Allah Təala Uhud döyüşündə isabət alan və aralarından yetmiş nəfər öldürülən qullarına xitab edərək deyir ki: “Sizdən öncə də neçə-neçə qanunlar olub keçmişdi” yəni bunun bənzərləri sizdən əvvəlki peyğəmbərlərin ümmətlərinin başına gəlmişdir. Sonra da xeyirli aqibət onların olmuşdur, kafirlərin üzərinə isə fəlakət baş vermişdir. Ona görə də “Odur ki, yer üzündə gəzib dolaşın və görün yalan sayanların aqibəti necə olmuşdur”.
Sonra Allah Təala: “Bu, insanlar üçün bir açıqlamadır” deyir. Yəni, Quranda işlər açıq olaraq ortaya qoyulur və əvvəlki ümmətlərin düşmənləri ilə hallarının necə olduğunu göstərir.
“Doğru yolu göstərən rəhbər və öyüd-nəsihətdir” yəni, Quranda sizlərdən əvvəlkilərin xəbəri vardır deməkdir. “Doğru yol göstərmə” qəlblərinizin üçün hidayət deməkdir.
“Öyüd-nəsihətdir” yəni, onları haramlardan və günahlardan çəkindirən bir öyüddür deməkdir.
Sonra möminlərə təsəlli verərək buyurur: “Acizlik göstərməyin” yəni, baş verən şeylər üçün zəifləməyin. “Möminsinizsə, üstün olacaqsınız” yəni, ey möminlər aqibət və zəfər sizindir deməkdir.
“Əgər siz yara almışsınızsa, o qövm də bu cür yara almışdı” yəni, sizdən yaralananlar oldu və bir dəstə də öldürüldü, amma düşmənlərinizə də buna yaxın öldürülmə və yaralanma kimi şeylər toxundu.
“Biz bu günləri insanlar arasında növbə ilə dəyişdiririk” yəni, bəzən düşmənlərə zəfər nəsib edirik, amma sonda qalib gələn siz olursunuz. Bunda da bir hikmət vardır. Buna görə də Allah Təala “Allah iman gətirənləri üzə çıxarsın” demişdir. İbn Abbas: “Bu kimi hallarda görək ki, düşmənlərlə toqquşmalara kim səbir göstərir” demişdir.
“Aranızdan şəhidlər seçsin” yəni, Onun yolunda öldürülür və Onun rizası üçün əllərindən gələn əzmkarlığı göstərirlər deməkdir.
“Allah zalımları sevmir. ki, Allah möminləri təmizə çıxarsın” yəni, əgər günahları varsa onları bağışlaması, əgər günahları yoxdursa başlarına gələndən ötrü dərəcələrinin yüksəldilməsi üçündür.
“Kafirləri məhv etsin”. Çünki onlar zəfər qazanarlarsa hədlərini aşar və təkəbbür içində olarlar. Bu da onların darmadağın olmalarına, həlaklarına, əzilmələrinə və yox olmalarına səbəb olur.
Sonra Allah Təala belə davam edir: “Yoxsa elə güman edirdiniz ki, Allah içərinizdən cihada çıxanları və səbr edənləri bəlli etmədən siz Cənnətə daxil olacaqsınız?”. Yəni, savaş və çətinliklərlə imtahan olunmadan cənnətə girəcəyinizimi düşündünüz deməkdir. Necə ki, Allah Təala Bəqərə sürəsində belə demişdir: “Yoxsa siz elə güman edirdiniz ki, sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlmədən Cənnətə daxil olacaqsınız? Onlara elə sıxıntı və xəstəlik üz vermiş, elə sarsılmışdılar ki, hətta Peyğəmbər və onunla birlikdə olan möminlər də: “Allahın köməyi nə vaxt (gələcək)?”– dedilər. Həqiqətən, Allahın köməyi yaxındır” (Bəqərə, 214). Allah Təala belə də demişdir: “Əlif. Ləm. Mim. İnsanlar elə güman edirlər ki, təkcə: “İman gətirdik!”– demələri ilə onlardan əl çəkiləcək və onlar imtahan edilməyəcəklər? Biz onlardan öncəkiləri də sınaqdan keçirmişdik. Sözsüz ki, Allah doğru danışanları da, yalançıları da aşkara çıxardacaqdır.” (Ənkəbut, 1-3). Buna görə də burada da “Yoxsa elə güman edirdiniz ki, Allah içərinizdən cihada çıxanları və səbr edənləri bəlli etmədən siz Cənnətə daxil olacaqsınız?” dedi. Yəni, sınağa çəkilmədən, Allah öz yolunda cihad edənləri və düşmənlərə müqavimətdə səbir edənləri görənə qədər cənnətə girə bilməyəcəksiniz deməkdir.
“Siz ölümlə qarşılaşmamışdan öncə onu arzulayırdınız. İndi isə siz onu öz gözlərinizlə gördünüz”. Yəni, ey möminlər siz bu gündən əvvəl düşmənlə qarşılaşmağı arzulayır və buna görə yanıb yaxılırsınız. Onlarla savaşmaq və onlara müqavimət göstərmək istəyirdiniz. Məhz bu arzu və istəyiniz gerçəkləşdi. Buyurun savaşın və onlara qarşı səbir göstərin.
İki Səhihdə sabit olduğuna görə Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: “Düşmənlə qarşılaşmağı arzu etməyin, Allahdan afiyət istəyin. Onlarla qarşılaşanda da səbir edin. Bilin ki, cənnət qılıncların kölgəsi altındadır.”
Buna görə də Allah Təala “İndi isə siz onu öz gözlərinizlə gördünüz” demişdir. Yəni, qılınclar parıldayarkən, mizraqlar havada uçuçarkən, savaş üçün kişilər səf tutarkən bunu müşahidə etmiş olursunuz.
Kəlam əhli buna, xəyal deyirlər. O da hiss edilməyən bir şeyin hiss edilməsidir. Məsələn, qoçun sədaqətini və qurdun xainliyini qoyunun təxəyyül etməsi.