Səmud azğınlığı üzündən təkzib etmişdi

Allah təala Səmud qövmü – azğınlıqları və inadkarlıqları ucbatından öz peyğəmbərlərini təkzib etmələrini haqda xəbər verərək buyurur ki, “Səmud azğınlığı üzündən təkzib etmişdi”. Muhəmməd ibn Kəb ayədəki “بِطَغْوَاهَا” (azğınlığı üzündən) sözünün “hamısı” mənasında olduğunu söyləmişdir. Lakin birinci rəy daha tutarlı və məqbuldur. Qatədə, Mucahid və başqaları bu cür söyləmişlər. Peyğəmbərlərinin (ona Allahın salamı olsun!) onlara gətirdiyi hidayət yolunu qəlblərində təkzib etdilər. Allah təala sonrakı ayədə buyurur: “Onların ən rəzili qalxdıqda..” Yəni qəbilənin ən rəzil şəxsi… Həmin şəxs Qudar ibn Salifdir. O, dəvəni kəsən və Səmud qövmünün ən azğını o idi. Onun haqda Allah təala başqa bir ayədə belə buyurmuşdur: “Nəhayət, onlar öz yoldaşlarını (Qudar ibn Salifi) çağırdılar. O da (dəvəni) tutub kəsdi”. (əl-Qəmər, 29) O, öz qəbiləsində sayılıb-seçilən, hörmət sahibi və sözüeşidilən bir kəs idi. İmam Əhməd deyir ki, bizə İbn Nəmir Hişamdan, o da Abdulla ibn Zəmadan nəql etdi ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) xütbə vermiş və sözügedən dəvə və onu kəsən haqqında danışmışdı. Belə ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) həmin xütbədə “Onların ən rəzili qalxdıqda..” ayəsini xatırlatmış və demişdi: “Əbu Zəmaya oxşayan Günahları ilə ad qazanmış və qəbiləsində qarşısı alınmaz bir nəfər önə atıldı”. Hədisi Buxari “Səhih”-nin Təfsir bölümündə, Muslim “Sifət ən-nər” (“Odun vəsfi”) fəslində, Tirmizi və Nəsai isə eyni adlı “Sünən”lərinin təfsir bölümlərində qeyd etmişlər. Həmçinin, həmin hədisi İbn Cərir və İbn Əbu Hatim Hişam ibn Arvədən nəql etmişlər.

İbn Əbu Hatim deyir: Əbu Zəra İbrahim ibn Musa vasitəsilə Muhəmməd ibn Kəb əl-Qurazidən, o da Əmmar ibn Yasirdən rəvayət etdi ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) Əliyə belə demişdi: “Mən sənə insanların ən rəzili haqda söhbət açımmı?” Əli dedi: “Buyur!” Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: “Onlar iki nəfərdirlər. Birincisi dişi dəvəni kəsmiş Səmud qövmünün ən azğınıdır. Digəri isə səni döyüb bura qədər (saqqalı nəzərdə tuturdu) qana bulaşdırandır”.

Sonra Allah təala buyurur ki, “Allahın eliçisi onlara belə demişdi: “Allahın bu dişi dəvəsi və onun su içməsi!” Yəni öz pis niyyətlərinilə Allahın dəvəsinə toxunmayın! Habelə su içərkən ona təcavüz etməyin! Çünki bir gün onun içmə günüdür, başqa bir müəyyən gün də sizin! “Lakin onlar yalançı saydılar və onu tutub kəsdilər”. Yəni onlar Peyğəmbərlərinin gətirdiyi şəriətə və əmrə asi olub onu təkzib etdilər. Halbuki Allah təala o dişi dəvəni onlara bir möcüzə göstərmək və əleyhilərində bir sübut olması üçün qayadan çıxartmışdı. “Rəbbi də bu günahlarına görə onların kökünü kəsib yerlə yeksan etdi”. Yəni Allahın onlara qəzəbi tutdu və onları yerlə yeksan etdi. Allah onların hamısına bərabər payda cəza verdi. Qatədə deyir ki, bizə gəlib çatan məlumata görə, Səmud qövmünün bu azğın insanı dəvəni kəsdiyi vaxt qadın, uşaq, böyük – hamı onun başına yığışmış, dəvənin kəsilməsində iştirak edirdilər. Ona görə də Allah təala bu günahları üzündən onların hamısını cəzalandırdı. “Bu işin aqibətindən qorxmaz!” Ayənin ərəbcəsindəki “وَلاَ يَخَافُ” (valə yaxəfu) ifadəsi “فَلاَ يَخَافُ” (fələ yaxəfu) kimi də oxunmuşdur. İbn Abbas deyir ki, Allah təala heç bir nəticədən qorxmaz. Mucahid, Həsən, Bəkr ibn Abdulla əl-Muzəni və başqaları da bu fikri dəstəkləmişlər. Dahhak və Süddi isə “Bu işin aqibətindən qorxmaz!” ayəsini bu cür təfsir etmişlər: “Dəvəni kəsən etdiyi əməlin nə ilə nəticələnəcəyindən heç qorxmadı. Lakin birinci fikir daha münasibdir. Çünki ayənin axını məhz bu fikrə dəlalət edir. Ən doğrusunu Allah bilir.

“Əş-Şəms” surəsinin təfsiri sona çatdı. Həmd və səna Allaha məxsusdur.