Sənə nazil edilənə və səndən əvvəl nazil edilənlərə iman gətirdiklərini yalançı iddia edənləri görmədinmi? Onlar mühakimə olunmaları üçün tağuta müraciət etmək istəyirlər. Halbuki onlara tağutu inkar etmək əmr olunmuşdur. Şeytan isə onları dərin bir azğınlığa salmaq istəyir.

Bu, Allahın, Rəsuluna və keçmiş nəbilərinə endirdiyinə iman etdiyini iddia edib bununla yanaşı mübahisələri həll etmədə Allahın kitabından və Rəsulunun sünnəsindən başqa şeylərə yönələnləri inkar etməkdir. Necə ki, ayənin eniş səbəbində belə bildirilmişdir: “Bu, Ənsardan bir nəfər ilə yahudilərdən bir nəfər haqqında endi. Onlar mübahisə etdilər. Yəhudi: “Səninlə mənim aramda Muhəmməd var.” – dedi. O birisi də: “Səninlə mənim aramda Kəb ibn Əşrəf var.” – dedi.” Ayənin özlərini zahirən müsəlman kimi göstərən münafiqlər haqqında endiyi də bildirilmişdi. Bunlar da cahilliyə hakimləri qarşısında mühakimə olunmaq istədilər. Bu haqda başqa şeylər də deyilmişdir. Ayə bütün bunlardan daha ümumidir. Çünki, o Kitab və Sünnədən uzaqlaşıb başqa batil şeylərlə mühakimə olunmaq istəyənləri qınayır. Elə burada deyilən tağut sözündən məqsəd də batil şeylərdir. Buna görə də “…Onlar mühakimə olunmaları üçün tağuta müraciət etmək istəyirlər. Halbuki onlara tağutu inkar etmək əmr olunmuşdu. Şeytan isə onları uzaq bir azğınlığa salmaq istəyir.” demişdir.

Səndən nifrətlə üz çevirdiklərini görürsən”  dedikdə, yəni bundan təkəbbürlülər kimi üz çevirirlər. Necə ki, Allah təala demişdir: Onlara: “Allahın nazil etdiyinə tabe olun!”– deyildikdə, onlar: “Yox! Biz əcdadımızın getdiyi yola tabe olacağıq!”– deyərlər. Əgər şeytan onları (Cəhənnəm) odunun əzabına doğru sürükləyirsə necə olsun?  (Loğman, 21). Bunlar da möminlərə ziddirlər. Allah möminlər haqqında demişdir: “Aralarında hökm vermək üçün Allahın və Onun Elçisinin yanına çağırıldıqda möminlərin sözü ancaq: “Eşidirik və itaət edirik!”– demələridir. Nicat tapanlar da məhz onlardır.” (ən-Nur, 51)

Sonra da Allah təala münafiqləri qınayaraq buyurur: “Öz əlləri ilə törətdikləri əməllərə görə onlara müsibət üz verdikdən sonra (onların halı) necə olacaq?” Yəni, günahları səbəbindən müsibətlər qapılarını döydüyü zaman, qədərləri onları sənin yanına gətirdikdə halları necə olacaq? Axı onlar həmin vaxt sənə ehtiyac duyacaqlar?

sonra sənin yanına gəlib: Allaha and içdikdə “Biz ancaq yaxşılıq etmək və (mübahisə edənləri) barışdırmaq istədik!” deyirlər. Yəni, səndən üzr istəyirlər və and içib deyirlər: “Səndən başqasının yanına getməklə və sənin düşmənlərinin mühakiməsinə müraciət etməklə ancaq yaxşılıq və barışıq istəyirdik.” Yəni, onları yola verirdik, ələ alırdıq. Yoxsa o hökmün doğruluğunu etiqad edərək getmədik. Necə ki, Allah təala belə deyərək onlardan xəbər vermişdir: “Sən qəlbində xəstəlik olanların: “Qorxuruq ki, başımıza bir fəlakət gələ”– deyərək onların (Kitab əhli) arasında vurnuxduqlarını görürsən. Ola bilsin ki, Allah qələbə (bəxş etsin) və ya dərgahından bir əmr versin və onlar ürəklərində gizlətdiklərindən peşman olsunlar.” (əl-Maidə, 52).

Təbərani demişdir: Bizə Əbu Zeyd Əhməd ibn Yəzid əl-Həvti danışdı, bizə Əbul Yəmən danışdı, bizə Səvfan ibn Ömər danışdı, o da İkrimədən, o da İbn Abbasdan  rəvayət etdi ki, o belə dedi: “Əbu Bərzə əl-Əsləmi kahin idi. O, yəhudilər arasında baş verən mübahisələrdə qərar verirdi. Bəzi müsəlmanlar da ona müraciət etdilər. Allah təala  da “Sənə nazil edilənə və səndən əvvəl nazil edilənlərə iman gətirdiklərini iddia edənləri görmədinmi? Onlar mühakimə olunmaları üçün tağuta müraciət etmək istəyirlər. Halbuki onlara tağutu inkar etmək əmr olunmuşdu. Şeytan isə onları uzaq bir azğınlığa salmaq istəyir. Onlara: “Allahın nazil etdiyinə və Elçisinə tərəf gəlin!”– deyildikdə, münafiqlərin səndən nifrətlə üz çevirdiklərini görürsən. Öz əlləri ilə törətdikləri əməllərə görə onlara müsibət üz verdikdən sonra sənin yanına gəlib: “Biz ancaq yaxşılıq etmək və (mübahisə edənləri) barışdırmaq istədik!”– (deyə) Allaha and içdikdə (onların halı) necə olacaq?” ayəsini endirdi.

Sonra da Allah təalə buyurur: “Allah onların qəlblərindəkini bilir”. Bu qrup insanlar, münafiqlərdir. Allah da onların qəlblərindəkiləri bilir və buna görə onlara cəza verəcək. Çünki heç bir gizli iş Allaha gizli qala bilməz. Ey Muhamməd, onlar barəsində bununla kifayətlən. Şübhəsiz ki, Allah onların zahirini və batinini bilir. Buna görə də “Elə isə onlardan üz döndər” demişdir. Yəni, qəlblərindəkilərdən ötrü onları danlama. “Onlara öyüd-nəsihət ver” yəni, onlara qəlblərindəki nifaqı və gizli şərləri qadağan et. “Və özləri barədə onlara təsir göstərə biləcək söz söylə.” Yəni, öz aranızda onlara təsir edən və onları bu yoldan döndərən söz söylə, deməkdir.