Allah təala Qiyamət günü baş verəcək dəhşətli hadisələrdən xəbər verərək buyurur: “Xeyr…” Yəni həqiqətən, yer parça-parça olacaq. Yerlə birgə dağlar da dağılaraq yayılacaq və düm-düz olacaq. Həmin gün insanlar Rəbləri ilə görüşmək üçün qəbirlərindən qalxacaqlar. “Rəbbin gəlib mələklər səf-səf duracağı” Yəni yaratdıqları barəsində qəti hökm vermək üçün Rəbbin gəldiyi zaman… Bu, Adəm oğullarının ağası olan Muhəmmədin (salləllahu aleyhi və səlləm) şəfaət diləməsindən sonra baş tutacaqdır. Insanlar əzmli peyğəmbərlərin hər birinə yaxınlaşacaq və onlar üçün şəfaət diləmələrini istəyəcəklər. Lakin həmin peyğəmbərlər “mən belə bir səlahiyyətə malik deyiləm” – deyə cavab verəcəklər. Sonda sıra Muhəmməd peyğəmbərə (salləllahu aleyhi və səlləm) gəldiyi zaman o deyəcəkdir: “Bu, mənim səlahiyyətimdədir. Bu, mənim səlahiyyətimdədir”. Peyğəmbər (salləllahu aleyhi və səlləm) gedib Allah qatında şəfaət diləyəcək və Allahın Öz qulları arasında hökm verməsi üçün Onun gəlişini istəyəcək. Allah təala onun bu şəfaətini qəbul edəcək. Bu, məqam əl-məhmud adlanan ilk şəfaət olacaqdır. Əl-İsra surəsində bu haqda izah verilmişdi. Allah təala Öz qulları arasında istədiyi şəkildə hökm verməsi üçün gələcək, mələklər də Onun hüzurunda səf-səf duracaqlar.
“Və Cəhənnəmin gətiriləcəyi gün…” Muslim İbn Həccac özünün “Səhih” adlı kitabında deyir: Ömər ibn Hifs öz atası vasitəsilə Abdulla ibn Məsuddan nəql etdiyi rəvayətə görə, Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: “Həmin gün cəhənnəm yetmiş min zəncirlə gətiriləcək və həmin zəncirləri yetmiş min mələk dartacaqdır”.
Həmçinin, bu hədisi Tirmizi də Abdulla ibn Əbdürrəhman əd-Darimi, habelə Abd ibn Humeyd vasitəsilə Süfyan əs-Sövridən, o da İbn Abdulla ibn Məsuddan nəql etmişdir. Lakin bu rəvayətdə həmin sözlərin Peyğəmbərə (salləllahu aleyhi və səlləm) deyil, İbn Məsuda aid olduğu bildirilir. Həmçinin, həmin hədisi İbn Cərir Həsən ibn Arafə vasitəsilə abdulla ibn Məsuddan nəql etmişdir. Bu rəvayətdə də mətnin Abdulla ibn Məsuda aid olduğu bildirilir.
“Məhz o gün insan xatırlayacaqdır”. Yəni insan Qiyamət günü etdiyi bütün yeni və köhnə əməllərini xatırlayacaqdır. “Lakin bu xatırlamağın ona nə faydası?!” Onun xatırlaması və hər cür təfəkkürü həmin gün ona heç cür fayda verməyəcək.