Allah təala buyurur ki, “Təmizlənən kimsə isə nicat tapmışdır”. Yəni nəfsini çirkin əməllərdən və rəzil işlərdən təmizləyib Allahın Öz Elçisinə (s) nazil etdiyi hökmə tabe olan kimsə artıq nicat tapmışdır. “Rəbibnin adını zikr edib namaz qılmışdır”. Yəni Allahın razılığını qazanmağı diləməklə, Onun əmrinə tabe olub şəriətinə bağlanaraq namazlarını vaxtında qılar. Əbu Bəkr əl-Bəzzar deyir: Abbad ibn Əhməd əl-Əzumi, Muhəmməd ibn Əbdürrəhman vasitəsilə Cabir ibn Abdullahnın belə dediyini rəvayət etmişdir: Peyğəmbər (s) “Təmizlənən kimsə isə nicat tapmışdır” ayəsini oxudu və dedi: “Onlar Allahdan başqa ibadətə layiq heç bir məbudun olmadığına şəhadət gətirib Ondan qeyri ibadət olunanları tərk edən və mənim Allahın elçisi olduğuma şəhadət gətirən kəslərdir”. Daha sonra “Rəbibnin adını zikr edib namaz qılmışdır” ayəsini oxudu və dedi: “Bu beş vaxt namaz, onu qorumaq və ona diqqətlə yanaşmaqdır”. Əbu Bəkr əl-Bəzzar deyir ki, hədis Cabirdən təkcə bu şəkildə varid olmuşdur. Həmçinin, İbn Abbas demişdir ki, burada nəzərdə tutulan beş vaxt namazdır. İbn Cərir bu görüşü seçib qeyd etmişdir.
İbn Cərir deyir: Bizə Amr ibn Əbdülhəmid əl-Əmili Mərvan ibn Muaviyə vasitəsilə Əbu Xəldədən belə nəql edir: Mən Əbul Aliyənin yanına gəldim. O mənə dedi: “Sabah bayram namazına gəldiyin zaman mənə dəy!” Mən səhər ona da baş çəkdim. O mənə dedi: “Bir şey yedinmi?” “Bəli!” dedim. Sonr Məndən soruşdu: “Üstünə su vurdunmu?” “Bəli!” dedim. Sonra dedi: “Mənə zəkatın barədə danış!” Mən də “hesab edirəm ki, yerinə yetirdim” söylədim. Mənə “səni elə bunun üçün çağırmışdım” dedi və bu ayəni oxudu: “Təmizlənən kimsə isə nicat tapmışdır; Rəbibnin adını zikr edib namaz qılmışdır”. Sonra dedi: Mədinə əhalisi bundan və su paylamaqdan daha fəzilətli bir sədəqə bilmirlər”.
Eyni şəkildə bizə möminlərin əmiri Ömər ibn Əbdüləzizin də insanlara fitrə zəkatını vermələrini əmr etdiyi və bu ayəni aoxuduğu haqda haqda xəbər gəlib çatmışdır: “Təmizlənən kimsə isə nicat tapmışdır; Rəbibnin adını zikr edib namaz qılmışdır”. Əbul Əhvas deyir ki, sizlərdən biri namaz qılmağa hazırlaşarkən bir nəfər ondan sədəqə istəsə, namazı qılmamışdan əvvəl sədəqəsini versin! Çünki Allah təala buyurmuşdur: “Təmizlənən kimsə isə nicat tapmışdır; Rəbibnin adını zikr edib namaz qılmışdır”. Qatədə “Təmizlənən kimsə isə nicat tapmışdır; Rəbibnin adını zikr edib namaz qılmışdır” ayələri haqda deyir ki, yəni malının zəkatını verib Xaliqini razı salan kimsələr…”
Növbəti ayədə Uca Allah buyurur: “Lakin siz dünya həyatını üstün tutursunuz!” Yəni dünya həyatını Axirət işlərindən önə keçirirsiniz. Bunu da qazanclarınızda, yaşayış və güzəran üçün can atdıqlarınızda görsədirsiniz. “Halbuki axirət daha xeyirli və daha baqidir”. Yəni Allahın Axirət yurdunda bəxş edəcəyi mükafat dünyadan daha xeyirli və daha baqidir. Dünya rüsvayçı və fani, Axirət isə şərəfli və əbədidir. Belə olan halda aqil olan kimsə faniliyi əbədilikdən necə üstün tuta bilər, yaxında əlindən alınacaq bir şeyə bu qədər əhəmiyyət verər, əbədi və baqi olan yurdu isə tərk edər?!
İmam Əhməd deyir: Bizə Hüseyn ibn Muhəmməd, Urva vasitəsilə Aişədən (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (s) buyurmuşdur: “Dünya, evi olmayanın evi, malı olmayanın malıdır. Ağlı olmayan dünya üçün yığar”. Həmçinin, İbn Cərir deyir: Bizə İbn Humeyd Arfacə əs-Səqafinin belə dediyini rəvayət etmişdir: Mən Abdullah ibn Məsuddan əl-Əla surəsini oxumağını xahiş etdim. O, “Lakin siz dünya həyatını üstün tutursunuz!” ayəsinə çatdıqda, qiraətini saxladı və yoldaşlarına çevrilərək dedi: Biz dünyanı Axirətdən üstün tutduq”. Camaat susdu. O, yenidən dilləndi: Biz dünyanı üstün tutduq. Çünki onun bər-bəzəyini, qadınlarını və yeyib-içməyini gördük, axirəti yaddan çıxartdıq. Beləcə fani olan bir şeyi üstün tutub, əbədi olanı tərk etdik”. İbn Məsudun bu ifadəsi onun təvəzökarlığını və mövzunu dərindən dərk etməsini göstərir. Ən doğrusunu Allah bilir.
İmam Əhməd deyir: Bizə Süleyman ibn Davud əl-Haşimi, İsmayıl ibn Cəfər vasitəsilə Əbu Musa əl-Əşaridən rəvayət edir ki, Peyğəmbər (s) buyurmuşdur: “Kim dünyanı istəsə Axirətinə zərər verər və kim ki, axirətini istəyər dünyasına zərər verər. Elə isə əbədi olanı fani olandan üstün tutun!” Bu rəvayətdə Əhməd ibn Hənbəl təkdir. Həmçinin, hədisi Əbu Sələmə əl-Xüzai də Dəravardidən, o da Amr ibn Əbu Amrdan nəql etmişdir.
Daha sonra uca Allah buyurur: “Həqiqətən də bu, əvvəlki səhifələrdə mövcuddur – İbrahimin və Musanın səhifələrində!” Əbu Bəkr əl-Bəzzar deyir: Bizə Nasr ibn Əli, Mutəmər ibn Süleyman vasitəsilə Atə ibn Saibdən, o da Akrəmədən rəvayət edir ki, İbn Abbas demişdir: “Həqiqətən də bu, əvvəlki kitablarda mövcuddur – İbrahimin və Musanın kitablarında!” ayələri nazil olduğu zaman Peyğəmbər (s) buyurdu: “Bütün bunların hamısı (və ya “bu”) İbrahimin və Musanın səhifələrində mövcuddur”. Əbu Bəkr əl-Bəzzar deyir ki, Atə ibn Saiibn İkrimidən, onun da İbn Abbasdan nəql etdiyi bu rəvayətdən daha etibarlı sənəd mövcud deyil. O, bunun kimi digər bir hədis də rəvayət etmişdir.
Nəsai deyir: Bizə Zəkəriyyə ibn Yəhya, Nasr ibn Əli vasitəsilə Atə ibn Saibdən, o da İkrimədən nəql edir ki, İbn Abbas “Ən uca olan Rəbibnin adına təriflər de!” surəsi nazil olduğu zaman belə demişdi: “Bütün bunlar İbrahimin və Musanın səhifələrində mövcuddur”. “Və əhdinə vəfa edən İbrahimin”. (ən-Nəcm, 37) İbrahim “Heç bir günahkar başqasının günahına yüklənməz!” (ən-Nəcm, 38) ayəsini yerinə yetirmişdir. Yəni bu ayə Allah təalanın ən-Nəcm surəsindəki ayəsi kimidir: “Yoxsa ona Musanın səhifələrindən olanlar xəbər verilmədi?! Və əhdinə vəfa edən İbrahimin. “Heç bir günahkar başqasının günahına yüklənməz! İnsana ancaq öz zəhməti (səyi, çalışması, əməli) qalar! Şübhəsiz ki, (qiyamət günü) onun zəhməti (səyi, əməli) görünəcəkdir! Sonra da ona (zəhmətinin, əməlinin) tam əvəzi veriləcəkdir!” (ən-Nəcm, 36-41) Həmçinin, İbn Cəririn, İbn Humeyd vasitəsilə Süfyan ös-Sövridən, onun da İkrimədən nəql etdiyi rəvayətdə İkrimə “Həqiqətən də bu, əvvəlki səhifələrdə mövcuddur – İbrahimin və Musanın səhifələrində!” ayələri haqda eyni sözləri demişdir. Əbu Aliyə deyir ki, bu surənin hekayəti əvvəlki səhifələrdə mövcuddur. İbn Cəririn sözlərinə görə, bu Allah təalanın “Təmizlənən kimsə isə nicat tapmışdır; Rəbibnin adını zikr edib namaz qılmışdır. Lakin siz dünya həyatını üstün tutursunuz! Halbuki axirət daha xeyirli və daha baqidir” – ayələrinə işarədir. Yəni bu ayələr “Həqiqətən də bu, əvvəlki səhifələrdə mövcuddur – İbrahimin və Musanın səhifələrində!” ayələri ilə əlaqəlidir. İbn Cəririn üstün tutduğu bu rəy dolğun və tutarlıdır. Qatədə və İbn Zeyddən də buna bənzər rəvayət nəql edilmişdir. Ən doğrusunu Allah bilir.
Əl-Əla surəsinin təfsiri başa çatdı. Həmd və şükr Allaha məxsusdur. O, müvəffəqiyyət və uğur bəxş edəndir.