Allah Təala qullarına təskinlik və güvən nazil etməklə onlara olan lütfü barədə buyurur. Bu, onları bürüyən mürgüdür. Onlar çətin və qəmli hallarında silaha sarılmışdılar. Həmin vaxt mürgü arxayınçılığa bir dəlil idi. Necə ki, Allah təalə əl-Ənfal surəsindəki Bədr hadisəsi barədə buyurur: “O zaman Öz tərəfindən bir təskinlik olsun deyə, sizə yüngül bir mürgü göndərmiş, göydən sizin üzərinizə yağmur endirmişdi ki, onunla sizi təmizləsin, şeytanın vəsvəsəsini sizdən uzaq etsin, qəlbinizi möhkəmləndirsin və onunla qədəmlərinizi sabit etsin” (Ənfəl, 11).
Əbu Muhəmməd Abdur-Rəhman ibn əbi Hatim demişdir: “Bizə Əbu Səid əl-Əşəc danışdı, bizə Əbu Nuaym ilə Vəki danışdılar, onlar da Süfyandan, o da Asimdən, o da Əbu Rəzindən nəql etdi ki, Abdullah ibn Məsud demişdir: “Savaşda mürgü Allahdan, namazda isə şeytandandır”. Buxari demişdir: “Mənə Xəlifə dedi, bizə Yəzid ibn Zuray danışdı, bizə Səid danışdı o da Qatadədən, o da Ənəsdən, o da Əbu Talhadan (radiyAllahu anhu) dedi: “Mən, Uhudda mürgüləyənlərdən idim. Hətta qılıncım əlimdən dəfələrlə düşdü. Düşürdü qaldırırdım, düşürdü qaldırırdım.” Bunu “əl-Məğazi” əsərində muəlləq olaraq rəvayət etmişdir. Onu “Təfsir” fəslində sənədli şəkildə rəvayət etmişdir. Belə ki, Şeybandan, o da Qatadədən, o da Ənəsdən, o da Əbu Talhadan demişdi: “Uhudda bizi səfdə dayandığımız halda yuxu tutdu.” O dedi: “Qılıncım əlimdən düşürdü, mən isə onu qaldırırdım. Düşürdü yenə qaldırırdım.” Bunu Tirmizi, Nəsəi və Hakim də Həmmad ibn Sələmədən, o da Sabitdən, o da Ənəsdən, o da Əbu Talhadan rəvayət etmişdir. Əbu Talha deyir: “Uhudda başımı qaldırıb baxdım. Mürgüdən qalxanının altına əyilməmiş heç kimi görə bilmədim.” Mətni, Tirmiziyə aiddir və o: “həsən, səhihdir” demişdir. Bunu yenə Nəsəi də, Muhəmməd ibn əl-Müsənnədən, o da Xalid ibn Harisdən, o da Əbu Quteybədən, o da İbn əbi Adiydən, ikisi də Humeyddən, o da Ənəsdən rəvayət etmişdir. O demişdir: Əbu Talha demişdir: “Mən də üzərilərinə mürgü səpilən şəxslərdən idim.” Zubeyr ilə Abdurrahman ibn Avfdan da belə rəvayət edilmişdir.
Beyhəqi demişdir: “Bizə Əbu Abdullah əl-Hafiz xəbər verdi, mənə Əbul Hüseyn Muhəmməd ibn Yaqub xəbər verdi, bizə Muhəmməd ibn İshaq əs-Səqafi xəbər verdi, bizə Muhəmməd ibn Abdullah ibn Mubarək əl-Məxzumi danışdı, bizə Yunus ibn Muhəmməd danışdı, bizə Şeyban danışdı, o da Qatadədən, bizə Ənəs ibn Malik danışdı ki, Əbu Talha demişdir: “Bizi mürgü tutdu, biz də Uhudda səfdə idik. Qılıncım əlimdən düşürdü, mən isə onu qaldırırdım. Düşürdü qaldırırdım.” O dedi: “Digər tərəf münafiqlər idi. Onların düşüncələrində yalnız özləri idi. Çox qorxaq, təşvişə düşən və haqqı tanımayan kimsələr idi.”
“Allah barəsində haqsız olaraq, cahiliyyə düşüncələrə qapıldılar.” Yəni, onlar yalançıdırlar. Əziz və Cəlil olan Allah haqqında şəkk və şübhə edən kimsələrdi. Bunu bu əlavə ilə belə rəvayət etmişdir. Sanki Qatadənin (Allah ona rəhmət eləsin) sözüdür. O da onun dediyi kimidir. Çünki Allah Təala “sonra O, bu qəm-qüssənin ardınca sizə bir təskinlik – bir qisminizi bürüyən mürgü nazil etdi” deyir. Yəni, o dəstə iman, yəqinlik, səbat və doğru təvəkkül sahibləridir. Onlar Allahın Öz Rəsuluna yardım edəcəyinə və onu umduğuna qovuşduracağına qəti şəkildə inanırlar. Buna görə də “O biri qisminiz isə öz canlarının hayına qaldı” demişdir. Yəni onları təlaş, təşviş və qorxudan xilas edən mürgü bürümüşdür. “Allah barəsində haqsız olaraq, cahiliyyə düşüncələrə qapıldılar” Necə ki, başqa bir ayədə bu cür buyurmuşdur: “Doğrusu, siz elə zənn edirdiniz ki, Peyğəmbər və möminlər heç vaxt öz ailələrinə qayıtmayacaqlar…” (Fəth, 12). Bunlar da belədir. Etiqad etdilər ki, müşriklər o saatda qalib gəlincə artıq iş bitmişdir, İslam və müsəlmanlar artıq yox oldular. Şübhə və şəkk edən kimsələrin halı belədir. Belə bir qeyri-müəyyən vəziyyət olan kimi pis zənə qapılırlar.
Sonra Allah Təala onlardan xəbər verdi ki, onlar: “deyirlər” yəni, o vəziyyətdə deyirlər: “Bu işdə bizim üçün bir xeyir varmı?”. Allah Təala da: “Bütün işlər Allaha aiddir!” Onlar sənə bildirmədiklərini öz içərilərində gizlədir” deyir. Sonra içərilərində gizlətdikləri şeyi bu kəlamı ilə izah etdi: “Əgər bu işdə bizim üçün bir xeyir olsaydı, elə buradaca öldürülməzdik”– deyirlər”. Yəni, bu sözü Rəsulullahdan (salləllahu aleyhi və səlləm) gizlədirlər.
Muhəmməd ibn İshaq ibn Yəsər demişdir: “Mənə Yəhya ibn Abbad ibn Abdullah ibn Zubeyr danışdı, o da atasından, o da Abdullah ibn Zubeyrdən nəql edir ki, Zubeyr dedi: “Rəsulullah (salləllahu aleyhi və səlləm) ilə bərabər idik. Qorxu artdığı zaman Allah üzərimizə yuxu göndərdi. İçimizdən çənəsi köksünün üzərinə düşməyən yox idi. Allaha and içirəm ki, Mutəb ibn Quşeyrin: “Əgər bu işdə bizim üçün bir xeyir olsaydı, elə buradaca öldürülməzdik” dediyini yuxudakı kimi xatırlayıram. Onu yadımda saxladım. O xüsusda Allah Təala : “Əgər bu işdə bizim üçün bir xeyir olsaydı, elə buradaca öldürülməzdik”– deyirlər” ayəsini nazil etdi.” Bunu İbn əbi Hatim rəvayət etmişdir.
De: “Əgər siz evlərinizdə olsaydınız belə, öldürülməsi qabaqcadan müəyyən edilmiş kimsələr yenə çıxıb öləcəkləri yerlərə gedərdilər” yəni bu, əziz və cəlil olan Allahın təqdiridir, qəti qərarıdır, ondan qaçmaq yoxdur.
“kökslərinizdə olanları sınamaq, qəlblərinizdə olanları təmizləmək üçün” yəni sizi bu hadisə ilə imtahan edir ki, yaxşını pisdən ayırsın. Mömin və münafiqin sözləri və işləri ortaya çıxsın. “Allah kökslərdə olanları bilir” yəni, qəlblərdən keçən sirr və gizli olan şeyləri xırdalığına qədər bilir.
Sonra Allah Təala buyurdu: “iki qoşun qarşılaşdığı gün içərinizdən üz döndərənləri şeytan, qazandıqları bəzi günahlar üzündən səhv etməyə vadar etdi” yəni keçmiş bəzi günahları ilə deməkdir. Necə ki, sələfdən biri belə demişdir: “Yaxşılığın bir savabı ardından bir yaxşılığın gəlməsi, pisliyin bir cəzası da ardından bir pisliyin gəlməsidir.
Sonra Allah Təala: “Allah artıq onları bağışladı” demişdir. Yəni döyüş sahəsindən qaçmağınıza görədir. “Həqiqətən, Allah Bağışlayandır, Həlimdir” yəni günahı bağışlayar, öz yaratdığı ilə həlim davranar. Osman və onun Uhuddakı qaçışı, Allah Təalanın da onu bağışlaması barədə İbn Ömərin hədisi, yuxarıda “and olsun ki, Allah sizi bağışlamışdır” (Ali –İmaran, 152) ayəsində qeyd olunmuşdu. Onu burada zikr etmək də münasib olacaqdır:
İmam Əhməd demişdir: “Bizə Muaviyə ibn Amr danışdı, bizə Zaidə danışdı, o da Asımdan, o da Şəqiqdən nəql edib dedi: Abdurrahman ibn Avf bir dəfə Vəlid ibn Uqbəyə rast gəldi. Vəlid ona: “Nəyə görə möminlərin əmiri Osmana qarşı kobudluq edirsən?” –dedi. Abdurrahman da dedi: “Ona çatdır ki, mən Huneyndə qaçmadım – Asım da dedi: “Uhudda dedi: – mən Bədirdən geri qalmadım və Ömərin sünnətini də tərk etmədim”. O dedi: “Vəlid getdi və bunu Osmana danışdı. Osman da belə cavab verdi: “Onun “Mən Huneyn savaşından qaçmadım” sözünə gəlincə, Allahın əfv etdiyi bir şeydən ötrü məni necə qınaya bilər? Allah Təala demişdir: “Şübhəsiz iki ordu qarşılaşdığı gün sizdən geri dönənləri qazandıqları bəzi şeydən dolayı şeytan ancaq onları azdırmaq istəmişdir. Allah onları əfv etmişdir”. Bədirdən geri qalmağıma gəlincə, mən Rəsulullahın (salləllahu aleyhi və səlləm) xəstə qızı Ruqeyyəyə baxırdım ki, o da sonunda vəfat etdi. Rəsulullah (salləllahu aleyhi və səlləm) mənə bir qənimətdən pay böldü. Rəsulullah (salləllahu aleyhi və səlləm) kimə pay böldüsə, o da savaşda iştirak etmişdir. Ömərin sünnətini tərk etməyimə gəlincə, ona nə mənim gücüm yetər nə də onun. Get və bunu ona izah et.”