Əli, İbn Abbas, Ubədə ibn Samit, Əbu Hureyrə, Şidad ibn Ovs, İbn Ömər, Muhəmməd ibn Əli ibn Hüseyn, Məkhul, Bəkr ibn Abdullah əl-Mizəni, Bukeyr ibn Əşac, Malik, İbn Əbu Zib və Əbdüləziz ibn Əbu Sələmə əl-Məcşun deyirlər ki, ayədəki şəfəq sözü qızartı mənasına gəlir. Əbdürrəzzaq, Muammar vasitəsilə İbn Xüseymdən, o da İbn Lubeybədən Əbu Hureyrənin “Ağ şəfəq” dediyini nəql etmişdir. Mucahidin qeyd etdiyi kimi, şəfəq ya günəşin doğuşundan əvvəl üfüqdə görsənən qızartıdır, ya da dilçilərin qənaətinə görə, günəşin qürub etməsindən sonra görsənən qızartıdır. Xəlil İbn Əhməd demişdir: “Şəfəq günəşin qürub etməsindən işaya qədər olan müddət ərzində görsənən qızartıdır. Bu qızartı keçib getdiyi zaman, “şəfəq yox oldu” – deyərlər”. Cövhəri deyir ki, “şəfəq gecənin başlanğıcından işaya yaxın vaxta qədər günəşin gürsənən şüası və qızartısıdır”. Həmçinin, İkrimənin sözlərinə görə, şəfəq günəşin qürub etməsi ilə işa arasında görsənən qızartıdır.
Muslimin “Səhih”ində Abdullah ibn Amrdan rəvayət olunan hədisdə Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: “Məğrib namazının vaxtı şəfəqin qeyb olmasına kimidir”. Bütün bunlar onu göstərir ki, şəfəq Cövhəri və Xəlil ibn Əhmədin dedikləri kimidir. Lakin Mucahidin “Xeyr! And içirəm şəfəqə!” ayəsi haqda belə dediyi də öz təsdiqini tapmışdır: “Şəfəq bütün gündüz vaxtı deməkdir”. Ondan nəql edilən başqa bir rəvayətdə isə onun belə dediyi qeyd olunur: “Şəfəq günəşdir”. Hər iki rəvayəti İbn Əbu Hatim nəql etmişdir. Onun belə deməyinə əsas verən bu ayənin sonrakı ayə ilə yanaşı gəlməsidir. Belə ki, sonrakı ayədə Allah təala buyurur: “Gecəyə və ağuşuna aldığına!” Yəni gecəyə və onun topladığına and olsun! Sanki Allah təala işığa və qaranlığa and içir. İbn Cərir deyir ki, “Allah təala gedən gündüz ilə gələn gecəyə and içir”. Yenə İbn Cərir deyir ki, “Başqaları isə qeyd edirlər ki, şəfəq qızartı və ağartının ismidir. Bu kəlmənin zid mənalı kəlmələrdən olduğunu da söyləmişlər. İbn Abbas, Muacahid, Həsən və Qatədə “ağuşuna aldığına” ifadəsi haqda demişlər: “Yəni gecənin özündə ehtiva etdikləri”. Qatədə əlavə edərək demişdir ki, “Burada gecənin cəm etdiyi ulduzlar və heyvanlardan söhbət gedir. Hətta buna dəlil olaraq İbn Abbas bir şeir də qeyd etmişdir.
İkrimə “Gecəyə və ağuşuna aldığına!” ayəsi haqda demişdir: “Yəni ağuşuna aldığı qaranlığa! Belə ki, gecə düşdüyü zaman hər şey öz sığınacağına dedər”. Sonra Allah təala buyurur: “Və bədirlənmiş aya!” İbn Abbas bədirlənmiş sözü haqda deyir ki, “yəni toplanıb bərabərləşən aya and olsun!” Həmçinin, İkrimə, Mucahid, Səid ibn Cubeyr, Məsruq, Əbu Saleh, Dahhak və İbn Zeyd “Və bədirlənmiş aya!” ayəsi haqda “bərabərləşən” mənasını vermişlər. Həsənin sözlərinə görə, dolaraq bərabərləşən aydan söhbət gedir. Qatədə isə “dəyirmiləşdikdə” mənasını vermişdir. Onların dedikləri bu mənaya gəlib çıxır: “Ayın işığı tamamlanıb bədirlənmiş vəziyyətə gəldiyi zaman”. Ay gecəyə və onun topladıqlarına qarşılıq olaraq buyurulmuşdur.
Daha sonra Allah təala buyurur ki, “Siz mütləq təbəqədən təbəqəyə minəcəksiniz!” Buxari deyir: Səid ibn Nadr, Mucahiddən Allah təalanın “Siz mütləq təbəqədən təbəqəyə minəcəksiniz!” ayəsi haqda İbn Abbasın belə dediyini nəql etmişdir: “Bir vəziyyətdən başqa bir vəziyyətə düşəcəklər”. İbn Abbas “Bunu sizin peyğəmbəriniz (salləllahu aleyhi və səlləm) buyurmuşdur” – deyə bildirmişdi. Bu ləfzi Buxari rəvayət etmişdir. Ehtimal olunur ki, İbn Abbas bu təfsiri Peyğəmbərə (salləllahu aleyhi və səlləm) istinad edərək bildirmişdir. Sanki, o, sözləri ilə bu mənanı nəzərdə tuturdu: “Mən bunu sizin peyğəmbərinizdən (salləllahu aleyhi və səlləm) eşitmişəm. Ərəb dilində “peyğəmbəriniz” sözü adlıq halı ifadə edir və demək felinin icraçısını bildirir. Görünüşə baxılırsa, nəzərdə tutulan məna budur. Ancaq ən doğrusunu uca Allah bilir. Buna bənzər ifadə ilə Ənəs demişdir: “Gələn hər il əvvəlkindən daha pisdir. Mən bunu sizin peyğəmbərinizdən (salləllahu aleyhi və səlləm) eşitmişəm”.
İbn Cərir deyir: Yaqub ibn İbrahim Əbu Bişr vasitəsilə Mucahiddən nəql edir ki, İbn Abbas Allah təalanın “Siz mütləq təbəqədən təbəqəyə minəcəksiniz!” ayəsi haqda demişdir: “Yəni sizin peyğəmbəriniz (salləllahu aleyhi və səlləm) “Siz bir haldan digər bir hala düşəcəksiniz” – deyərdi”. Bu, onun ifadəsidir. Əli ibn Əbu Talha da İbn Abbasın “Bir hadan sonra başqa hala düşəcəksiniz” – deyə qeyd etdiyini bildirmişdir. Həmçinin, İkirimə, Murra ət-Teyyib, Mucahid, Həsən, Dahhak, Məsruq və Əbu Saleh deyirlər ki, hər halda ayədə nəzərdə tutulan “bir haldan digər bir hala düşmək”dir. “Siz mütləq təbəqədən təbəqəyə minəcəksiniz!” ayəsində bir vəziyyətdən digər bir vəziyyətə uğrayacaqları kimi məna verilməsi də ehtimal əsasındadır. Ən doğrusunu Allah bilir. Ola bilsin ki, verdiyimiz bu məna bir çox ravilərin ilk ağlına gələn məna olmuşdur. Belə ki, Əbu Davud ət-Təyalisi və Qundər deyirlər ki, Şubə, əbu Bişr vasitəsilə Səid ibn Cubeyrdən nəql edir ki, İbn Abbas “Siz mütləq təbəqədən təbəqəyə minəcəksiniz!” ayəsi haqda: “Muhəmməd (salləllahu aleyhi və səlləm) belə buyurdu” mənasını demişdi. Bu mənanı Ömər, İbn Məsud və İbn Abbasın, o cümlədən məkkəlilərlə kufəlilərin ayədəki “Tərkəbun” sözünü “Tərkəbən” kimi qiraət etmələri təsdiq edir.
İbn Əbu Hatim deyir: Əbu Səid əl-Əşac, Əbu Usamə vasitəsilə İsmaildən nəql edir ki, Şəbi Allah təalanın “Siz mütləq təbəqədən təbəqəyə minəcəksiniz!” Yəni ey Muhəmməd, siz bir səmadan digər bir səmaya minəcəksiniz”. Eynilə bunun kimi İbn Məsud, Məsruq və Əbul Aliyədən də bu cür nəql olunmuşdur: “Yəni “bir səmadan sonra digər bir səmaya” mənasını daşıyır”. Onların sözlərinə görə, bu, İsra gecəsidir. Əbu İshaq və Suddi İbn Abbasın belə dediyini nəql etmişlər: “Təbəqədən təbəqəyə…” Yəni bir mənzildən digər bir mənzilə…” Ovfi də İbn Abbasın bu cür dediyini nəql etmiş və əlavə olaraq “bir işdən digər bir işə, habelə bir haldan digər bir hala…” mənasını da qeyd etmişdir. Tək Suddi deyir ki, “Siz mütləq təbəqədən təbəqəyə minəcəksiniz!” – yəni mənzil-mənzil sizdən əvvəlkilərin etdiklərini edəcəksiniz”. Sanki Suddi bununla səhih hədisdə deyildiyi kimi “Siz addım-addım sizdən əvvəlkilərin getdiklərini izləyəcəksiniz. Əgər onlar bir ayı yuvasına girsələr, siz də ora girəcəksiniz” hədinisin mənasını vermək istəmişdir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) bu sözləri buyurduqda səhabələr soruşdular: “Ey Allahın elçisi, onlar yahudi və xristianlardır?” Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: “Ayrı kim ola bilər?!” Bu ehtimal olunan mənadır.
İbn Əbu Hatim deyir: Atam Hişam ibn Ammar vasitəsilə İbn Cabirdən nəql edir ki, Məkhul Allah təalanın “Siz mütləq təbəqədən təbəqəyə minəcəksiniz!” ayəsi haqda belə demişdir: “Hər iyirmi ildən bir bilmədiyiniz bir şeyi ortaya çıxardacaqsınız”. Əmaş İbrahimdən nəql edir ki, Abdullah Allah təalanın “Siz mütləq təbəqədən təbəqəyə minəcəksiniz!” ayəsi haqda belə demişdir: “Səma yarılacaq, sonra qızaracaq, sonra da haldan-hala düşəcəkdir”. Sövri, Qeys ibn Vahb vasitəsilə Murradan rəvayət edir ki, İbn Məsud “Siz mütləq təbəqədən təbəqəyə minəcəksiniz!” ayəsi haqda demişdir: “Səma birdən qırmızı bir gül kimi olar, birdən də yarılar”. Bəzzar, Cabir əl-Cəfi yolu ilə Şəbidən nəql edir ki, Abdullah ibn Məsud “Siz mütləq təbəqədən təbəqəyə minəcəksiniz!” ayəsi haqda demişdir: “Yəni, ey Muhəmməd haldan-hala düşəcəksiniz”. Daha sonra Bəzzar deyir ki, bunu Cabir Mucahiddən, o da İbn Abbasdan nəql etmişdir. Səid ibn Cubeyr isə Allah təalanın “Siz mütləq təbəqədən təbəqəyə minəcəksiniz!” ayəsi haqda belə demişdir: “Dünyada aşığı vəziyyətdə olan bir camat var idi. Onlar axirətdə isə vəziyyətləri yaxşılaşdı. Bir başqaları da var idi ki, dünyada cah-cəlal içərisində yaşayır, amma axirətdə halları pisləşdi”. İkrimə ayədəki “Təbəqədən təbəqəyə…” sözləri haqda demişdir: “Yəni bir haldan başqa bir hala düşərsiniz – südəmər olduqdan sonra süddən kəsilərsiniz, əvvəlcə gənc olub, sonra qocalarsınız”. Həsən əl-Bəsri ayədəki “Təbəqədən təbəqəyə…” sözləri haqda deyir ki, “Bir haldan başqa hala düşərsiniz – yəni, sıxıntıdan sonra rahatlığa, rahatlıqdan sonra sıxıntıya, habelə kasıblıqdan sonra varlılığa, varlılıqdan sonra kasıblığa, xəstəlikdən sonra sağlamlığa, sağlamlıqdan sonra xəstəliyə…”
İbn Əbu Hatim deyir: Abdullah ibn Zahir, Muhəmməd ibn Əli vasitəsilə Cabir ibn Abdullahhın belə dediyini nəql edir: Mən Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə buyurduğunu eşitmişəm: “Həqiqətən, Adəm övladı nə üçün yaradıldığı barədə qəflətdədir. Allah təala onu yaratmaq istədikdə mələyə: “Onun ruzisini, əcəlini və aqibətini yaz! Həmçinin, bədbəxt və ya xoşbəxt olacağını yaz!” – buyurar. Sonra da mələk yüksəkliklərə çıxar. Sonra Allah ona başqa bir mələk göndərər və onun yanına çatana kimi onu qoruyar. Həmin mələk də yüksəkliyə çıxar. Allah onların hər ikisini insanın yaxşı və pis əməllərini yazmaqla vəzifələndirər. İnsan öldüyü zaman həmin o iki mələk yuxarı qalxar və ölüm mələyi gələr. Ölüm mələyi onun ruhunu alar və cəsədi qəbrə qoyulduğu zaman ruh yenidən bədənə qaytarılar. Sonra ölüm mələyi yüksəkliyə qalxar və iki qəbir mələyi gələr. Onlar da onu imtihan etdikdən sonra yüksəkliyə qalxarlar. Qiyamət qopduğu zaman isə onun üstünə yaxşı və pis əməllərin iki mələyi qonar. Onu boynuna bağlı bir kitabla yuxarı qaldırarlar və onunla birgə olarlar. Onların biri gedər, o biri isə şahidlik edər. Sonra Allah təala buyurar: “Sən bundan qafil idin”. (Qaf, 22) Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu ki, “Siz mütləq təbəqədən təbəqəyə minəcəksiniz!” ayəsi bir haldan başqa bir hala düşəcəksiniz” deməkdir”. Daha sonra Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu ki, “Sizin qabaqda gedənlərinizin belə, bacarmadığı çətin işlər var”. Bu hədis qəbul edilməyən hədisdir və isnadı zəifdir. Lakin buna baxmayaraq məna etibarı ilə hədis doğrudur. Ən gözəl bilən pak və nöqsansız olan Allahdır.
İbn Cərir bu ayə barədə qare və təfsirçilərin sözlərini qeyd etdikdən sonra deyir: Yozumların ən doğrusu “Ey Muhəmməd, sən bir haldan digərinə, bir vəziyyətdən digərinə düşəcəksən!” ifadəsidir”. Xitab nə qədər də Peyğəmbərə (salləllahu aleyhi və səlləm) istiqamətlənsə də, ümumilikdə hamıya şamil olunur. Onların hamısı Qiyamət gününün sıxıntı və şiddətinə uğrayacaqlar.
Sonrakı ayələrdə uca Allah buyurur: “Elə isə onlara nə olub ki, iman gətirmirlər? Və Quran oxunduqda səcdə etmirlər?” Yəni, bəs onları Allaha, Onun elçisinə və Axirət gününə iman gətirməyə nə mane olur?! Həmçinin, onlara Allahın kəlamı Quran – Onun ayələri oxunduğu zaman, onları Allaha təzim və ehtiram üçün səcdə etməkdən nə döndərir. Allah təala buyurur ki, “Əksinə, kafir olanlar yalan sayırlar”. Yəni haqqı təkzib edib, ona qarşı çıxmaq və inadkarlıq göstərmək onların xüsusiyyətləridir. “Allah onların gizlətdiklərini ən gözəl biləndir!” Mucahid və Qatədə deyirlər ki, “yəni qəlblərində gizlətdiklərini…” “Elə isə onları ağrılı-acılı bir əzabla müjdələ!” Yəni, ey Muhəmməd, onlara xəbər ver ki, izzət və cəlal sahibi Allah onlar üçün ağrılı-acılı və olduqca şiddətli əzab hazırlamışdır.
Sonra Allah təala buyurur: “İman gətirib yaxşı işlər görənlər isə istisnadır”. Həmin kəslər isə istisnadırlar. Yəni qəlbləri ilə iman gətirib, əzaları ilə saleh əməllər görənlər əzabla müjdələnənlər sırasında deyillər. “Onlar üçün tükənməz mükafatlar var!” Onlar bu mükafatlara Axirət evində yiyələnəcəklər. İbn Abbas “Tükənməz” ifadəsinə əksilməyən mənasını vermişdir. Mucahid və Dahhak həmin söz barəsində demişlər: “Yəni, saysız-hesabsız”. Onların sözlərindən belə qənaət hasil olur ki, möminlər üçün hazırlanmış mükafatlar bitib-tükənməz. Necə ki, Allah təala başqa bir ayədə buyurur: “Xoşbəxt olanlar isə Cənnətdədirlər. Onlar, Rəbbinin dilədiyindən əlavə, tükənməz bir nemət kimi göylər və yer durduqca orada əbədi qalacaqlar”. (Hud, 108) Suddi deyir ki, bəziləri “əksilməz” mənasını səsləndirdiyi kimi, bəziləri də “minnət edilməyən” kimi məna vermişlər. Bəzilərinin nəql etdiyi son fikri çoxları qəbul etməmişlər. Çünki izzət və cəlal sahibi Allahın Cənnət əhlinə neməti və bəxşişi hər vəziyyətdə, hər dəqiqədə, hər anda mövcuddur. Onlar öz əməlləri ilə deyil, Allahın lütfü və rəhməti ilə Cənnətə daxil olarlar. Əbədi olaraq Allahın onlara tükənməz neməti və mükafatı olacaq. Həmd əbədiyyən yalnız Allahadır. Ona görə də onlar Allaha həmd və təsbeh edərlər. Onların orada dualarının sonu belə olar: “Həmd olsun aləmlərin Rəbbi Allaha!” (Yunis, 10)
“Əl-İnşiqaq” surəsinin sonu; Həmd-səna Allaha məxsusdur. Müvəffəqiyyət bəxş edən Odur.