Siz ikiqat müsibət gətirmiş olduğunuz halda, başınıza bir müsibət gəldiyi zaman: “Bu, haradan gəldi?”– söylədiniz. De ki: “Bu, sizin özünüzdəndir!” Həqiqətən, Allah hər şeyə qadirdir.

“Başınıza bir müsibət gəldiyi zaman,” bu Uhudda onlardan yetmiş nəfərin öldürülməsidir. “Siz ikiqat müsibət gətirmiş olduğunuz halda”, yəni Bədir döyüşündə, çünki onlar müşriklərdən yetmiş kişi öldürdülər və yetmiş kişi əsir götürdülər. “Bu, haradan gəldi?”– söylədiniz” yəni, bu haradan gəldi başımıza. “De ki: “Bu, sizin özünüzdəndir!”

İbn Əbu Hatim demişdir: Bizə atam danışdı, bizə Əbubəkr ibn Əbu Şeybə xəbər verdi, bizə Qurad əbu Nuh danışdı, bizə İkrimə ibn Əmmar danışdı, bizə Simak əl-Hənəfi əbu Zumeyl danışdı, mənə İbn Abbas danışdı, mənə Ömər ibn Xəttab danışdı, o dedi: Növbəti il Uhud döyüşü başlayanda, Bədir döyüşündə fidyə aldıqlarına görə cəzaya uğradılar. Onlardan yetmiş kişi öldürüldü. Rəsulullahın (salləllahu aleyhi və səlləm) səhabələri onu qoyub qaçdılar. Kəsici dişləri qırıldı, başındakı dəbilqə parçalandı və qan üzünə axdı. Allah təala bu ayəni nazil etdi: “Siz ikiqat müsibət gətirmiş olduğunuz halda, başınıza bir müsibət gəldiyi zaman: “Bu, haradan gəldi?”– söylədiniz. De ki: “Bu, sizin özünüzdəndir!” Yəni fidyə almanızdandır.

İmam Əhməd də Əbdurrəhman ibn Ğəzvandan, o, Qurad əbu Nuhdur, sənədlə rəvayət etmişdir. Ancaq bundan daha uzundur. Həsən Bəsri də belə demişdir.

İbn Cərir demişdir: Bizə Qaşım danışdı, bizə Hüseyn danışdı, bizə İsmayıl ibn Uleyyə danışdı, o da İbn Avndan, o da Muhəmməddən, o da Ubeyddən; başqa sənədlə Suneyd – o, Hüseyndir – dedi: Mənə Həccac danışdı, o da Cərirdən, o da Muhəmməddən, o da Ubeydədən, o da Əlidən (radiyallahu ənh), o dedi: “Cəbrayıl Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanına gəlib dedi: “Ey Muhəmməd, qövmünün əsir alması Allaha xoş getmədi. Sənə onları iki şey arasında sərbəst buraxmağı əmr etdi: Ya önə çıxacaqlar, boyunları vurulacaq, ya da onların sayları qədər öldürülmək şərti ilə fidyə alacaqlar.” Deyir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) insanları çağırdı və vəziyyəti onlara izah etdi. Onlar dedilər: “Ey Rəsulullah, onlar bizim tayfamız və qardaşlarımızdır, fidyələrini alıb düşmənlə döyüşməyə güc qazansaq və içimizdən onların sayı qədər şəhid versək, xoşumuza gəlməyən bir şey baş verməz.” Beləcə onlardan Uhudda Bədirdəki əsirlərin sayı qədər adam öldürüldü.” Bunu Nəsai ilə Tirmizi, Əbu Davud əl-Hafridən, o da Yəhya ibn Zəkəriyyə ibn Əbu Zəiddən, o da Sufyan ibn Səiddən, o da Hişam ibn Həssəndən, o da Muhəmməd ibn Sirindən bu cür rəvayət etmişdir. Sonra Tirmizi demişdir: “Həsən qəribdir. Bunu yalnız İbn Əbu Zaidə hədisindən bilirik. Əbu Usamə də Hişamdan bənzərini rəvayət etmişdir. İbn Sirindən, o da Ubeydədən, o da Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) mürsəl olaraq rəvayət etmişdir.”

Muhəmməd ibn İshaq, İbn Cureyc, Rəbi ibn Ənəs və Suddi demişlər: “De ki: “Bu, sizin özünüzdəndir!” yəni, Rəsulullah (salləllahu aleyhi və səlləm) sizə “yerlərinizdən tərpənməyin” əmrini verdikdə ona asi olmanız səbəbindən baş verdi. Burada qəsd olunanlar, oxatanlardı. “Həqiqətən, Allah hər şeyə qadirdir” yəni, dediyini edər, istədiyi şeyə hökm edər, onun qərarını dəyişdirən olmaz.

Sonra Allah təala buyurdu: “İki qoşunun üz-üzə gəldiyi gün sizə üz vermiş müsibət Allahın izni ilə oldu” yəni düşməninizin qarşısından qaçmağınız, içinizdən bəzilərinizin öldürülüb bəzilərinin yaralanması, Allahın qəza və qədəri ilədir. Bunda Onun bir hikməti vardır. “Möminləri aşkara çıxartsın” yəni, səbir edənləri, sabit olanları və sarsılmayan möminləri.

Və münafiqləri bəlli etsin. Onlara: “Gəlin, Allah yolunda döyüşün,!”– deyildi. Onlar: “Döyüş olacağını bilsəydik sizin ardınızca gedərdik”– dedilər” Burada Abdullah ibn Ubey ibn Səlulun adamları nəzərdə tutulur. Hansılar ki, onunla birgə yoldan geriyə qayıtdılar. Möminlərdən bəziləri arxalarına düşüb onları geri qayıtmağa və Peyğəmbərə (salləllahu aleyhi və səlləm) yardım etməyə çağırdılar. Buna görə “yaxud müdafiədə durun” deyilmişdir. İbn Abbas, İkrimə, Səid ibn Cubeyr, Dəhhak, Əbu Salih, Həsən və Suddi demişlər: “Yəni, müsəlmanların qaraltı şəkilini çoxaldın.” Həsən ibn Salih demişdir: “Dua ilə qorunun.” Başqası da demişdir: “Keşik çəkin.”

Deyənlər səbəb gətirərək: “Döyüş olacağını bilsəydik sizin ardınızca gedərdik”– dedilər” Mucahid demişdir: Yəni, döyüşəcəyinizi bilsək sizə qatılarıq, amma döyüşməyəcəksiniz.

Muhəmməd ibn İshaq demişdir: Mənə Muhamməd ibn Muslim ibn Şihab əz-Zuhri, Muhəmməd ibn Yəhya ibn Hibban, Asim ibn Ömər ibn Qatadə, Hüseyn ibn Əbdurrəhman ibn Amr ibn Sad ibn Muaz və digər alimlərimiz hamılıqla danışıb dedilər: Rəsulullah (salləllahu aleyhi və səlləm) min səhabəsi ilə Uhud döyüşünə çıxanda, Uhud ilə Mədinə arasında Səvt bölgəsinə çatanda, Abdullah ibn Ubey ibn Səlul insanların üçdə biri ilə geri döndü və dedi: “Muhəmməd onları dinlədi çıxdı, məni dinləmədi. Allaha and olsun ki, ey insanlar, burada özümüzü nə üçün ölümə atdığımızı bilmirəm.” Ona qoşulan munafiq və şübhə içində olanlar ilə birgə geri qayıtdılar. Sələmə oğullarının qardaşı Abdullah ibn Amr ibn Haram da onların arxasınca düşüb dedi: “Ey qövmüm, sizə Allahı xatırladıram.  Peyğəmbərinizi və qövmünüzü qarşıdakı düşmənlə baş-başa köməksiz qoymayın”. Onlar dedilər: “Əgər biz savaşacağınızı bilsəydik, sizi tərk etməzdik, amma döyüşün olacağını görmürük. Asilik edib geri dönməkdə davam etdikdə, o dedi: “Allah sizin kimi Allah düşmənlərini rəhmətindən uzaq etsin, inşəAllah sizə möhtac olmarıq.” Rəsulullah (salləllahu aleyhi və səlləm) yoluna davam etdi.”

Əziz və cəlil olan Allah demişdir: “Onlar o gün imandan çox küfrə yaxın idilər”. Alimlər buradan bu hökmü çıxartdılar: Bir insan haldan hala keçə bilər, bəzən küfrə yaxın olur, bəzən də imana. Çünki Allah təala buyurur: “Onlar o gün imandan çox küfrə yaxın idilər”.

Sonra Allah təala buyurur: “Onlar qəlblərində olmayanı ağızları ilə deyirlər”, yəni, onlar bir söz deyirlər, lakin doğru olduğuna inanmırlar. Bunlardan biri də:  “Əgər biz savaşacağınızı bilsə idik, sizə tabe olardıq” sözüdür. Çünki onlar müşriklərin uzaq diyarlardan gəldiklərini, Bədirdə başçılarını itirdiklərinə görə müsəlmanlarla döyüşməyə can atdıqlarını bilirdilər. Üstəlik müsəlmanlardan bir qədər artıq idilər. Buna görə döyüşün mütləq olacağını bilirdilər. Buna görə Allah buyurur: “Halbuki Allah onların nəyi gizlətdiklərini çox yaxşı bilir”.

Sonra buyurdu: “Oturub öz qardaşları barəsində: “Əgər onlar bizə qulaq asmış olsaydılar, öldürülməzdilər” yəni, evdə oturub savaşa çıxmamaq barəsində tövsiyəmizi dinləsəydilər, ölənlərin içində olmazdılar. Allah təala: de: “Əgər doğru danışırsınızsa, onda ölümü özünüzdən uzaqlaşdırın!” yəni, əgər evdə oturmaq insanı ölümdən və öldürülməkdən qurtarırsa, o zaman sizin ölməməniz lazımdır. Lakin möhkəm qalalarda olsanız belə ölüm sizə gələcəkdir. Əgər doğru deyirsinizsə, ölümü özünüzdən uzaqlaşdırın. Mucahid, Cabir ibn Abdullahdan demişdir: Bu ayə, Abdullah ibn Ubey ibn Səlul ilə adamları haqqında nazil edilmişdir.