Sizə nə olub ki, Allah yolunda və: “Ey Rəbbimiz! Bizi əhalisi zalım olan bu şəhərdən çıxart, bizə Öz tərəfindən bir himayəçi təyin et, bizə Öz tərəfindən bir yardımçı təyin et!”– deyən zəif kişilər, qadınlar və uşaqlar uğrunda vuruş-mursunuz?

Allah təala mömin qullarını Onun yolunda cihad etməyə və Məkkədə narahatçılıq içində qalan kişi, qadın və uşaqların xilasına səy göstərməyə təşviq edir. Buna görə Allah təala buyurur: ”Ey Rəbbimiz! Bizi əhalisi zalım olan bu şəhərdən çıxart” yəni Məkkədən deməkdir. Bu digər bir ayəyə bənzəyir: “Səni qovub çıxaran məmləkətindən daha qüvvətli neçə-neçə məmləkətlər var…” (Muhəmməd, 13). Sonra o məmləkəti belə təsvir etdi: “onun əhalisi zalımlardır, bizə Öz tərəfindən bir himayəçi təyin et, bizə Öz tərəfindən bir yardımçı təyin et” Yəni, bizə qullarından bir dost və bir köməkçi nəsib et, deməkdir. Buxari demişdir: Bizə Abdullah ibn Muhəmməd danışdı, bizə Sufyan danışdı, o da Ubeydullahın belə dediyini söylədi: İbn Abbasdan eşitdim ki, o dedi: “Mən və anam o zəiflərdən idik”.

Bizə Suleyman ibn Hərb danışdı, bizə Həmməd ibn Zeyd danışdı, o da Əyyubdan, o da İbn əbu Muleykədən nəql etdi ki, İbn Abbas: “Ancaq çarə tapmağa qadir olmayan və yol tapa bilməyən zəif kişi, qadın və uşaqlar istisnadır” (Nisə, 98) ayəsini oxudu və dedi: “Mən və anam Allah təalanın üzr gördüyü kimsələrdən idik.”

Sonra Allah təala dedi: “Möminlər Allah yolunda, kafirlər isə tağut yolunda vuruşurlar” yəni, möminlər Allaha itaət üçün və Onun razılığı naminə, kafirlər isə şeytana itaət üçün döyüşürlər.

Sonra Allah təala bu sözləri ilə möminləri Onun düşmənləri ilə döyüşə təhrik etdi: “Elə isə şeytanın dostları ilə vuruşun! Şübhəsiz ki, şeytanın hiyləsi zəifdir”.