İmam Əhməd demişdir: Bizə Hişam ibn Qasım danışdı, bizə Abdulhəmid danışdı, bizə Şəhr danışıb dedi: İbn Abbas dedi: “Bir bölük yəhudi Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanına gəldi və: “Bizə soruşacağımız şeylərin cavabını ver, bunları ancaq bir peyğəmbər bilə bilər” – dedi. O dedi: “İstədiyinizi soruşun, ancaq Allaha verdiyiniz və Yəqubun da oğullarından aldığı söz adına doğru deyin, əgər sizə bir şey desəm və onun doğru olduğunu bilsəniz, İslama girəcəyinizi vəd edin”. Onlar da: “Sənə söz veririk”, dedilər. O da: “İstədiyinizi sorşun” dedi. Onlar da bizə dörd şey barədə: “Yəqubun özünə haram etdiyi yemək nə idi? Qadının və erkəyin suyu nədir, uşaq necə oğlan və qız olur? O yazıb-oxumağı bilməyən peyğəmbərin yuxusu necədir? Onun mələklərdən dostu kimdir?“ – xəbər ver dedilər. O da onlardan cavab verdiyi təqdirdə özünə tabe olacaqları barədə vəd aldı və dedi: “Musaya Tövratı endirən Allah üçün deyin, bilirsiniz Yaqub ağır xəstələndi və xəstəliyi uzandı? Allaha nəzir etdi ki, əgər şəfa verərsə ən sevdiyi yeməyi və içməyi haram edəcək. Onun da ən sevdiyi yemək dəvə əti, ən sevdiyi içki də dəvə südü idi”. Onlar da: “Vallahi belədir”, dedilər. O da: “Allahım onlara şahid ol”, dedi. O buyurdu: “Özündən başqa ilah olmayan və Musaya Tövratı endirən Allah adına deyin, bilirsiniz, kişinin suyu ağ və qatı, qadının suyu isə sarı və durudur. Onların ikisindən hansının suyu digərinə üstün gələrsə, Allahın izni ilə uşaq həmin cinsdə və oxşarlıqda olar. Əgər kişinin suyu üstələyərsə, oğlan olar. Əgər qadının suyu üstələyərsə, qız olar.” Onlar da “Bəli”, dedilər. O da “Allahım şahid ol” dedi. O dedi: “Musaya Tövratı endirən Allah adına deyin, bilirsiniz ki, o yazıb-oxumağı bilməyən Peyğəmbərin gözləri yatar qəlbi yatmaz?”. Onlar da: “Vallahi bəli”, dedilər. O da “Allahım şahid ol” dedi. Onlar da: “İndi de bizə, sənin mələklərdən olan dostun kimdir? O zaman səninlə ya birləşərik ya da ayrılarıq.” O da: “Mənim mələklərdən dostum Cəbrayıldır. Allah nə vaxt bir peyğəmbər göndərdisə onun dostu Cəbrayıl olmuşdur”, dedi. Onlar da: “Bax burada səndən ayrılırıq, əgər dostun başqası olsaydı, sənə tabe olardıq”, dedilər. O zaman Allah Təala “De: “Cəbrailə düşmən olan kəs….” (əl-Bəqəra, 97) ayəsini endirdi. Bunu İmam Əhməd də, Hüseyn ibn Muhamməddən, o da Abdulhəmiddən belə rəvayət etmişdir.
Başqa bir yol: İmam Əhməd demişdir: Bizə Əbu Əhməd əz-Zubeyri danışdı, bizə Abdullah ibn Vəlid əl-İcli danışdı, o da Bukeyr ibni Şihabdan, o da Səid ibn Cubeyrdən, o da İbn Abbasdan rəvayət edir ki, yəhudilər Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanına gəldilər və: “Ey Qasımın atası, sənə beş şey haqda sual verəcəyik. Əgər bunlara cavab versən səni peyğəmbər olaraq tanıyar və sənə tabe olarıq” – dedilər. Peyğəmbər (salləllahu aleyhi və səlləm) onlardan Yaqubun öz oğullarından aldığı “Allah söylədiklərimizə Vəkildir” (Yusuf, 66) sözünü aldı və: “Verin”, dedi. Onlar da: “O peyğəmbərin əlaməti nədir?”dedilər. O da: “Onun gözləri yatar qəlbi yatmaz” dedi. Onlar: “Bizə xəbər ver, uşaq necə qadın cinsi və ya kişi cinsi olur?” dedilər. O da dedi: “İki su birləşər, kişinin suyu qadının suyuna üstün gələrsə kişi cinsi, qadının suyu kişinin suyuna üstün gələrsə, qadın cinsi olar”, dedi. Onlar da: “İsrailin özünə haram etdiyi şey nə idi?” dedilər. O da: “O, bel ağrısından şikayət edirdi. Bu və bunun südündən daha yaxşı xeyir edənini tapa bilmədi – Əhməd deyir ki, bəziləri: ““dəvə” demək istəyir”, demişlər – o da ətlərini haram etdi.” Yəhudilər də “Doğru dedin” dedilər. Onlar: “Xəbər ver görək, bu göy gurultusu nədir?” dedilər. O da: “Allahın buludla vəzifəli olan mələklərindən bir mələkdir. Əlində – başqa bir rəvayətdə isə “əllərində” – alovdan toppuz var. Onunla buludu Allahın istədiyi tərəfə qovar,” dedi. Onlar da: “Belədirsə onda eşitdiyimiz səs nədir?” dedilər. O da “Mələyin səsidir”, dedi. Onlar da: “Doğru dedin, amma biri qaldı. Onu da desən sənə tabe olarıq. Hər peyğəmbərin bir dənə xəbər gətirən mələyi var, bizə sənin mələlyinin kim olduğunu xəbər ver”, dedilər. O da: “Cəbrayıl aleyhissalamdır”, dedi. Onlar da: “Cəbrayıl mühairbə, döyüş və əzab gətirir. O bizim düşmənimizdir. Əgər rəhmət, bitki və yağış gətirən Mikayıldır desəydin, olardı,” dedilər. Bu haqda Allah Təala bunu endirdi: “De: “Cəbrailə düşmən olan kəs (bilsin ki,) Allahın izni ilə (Quranı) özündən əvvəlkiləri təsdiqləyən, möminlərə doğru yol göstərən və müjdə verən (bir kitab) kimi sənin qəlbinə o nazil etmişdir”. “(əl-Bəqərə, 97) Bunu Timizi ilə Nəsai də Abdullah ibn Vəlid əl-İcli yolu ilə eyni şəkildə rəvayət etmişdir. Tirmizi: “Həsən qəribdir” demişdir.
İbn Cüreyc ilə əl-Avfidən rəvayət edilir ki, İbn Abbas demişdir: “İsrail – o, Yaqub aleyhissalamdır – gecələr bel siniri ağrısından əziyyət çəkirdi. Onu narahat edər, ona yuxuya getməyə imkan verməzdi. Gündüzlər isə ağrımazdı. Allaha nəzir dedi ki, əgər ona şəfa verərsə damarlı ət və bu qəbildən olan heyvanların balasını yeməyəcək.”
Dəhhak ilə Suddi də belə demişlər. İbn Cərir də təfsirində bu cür nəql etmiş və “Oğulları da bu haramlıqda atalarının qanununa tabe oldular, onun yolu ilə getdilər”, demişdir.
“Tövrat nazil olmamışdan əvvəl” yəni, bunu Tövrat endirilməmişdən əvvəl özünə haram etmişdir.
Mən də deyirəm ki, Bu rəvayət üçün qeyd edilənlərdən başqa iki münasib məsələ də var:
Birincisi: Yaqub aleyhissalam özünə ən sevdiyi şeyləri haram etdi və onları Allah üçün tərk etdi. Bu da onların dinlərində icazəli idi. Bundan öncə gələn ”Sevdiyiniz şeylərdən xərcləməyincə xeyrə nail olmayacaqsınız.”(Ali-İmran, 92) ayəsi ilə əlaqəsi vardır. Bu bizə görə də məşhurdur. O da qulun sevdiyi və könlünü çəkdiyi şeyi Allaha itaətdə xərcləməsidir. Necə ki, Allah Təala demişdir: “Sevdiyi malı sərf edən” (əl-Bəqərə 177); “Onlar öz özləri yemək istədikləri halda yeməyi yoxsula, yetimə və əsirə yedirərlər”. (İnsan, 8)
İkinci münasib məsələ: Yuxarıda ötən ahəngə görə xristianlara və onların Məsih haqqında batil etiqadları rədd edildi. Bununla da getdikləri yolun saxtalığı ifşa olundu. İsa və anası haqqında gerçək və qəti həqiqət aydın oldu. Allahın onu qüdrət və istəməsi ilə necə yaratması, onu Allaha ibadəti əmr etmək üçün İsrail oğullarına necə göndərməsi bildirildi. Bundan sonra isə, yəhudilərə rədd etməyə — Allah onları rəzil etsin — başladı. Onların baş verməsini və icazəli olmasını inkar etdikləri nəsxin baş verdiyini bəyan etdi. Çünki Allah Təala onların kitabı olan Tövratda buyurur ki, Nuh əleyhissalam gəmidən çıxanda Allah ona yer üzündə olan bütün heyvanları yeməsini icazəli etdi. Sonra da bunun ardından İsrail yəni, Yəqub dəvə ətini və südünü özünə haram etdi. Oğulları da bu mövzuda onun yolunu getdilər. Tövrat da bu haramlığı təsdiq etdi və bəzi başqa şeyləri də buna əlavə etdi. Allah, Adəmə qızları ilə oğlanlarını evləndirməyə icazə vermişdi. Onlardan sonra bunu haram etdi. Zövcənin üstünə cariyə almaq İbrahim aleyhissalamın şəriətində icazəli idi. Bunu bilavasitə İbrahim (əleyhissalam) da Saranın üstünə Həcəri gətirməklə tətbiq etmişdi. Amma bu kimi şeylər Tövratda onlara haram edildi. Həmçinin iki bacını eyni vaxtda almaq yayılmışdı. Yaqub əleyhissalam da bunu etmişdi. Sonra Tövratda onlara bu haram edildi. Bütün bunlar onlarda olan Tövratda açıq-aydın göstərilmişdi. Bu da nəsxin özüdür ki, var. Məsihin (əleyhissalam) Tövratda haram edilən bəzi şeyləri halal etməsi də belə olmalıydı. Allah ona bunu qanuni etmişdi. Niyə ona tabe olmadılar? Əksinə onu yalanla ittiham edib, ona müxaliflik etdilər. Allahın Muhamməd (salləlllahu aleyhi və səlləm) ilə göndərdiyi doğru dini, açıq yolu və atası İbrahimin dini də belə idi. Onlara nə olur ki, ona iman etmirlər?.
Buna görə də Allah Təala dedi: “Tövrat nazil olmamışdan əvvəl İsrailin ancaq özü özünə haram etdiyi şeylərdən başqa bütün yeməklər İsrail oğullarına halal idi.” Yəni, Tövrat enmədən əvvəl Yaqubun özünə haram etdikləri xaricində bütün yeməklər İsrail oğullarına halal idi. Sonra Allah Təala dedi: “De: “Əgər doğru danışanlarsınızsa, Tövratı gətirin və onu oxuyun!” çünki o bu dediyimizi təsdiqləməkdədir.
“Bundan sonra Allaha qarşı yalan uyduranlar – məhz onlar zalımlardır.” Yəni, kim Allaha qarşı yalan deyərsə, Şənbə gününü və Tövrata sonsuza qədər bağlanmağı icazəli etdiyini və onlara bu qeyd etdiyimiz nəsxin icazəli olması və dediklərimizin həyata keçməsindən sonra özlərini dəlil və sübutlarla Allaha dəvət edəcək bir peyğəmbər göndərmədiyini iddia edərlərsə – “məhz onlar zalımlardır.”
De: “Allah doğru söylədi. Yəni, ey Muhamməd de: O, verdiyi xəbərdə və Quranda şəriət etdiyində doğru söylədi.
Sonra Allah Təala dedi: Odur ki, İbrahimin hənif dininin ardınca gedin. O, müşriklərdən deyildi”. Yəni, Allahın Quranda, Muhammədin (salləllahu aleyhi və səlləm) dili ilə təsdiq etdiyi İbrahimin dininə tabe olun. Çünki o haqdır və onda şəkk və şübhə yoxdur. O heç bir peyğəmbərin ondan daha mükəmməlini, açığını, aydınını və tamamlamışını gətirmədiyi bir yoldur. Necə ki, Allah Təala belə demişdir: “De: “Həqiqətən, Rəbbim məni doğru yola, həqiqi dinə, hənif İbrahimin dininə yönəltdi. O heç vaxt müşriklərdən olmamışdı”. (Ənam 161) Allah Təala buyurdu: Sonra sənə vəhy etdik: “Hənif İbrahim dininə tabe ol. O, müşriklərdən deyildi”. (Nəhl 123)