Yoxsa onlar Allahın dinindən başqa bir din axtarırlar? Halbuki göylərdə və yerdə olan hər bir məxluq istər-istəməz Ona təslim olmuş və Ona da qaytarılacaqlar.

Allah Təala, kitablarını nazil etdiyi, elçilərini göndərdiyi, tək və ortağı olmayan Allaha ibadətdən ibarət olan dinindən başqa din istəyənlərə etiraz edərək, deyir ki, “Göylərdə və yerdə olan hər bir məxluq istər-istəməz Ona təslim olmuşdur” yəni, o ikisində kim varsa istər-istəməz ona təslim olmuşdur.  Necə ki, Allah Təala başqa bir yerdə belə demişdir: “Göylərdə və yerdə olan məxluqlar da, onların kölgələri də səhər-axşam istər-istəməz Allaha səcdə edir.” (Rad 15). O belə demişdir: “Məgər onlar Allahın xəlq etdiyi hər hansı bir şeyi müşahidə etməyiblərmi? Onların kölgələri müti surətdə Allaha səcdə edərək sağa-sola əyilir. Göylərdə və yerdə olanların hamısı, heyvanlar da, mələklər də təkəbbür göstərmədən Allaha səcdə qılırlar. Onlar özlərinin fövqündə olan Rəbbindən qorxur və onlara əmr olunanları yerinə yetirirlər.” (Nəhl 48-50) Habelə mömin, qəlbi və bədəni ilə Allaha təslim olan kəsdir. Kafir isə Allaha istəmədən təslim olur. Çünki, o, Allahın ram olmaq, tabeçilik göstərmək və əzəmətli hökmranlığına qarşı getməmək və əngəl olmamaq əmri altındadır.

Bu ayənin təfsirində qəribə məna daşıyan bir hədis varid olmuşdur:

Hafiz Əbul Qasım Təbərani demişdir: Bizə Əhməd ibn Nadr əl-Əskəri  danışdı, bizə Səid ibn Hafs ən-Nufeyli danışdı, bizə Muhamməd ibn Muhsin əl-Ukkaşi danışdı, bizə Əvzai danışdı, o da Ata ibn Əbi Rəbahdan rəvayət edir ki,  Rəsulullah (salləllahu aleyhi və səlləm), “Yoxsa onlar Allahın dinindən başqa bir din axtarırlar? Halbuki göylərdə və yerdə olan hər bir məxluq istər-istəməz Ona təslim olmuş və Ona da qaytarılacaqlar” ayəsi haqqında demişdir: “Göylərdə təslim olan mələklərdir. Yerdə olanlar isə İslam üzrə doğulanlardır. İstəməyərək təslim olanlar da ümmətlərin zəncirlər və buxovlar içində gətirilən əsirləridir. Onlar istəməyərək Cənnətə aparılarlar.”

Səhihdə deyilmişdir: “Rəbbin zəncirlər içərisində Cənnətə sürüklənən bir qövmə təəccüb etdi.” Bu rəvayətin başqa şəkildə varid olmuş şahidi də gələcəkdir. Ancaq birinci məna ayə üçün daha qüvvətlidir.

Vəki təfsirində demişdir: “Bizə Süfyan danışdı, o da Mənsurdan, o da Mücahiddən rəvayət etdi ki, “Göylərdə və yerdə olan hər bir məxluq istər-istəməz Ona təslim olmuşdur” ayəsi bunun kimidir: “Əgər sən onlardan: “Göyləri və yeri kim yaratmışdır?”– deyə soruşsan, onlar hökmən: “Allah!”– deyəcəklər.” Bundan əlavə o demişdir: Bizə Süfyan danışdı, o da Aməşdən, o da Mücahiddən rəvayət edir ki,  İbni Abbas “Göylərdə və yerdə olan hər bir məxluq istər-istəməz Ona təslim olmuşdur” ayəsi haqqında: “Bu onlardan əhd alınarkən olmuşdur” – demişdir.  “Ona da qaytarılacaqlar” yəni, qiyamətdə Ona qaytarılacaqlar, O da hər kəsi əməli ilə cəzalandırar, demişdir.

Sonra Allah Təala buyurdu: “De: “Biz Allaha, bizə nazil edilənə iman gətirdik. Yəni, Qurana deməkdir. “İbrahimə, İsmailə, İshaqa, Yaquba” yəni səhifələrə və onlara gələn vəhylərə deməkdir. “və onun nəslinə” Onlar, İsrailin oğullarının on iki nəsil qoldur. İsrail isə, Yaqubdur. “Musaya, İsaya endirilənə” yəni, Tövrat ilə İncilə deməkdir. “Peyğəmbərlərə verilənlərə” bu da bütün peyğəmbərləri əhatə edir. “Biz onların heç birinin arasında fərq qoymuruq” Əksinə hamsına iman edərik, deməkdir. “Biz təkcə Ona təslim olanlarıq!” Bu ümmətin möminəri göndərilən bütün peyğəmbərlərə, endirilən bütün kitablara iman edərlər. Bunlardan heç birini inkar etməzlər. Əksinə Allah qatından endirilənləri və Allahın göndərdiyi bütün peyğəmbərləri təsdiq edərlər.

Sonra Allah Təala belə dedi: “İslamdan başqa bir din axtaran şəxsdən, o heç vaxt qəbul olunmaz” kim Allahın açdığı yoldan başqasına gedərsə, bu ondan əsla qəbul olunmaz. “O, axirətdə ziyana uğrayanlardan olar” Necə ki, Peyğəmbər (Saləllahu aleyhi və səlləm) Səhihdə demişdir: “Kim əmrimiz olmayan bir əməl edərsə, o rədd olunar.”

İmam  Əhməd demişdir: Bizə Haşim oğullarının müttəfiqi Əbu Səid danışdı, bizə Abbad ibn Raşid danışdı, bizə Həsən danışdı, bizə Əbu Hureyrə danışdı, həmin vaxt biz Mədinədə idik, dedi ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: “Əməllər qiyamət günündə gələr. Namaz da gələr və deyər: “Ey Rəbbim, mən namazam.” O da: “Sən xeyir üzrəsən” deyər. Sədəqə gələr: “Ey, Rəbbim, mən sədəqəyəm” deyər. O da: “Şübhəsiz ki, sən də xeyir üzrəsən” deyər. Sonra oruc gələr və deyər: “Ey Rəbbim mən Orucam.” O da: “Sən də xeyir üzrəsən” deyər. Sonra bütün əməllər gələr. Allah Təala da hamısına: “Sən xeyir üzrəsən” deyər. Sonra İslam gələr: “Ey Rəbbim, “Sən Salamsan, mən də İslamam” deyər. Allah Təala da: “Şübhəsiz ki, sən xeyir üzrəsən. Bu gün səninlə alaram, səninlə verərəm” deyər.     Allah Təala kitabında “İslamdan başqa bir din axtaran şəxsdən, o heç vaxt qəbul olunmaz və o, axirətdə ziyana uğrayanlardan olar” demişdir.