əbu Amir əl-Əqdi rəvayət etdi, bizə Abbad İbn Raşid rəvayət etdi, bizə Həsən rəvayət etdi, mənə Maqil İbn yasar rəvayət edib dedi: “Bir bacım var idi. Onu istəyirdilər.”

Buxari demişdir: Bizə İbrahim, o da yunisdən rəvayət edir ki, Həsən demişdir: “Mənə Maqil İbn yasar rəvayət etdi.” Bizə Əbu Mamər rəvayət etdi, bizə Abdulvaris rəvayət etdi, bizə yunis, o da Həsəndən rəvayət edir ki, Maqil İbn yasarın bacısını əri boşadı. Onu iddəsi bitənə qədər itirib axtarmadı. Sonra onu istədi. Maqil də qəbul etmədi. Bu haqda “o qadınlara yenidən əvvəlki ərlərinə ərə getməyə mane olmayın” ayəsi endi.

Əbu Davud, Tirmizi, İbn Macə, İbn Əbi Hatim, İbn Cərir və İbn Mərdəveyh müxtəlif yollarla Həsəndən, o da Maqil İbn yasardan bu cür rəvayət etmişdir. Tirmizi də həmçinin səhih olduğunu demişdir. Onun Maqil İbn yasardan ifadəsi belədir: “O, bacısını Peyğəmbərin (salləllahu alleyhi və səlləm) dövründə müsəlmanlardan biri ilə evləndirdi. Onun yanında bir müddət qaldı. Sonra onu bir talaqla boşadı və iddəsi bitənə qədər ona müraciət etmədi. Sonra onunla evlənmək istəyan digər müsəlmanlarla birlikdə yenidən onu istədi. Maqil də ona: “Ay şərəfsiz,  onu sənə ikram etdim, onu sənə zövcə etdim, sən də onu boşadın. Allaha and içirəm ki, O, sənə bir daha dönməyacək. Səninlə qurtardı.” Ravi deyir ki, Allah, kişinin ona ehtiyacını və qadının da ona olan ehtiyacını bilirdi. Buna görə də: “o qadınlara yenidən əvvəlki ərlərinə ərə getməyə mane olmayın” — ayəsini endirdi. Maqil də bunu eşitdikdə: “Baş üstə Rəbbim, sənə itaət etmək boynumun borcudur” — dedi. Sonra onu çağırıb dedi: “Onu sənə zövcə edirəm və sənə ikram edirəm.” İbn Mərdəveyh də: “Andının kəffarəsini verdim” dediyini əlavə etmişdir.

İbn Cərir, İbn Cureycdən rəvayət etmişdir ki, o qadın Cuməl binti yasardır. Əbu-Bəddəhlə nikahlı idi. Sufyan Səvri, Əbu İshaq əs-Səbiyidən nəql edərək: “O, Fatimə binti yasardır” — demişdir. Sələfdən bir çoxları bu ayənin Maqil İbn yasarla bacısı haqqında endiyini demişdir. Suddi isə, Cabir İbn Abdullahla əmisi qızı haqqında endiyini demişdir. Lakin birinci doğrudur. Allah ən doğrusunu biləndir.

Bu sizlərdən Allaha və Axirət gününə iman gətirənlərə verilən bir öyüd-nəsihətdir.” yəni, vəlisi olduğunuz qadınları müvafiq razılığa gəldikləri halda ərləri ilə yenidən evlənməyi qadağan etməməyi əmr kimi qəbul edər, ondan öyüd-nəsihət alar və ondan təsirlənər. “Sizlərdən” yəni ey insanlar. “Allaha və Axirət gününə iman gətirirsə”  yəni, Allahın şəriətinə iman edən, Allahın axirət yurdundakı təhdid və əzabından, oradakı cəzadan qorxursa, deməkdir. “Bu sizin üçün daha yaxşı və daha pakdır”   yəni, vəlisi olduğunuz qadınları ərlərinə qaytarmaq Allahın dininə tabe olmağınız və bu haqda qüruru yerə qoymağınız sizin üçün daha yaxşı qəlbləriniz üçün daha pakdır, deməkdir.  “Allah bilir, əmr və qadağalardakı faydaları,  “siz isə bilmirsiniz” yəni, etdiyiniz və etmədiyiniz şeylərdəki xeyri bilməzsiniz, deməkdir.