Sizlərdən ölən və zövcələr qoyub gedən kimsələr zövcələrinə bir ilin tamamınadək çıxarılmamaq şərtilə baxılmasını vəsiyyət etməlidirlər. Əgər onlar çıxıb getsələr, müvafiq qayda üzrə özləri barəsində etdiklərinə görə sizə günah gəlməz. Allah Qüdrətlidir, Müdrikdir.

Əksəriyyat bu ayənin bundan əvvəlki: “Sizlərdən ölənlərin qoyub getdiyi zövcələr dörd ay on gün gözləməlidirlər.” (Əl-Bəqərə, 234) ayəsi ilə nəsx edildiyini demişdir. Buxari demişdir: Bizə Üməyya, bizə yəzid İbn Züray, o da Həbibdən, o da İbn əbi Muleykədən rəvayət etdi ki, İbn Zubeyr demişdir: Osman İbn Əffana dedim: ”Sizlərdən ölən və zövcələr qoyub gedən kimsələr” ayəsini digər bir ayə nəsx edib. Niyə onu yazırsan və ya yerində saxlayırsan?” O da: “Qardaşımın oğlu, mən ondan heç bir şeyin yerini dəyişmirəm.” — dedi.

İbn Zubeyrin Osmana (radiyAllahu anh) dediyi bu ziddiyyatin mənası belədir: Bunun hökmü dörd ay on gün ayəsi ilə nəsx edilibsə, hökmünün ləğv edilməsi halında yazısının qalmasının hikməti nədir? Nəsx edildikdən sonra yazısının yerində qalması, hökmünün də davam etməsini ağıla gətirmirmi?  Əmir əl-möminin də ona cavab verdi ki, bu, şəriətə söykənən məsələdir. Mən onun Quranda mövcud olduğunu gördüm, gördüyüm kimi də yerində saxladım.

İbn əbi Hatim demişdir: Bizə Həsən İbn Muhamməd İbn Sabbah rəvayət etdi, bizə Həccac İbn Muhamməd, o da İbn Cureyc ilə Osman İbn Ətadan, o da Ətadan rəvayət etdi ki, İbn Abbas ”Sizlərdən ölən və (özündən sonra) zövcələr qoyub gedən kimsələr zövcələrinə bir ilin tamamınadək (evlərindən) çıxarılmamaq şərtilə baxılmasını vəziyyət etməlidirlər.” ayəsi haqqında demişdir: “Əri ölən qadının xərclərinin ödənilməsi və evdə saxlanılması bir il müddətinə idi. Miras ayəsi bunu nəsx etdi. Onlara ərin mirasından səkkizdə biri və ya dörddə biri verildi.” Sonra İbn əbi Hatim dedi: Əbu Musa əl-Əşari, İbn Zubeyr, Mucahid, İbrahim, Əta, Həsən, İkrimə, Qatadə, Dəhhaq, Zeyd İbn Əsləm, əs-Suddi, Muqatil İbn Həyyan, Əta əl-Xorasani, və Rəbi İbn Ənəsdən də bunun nəsx edilmiş olduğu rəvayət edilmişdi.

Əli İbn əbi Talhanın rəvayətində İbn Abbas demişdir: “Bir kişi ölərdisə və zövcəsi qalardısa, qadın ərinin  evində bir il müddətinə iddəsini gözləyardi və ona kişinin malından xərclik verilərdi. Sonra Allah Təala  “Sizlərdən ölənlərin qoyub getdiyi zövcələr dörd ay on gün gözləməlidirlər.”  (əl-Bəqərə, 234) ayəsini nazil etdi.”

Əri ölən qadının iddəsi məhz budur. yalnız hamilə olması istisnadır. Belə ki, onun iddəsi  bətnində daşıdığını yerə qoymasıdır. O buyurur: “Əgər sizin övladınız yoxdursa, vəziyyətiniz yerinə yetirildikdən və ya borcunuz ödənildikdən sonra, qoyub getdiyiniz (malın) dörddə bir hissəsi zövcələrinizə çatır. yox əgər övladınız varsa, onda qoyub getdiyiniz (malın) səkkizdə bir hissəsi onlara çatır.” (ən-Nisə, 12) Beləcə də qadının mirasını bəyan etdi. Vəziyyət və xərclərini isə tərk etdi.

O dedi: Mucahid, Həsən, İkrimə, Qatadə, Dəhhaq, Rəbi və Muqatil İbn Həyyandan: “Onu, “dörd ay on gün” ayəsi nəsx etdi” – dedikləri rəvayət edilmişdi.

O dedi: Səid İbn Müseyyabdən də: “Onu Əl-Əhzabdakı “Ey iman gətirənlər! Əgər mömin qadınlarla evlənsəniz,” (Əl-Əhzab, 49) ayəsi nəsx etdi” – dediyi rəvayət edilir.

Mən də deyirəm ki, Muqatil ilə Qatadədən, onun miras ayəsi ilə nəsx edildiyi rəvayət edilmişdi.

Buxari demişdir: Bizə İshaq İbn Rahaveyh danışdı, bizə Rəhv danışdı, bizə Şibl danışdı, o da İbn əbu Nəcihdən, o da Mucahiddən “Sizlərdən ölən və (özündən sonra) zövcələr qoyub gedən kimsələr“ ayəsi haqqında belə dediyini rəvayət etmişdir: Bu iddə? qadının ərinin ailə üzvləri yanında gözlənilirdi və o, vacib idi. Allah Təala bu haqda aşağıdakı ayəni endirdi:  “Sizlərdən ölən və (özündən sonra) zövcələr qoyub gedən kimsələr zövcələrinə bir ilin tamamınadək (evlərindən) çıxarılmamaq şərtilə baxılmasını vəziyyət etməlidirlər. Əgər onlar (öz istəkləri ilə) çıxıb getsələr, (şəriətə) müvafiq qayda üzrə özləri barəsində etdiklərinə görə sizə günah gəlməz.” Allah Təala yeddi ay iyirmi günü, qadının ili tamamlaması üçün vəziyyət formasında etdi. Qadın istəsə vəziyyət edilən yerdə qalar, istəsə də çıxıb gedərdi. Məhz “çıxarılmamaq şərti ilə, Əgər onlar (öz istəkləri ilə) çıxıb getsələr, sizə günah gəlməz.” buyurduğu budur. İddə əvvəllər olduğu kimi qadına vacib idi. Mucahid (rahiməhullah) belə bir iddia etmişdir. Ətadan rəvayət edilir ki, İbn Abbas da: “Bu ayə, onun ailəsinin yanında gözlədiyi iddəsini nəsx etdi. İstədiyi yerdə iddəsini gözləya bilər.” — demişdir. Bu Allah təalənin “çıxarılmamaq şərti ilə” kəlamıdır. Əta demişdir: “Qadın istəsə ailəsinin yanında iddəsini gözləyar və vəziyyət edildiyi yerdə qalar, istəsə də çıxıb gedər. Çünki Allah Təala buyurur: “Özləri barəsində etdiklərinə görə sizə günah gəlməz.”

Əta demişdir: “Sonra da  miras ayəsi gəldi, ərin evində iddə gözləməni nəsx etdi. Bundan sonra qadın istədiyi yerdə iddə gözləya bilərdi. Onun evlə təmininə ehtiyac qalmadı.”

Sonra Buxari, İbn Abbasdan  yuxarıda qeyd edilən rəvayətin oxşarını sənədlə nəql etmişdir.

Mucahid və Ətanın dəstəklədiyi bu rəya əsasən, həmin ayə bir il iddə gözləmənin vacibliyinə dəlalət etmir. Cumhur da belə güman etmişdir. Bu, iddənin bir il vacib olduğunu göstərmədiyi üçün dörd ay on gün ilə nəsx edilə bilməz. Ayə yalnız qadınlara istədikləri halda, ölümündən sonra ərlərinin evində tam bir il iddə gözləmələrini vəziyyət etmişdir.  Buna görə də “Ölən və (özündən sonra) zövcələr qoyub gedən kimsələr vəziyyət etməlidirlər.” buyurmuşdur. yəni, Allah sizə onlar üçün bunu etmənizi tövsiya edir. “Allah övladlarınız haqqında sizə (belə) tövsiya edir.” (ən-Nisə, 11) ayəsində buyurulan da belədir.

“Vasiyyatən minAllah” (ən-Nisə, 12) kəlamı “fəltusu bihinnə vasiyyatən” mənasında nəsb olunub, deyilmişdir. Digərləri də mərfu olaraq “Vasiyyatun” oxuyaraq, “kutubə aleykum vasiyyatun” mənasında olduğunu demişlər. İbn Cərir də bunu üstün hesab etmişdir. Buna görə də qadınlara mane olmaq olmaz. Çünki Allah Təala “çıxarılmamaq şərti ilə” buyurmuşdur. Amma iddələrini dörd ay on günlə sona çatdırarlarsa və yaxud bətnlərindəki yükü yerə qoyarlarsa, o evdən çıxmağa və ya köçməya qərar versələr buna mane olmaq olmaz. Çünki Allah Təala “Əgər onlar (öz istəkləri ilə) çıxıb getsələr, (şəriətə) müvafiq qayda üzrə özləri barəsində etdiklərinə görə sizə günah gəlməz” buyurmuşdur. Bu rəyin bir izahı vardır.Cümlənin ahəngi də bu mənadadı. Bunu içərisində imam Əbu Abbas İbn Teymiyyənin də olduğu bir qrup alim üstün hesab etmişdir. İçərisində şeyx Əbu Ömər İbn Abdulbərr də olan başqa bir qrup alimlər isə bunu rədd etmişlər.

Əta və onun bu sözünün ardınca gedənlər, “miras ayəsi ilə nəsx edilmişdir” — demişlər. Əgər onlar, dörd ay on gündən artığını demək istəyirlərsə, qəbuldur. Əgər “Dörd ay on gün ərin evində oturma ölünün vəziyyətində vacib deyildir” demək istəyirlərsə, bu fikir imamlar arasında ixtilaflıdır. Bunların hər ikisi də Şafinin rahiməhullah rəyidir. Onlar ərin evində qalmanın vacib olduğuna, İmam Malikin öz “Muvatta” əsərində Sad İbn İshaq İbn Kab İbn Ucrədən, o da bibisi Zeynəb bint Kab İbn Ucradan rəvayət etdiyi hədisi dəlil gətirmişlər. Belə ki, Əbu Səid əl-Xudrinin  bacısı Fürəyah bint Məlik İbn Sinən (radiyAllahu anhumə) rəvayət etmişdir ki, o, Rəsulullahın (salləllahu aleyhi vəslləm) yanına gəlmiş və ondan öz ata evi olan Xudrəh oğullarının evində iddə gözləmək istədiyini soruşmuşdu. Buna səbəb, qaçmış kölələri axtarmağa çıxan ərini, Qudum adlı yerə çatdıqda, həmin qulların öldürməsi olmuşdur. Özü danışır ki, Rəsulullaha ((salləllahu aleyhi və səlləm) ə) Bəni Xudrahdakı ailəsinin yanına qayıtmaq istədiyini soruşdu. Ona: “Ərim mənə nə malik olduğu bir evi, nə də xərclik bir şeyi qoymadı.” — dedi. Rəsulullah (salləllahu aleyhi və səlləm) da: “Olar” — dedi. Qadın danışır ki, qayıdıb hücrəmin qənşərinə gəldikdə, Rəsulullah (salləllahu aleyhi və səlləm) və ya əmr etdiyi bir nəfər mənə səslənib: “Necə demişdin?” – soruşdu. Mən də ərimin başına gələnləri təzədən ona danışdım. Mənə: “İddən bitənə qədər evində qal” — buyurdu. Mən də orada dörd ay on gün iddə gözlədim. Osman İbn Əffan xəlifə olduqda bu haqda məndən soruşdu. Mən də ona danışdım. O da bunu qəbul edib tətbiq etdi.” Əbu Davud, Tirmizi, və Nəsəi də bunu Malikin hədisi olaraq belə rəvayət etmişlər. Onu həm də Nəsai ilə İbn Macə də müxtəlif yollarla Sad İbn İshaqdan eyni şəkildə rəvayət etmişlər. Tirmizi: “Həsən səhihdir” — demişdir.

“Boşanmış qadınlara (şəriətə) müvafiq qayda üzrə yaxşılıq etmək lazımdır. (Bu,) müttəqilər üçün bir borcdur.” Əbdurrəhman İbn Zeyd İbn Əsləm demişdir: “Onlara (şəriətə )müvafiq qayda üzrə yaxşılıq edin. (Bu isə) yaxşılıq edənlər üçün bir borcdur.” (əl-Bəqərə, 236) ayəsi endikdə bir kişi: “Əgər istəsəm yaxşılıq edərəm, istəsəm də etmərəm” — dedi. Bu haqda Allah Təala: “Boşanmış qadınlara (şəriətə) müvafiq qayda üzrə yaxşılıq etmək lazımdır. (Bu,) müttəqilər üçün bir borcdur.” ayəsini nazil etdi. “Mehri müəyyən olan və müəyyən olmayan və ya yaxınlıq etmədən boşanan və ya yaxınlıqdan sonra boşanan bütün qadınlar üçün qarşılıq olaraq bir şey vermək vacibdir” deyan alimlər bu ayəni dəlil göstərmişlər. Şafi rahiməhullah, Səid İbn Musəyyab və digər sələflər də bunu üstün rəy hesab etmişlər. İbn Cərir də bunu tərcih etmişdir. Onu ümumi olaraq vacib hesab etməyən alimlər isə,  bu ayənin məfhumu ilə onun təxsis edilməsi fikrini irəli sürmüşlər: “yaxınlıq etmədiyiniz və mehrini təyin etmədiyiniz qadınları boşasanız, sizə heç bir günah gəlməz. Onlara (şəriətə )müvafiq qayda üzrə yaxşılıq edin. Varlı öz imkanı daxilində, kasıb da öz imkanı daxilində (yaxşılıq etməlidir). (Bu isə) yaxşılıq edənlər üçün bir borcdur.”  (əl-Bəqərə, 236) Birincilər isə, buna belə cavab vermişlər: “Bu, ümuminin bəzi maddələrinin zikri kimidir, məşhur və açıq bir rəya görə bunda təxsis yoxdur.” Allah ən doğrusunu biləndir.

“Allah Öz ayələrini sizə belə bəyan edir” yəni, sizə əmr etdiyi və qadağan etdiyi, bəyan və izah etdiyi şeyləri, halal və haram etdiklərini, fərzlərini və məhdudiyyatlərini sizə belə bəyan edər. Onu möhtac olacağınız zamanda ümumi ifadədə saxlamaz, açıqlayər və aydınlaşdırır, deməkdir. “Bəlkə başa düşəsiniz” yəni, anlayər və yaxşıca düşünəsiniz, deməkdir.