Xeyr! İnsan, doğrudan da, azğınlıq edir,

“Xeyr! İnsan, doğrudan da, azğınlıq edir, özünün ehtiyacsız olduğunu gördüyü üçün!” Allah təala insan təbiətindən xəbər verərək buyurur ki, o özünü varlı, imkanlı və ehtiyacsız hiss etdiyi zaman həddən ziyaə sevincə qapılar, həddini aşar və azğınlıq edər. Daha sonra uca Allah ona xəbərdarlıq edərək buyurur: “Axı axır dönüş Rəbbinədir”. Yəni sənin qayıdış yerin Allahadır. O, sahib olduğun mala görə səni sorğu-suala çəkəcək. Onu necə qazanıb və hara xərclədiyin haqda hesaba çəkiləcəksən.

İbn Əbu Hatim deyir: Zeyd ibn İsmayıl Abdullanın belə dediyini nəql etmişdir: “İki acgöz heç vaxt doymaz. Biri elm sahibi, digəri isə dünya malının sahibidir. Ancaq bunların ikisi bir-birilərinə tay deyillər. Elm sahibi Rəhmanın razılığını çoxaldar, dünya malının sahibinin isə azğınlığı artar”. Bu sözlərdən sonra Abdulla “Xeyr! İnsan, doğrudan da, azğınlıq edir, özünün ehtiyacsız olduğunu gördüyü üçün!” ayələrini oxudu. O, elm sahibləri haqda isə aşağıdakı ayəni xatırlatdı: “Allahdan Öz qulları içərisində ancaq alimlər qorxar”. Başqa bir rəvayətdə Peyğəmbərin (salləllahu aleyhi və səlləm) buyurduğu nəql olunur: “İki acgöz doymaz. Biri elm axtaran, o biri isə dünya axtarandır”.

Daha sonra Uca Allah buyurur: “Gördünmü o kimsəni ki, mane olur bir bəndəyə namaz qıldığı vaxt?” Bu ayə Əbu Cəhl (Allah ona lənət etsin!) haqda nazil olmuşdur. O, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) Kəbənin yanında namaz qıldığını gördüyü zaman onu hədələmişdi. Lakin yenə də uca Allah ən gözəl şəkildə öyüd verərək buyurmuşdu: “Bir de görək, əgər o doğru yoldadırsa, yaxud qorxmağı əmr edirsə, söylə görək, yalan sayır və üz döndərirsə…” Yəni sən doğru yola çağıranın namaz qılmasına nə üçün mane olur, ona ibadət etməyi niyə qadağan edirsən?! “Məgər bilmir ki, Allah görür?!” Yəni doğru yolda olan və o yola dəvət edən adama mane olan kəs bilmirmi ki, Allah onun etdiklərindən xəbərdardır və danışdıqlarını da eşidir. Bilsin ki, Allah ona əməllərinin müqabilində layiq olduğu qədər cəza verəcəkdir. Daha sonra Allah təala o kəsə xəbərdarlıq edir və buyurur: “Yox! Əgər son qoymasa..” Yəni o kəs öz inadından və düşmənçiliyindən dönməzsə, “..and olsun ki, Biz onu kəkilindən tutub sürükləyəcəyik”. Onu Qiyamət günü qaraldacağıq. “..yalançı, günahkar kəkilindən!” Əbu Cəhl danışdıqları başdan ayağa yalan etdikləri də günahdır. “Qoy o öz camaatını çağırsın!” Ona kömək etmələri üçün qoy öz qohum əqrabasını, dost-tanışını və tərəfdarlarını  çağırsın. “Biz də zəbaniləri çağıracağıq!” Zəbanilər Cəhənnəmdəki əzab mələkləridir. Bununla o Bizim qoşunumuzun, yoxsa öz tərəfdarlarının daha güclü olduğunu biləcək.

Buxari deyir: Bizə Yəhya İbn Abbasın belə dediyini nəql etmişdir: “Əbu Cəhl demişdi ki, “Muhəmmədin Kəbədə namaz qıldığını eşitsəm, onun boynunu vuracam”. Bu sözlər Peyğəmbərin (salləllahu aleyhi və səlləm) qulağına çatdıqda, belə demişdi: “Əgər o belə edərsə, mütləq onu mələklər aradan götürər”. Buxari deyir ki, bu hədisi Amr ibn Xalid də Ubeydulla ibn Amr vasitəsilə Əbdülkərimdən nəql etmişdir. Eləcə də bu hədisi Tirmizi və Nəsai əsərlərinin təfsir fəsllərində Əbdürrəzzadan nəql etmişlər. Habelə İbn Cərir Ubeydulla ibn Amrdan rəvayət etmişdir.

Əhməd, Tirmizi, Nəsai və İbn Cərir İbn Abbasın belə dediyini rəvayət etmişlər: “Rəsulullah (salləllahu aleyhi və səlləm) İbrahim məqamının yanında namaz qıldığı vaxt Əbu Cəhl ibn Hişam onun yanından keçdi və dedi: “Ey Muhəmməd, mən sənə burada namaz qılmağını qadağan etmədimmi?” Peyğəmbər (salləllahu aleyhi və səlləm) onunla sərt danışdı və xəbərdarlıq etdi. Əbu Cəhl dedi: “Ey Muhəmməd,, məni nə ilə hədə-qorxu gəlirsən? Allaha and olsun ki, mən bu vadidə ən çox tərəfdarı olan kəsəm”. Bu zaman Allah təala ayə nazil etdi: “Qoy o öz camaatını çağırsın! Biz də zəbaniləri çağıracağıq!” İbn Abbas deyir ki, əgər o öz tərəfdarlarını çağırsaydı, heç şübhəsiz ki, əzab mələkləri onu elə andaca aradan götürərdilər”. Tirmizi hədisin “həsən-səhih” olduğunu bildirmişdir.

İmam Əhməd növbəti hədis nəql edərək deyir: İsmayıl ibn Yezid İkrimə vasitəsilə İbbasın belə dediyini rəvayət emişdir: “Əbu Cəhl demişdi ki, Allahın rəsulunun Kəbədə namaz qıldığını görsəm, üstünə cumub boynunu vuracam”. Peyğəmbər (salləllahu aleyhi və səlləm) bunu eşitdiyi vaxt dedi: “Əgər o bunu edərsə, mələklər onu bütün gözlərində qarşısında aradan götürər. Yahidilər ölüm diləsəydilər, ölərdilər və cəhənnəmdəki yerlərini görərdilər. Allahın elçisinə (salləllahu aleyhi və səlləm) lənət oxuyanlar onu həlak etmək üçün evlərindən çıxsalar, geri qayıtdıqda, arxada nə mal-dövlətlərini, nə də ailələrini görərdilər”. Həmçinin İbn Cərir İbn Humeyd vasitəsilə İbn Abbasasın belə dediyini nəql etmişdir: “Əbu Cəhl demişdi ki, Muhəmməd bir daha Məqamın ətrafında namaz qılarsa, onu mütləq öldürəcəm”. Bu zaman Allah təala bu ayələri nazil etdi: “Yaradan Rəbbinin adı ilə oxu! … And olsun ki, Biz onu kəkilindən tutub sürükləyəcəyik – yalançı, günahkar kəkilindən! Qoy o öz camaatını çağırsın! Biz də zəbaniləri çağıracağıq!” Peyğəmbər (salləllahu aleyhi və səlləm) gəldi və həmin yerdə namaz qıldı. Ona dedilər: “Axı səni ondan qoruyacaq olan nədir?” Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: “Mənimlə onun arasındakı qoşunlarla qap-qara olmuşdur”. İbn Abbas deyir ki, Allaha and olsun, əgər o bir hərəkət edəsi olsaydı, mələklər insanların gözü qarşısında onu yox edərdilər”.

İbn Cərir deyir: İbn Əbdüləla Əbu Hureyrənin belə dediyini nəql etmişdir: “Bir dəfə Əbu Cəhl soruşdu: “Muhəmməd sizin yanınızda üzüağ gəzir?” Yanındakılar dedilər: “Hə”. Əbu Cəhl dedi: “Lata və Uzzaya and olsun ki, bir də onun burada namaz qıldığını görsəm, boynunu vuracam və üzünü torpağa sürtəcəm”. Peyğəmbər (salləllahu aleyhi və səlləm) namaz qıldığı vaxt Əbu Cəhl onun boynunu vurmaq məqsədilə irəli atıldı. Əbu Cəhlin bir şey elədiyi görülmədi. O, geri qayıda-qayıda əlləri ilə özünü müdafiə edirdi. Əbu Cəhldən “Sənə sə oldu?” deyə soruşulduqda, belə cavab verdi: “Onunla mənim aramda oddan bir xəndək var idi. Çox dəhşətli idi. Hər tərəf Qanadlarla dolmuşdu”. Əbu Hureyrə deyir ki, sonra Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdu ki, “Əgər o mənə yaxınlaşsaydı, mələklər onun hər bir üzvündən yapışardı”. Allah təala bu ayələri nazil etdi (İbn Cərir deyir ki, ayələrin Əbu Hureyrənin bu hədisində nazil olub-olmadığını dəqiq bilmirəm). “Xeyr! İnsan, doğrudan da, azğınlıq edir…” (surənin sonuna qədər). Hədisi Muslim, Əhməd ibn Hənbəl, Nəsai, İbn Əbu Hatim Mutəmir ibn Süleyman vasitəsilə rəvayət etmişlər.

Daha sonra uca Allah buyurdu: “Xeyr! Sən ona uyma!” Yəni ey Muhəmməd, sənin ibadət etməyinə mane olan o kimsəyə fikir vermə! İstədiyin yerdə namazını qıl, heç nəyi düşünmə! Həqiqətən, Allah səni öz himayəsində saxlayacaq, sənə kömək edəcək və hər zaman insanların şərindən qoruyacaq. “Sən səcdə et və yaxınlaş!” Muslimin “Səhih”ində varid olan bir hədisdə Abdulla ibn Vahb Əbu Hureyrədən nəql edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: “Qulun öz Rəbbinə ən yaxın olduğu vaxt səcdədə olduğu zamandır. Elə isə dualarınızı çoxaldın!” Əvvəldə Peyğəmbərin (salləllahu aleyhi və səlləm) “Əl-İnşiqaq”“Əl-Ələq” surələrini oxuduğu vaxt səcdə etdiyini qeyd etmişdik.

 “Əl-Ələq” surəsinin təfsiri başa çatdı. Həmd və səna Allaha məxsusdur. O, müvəffəqiyyət və uğur bəxş edəndir.