Saxxə gəldiyi zaman;

(33-42 ayələr)

İbn Abbas deyir ki, Saxxə Allah təalanın böyüklüyünü Öz qullarına xəbərdar edib qorxutduğu Qiyamətin adlarından biridir. İbn Cərir deyir ki, bəlkə də o, sura üfürülmənin başqa bir adıdır. Bəğəvi isə demişdir: Saxxə Qiyamət günü vahiməli bir səsdir. Səsi o qədər dəhşətli olacaq ki, onu eşidən qulaqlar az qala kar olacaq. “O gün insan öz qardaşından qaçacaq; Anasından, atasından; Zövcəsindən və oğullarından!” Onları görəcək, ancaq yanlarından qaçacaq, uzaqlaşacaq. Çünki qarşılaşdığı vahimə və dəhşət çox böyük olacaq. İkrimə deyir ki, insan öz zövcəsi ilə qarşılaşdıqda ona belə deyəcək: “Sənə necə ərlik etdim?” Qadın isə “Necə də gözəl ər oldun!” – deyər və bacardıqca yaxşılıqlarını bir-bir xatırlayar. Sonra ər öz zövcəsinə belə deyər: “Gördüyün vəziyyətimdən xilas ola bilməyim üçün bü gün səndən mənə bir yaxşılıq etməyini istəyirəm”. Qadın isə cavab verər: “Necə də asan bir şey istyirsən, ancaq sənə bir şey verə biləcək vəziyyətdə deyiləm. Çünki sənin qorxduğun şeydən, mən də qorxuram”. Daha sonra Ikrimə sözünə davam edərək bildirir ki, insan öz oğluna yetişərək ona deyəcək: “Oğlum, mən sənə necə atalıq etdim?” Övladı atasını xeyirxahlıqları ilə yada salar. Bu zaman atası övladına deyər: “Ey oğlum, mən sənin zərrə qədər yaxşılığına möhtacam. Ola bilsin, bununla sənin gördüyün dəhşətdən xilas ola bildim”. Lakin övladı belə deyər: “Atacan, istədiyin şey necə də asandır, ancaq sənin qorxduğin şeydən mən də qorxuram. Ona görə də sənə heç nə verə bilmərəm”. Allah təala buyurur ki, “O gün insan öz qardaşından qaçacaq; Anasından, atasından; Zövcəsindən və oğullarından!”Səhih hədisdə şəfaət haqda bildirilir ki, əzm sahibi olan peyğəmbərlərdən məxluqatın şəfaəti istənildikdə, onlar deyəcəklkər: “Öz canım! Öz canım! Bu gün özümdən başqa sənin üçün heç nə istəyə bilmərəm”. Hətta Məryəm oğlu İsa deyər ki, özümdən başqa heç nə istəyə bilmərəm. Mənə dünyaya gətirən Məryəm üçün də Ondan heç nə istəyə bilmərəm. Ona görə də Allah təala buyurur ki, “O gün insan öz qardaşından qaçacaq; Anasından, atasından; Zövcəsindən və oğullarından!” Qatədə deyir ki, “o günün dəhşətindən sevgili sevgilisindən, yaxın yaxınından uzaq duracaq”.

“O gün onlardan hər birinin özünə yetəcək qədər işi olacaqdır”. Yəni o gün başqasını fikirləşməyəcək qədər hərənin başı qarşıq olacaq. İbn əbu Hatimin İbn Abbasdan (Allah ondan razı olsun!) rəvayət etdiyi hədisə görə, Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: “Siz çılpaq, ayaqyalın, piyada və sünnətsiz həşr olunacaqsınız”. Zövcəsi soruşdu: “Ey Allahın elçisi, biz bir-birimizin övrət yerinimi görəcəyik?” Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: “O gün onlardan hər birinin özünə yetəcək qədər işi olacaqdır”. Rəvayətdə bildirilir ki, ola bilsin, Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə demişdi: “Onu baxmağa imkanı olmayacaq qədər işi olacaq”.

            Bu hədisi Abdullah ibn Abbasdan yalnız Nəsai nəql etmişdir. Tirmizi isə Abd ibn Humeyd yolu ilə İkrimidən, o isə İbn Abbasdan Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə buyurduğunu rəvayət etmişdir: “Siz ayaqyalın, çılpaq və sünnətsiz həşr olunacaqsınız”. Bir qadın: “Biz bir-birimizə baxıb övrət yerlərimizi görəcəyik?” – dedikdə, Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: “Ey fılankəs, o gün onlardan hər birinin özünə yetəcək qədər işi olacaqdır”. Tirmizi bunun həsən-səhih hədis olduğunu söyləmişdir. Hədis başqa isnadlarla da İbn Abbasdan (Allah ondan və atasından razı olsun!) rəvayət olunmuşdur. Nəsai Aişədən (Allah ondan razı olsun!) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: “İnsanlar Qiyamət günü ayaqyalın, çılpaq və sünnətsiz olaraq dirilidiləcəklər”. Bu zaman Aişə (Allah ondan razı olsun!) dedi: “Ey Allahın elçisi, bəs övrət yerləri necə?” Peyğəmbər (salləllahu aleyhi və səlləm) cavab verdi: “O gün onlardan hər birinin özünə yetəcək qədər işi olacaqdır”. Bunu yalnız Nəsai rəvayət etmişdir. İbn Əbu Hatim Ənəs ibn Malikdən rəvayət edir ki, Aişə (Allah ondan razı olsun!) Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) belə soruşdu: “Ey Allahın elçisi, anam, atam sənə fəda olsun! Mən səndən bir şey haqda soruşacam. Mənə cavab verə bilərsən?” Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: “Əgər bildiyim şeydirsə…” Aişə (Allah ondna razı olsun!) dedi: “Ey Allahın peyğəmbəri, kişilər necə dirildiləcəklər?” Peyğəmbər (salləllahu aleyhi və səlləm) cavab verdi: “Ayaqyalın, çılpaq!” Aişə bir az gözlədi və yenidən soruşdu: “Bəs qadınlar necə dirildiləcəklər?” Peyğəmbər (salləllahu aleyhi və səlləm) “Onlar da elə!” Aişə dedi: “Vay, Qiyamət gününün dəhşəti!” Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: “Sən nə barədə soruşursan? Allah təala mənə ayə nazil etdi ki, sən də paltar olsa da, olmasa da, sənə zərər verməyəcək”.

Aişə (Allah ondna razı olsun!) soruşdu: “O hansı ayədi, ey Allahın peyğəmbəri?” Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: “O gün onlardan hər birinin özünə yetəcək qədər işi olacaqdır”. Bəğəvi öz təfsirində Peyğəmbərin (salləllahu aleyhi və səlləm) zövcəsi Sövdadan nəql edərək bildirir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: “İnsanlar ayaqyalın, çılpaq və sünnətsiz dirildiləcəklər. Onları tər basacaq və htaa qulaqlarına kimi axacaq”. Bu zaman Sövdə dedi: “Vay! Bir-birimizə baxacağıq, ey Allahın elçisi?” Peyğəmbər (salləllahu aleyhi və səlləm) cavab verdi: “İnsanların başı qarışıq olacaq. O gün onlardan hər birinin özünə yetəcək qədər işi olacaqdır”. Bu hədis bu isnadla olduqca qərib hədisdir. Eyni zamanda bu hədisi İbn Cərir Əbu Ammar əl-Hüseyn ibn Həris əl-Mərvazi yolu ilə Fəzl ibn Musadan nəql etmişdir. Lakin Əbu Hatim ər-Razi Aiz ibn Şureyh bu hədisin zəif, orada zəif ünsürün olduğunu söyləmişdir.

Daha sonra Allah təala buyurur ki, “O gün bəzi üzlər parlayacaq. Güləcək, sevinəcəkdir”. Yəni insanlar iki bölümə bölünəcəklər: Parıldayan, nurlu – Güləcək, sevinəcəkdir. Yəni sevincli olacaq, qəlblərində fərəh hissi yaşayacaq. Bu sevinc onların üzlərində təzahür edəcək. Məhz onlar Cənnət əhlidirlər.

“O gün bəzi üzlərə isə toz-torpaq qonacaq, üzərilərinə qaranlıq çökəcək”. Onlar qaranlığa qərq olmuş üzlərdir ki, zülmət onların üzlərini bürüyər. İbn Əbu Hatim Cəfər ibn Muhəmməddən nəql edir ki, ona atası, atasına da babası Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə buyurduğunu rəvayət etmişdir: “O gün kafir tərə batar. Sonra da üzü toza batar”. Bu, Allah təalanın “O gün bəzi üzlərə isə toz-torpaq qonacaq” – ayəsinin mənasıdır. İbn Abbas “Üzərilərinə qaranlıq çökəcək” – ayəsi haqda deyir: Yəni üzü qaranlıqla örtüləcəkdir. Allah taəlanın “Onlar pozğun kafirlərdir” – ayəsinə gəlincə, yəni qəlblərində küfr, əməllərində pozğunluq, günah var. Başqa bir ayədə Allah təala bu haqda buyurur ki, “Çünki sən onları buraxsan, onlar Sənin bəndələrini yoldan çıxardacaq, ancaq pozğun, kafir (oğul-uşaq) doğub-törədəcəklər”. (Nuh, 27)

“Əbəsə” surəsinin təfsiri başa çatdı. Həmd və səna yalnız Allaha məxsusdur.