Əsərin adı: Lumətul etiqad. Müəllif: İbn Qudamə əl-Maqdisi.

ƏQİDƏ HAQQINDA DÜZGÜN YOLA YÖNƏLDƏN KİÇİK VƏ KİFAYƏT BİLİKLƏR

موفق الدين بن قدامة المقدسي

Muvəffəquddin Əbu Muhəmməd Abdullah ibn Əhməd ibn Qudaməh əl-Məqdisi

(541-620 h.)

Tərcümədəki xətalar haqqında izahlı şəkildə qeyd edilən ünvana göndərməyiniz xahiş olunur: editor@quran-online.az

بسم الله الرحمن الرحيم

Mərhəmətli və Rəhimli Allahın adı ilə!

Hər bir dillə həmd edilən və bütün zamanlarda ibadət olunan Allaha həmd olsun. Onun elmindən xali məkan yoxdur. Heç bir iş, Onu o biri işdən məşğul edə bilməz. O, tayı-bərabəri olanlardan və ortaqlardan ucadır. Zövcə və övladlar götürməkdən uzaqdır. Onun hökmü bütün qullarına nüfuz edər. Ağıllar təfəkkürlə Ona misal çəkə bilməz. Qəlblər təsvir etməklə Onu xəyal edə bilməz: “Onun mislində heç bir şey yoxdur. O Eşidəndir Görəndir.” (Əş-Şura, 11).Ən gözəl adlar və ən uca sifətlər Ona məxsusdur: “Ər-Rəhman Ərşə ucaldı. Göylərdə, yerdə, onların ikisinin arasında və torpağın altında nə varsa, Ona məxsusdur. Ucadan danışsan da, O sirri və daha gizli olanı bilir.” (Taha, 5-7).O hər şeyi elm ilə əhatə etdi. O hər məxluqa qüvvət və hökm ilə qalib gəldi. O hər şeyi rəhmət və elm ilə əhatə etdi: “Allah onların gələcəyini də, keçmişini də bilir. Onlar elm ilə Onu ehtiva edə bilməzlər!” (Taha, 110).O, əzəmətli Kitabında və dəyərli Peyğəmbərinin dilində Özünü vəsf etdiyi ilə vəsf olunur.

Quranda varid olan və Mustafadan (aleyhis-salam) səhih yolla gələn Ər-Rəhmanın bütün sifətlərinə iman etmək, onları təslimçilik və qəbul etmə yolu ilə götürmək vacibdir. Rədd, təhrif, bənzətmə və müqayisə kimi yollarla onlara qarşı getmək tərk olunmalıdır. Müşkül görünənlərin isə, ləfz şəklində təsdiqlənməsi vacibdir. Onların mənalarına qarşı getmək tərk olunmalıdır. Biz onlar barədə elmi, söyləyəninə qaytarırıq. Onların öhdəçiliyini nəql edəninə həvalə edirik. Bunu Allahın açıq-aydın Kitabında təriflədiyi elmdə qüvvətli olanların yoluna tabe olaraq edirik. Allah sübhanə və təala buyurur: «Elmdə qüvvətli olanlar isə deyərlər: Biz onlara iman gətirdik, hamısı bizim Rəbbimizdəndir.” (Ali İmran, 7).Nazil etdiyindən mutəşəbih olanları təhrif etmək istəyənləri qınayaraq buyurur: «Qəlblərində əyrilik olanlar fitnə törətmək və istədikləri kimi təhrif məqsədilə mutəşəbih olanın ardınca düşərlər. Onun yozumunu isə, Allahdan başqa heç kəs bilməz.” (Ali İmran, 7).

Allah təala Onun ayələrini təhrif etmək istəyinin azğınlıq əlaməti olduğunu bildirir və onu fitnənin törədilməsi ilə yanaşı pisləyir. Sonra Allah təala onlara istəklərinə çatmağa izin vermədi və yönəldikləri arzularını kəsərək buyurdu: “Onun yozumunu isə, Allahdan başqa heç kəs bilməz.” (Ali İmran, 7).

İmam Əbu Abdullah Əhməd ibn Muhəmməd ibn Hənbəl (Allah ona rəhmət etsin), Peyğəmbərin (salləllahu aleyhi və səlləm) “Həqiqətən də, Allah dünya səmasına enir”“Həqiqətən də, Allah Qiyamət günü görüləcək” və digər oxşar hədislərdəki sözünə dair demişdir: “Onlara iman edirik, onları təsdiqləyirik. Keyfiyyət yoxdur və məna yoxdur. Onlardan heç bir şeyi inkar etmirik. Rəsulullah (salləllahu aleyhi və səlləm) nə ilə gəlibsə, onun haqq olduğunu bilirik. Allah Rəsuluna (salləllahu aleyhi və səlləm) etiraz etmirik. Allahı Öz nəfsini vəsf etdiyindən artıq vəsf etmirik. Hədd və qayə qoymadan: “Onun mislində heç bir şey yoxdur. O, Eşidəndir, Görəndir.” (Əş-Şura, 11). Biz də Allahın dediyi kimi deyirik. Allahı Öz nəfsini vəsf etdiyi kimi vəsf edirik. Bu həddi aşmırıq. Vəsf edənlərin vəsfi Ona çatmaz. Bütün Qurana, onun möhkəminə də, mutəşəbihinə də iman gətiririk. Hətta edilən rəzilliklərə baxmayaraq Onun sifətlərindən heç birini silmirik. Quran və hədisin qoyduğu həddi keçmirik. Rəsulullahın (salləllahu aleyhi və səlləm) təsdiqi və Quranın təsbiti müstəsna olmaqla, onun mahiyyətinin necəliyini bilmirik.

İmam Əbu Abdullah Muhəmməd ibn İdris əş-Şəfii (Allah ona rəhmət etsin) demişdir: “Mən, Allaha və Ondan gələnə Onun murad etdiyi kimi iman etdim. Rəsulullaha (salləllahu aleyhi və səlləm) və ondan gələnə isə, Rəsulullahın (salləllahu aleyhi və səlləm) murad etdiyi kimi iman etdim.”

Sələflərin və xələflərdən olan imamların (Allah onlara rəhmət etsin!) yolu budur. Onların hamısı Allahın Kitabında və Rəsulullahın (salləllahu aleyhi və səlləm) sünnəsində gələn sifətləri yozuma məruz qoymadan iqrar etmək, üstündən keçmək və təsdiqləmək barədə ittifaq ediblər.

Onların ardı ilə getmək və onların göstərdiyi yolda irəliləmək bizə əmr olunmuşdu. Biz yeniliklərdən çəkindirildik və onların zəlalət olduğu haqda bizə xəbər verildi. Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurmuşdu: “Sizi mənim sünnəmə və məndən sonra gələn doğru yolda və hidayətdə olan xəlifələrin sünnəsinə sarılmağa çağırıram. Ondan arxa dişlərinizlə yapışın. İşlərdəki yeniliklərdən çəkinin. Hər bir yenilik bidətdir və hər bir bidət zəlalətdir”.

Abdullah ibn Məsud (Allah ondan razı olsun) demişdi: “Tabe olun, bidət etməyin, siz qane edildiniz.”

Ömər ibn Əbdüləziz (Allah ona rəhmət etsin) bir söz söyləmişdir ki, onun da mənası belədir: “Qövm dayanan yerdə sən də dayan. Çünki onlar elmə əsasən dayandılar. Nüfuz edən bəsirətlə qane oldular. Onu kəşf etməyə onların gücü daha yetərli idi. Onda bir fəzilət olsaydı, onlar daha layiqli olardılar. Əgər desəniz: «Onlardan sonra ortaya çıxdı.” Bunu yalnız onların yoluna müxalif olanlar və sünnələrindən üz çevirənlər yenilik olaraq ortaya çıxartdı. Onlar onun şəfa verəcək qədərini vəsf etdilər. Kifayət edəcək qədərini də danışdılar. Onları üstələyən, həddini aşandı. Onlardan aşağı düşən isə, səhlənkardır. Bir dəstə onlara laqeyd yanaşıb haqdan uzaqlaşdı, digərləri isə onları keçib ifrata vardı. Şübhəsiz ki, onlar bu ikisi arasında olan doğru yolda qərar tutmuşlar.”

İmam Əbu Amr əl-Əvzai (Allah ona rəhmət etsin) demişdi: “İnsanlar səni rədd etsələr belə, ötən sələfin əsərlərindən yapış. Sözlərini sənin üçün bəzəsələr belə, insanların rəylərindən uzaq dayan.”

Muhəmməd ibn Abdurrəhman əl-Ədrami, bidət bir şey danışıb insanları ona dəvət edən adama dedi: “O dediklərini Rəsulullah (salləllahu aleyhi və səlləm), Əbubəkr, Ömər, Osman və Əli bilirdi yoxsa bilmirdi?” Adam dedi: “Bilmirdi.” O dedi: “Onların bilmədikləri bir şeyi sənmi bildin?!!” Adam dedi: “Elə isə mən deyirəm ki, onlar bilirdilər.” O dedi: “O barədə danışmamaqda və insanları ona dəvət etməməkdə onlar üçün bir genişlik var idimi yoxsa yox idi?” Adam dedi: “Əlbəttə, genişlik var idi.” O dedi: “Elə isə, Rəsulullah (salləllahu aleyhi və səlləm) və onun xəlifələri üçün genişlik olan bir şey, sənin üçün genişlik deyil?” Adam tutuldu. Orada olan xəlifə dedi: “Onlar üçün genişlik olanı özünə genişlik saymayana, Allah genişlik verməsin.”

Beləcə də, Allahın Rəsulunun (salləllahu aleyhi və səlləm), əshabələrin, onlara yaxşı səkildə tabe olanların, onlardan sonra gələn imamların və elmdə qüvvətli olanların geniş götürdüyü sifətlərə aid ayələrin tilavətini, onlar barədə xəbərlərin qiraətini və onların üzərindən varid olduqları şəkildə keçməyi geniş götürməyənə, Allah genişlik verməsin.

Sifətlərlə bağlı ayələrdən biri də, izzət və cəlal sahibi olan Allahın bu kəlamıdır: “və qalacaq sənin Rəbbinin üzü” (Ər-Rəhman, 27).

Həmçinin Allah sübhənəhu və təalanın bu kəlamıdır: “Əksinə Onun iki əli açıqdır.” (Əl-Maidə, 64).

İsanın (əleyhis-salam) dediyi söz barədə xəbər verərək Allah Təala buyurur: «Sən mənim nəfsimdə olanı bilirsən, mən Sənin nəfsində olanı bilmirəm.” (Əl-Maidə, 116)

Yenə Allah sübhənəhu buyurur: “və Rəbbin gəldi.” (Əl-Fəcr,22). Allah təalanın bu kəlamı: “Yoxsa onlar Allahın gəlməyini gözləyirlər” (Əl-Bəqərə, 210).

Allah təalanın bu kəlamı: «Allah onlardan razıdır, onlarda Allahdan” (Əl-Maidə, 119).

Allah təalanın bu kəlamı: «Allah onları sevər, onlarda Allahı sevər.” (Əl-Maidə, 54).

Allah kafirlər haqqında buyurur: «Allah onlara qəzəbləndi”(Əl-Fəth, 6).

Allah təalanın bu kəlamı: «Allahın qəzəbinə səbəb olan şeyə uydular.” (Muhəmməd, 28).

Allah təalanın bu kəlamı: «Lakin Allah onların getmələrini istəmədi.”(Ət-Tövbə, 46) 

Peyğəmbərin (salləllahu aleyhi və səlləm) sünnəsindən onun bu kəlamı: “Rəbbimiz təbarəkə və təala hər gecə dünya səmasına enir.”

Onun bu kəlamı: “Rəbbin, əyləncəyə meyli olmayan gəncə təəccüblənir.”

Onun bu kəlamı: “Allah iki kişiyə gülür. Onlardan biri digərini öldürür, sonra hər ikisi cənnətə girir.”

Bu və buna bənzər sənədi səhih və rəvayətçiləri ədalətli olan hədisə iman gətiririk, onu rədd etmirik, inkar etmirik, zahirinə müxalif yozumla yozmuruq. Onu məxluqların sifətlərinə və sonradan olanların xüsusiyyətlərinə bənzətmirik. Pak və uca Allahın heç bir bənzəri və tayı-bərabəri olmadığını bilirik. “Onun heç bir misli yoxdur, O eşidəndir, görəndir.” (Əş-Şura, 11). Düşüncələrdə təsəvvür edilən və ağla gələn hər nə varsa, şübhəsiz ki, Allah təala onun əksidir.

Allah təala buna aid buyurur: “Ər-Rəhman ərşə ucaldı.” (Taha, 5)

Allah təala buyurur: “Göydəkindən əmin oldunuz?” (Əl-Mulk, 16)

Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurur: “Rəbbimiz səmada olan Allahdır. Sənin adın müqəddəsdir”. Rəsulullah (salləllahu aleyhi və səlləm) cariyəyə demişdi: “Allah haradadır?” Cariyə: “Göydədir” –cavabını vermişdi. Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdi: “Onu azad et, həqiqətən də o, mömin qadındır”. Bu rəvayəti Məlik ibn Ənəs, Muslim və başqa imamlar rəvayət etmişlər.

Rəsulullah (salləllahu aleyhi və səlləm) Hüseynə buyurur: “Neçə ilaha ibadət edirsən?” Hüseyn: “Yeddisinə: altısı yerdədir, biri isə, göydədir”. Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurur: “Rəğbət və qorxu hissi keçirdiyin hansıdır?” Hüseyn dedi: “Göydə olan”. Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurdu: “Onda digər altısını tərk edib, göydə olana ibadət et! Sənə iki dua öyrədərəm.” O, İslamı qəbul etdi. Rəsulullah (salləllahu aleyhi və səlləm) ona bu sözləri deməyi öyrətdi: “Allahım mənə doğru yolu ilham et və məni nəfsimin şərindən qoru”.

Əvvəlki kitablarda Rəsulullahın (salləllahu aleyhi və səlləm) və onun səhabələrinin əlamətləri haqqında nəql edilən xəbərlərdən biri də: “Onlar yer üzünə səcdə edəcəklər. Bununla yanaşı ilahlarının göydə olduğunu iddia edəcəklər.” cümləsidir.

Əbu Davud “Sünən” əsərində Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə buyurduğunu rəvayət etmişdir: “Bir göylə digər göyün arasındakı məsafə, bu və bu qədərdir…” Sonra xəbəri: “Onun üzərində ərş var. Allah sübhənəhu da onun üzərindədir” kəlamına qədər zikr etdi.

Bu və buna bənzər rəvayətlərin nəqlində və qəbulunda sələf – Allah onlara rəhmət etsin – icma etmişdir. Onlar bu barədə rəddə, təhrifə, bənzətməyə və oxşatmaya yol verməmişlər.

İmam Məlik ibn Ənəsdən(Allah ona rəhmət etsin) soruşdular: “Ey Əbu Abdullah, “Ər-Rəhman ərşə ucaldı” (Tahə, 5). Necə ucaldı?” İmam Məlik cavab verdi: “İstiva (yəni, ucalma) məchul deyil. Keyfiyyət ağıla sığmazdır. Ona iman etmək vacib, bu barədə sual vermək isə bidətdir.” Sonra əmr etdi ki, həmin kişini məsciddən çıxartsınlar.

FƏSİL

Allah təalanın qədim kəlam ilə danışması da Onun sifətlərindəndir. Yaratdıqlarından istədiyi onu Ondan eşidir. Allahın kəlamını Musa (aleyhis-salam) vasitəsiz olaraq Ondan eşitmişdir. Cəbrayıl (aleyhis-salam), mələk və rəsullardan icazə verilənlər də Allahın kəlamını eşitmişlər.

Şübhəsiz ki, axirətdə Allah sübhənəhu və təala möminlərlə, möminlər də Allah ilə danışacaqlar. Allah onlara izin verəcək və onlar da Allahı ziyarət edəcəklər. Allah təala buyurur: “Allah Musa ilə danışdı” (Ən-Nisə, 164). Pak Allah buyurur: “Ey Musa, səni insanların arasında risalətimlə və kəlamımla üstün etdim”. (Əl-Əraf, 144). Allah sübhənəhu buyurur: “Onlardan Allahın danışdıqları vardır” (Əl-Bəqərə, 253).Allah sübhənəhu buyurur: «Allah insanlarla yalnız vəhylə yaxud pərdə arxasında danışır”. (Əş-Şura, 51). Allah sübhənəhu buyurur: “Ona yaxınlaşdıqda bir səda gəldi: Ey Musa! Şübhəsiz Mən sənin Rəbbinəm.” (Taha, 11-12). Allah sübhənəhu buyurur: “Həqiqətən, Mən Allaham. Məndən başqa heç bir ilah yoxdur. Mənə ibadət et!” (Taha, 14). Allahdan başqa heç kəsə bu cür sözlər söyləmək icazəli deyil.

Abdullah ibn Məsud (Allah ondan razı olsun) demişdir: “Allah vəhylə danışanda onun səsini səma sakinləri eşidir.” Bu, Rəsulullahdan da (salləllahu aleyhi və səlləm) rəvayət edilmişdir.

Abdullah ibn Huneys, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Allah bütün məxluqatı Qiyamət günü lüt, ayağı yalın, sünnətsiz və yanında mal-mülkü olmadan həşr edəcək. Uzaqda olanın yaxında olan kimi eşidəcəyi bir səslə onlara səslənəcək: Mən əl-Məlikəm, mən əd-Dəyyanam.” Bunu hədis imamları rəvayət etmiş və Buxari də onu şahid gətirmişdi.

Bəzi əsərlərdə deyilir ki, bir gecə Musa (əleyhis-salam) atəşi gördü. Atəş onu ürkütdü və o qorxdu. Rəbbi ona nida etdi: “Ey Musa!” Musa (aleyhis-salam) səsi eşidərək dərhal cavab verdi: “Qarşındayam, qarşındayam, səsini eşidirəm, amma yerini görmürəm, haradasan?” Səs gəldi: “Mən üstündəyəm, qarşındayam, sağındayam və solundayam.” Musa (aleyhis-salam) bu sifətə Allah təaladan başqa heç kəsin layiq olmadığını bildi və dedi: “Bu Sənsən, ey İlahım, eşitdiyim Sənin kəlamındır yoxsa elçinin?” Səs dedi: “Xeyr, Mənim kəlamımdır, ey Musa.”

FƏSİL

Əzəmətli Quran da pak Allahın kəlamındandır. O, Allahın açıq aydın Kitabıdır, qopmayan ipi və doğru yoludur. Aləmlərin Rəbbi tərəfindən endirilib. Ruhul-əmin onu açıq aydın ərəb dilində rəsulların seyidinin qəlbinə endirmişdir. O nazil olmuşdur, yaradılmış deyil. O Ondan başlamışdır və Ona da dönəcək.

O, möhkəm surələr, açıq aydın ayələr, hərflər və kəlmələrdir. Onu oxuyan və açıqlayan üçün hər hərfinə on savab vardır. Onun əvvəli və axırı vardır. O, cüzlərə və hissələrə bölünür. Dillərdə oxunur, sinələrdə qorunur, qulaqlarla eşidilir və mushaflarda yazılır. Onun içində möhkəm, mutəşəbih, nəsx edən və edilən, xüsusi, ümumi, əmr və qadağa vardır: “Nə önündən, nə də arxasından batil ona gələ bilməz. O, Hakim, Həmid tərəfindən nazil edilmişdir.” (Fussilət, 42) Allah təala buyurur: “De: Əgər insanlar və cinlər bu Qurana bənzər bir şey gətirmək üçün toplaşıb, bir-birinə kömək etsələr də ona bənzərini gətirə bilməzlər.” (Əl-İsra, 88).

Bu, ərəb dilində olan elə bir Kitabdır ki, kafirlər onun barəsində demişlər: “Bu Qurana iman etməyəcəyik.”(Səba, 31). Onlardan bəziləri isə dedilər: “Bu, bəşər sözündən başqa bir şey deyil.” (Əl-Mudəssir, 25). Allah sübhənəhu və təala buyurur: “Onları səqara atacağam.” (Əl-Mudəssir, 27). Bəziləri isə dedilər: “O bir şerdir.” Allah təala isə buyurur: “Biz ona şer öyrətmədik, bu ona heç yaraşmaz da. Bu ancaq öyüd-nəsihət və aydın Qurandır” (Yasin, 69). Allah onun şer olduğunu inkar edib Quran olduğunu isbat etdi. Bununla da hər bir ağıl sahibinin, Quranın ərəb dilində kəlmələr, hərflər və ayələrdən ibarət kitab olduğuna dair şübhəsi qalmadı. Çünki belə olmayan bir şeyə heç kəs: “Həqiqətən bu bir şerdir” – deməz.

Allah əzzə və cəllə buyurur: “Əgər qulumuza nazil etdiyimizə şübhə edirsinizsə və doğru deyirsinizsə, onda ona bənzər bir surə gətirin və Allahdan savayı şahidlərinizi çağırın!” (Əl-Bəqərə, 23) Belə ki, anlaşılmayan və dərk edilməyən bir şeyin bənzərini gətirmək xüsusunda onlara meydan oxunmazdı.

Allah Təala buyurur: “Açıq-aydın ayələrimiz onlara oxunduğu zaman Bizimlə qarşılaşacaqlarına ümid etməyənlər deyərlər: “Bizə bundan başqa bir Quran gətir və ya onu dəyişdir!” De: “Mən onu öz istəyimlə dəyişdirə bilmərəm.” (Yunus, 15). Beləliklə, Quranın, onlara oxunan ayələr olduğunu sübut etdi.

Allah təala buyurur: “Əksinə, bu elm verilmiş kəslərin kökslərində olan açıq-aydın ayələrdir” (Əl-Ənkəbut, 49). Allah təala buyurur: “Həqiqətən, bu, ehtirama layiq Qurandır, qorunub saxlanılan Yazıdadır, Ona yalnız pak olanlar toxunur.” (Əl-Vaqiyə, 77-79). Bunu and içdikdən sonra buyurmuşdur.

Allah təala buyurur: “Kəf, Hə, Yə, Əyn, Sad” (Məryəm, 1), “Hə, mim. Əyn, Sin, Qaf” (Əş-Şura, 1-2). İyirmi doqquz surə muqatta hərfləri ilə başlamışdır.

Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurur: “Kim Quranı oxuyar və gözəl şəkildə tələffüz edərsə, hər hərfi üçün on savab qazanar. Kim oxuyub xəta edərsə, hər hərfinə bir savab qazanar.” Hədis səhihdir.

34. Peyğəmbər (aleyhis-salətu vəs-sələm) buyurur: “Oxu qoyduqları kimi hərflərini də qoyacaq, lakin boğazlarından keçməyəcək, əcrini tələsdirəcək, lakin sonraya saxlamayacaq bir qövm gəlmədən əvvəl Quran oxuyun!”

Əbubəkr və Ömər (radiyallahu ənhumə) demişlər: “Quranı gözəl şəkildə oxumaq, bizə onun bəzi hərflərini əzbərləməkdən daha sevimlidir.”

Əli (radiyallahu ənh) demişdir: “Quranın bir hərfinə küfr edən, onun hamısına küfr etmiş olur.”

Müsəlmanlar Quranın surələrinin, ayələrinin, kəlmələrinin və hərflərinin sayı mövzusunda ittifaq etmişlər.

Quranın, üzərində ittifaq olunmuş hər hansı bir surəsini və ya ayəsini yaxud kəlməsini və ya hərfini inkar edənin kafir olması barədə müsəlmanlar arasında heç bir ixtilaf yoxdur. Bu da Quranın hərflərdən ibarət olduğuna dair kəskin dəlildir.

FƏSİL

Möminlər axirətdə Rəblərini gözləri ilə görəcəklər və Onu ziyarət edəcəklər. Allah onlarla danışacaq, onlar da Allah ilə danışacaqlar. Allah təala buyurur: “O gün (neçə-neçə) üzlər nurlanacaq və öz Rəbbinə baxacaqdır.” (Əl-Qiyamət, 22-23). Allah təala buyurur: “Xeyr, həmin gün onlarla Rəbbi arasına pərdə çəkiləcək!” (Əl-Mutaffifin, 15).

Qəzəb halında onlara pərdə çəkdi. Bu isə, razılıq halında möminlərin Onu görməsinə dəlalət edir. Əks halda onların aralarında fərq olmazdı.

Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurur: “Şübhəsiz ki, bir-birinizə əziyyət vermədən bu ayı gördüyünüz kimi Rəbbinizi görəcəksiniz.” Hədis səhihdir. Üzərində ittifaq etmişlər.

Bu, görülənin görülənə deyil, görmənin görməyə müqayisəsidir. Çünki Allah təalanın nə bənzəri, nə də tayı-bərabəri yoxdur.

FƏSİL

Allah tələnin sifətlərindən biri də Onun, istədiyini edən olmasıdır. Onun iradəsi olmadan heç nə baş vermir. Heç nə Onun istəyindən kənara çıxa bilməz. Aləmdə elə bir şey yoxdur ki, Onun təqdirindən çıxsın. Olan da Onun tədbiri ilə həyata keçir. Müəyyən edilmiş qədərdən qaçacaq bir yer yoxdur. Lövhil-məsturda yazılanı heç kəs aşa bilməz. Aləmdə olanlar nə etdilərsə, bunu O istədi. Əgər onları qorusa, Ona qarşı çıxa bilməzlər. Əgər onların hamısının Ona itaət etməsini istəsə, hamısı ona itaət edərlər. Bütün məxluqatı və onların əməllərini yaratdı. Onların ruzilərini və əcəllərini təyin etdi. Rəhməti ilə istədiyini hidayət edər. Hikməti ilə istədiyini azdırar. Allah təala buyurur: “Gördüyü işlər üçün sorğu-sual olunmaz; onlar isə sorğu-sual ediləcəklər.” (Əl-Ənbiya, 23). Allah təala buyurur: “Biz, həqiqətən də, hər şeyi qədərincə yaratdıq.” (Əl-Qəmər, 49). Allah təala buyurur: “O, bütün şeyləri xəlq etmiş və onlara münasib bir biçim vermişdir.” (Əl-Furqan, 2). Allah təala buyurur: “Yer üzündə baş verən və sizin başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, Yazıda olmasın”(Əl-Hədid, 22). Allah təala buyurur: “Allah kimi doğru yola yönəltmək istəsə, onun köksünü İslam üçün açar, kimi azdırmaq istəsə, onun köksünü, sanki o, göyə çıxırmış kimi daraldar və sıxıntılı edər.” (Əl-Ənam, 125).

İbn Ömər (radiyallahu ənh) Cəbrayılın (aleyhis-salam) Peyğəmbərə (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “İman nədir?” Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdu: “İman Allaha, mələklərinə, kitablarına, rəsullarına, axirət gününə və qədərin xeyrinə və şərinə iman etməkdir.” Cəbrayıl (aleyhis-salam) dedi: “Doğru söylədin.” Müslim rəvayət etmişdir.

Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurur: “Qədərə iman etdim. Onun xeyrinə də, şərinə də, şirinliyinədə və acılığına da.”

Peyğəmbərin (salləllahu aleyhi və səlləm), Həsən ibn Əliyə vitr namazının qunutunda oxuması üçün öyrətdiyi dualarından birində buyurulur: “Verdiyin hökmün şərindən məni qoru”.

Allahın əmrlərini tərk etməkdən və qadağalarına yol açmaqdan ötrü Onun hökmü və qədəri məsələsindən sui-istifadə etmirik. Əksinə, Allah təalanın kitabları nazil etməsini və peyğəmbərləri göndərməsini əleyhimizə bir dəlil bilib, iman etməyimiz vacibdir. Allah təala buyurur: “insanların elçilərdən sonra Allaha qarşı bir bəhanəsi olmasın.” (Ən-Nisə, 165).

Biz bilməliyik ki, Allah yalnız yerinə yetirmək və tərk etmək bacarığı olana əmr və qadağa etmişdir. Şübhəsiz ki, O heç kimi asilik etməyə məcbur etməz və heç kimi itaəti tərk etməyə vadar etməz. Allah təala buyurur: “Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər.” (Əl-Bəqərə, 286). Allah təala buyurur: “Allahdan bacardığınız qədər qorxun.” (Ət-Təğabun, 16). Allah təala buyurur: “Bu gün hər kəsə qazandığının əvəzi veriləcəkdir. Bu gün haqsızlıq olmaz” (Ğafir, 17).

Bütün bunlar qulun əməli və qazancı olduğuna dəlalət edir. Ona yaxşı əməli müqabilində savab verilir, pis əməli müqabilində isə cəza verilir. Bu, Allahın hökmü və qədəri ilə meydana gəlir.

FƏSİL

İman dillə demək, əzalarla əməl etmək və qəlblə etiqad etməkdir. İtaətlə artır, asiliklə azalır.

Allah təala buyurur: “Halbuki onlara, dini məhz Allaha məxsus edərək, həniflər kimi ibadət etmək, namaz qılmaq və zəkat vermək əmr olunmuşdu. Doğru din də elə budur!” (Əl-Bəyyinə, 5). Bütün hamısını, Allah təalaya ibadəti, qəlbin ixlasını, namaz qılmağı və zəkat verməyi dinə aid etdi.

Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurur: “İman yetmişdən bir az çox şöbədən ibarətdir. Ən ucası, Allahdan başqa ibadətə layiq haqq məbud olmadığına şəhadət etmək, ən aşağısı isə yoldan əziyyət verən şeyi qaldırmaqdır.”

O, söz və əməli imandan saymışdır. Allah təala buyurur: “…onların imanını artırır…” (Ət-Tövbə, 124). Allah buyurur: “Möminlərin imanı üstünə iman artırmaq üçün…” (Əl-Fəth, 4).

Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurur: “Lə İləhə İlləllah deyən və qəlbində buğda yaxud xardal yaxud zərrə qədər imanı olan, Oddan çıxarılacaq”. Onu bir-birindən üstün etmişdir.

FƏSİL

Peyğəmbərin (salləllahu aleyhi və səlləm) xəbər verdiyi və səhih yolla ondan nəql olunan hər bir şeyə, şahid olduğumuza və ya bizdən gizli qalana iman etmək vacibdir. Bilirik ki, o haqdır və doğrudur. Bu məsələləri anlasaq da, anlaya bilməsək də və hətta həqiqi mənasını dərk etməsək də bunun heç bir fərqi yoxdur. Necə ki, İsra və Merac hədislərində belədir. O, yuxuda deyil, oyaq ikən olmuşdur. Qureyş bu hadisəni inkar etsə və şişirtsə də, yuxuda görülə bilməsini inkar etmirdi.

Belə misallardan birində bildirilir ki, ölüm mələyi Musanın canını almağa gələndə Musa (aleyhi salam) onun üzünə zərbə endirib gözünü çıxartdı. Ölüm mələyi Rəbbinin yanına qayıtdı və O da onun gözünü bərpa etdi.

Digər bir misalda vurğulanır ki, dəccalın çıxması, Məryəm oğlu İsanın (əleyhis-salam) nazil olması və dəccalı öldürməsi, Yəcuc və Məcuc tayfalarının çıxması, heyvanın çıxması və günəşin batdığı yerdən çıxması kimi hadisələr, Qiyamətin əlamətləridir. Səhih yolla nəql olunan bənzər hədislər də, bu qəbildəndir.

Qəbirdə əzabın və nemətlərin verilməsi də haqdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) ondan Allaha sığınmış və hər namazda bunu etməyi əmr etmişdir.

Qəbirdə sınağa çəkilmək də haqdır. Munkər və Nəkirin sual verməsi də haqdır. Ölümdən sonra dirilmək haqdır. Bu, İsrafilin (aleyhis-salam) sura üfürdüyü zamandır: “Sur üfürülən kimi onlar dərhal qəbirlərdən çıxıb Rəbbinə tərəf axışacaqlar.” (Yəsin, 51).

Qiyamət günü insanlar ayaqyalın, lüt, sünnətsiz və yanında mal-mülkü olmadan həşr olunacaq. Peyğəmbərimiz Muhəmməd (salləllahu aleyhi və səlləm) şəfaət edənəcən qiyamət qopan yerdə duracaqlar. Allah təbarəkə və təala onları haqq-hesaba çəkəcək, tərəzilər qurulacaq, dəftərlər yayılacaq. Əməl səhifələri sağ və sol istiqamətlərə uçacaq: “Kimin kitabı sağ əlinə veriləcəksə, o, yüngül sorğu-suala tutulacaq və sevincək öz ailəsinə qayıdacaqdır! Kimin kitabı arxa tərəfindən veriləcəksə, ölüm diləyəcək və alovlu oda atılacaqdır!” (Əl-İnşiqaq, 7-12)

Tərəzinin iki gözü və bir dili var. Onunla əməllər ölçülür: “Məhz tərəziləri ağır gələnlər nicat tapacaqlar. Tərəziləri yüngül gələnlər isə özlərini ziyana uğradanlardır. Cəhənnəmdə əbədi qalacaqlar” (Əl-Muminun, 102-103).

Qiyamət günü Peyğəmbərimiz Muhəmmədin (salləllahu aleyhi və səlləm) hovuzu olacaqdır. Suyu süddən daha bəyaz, baldan daha şirindir. Qabları göydəki ulduzların sayı qədərdir. Ondan bir dəfə içən əbədiyyən susamaz.

Sirat körpüsü haqdır. Yaxşılar onu keçəcək, günahkarlar isə ordan düşəcəklər.

Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm), ümmətindən Cəhənnəmə girən böyük günah sahiblərinə şəfaətçilik edəcək. Onlar Onun şəfaəti sayəsində yandıqdan, kömür və kül olduqdan sonra çıxacaqlar. Sonra Onun şəfaəti sayəsində Cənnətə girəcəklər.

Digər peyğəmbərlərin, möminlərin və mələklərin də şəfaəti var. Allah təala buyurur: “Onun razı olduğundan başqa heç kəsə şəfayət etməzlər və Onun qorxusundan titrəyərlər” (Əl-Ənbiya, 28).

Şəfaət edənlərin şəfaəti kafirə fayda verməz.

Cənnət və Cəhənnəm yaradılıblar və onlar tükənmirlər. Cənnət Allahın dostlarına sığınacaq ikən, Cəhənnəm Allahın düşmənlərinə bir cəzadır. Cənnət əhli orada əbədi qalacaqlar: “Şübhəsiz ki, günahkarlar əbədi olaraq Cəhənnəm əzabı içində qalacaqlar. Onların yüngülləşdirilməyəcək və onlar orada naümid qalacaqlar” (Əz-Zuxruf, 74-75).

Ölüm ağ-qara bir qoç şəklində gətirilib Cənnət və Cəhənnəm arasında kəsiləcək. Sonra deyiləcək: “Ey Cənnət əhli! Əbədi həyat var, ölüm yoxdur. Ey Cəhənnəm əhli! Əbədi həyat var, ölüm yoxdur.”

FƏSİL

Muhəmməd (salləllahu aleyhi və səlləm) Allahın rəsulu, nəbilərin sonuncusu və rəsulların seyididir. Onun risalətinə iman etməyənə və peyğəmbərliyinə şəhadət gətirməyənə qədər, qulun imanı səhih sayılmaz.  Onun şəfaəti olmadan Qiyamət günü insanlar arasında hökm verilməz. Heç bir ümmət onun ümmətindən əvvəl Cənnətə girməz.

Həmd bayrağının, tərifəlayiq məqamın, yetişiləcək hovuzun sahibidir. O, nəbilərin imamı, xətibi və onların şəfaətinin sahibidir. Onun ümməti ümmətlərin xeyirlisidir. Səhabələri isə nəbilərin (əleyhimus-salam) əshabələrindən ən xeyirli olanlarıdır.

Peyğəmbərin (salləllahu aleyhi və səlləm) ümmətinin ən xeyirlisi Əbubəkr əs-Siddiqdir, sonra Ömər əl-Faruq, sonra Osman zun-Nureyn, sonra Əli əl-Murtədadır (radiyallahu ənhum əcməin). Abdullah ibn Ömərdən (radiyallahu ənhumə) onun belə dediyi rəvayət edilmişdi: “Peyğəmbər (salləllahu aleyhi və səlləm) sağ ikən biz deyərdik: “Bu ümmətin Peyğəmbərindən sonra ən fəzilətlisi Əbubəkr, sonra Ömər, sonra Osman və sonra da Əlidir. Bu dediklərimiz Peyğəmbərə (salləllahu aleyhi və səlləm) çatırdı və O bunu inkar etmirdi.”

Səhih rəvayətdə Əli (radiyallahu anh) demişdir: “Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) sonra bu ümmətin ən xeyirlisi Əbubəkrdir, sonra Ömərdir. İstəsəydim üçüncünün də adını çəkərdim.”

Əbu-Dərdanın (radiyallahu ənh) rəvayətinə görə Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: “Günəş, nəbi və rəsullardan sonra Əbubəkrdən daha fəzilətli birinin üzərinə doğub batmadı.”

O, Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) sonra Allahın yaratdıqları arasında xilafətə ən çox layiq olandır. Bu onun fəzilətinə, ilklərdən olmasına, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) onu namazda bütün səhabələrin önünə çəkməsinə, ona beyət edilməsinə görədir. Belə ki, Allah heç vaxt onları zəlalət üzərində birləşdirməzdi. Ondan sonra Ömərdir (radiyallahu ənhu). Bu onun fəzilətinə və Əbubəkrin (radiyallahu ənhu) ona etimad etməsinə görədir. Sonra Osmandır (radiyallahu ənhu). Buna səbəb Şura əhlinin onu önə çəkməsidir.Sonra Əlidir (radiyallahu ənhu). Bu onun fəzilətinə və əsrində yaşayan insanların onun barəsində yekdilliklə verdikləri qərara görədir.

Bunlar doğru yolda və hidayətdə olan xəlifələrdi. Rəsulullah (salləllahu aleyhi və səlləm) onlar barədə buyurmuşdu: “Sizi mənim sünnəmə və məndən sonra gələn doğru yolda və hidayətdə olan xəlifələrin sünnəsinə sarılmağa çağırıram. Ondan arxa dişlərinizlə yapışın”.

Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurmuşdu: “Məndən sonra otuz il xilafət olacaqdır”. Onun axırı, Əlinin (radiyallahu ənhu) xilafəti oldu.

Rəsulullahın (salləllahu aleyhi və səlləm) Cənnətlik olduqlarına şahidlik etdiyi on kişinin Cənnətlik olduğuna biz də şahidlik edirik. O buyurur: “Əbubəkr Cənnətdədir, Ömər Cənnətdədir, Osman Cənnətdədir, Əli Cənnətdədir, Talha Cənnətdədir, Zubeyr Cənnətdədir, Sad Cənnətdədir, Səid Cənnətdədir, Abdurrəhman ibn Auf Cənnətdədir, Əbu Ubeydə ibn Cərrah Cənnətdədir.”

Eyni zamanda Rəsulullahın (salləllahu aleyhi və səlləm) Cənnətlik olduğuna şahidlik etdiyi hər kəsin Cənnətlik olduğuna biz də şahidlik edirik. Necə ki, buyurur: “Həsən və Hüseyn, Cənnət əhlinin gənclərinin seyidləridir.” Sabit ibn Qeys (radiyallahu ənhu) haqqında buyurur: “Həqiqətən də o, Cənnət əhlindəndir.”

Qiblə əhlindən heç kəsin Cənnət yaxud Cəhənnəm əhli olmasına qərar vermirik. Yalnız Rəsulullahın (salləllahu aleyhi və səlləm) qərar verdiyi kimsələr müstəsnadır. Lakin yaxşı əməl sahibi üçün ümid edir, pis əməl sahibi üçün isə qorxuruq.

Qiblə əhlindən heç kimi günaha görə təkfir etmirik və əmələ görə İslamdan çıxartmırıq.

İstər yaxşı, istərsə də günahkar olan imamların hamısına tabe olaraq Həcc və Cihadın qiyamətə qədər davam etdiyinə iman edirik. Onların arxasında Cümə namazı qılmaq icazəlidir.

Ənəs (radiyallahu ənhu) demişdir: Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurdu: “Üç şey imanın əsaslarındandır: “Lə İləhə İlləllah” deyəndən əl çəkmək; onu günahına görə təkfir etmirik və əməlinə görə İslamdan çıxartmırıq. Cihad, Allah əzzə və cəllə məni göndərdiyi andan ümmətimin axrıncıları dəccal ilə döyüşənə qədər davam edəcək. Onu nə zalımın zülmü, nə də adilin ədaləti batil edə bilməz. Bir də qədərə iman gətirmək”. Bunu Əbu Davud rəvayət etmişdir.

Rəsulullahın (salləllahu aleyhi və səlləm) səhabələrinə dostcasına yanaşmaq, onları sevmək, yaxşılıqlarını zikr etmək, onlar üçün rəhmət və bağışlanma diləmək, onların etdikləri xoşagəlməz işləri və aralarında baş verən anlaşılmamazlıqları danışmamaq, onların fəzilətləri olduğunu etiqad etmək və ilklərdən sayıldıqlarını bilmək Sünnədəndir. Allah buyurur: “Onlardan sonra gələnlər deyirlər: “Ey Rəbbimiz! Bizi və bizdən əvvəlki iman gətirmiş qardaşlarımızı bağışla. Bizim qəlbimizdə iman gətirənlərə qarşı nifrət və həsədə yer vermə. Ey Rəbbimiz! Həqiqətən də, Sən Şəfqətlisən, Rəhmlisən!” (Əl-Həşr, 10). Allah təala buyurur: “Muhamməd Allahın peyğəmbəridir. Onunla birlikdə olanlar kafirlərə qarşı sərt, bir-birilərinə qarşı isə mərhəmətlidir. (Əl-Fəth, 29).

Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurur: “Mənim səhabələrimi söyməyin. Həqiqətən sizdən kimsə, Uhud dağı qədər qızıl xərcləsə, yenə də onlardan birinin bir mud yaxud yarım mud miqdarında xərclədiyinə çatmaz.”

Rəsulullahın (salləllahu aleyhi və səlləm) zövcələrindən razı olmaq Sünnədəndir. Onlar möminlərin pak və hər cür pisliklərdən uzaq analarıdır. Ən fəzilətlisi Xədicə bint Xuveylid və Allah Öz kitabında təmizə çıxartdığı siddiqə Aişə bint Siddiqdir. O, dünya və axirətdə Rəsulullahın (salləllahu aleyhi və səlləm) zövcəsidir. Allahın onu təmizə çıxartdığı məsələ barəsində kim ona iftira atarsa, əzəmətli Allaha küfr etmiş olur.

Muaviyə (radiyallahu anh) müsəlmanların dayısı, Allahın vəhyini yazan və müsəlmanların xəlifələrindən biridir.

Allaha asiliyi əmr etmədikləri müddətdəcə müsəlmanların imamlarına və möminlərin başçılarına, onlar yaxşı yaxud günahkar olsalar belə, eşidib itaət etmək Sünnədəndir. Çünki Allaha asilik bir işə görə heç kəsə itaət edilməz.

Kim xilafətə başçılıq edərsə, insanlar onun ətrafında toplaşarsa və ondan razı olarlarsa yaxud onlara qılıncla qalib gəlib xəlifə olarsa, o, möminlərin əmiri adlanar. Ona itaət vacib olar. Ona müxalif olmaq, ona qarşı çıxmaq və müsəlmanların əsasını sındırmaq haram sayılar.

Bidət əhlindən ayrılmaq, onlardan uzaqlaşmaq, din barəsində mübahisəni və çəkişmələri tərk etmək, bidətçilərin kitablarına baxmağı və sözlərini dinləməyi tərk etmək Sünnədəndir. Dinə gətirilən hər yenilik bidətdir.

İslam və Sünnədən kənar bir əlamətlə vəsf olunan hər bir kəs bidətçidir. Rafizilər, cəhmilər, xəvariclər, qədərilər, murciyələr, mötəzililər, kərramilər, kulləbilər və bənzərləri buna misaldır. Bunlar zəlalət firqələri və bidətçi tayfalardır. Allah bizi onlardan qorusun.

Dinin ikinci dərəcəli məsələlərində məsələn, dörd imamın ardınca getmək, tənqid olunmur. Həqiqətən ikinci dərəcəli məsələlərdə ixtilaf rəhmətdir. Belə məsələlərdə ixtilaf edənlər, ixtilaflarına görə təriflənmiş və ictihadlarına görə savab qazanmışlar. Onların ixtilafları geniş bir rəhmətdir, ittifaqları isə kəskin bir hüccətdir.

Allahdan bizləri bidət və fitnələrdən qorumasını, bizləri İslam və Sünnə üzərində yaşatmasını, həyatda Rəsulullaha (salləllahu aleyhi və səlləm) tabe olanlardan etməsini və ölümdən sonra rəhməti və lütfü ilə onun zümrəsi içərisində diriltməsini diləyirik. Əmin!

Bu, etiqad edilənlərin axırıncısıdır. Tək olan Allaha həmd olsun. Seyyidimiz Məhəmmədin, Onun ailəsinin və əshabının üzərinə Allahın salavatı və salamı olsun.

Tərcümədəki xətalar haqqında izahlı şəkildə qeyd edilən ünvana göndərməyiniz xahiş olunur:

editor@quran-online.az